PDF Oxu

Sosial

  • 683

Sözüm ANAlaradır!

image

Bəlkə də fərqinə varmırıq, lakin uşağa münasibətimizin, yanaşmağımızın onun tərbiyəsində müstəsna əhəmiyyəti vardır. Bəzən düşünə bilərik ki, əşi, balacadır, ağlı kəsmir, anlamır, nə başa düşür ki... Lakin belə deyil, tərbiyə uşağın dünyaya gəldiyi ilk gündən başlayır. Bu günlər çox qarşılaşdığım bir məsələ barədə danışmaq istəyirəm. O məsələ ki, uşaqların tərbiyəsində ciddi zərbə vurmaqdadır.

Analar yeməyən uşağı həkimə aparmaq, təmiz havaya çıxarmaq əvəzinə, telefonu açıb qoyur uşağın qarşısına, bunun da qarşılığında uşaq ağzını açır. Beləliklə, uşağın ilk tərbiyəsi səhv verilməyə başlayır. Birincisi, uşaq süfrə mədəniyyətindən uzaq düşür. İkincisi, uşaqda kiçik yaşından rüşvətxorluq kimi hisslər yaranır. Üçüncüsü isə telefon ana nələr bəxş edir, bunu düşünmək belə adama ağır gəlir.

Lakin bunların heç birini nəzərə almayan, bəlkə də düşünməyən analar var ki, o, yalnız öz işinin asanlığı qayğısına qalır: necə edim ki, uşağın qarnı doysun, gedim digər işlərimin ardınca və yaxud əyləşim televizor qarşısında serialları rahatlıqla izləyə bilim.

Bizim mental, ailə dəyərlərinə bu seriallar zərbəni zərbə ardınca endirmirmi? Milli dəyərlərimizə, cəmiyyətimizə, tərbiyə və əxlaqımıza uyğun olmayan bu seriallar onlarla ailənin dağılmasının, bir-birini sevən gənclərin ayrılmasının səbəbi deyilmi? Yaxşı yaşamaq, bahalı maşınlarda gəzmək, gözəl evlərdə yaşamağı, dəbdəbəli geyimi, moda ilə ayaqlaşmağı təbliğ edən bu seriallar gənc nəslə nə verir, bu barədə düşünən olubmu?

Bəs uşağı ilə əylənmək, vaxt keçirmək, onu gəzintiyə aparmaq, təmiz havaya çıxarmaq əvəzinə, onları kompüter qarşısında şikəst olmağa sövq edən, əlinə telefon verib gələcəyini puç edən, serialları övladının sağlamlığından üstün tutan analar necə, bircə dəfə bu barədə düşünüblərmi? Onlara kənardan ağsaqqal-ağbirçəklər, özlərindən böyüklər məsləhət verəndə necə, heç düşünmürlər? Bugünkü mənzərələr “deyir” ki, bəli, onlar bütün məsləhət və tövsiyələri qulaqardına vururlar...

Beləliklə, heç olmasa, onu bilək ki, hansısa xəstəlik, sosial vəziyyətlə bağlı yemək istəməyən uşaqları həkimə, psixoloqa aparmaq lazımdır. Nəinki onun əlinə telefon verib, kompüter qarşısına qoymalıyıq. Telefonun əlindən alınması, kompüterin qapadılması hissi uşağın yeməyi çeynəmədən, diri-diri udması, necə deyərlər, canını bizdən qurtarması ilə nəticələnir. Bu isə onun sağlamlığına əlimizlə vurduğumuz zərbədir.

Telefon uşağı yedirdir, lakin nə yedirdir, nəticəsini illər sonra görəcəyik. Bu zaman xəstəxana-xəstəxana gəzən də biz olacağıq. Övladımızın tərbiyəsi yerində olmayanda, bağçada, məktəbdə özünü layiqincə apara, cəmiyyət üçün yararlı vətəndaşa çevrilə bilməyəndə, bütün bunların əziyyətini biz çəkəcəyik, xəcalətli olacağıq.

Ümumilikdə isə yetişdirə bilmədiyimiz övladımıza hər baxanda telefonun, sosial şəbəkələrin, vahimə, qorxu təbliğ edən cizgi filmlərinin yaratdığı yeni bir “insan” dayanacaq gözlərimiz qarşısında. Həmin zaman telefonun övladımıza nə yedirdiyinin fərqinə varacaq və onların gözlərində donub qalan bir suala cavab axtarmalı olacağıq: bizi dünyaya nə üçün gətirmisiniz?..

Bütün bunlar qarşısında aciz, gözüyaşlı qalmamaq üçün uşaqları telefon, kompüterlərdən uzaq tutaq, əziz analar. Bunu onların layiqli vətəndaş olması naminə bacarmağa çalışaq. Bir qədər özümüzə əziyyət verək ki, sabah uşaqların etdiyi hərəkətlər cəzamız olmasın.

Mətanət Məmmədova

Digər xəbərlər