PDF Oxu

Sosial

  • 818

İstəyi yaratmaq, yaşatmaq olan müdrik insan

image

Xalqını, yurdunu ilahi bir məhəbbətlə sevən, nurlu əməlləri sayəsində yaxşılıq gözündə ucala-ucala ömrünün 78-ci ilinə çatan Adil Hüseynovdan danışmaq olduqca xoşdur. Bu yüksək zəka sahibi, mehriban, istiqanlı şəxsiyyət, ən əsası böyük ürək sahibi həyatından ötən illərin səfində yalnız yaxşı əməllərə tapınıb, başqaların xoşbəxtliyi üçün çalışıb. Onun ləyaqətlə, şərəflə yaşaması elin məhəbbət soraqlı, sədaqət ünvanlı günlərə yol açıb. Ən müqəddəs peşə sayılan müəllim olan gündən Vətəninə, xalqına ürəkdən sevdalanıb Adil Hüseynov. Gördükləri, etdikləri isə neçə-neçə insana işıq olub, düzgün yol göstərib. Yaşının bu vədəsində də mayası paklıqdan olan, işıqlı, nurlu şəxsiyyət təmiz duyğularla yaşayır, əməlləri dünyaya əzəmət, ülviyyət gətirir. Tanıdığı, bildiyi hər kəsə saflıq, ləyaqət, insanlıq nümunəsidir.
Adil Hüseynovla hər dəfə oturub söhbət edəndə onun özünə məxsus mənəviyyat fəlsəfəsindən qəlbinə rahatlıq duyğuları axır, ruhuna paklıq, əzəmət hopur və ilahi bir sevginin qanadlarında kamillik qazanırsan. O, deyir ki, Tanrının verdiyi ömür payı o zaman dəyərli olur onu millətin üçün yaşamağı bacarırsan. Birinə ürəkdən mənəvi, maddi dayaq duranda, sədaqətlə yanaşanda, yurdunun daşına, torpağına təmiz sevgi göstərəndə dünya sənə gözəlləşir, yaşamaq şirinləşir. Köksündə daşıdığın ürək gərək həmişə yansın ki, odu, hərarəti hər məqamda elin yoluna işıq saçsın. Onda sevilən ömrə dönüb hörmətin hər yerdə əziz tutulur. Ömür payını insanların kamil, xoşbəxt yaşamasına sərf edənlər heç vaxt yaxşılıq gözündən düşmür, gələcək nəsillərə də gözəl mənəvi sərvət qoyurlar. Bəli, bu dünyada həyatın, ömrün cövhəri xoş ülfət, saf ünsiyyət və mehr-məhəbbətdir. Mənəvi saflıqla, əqidə bütövlüyü ilə yola çıxanlar daim sevilir.
Bu günlər yenidən Adil Hüseynovla üzbəüz oturub bir qədər söhbət etdik. Ondakı etibarına, yurda olan sədaqətinə, incə qəlbinə, səxavətinə bir daha heyran kəsildim. Saflığı sanki dumduru bulaq suyu idi. Xalqına, Vətənə olan sevgi dolu ürəyi, qaynar insan təbiəti əvvəlki həvəsdə görünürdü. Başqasına işıq olmaqla özünə xoşbəxtlik çələngi hörmüş Adil Hüseynovun bütün arzularının zirvəsində yenə də millətinin azadlığı, yalnız günəşli günlər yaşaması dururdu. Qısa desək, onun həyat tərzinə baxanda burada ləyaqətlə, şərəflə yaşamaqdan ötrü bütün insani dəyərlər vardır. Ömrünün müdriklik zirvəsinə gəlincə iç dünyasındakı sadəlik, təvazökarlıq, daxili mədəniyyəti, təmizliyi həmişə ona yoldaşlıq edib. Ən əsası cəmiyyətin ağrı-acılarını, sevincini, Vətən, torpaq təəssübkeşliyini ürəyindən keçirdə-keçirdə illərin səfində addımlayıb. Elə indinin özündə də ötən günlər əməllərinə görə Adil Hüseynovun mənəvi dünyasına yadda qalan naxışlar vurur. Yaxşılıq etməkdən doymur, işığına üz tutanlar isə rahat, gözəl həyat yaşayırlar. Yüksək zəkası, vətənpərvərliyi, əsl azərbaycanlıya məxsus əxlaqi keyfiyyətləri, sağlam mənəviyyatı cəmiyyəti yalnız nəcib məqsədlərə yönəldir, qəlblərə xeyirxah toxumu səpir. Adil Hüseynovun yarım saatlıq danışığı insanın qəlbində sevgi yaratmaqla onu bütün mənfi xüsusiyyətlərdən birdəfəlik uzaq salır. Dəyərli şəxsiyyətdən ayrılanda tam başa düşdüm ki, bu dünyada ən böyük var-dövlət ürəyin genişliyi, ruhun saflığı, səmimiyyət, alicənablıq və insanlığa sevgidir. Elə şair dediyi kimi:
Yenə də sevgidə tapdıq dəyəri,
Yenə də eşqdir ruhun gövhəri.
Xoş ülfət, ünsiyyət mehr-məhəbbət,
Belədir həyatın, ömrün cövhəri.
Vətəninə, xalqına ürəkdən bağlanan Adil Hüseynov Tanrının verdiyi ömür payını incə ruhla, alnıaçıq, başıuca yaşayır. Nəciblik, halallıq, haqqa tapınıb gələcəyə getmək əzəldən onun həyat qayəsidir. İnsanlara düzgün yol göstərmək, əlini çörəyə çatdırmaq sanki onun taleyinə yazılıb. Məhz bunlara görə yaşadığı həyat yer üzünü səadətə, xoşbəxtliyə haraylayan nəğmə kimidir. Deyir ki, amalı düz, əməli təmiz insanlar son nəfəsə qədər mənalı, gözəl ömür sürürlər. Yaxşı əməl olan yerdə həyata əzəmət, ülviyyət gəlir, yaşadığımız aləmi qeyrət, namus bəzəyir və xoşbəxtlik özü gəlib səni tapır. Kim ki, xalqdan ötrü çalışır, ülvi məqsədlər uğrunda mübarizə aparır hər yerdə, həmişə ona dərin ehtiram, sevgi göstərilir. Arzusunda olduğumuz səadətin yolu insanları həqiqi məhəbbətlə sevməkdən, ali, əbədi hisslərin tərənnümçüsü olmaqdan başlanır. Nurlu, xeyirxah, halallığa tapınıb yaşamaq bəşər övladı üçündür. Bəli, dünyanın aqibəti insanın əlindədir, qəlbi saf, əməli pak olanlar gözəl dünya yaratmağa qadirdirlər. Bir də əsl ömür odur ki, Vətən üçün, dövlət üçün, xalqın parlaq sabahlarına görə yaşanılır. Ləyaqət, vicdan, namus kateqoriyalarını müqəddəs saymaq şərti ilə...
1948-ci ildə Lerik rayonu, Bradi kəndində dünyaya göz açan Adil Hüseynov ülvi hisslərlə, müqəddəs duyğularla orta məktəbi başa vurub. Dərin zəkaya, yüksək mədəni səviyyəyə malik bir yeniyetmə olaraq camaat arasında tanınıb. Vətənpərvər, yurduna, torpağına bağlı olan bu yeniyetmənin parlaq gələcəyinə el-obada hamı inanıb. Qəlbində çağlayan, müəllimlərinə saf məhəbbətdən yaranan müqəddəs arzular onu Azərbaycan Dövlət Pedaqoji İnstitutuna aparıb. İmtahanları uğurla verib ali məktəbə daxil olub. Ailə vəziyyətini nəzərə alıb institutun qiyabı şöbəsini seçib. Öyrənmək üçün kitablara bağlanıb, mükəmməl bilik qazanmaq eşqi ilə əzəldən seçdiyi peşənin həqiqi vurğunu olub. Öyrənə-öyrənə sabahlara bu dünyanın işığından baxanların sırasında olmağı özünə fəxr bilib.
Adil Hüseynov xalqına sədaqətli xidmət göstərmək məqsədilə 1969-cu ildə Lerikin ən ucqar nöqtəsi olan Kaqoy kənd məktəbində əlinə jurnal alıb sinif otağına girib. Uşaqların incə, zərif, bənzərsiz dünyasında özünə yurd-yuva qurmaq üçün bütün eşqini, məhəbbətini sevdiyi peşəyə verib. Beləcə ciddi axtarışları, yuxusuz gecələri işıq olub millətin firavan, xoşbəxt yaşaması üçün ömürlərə paylanıb. Adil müəllim şagirdlərin hər birini əzizləyə-əzizləyə, nazını çəkə-çəkə məktəbə, oxuyub öyrənməyə bağlayıb. Onları Vətəninə layiqli övlad kimi həyata hazırlayıb. İllərin səfində millətin gözəl, nurlu, qəlbi sevdalı vətəndaşları yetişib, Adil müəllim də çəkdiyi zəhməti hesabına el-oba gözündə ucalıb. Daxildən gəlmə ilahi bir sevgi ilə öyrətmək savadı, saflığı, həmçinin insanlara qarşı səmimiyyəti, sədaqətə söykənən həyat fəlsəfəsi ona qarşı çox böyük inam yaradıb. Peşəsini hər şeydən əziz bilib, şagirdləri uğur qazananda hərarətli qəlbi xüsusi vurğu ilə döyünüb, nur payladığı gözlərində günəş seli çağlayıb.
Bir müddət sonra tədris prosesində bir qayda olaraq adına, müqəddəs saydığı müəllim peşəsinə hörmət gətirən, parlaq gələcək naminə qazandığı ürəkaçan nəticələrlə cəmiyyət tərəfindən sevilən Adil Hüseynovu dağlar diyarının Vılık kəndindəki ibtidai məktəbə müdir göndəriblər. İş yeri dəyişsə də, tədris üslubu, işə sevginin mahiyyət, yaradıcılıq həvəsi eyni olaraq qalıb. Belə ki, yeni tədris ocağında adəti üzrə öz şagirdlərinə məhəbbəti azalmayıb, onlara Vətən sevgisi, doğma torpağa sədaqət, təmiz duyğularla yaşamağı aşılayıb. Gördükləri səmərəli olub, ürəyinin hərarəti gənc nəslin mənəvi aləminə yaxşı təsir edib, parlaq gələcək naminə öyrətməklə onların uşaq dünyasına işıq qatıb.
Qəlblərdə düzlük, təmizlik məşəli alovlandırmaqla şərəfli ömür yaşayan Adil Hüseynov 1972-ci ildə Lerik rayonunun Ləkər kənd ibtidai məktəbində direktor və müəllim kimi sevimli işini davam edib. Dərin zəkası, mənəvi dəyərləri, yüksək əxlaqi-etik keyfiyyətləri, yaradıcı təfəkkürü ona uğur gətirib. Gənc nəslin təlim-tərbiyəsini ən müqəddəs iş saymaqla həvəslə, ilhamla şagirdlərinə elmin sirlərini öyrədib. Eləcə xüsusi məharəti, bacarığı hesabına yeniliklər etməklə məktəbdə təhsilin keyfiyyəti, səmərəliyi xeyli yüksəlib. Necə deyərlər, burada hər şey cəmiyyətin mütərəqqi ruhda inkişafına, xalqın saf məram və məqsədlərinə hesablanıb. Məktəbdə oxuyan uşaqlar savadlı olub ,millilik, vətənpərvərlik, doğma Vətənə bağlılıq ruhu ilə böyüyüb və həyatda layiqli mövqe tutublar. Adil müəllim iki illik əsgərlikdən sonra yenidən yaratdığı məktəbə qayıdıb və gözünün nurunu, ürəyinin hərarətini şagirdlərinə verməkdən mənəvi zövq alıb, xoşbəxtliyini sevib-seçdiyi peşədə görüb. İllərin axarlığının, keçərliyinin fərqinə varmadan çalışıb ki, insan ömrü gözəlləşsin, dünyanı mehr-məhəbbət bəzəsin, qəlblərdə ülviyyət odu azalmasın.
Xalqına, dövlətinə sədaqətli xidməti amalına, həyat kredosuna çevirən Adil müəllim öz peşəsinin ləyaqətli daşıyıcısı olmaqla Lerik rayonundakı Daster kənd məktəbində də gənc nəslin təlim-tərbiyəsində yadda qalan izlər qoyub. 30 il burada şagirdlərə dərs deməklə, həm də tədris işlər üzrə direktor müavini işləyib. Hərtərəfli hazırlığa malik, daimi yeniliyə can atan, əsl müəllimə məxsus insani keyfiyyətlərini özündə təcəssüm etdirən Adil Hüseynov dərslərini yüksək səviyyədə, maraqlı, canlı qurub, xeyirxah məqsədlər naminə şagirdlərin dünyagörüşünün formalaşması üçün səy göstərib. Uşaq qəlbinə hakim olmuş sonsuz məhəbbətin gücünə güvənməklə bütün istəklərinə qovuşub. Vətənin bu günü, sabahı, gələcəyindən ötrü, ülfətli, millətə sevdalı nəsil yetışdirməklə özünə böyük sevgi, hörmət qazandırıb. Bu, işıqlı insan məktəbdən başqa, rayonun ictimai həyatında da fəal mövqe tutub, vətənpərvərlik nümunəsini göstərib, fəxri fərmanlara layiq görülüb. Bütün bunlarla bir daha bildirib ki, yaxşı müəllim cəmiyyətin tərəqqisində hər zaman hava, su, çörək qədər lazımdır.
Həmin ötüb gedən, lakin yaddaşlarda qalan günləri Adil müəllim bel xatırlayır:- Mənim xalqıma təmənnasız sevgim, işimdə vicdanla çalışmağı ulu öndər Heydər Əliyevə sonsuz məhəbbətimlə bağlı olub. Bu dahi şəxsiyyətin arzuları, əməlləri günəş kimi parlaq idi. Onun etdikləri, gördükləri qəlbimə sevgi gətirərdi. Əbədiyaşar ideyalarından bəhrələnə-bəhrələn xalqımın gələcəyi üçün savadlı, əqidəli, sağlam nəsil tərbiyə edirdim. Ulu öndərin müqəddəsliyinə tapınıb onun ideyalarını həyata keçirtmək insana yalnız başucalığı gətirər.
78 yaşlı el ağsaqqalın qəlbi yenə doğma yurduna, xalqına ilahi məhəbbətlə coşur-çağlayır. Fayda vermək amalı, saf təməllər üzərində qurulan insanlıq mənəviyyatı kömək, məsləhət məqsədilə qapısını döyən hər kəsin köməyinə çatır. İmkan daxilində maddi və mənəvi dayaq durmağı həyatının şərəf işi hesab edir. Yaşadığı cəmiyyətin tərəqqisi naminə ağsaqqallıq missiyasını layiqincə yerinə yetirir. Gənclərin arasında olmağı, onlara düzgün yol göstərməyi özünə mənəvi borc bilir. Daster kənd orta məktəbinin gənc müəllimi Tural Əliyev deyir:- Adil müəllimin zəngin, mənalı, dəyərli həyat yolundan biz gənclər həmişə öyrənirik. Düzlüyü, Vətənə bağlılığı, peşəyə sədaqətini örnək sayırıq.
Adil müəllimin böyütdüyü övladları da ona bənzəyirlər. Dörd oğul, iki qız atasıdır. Xeyirxahlıq, insanpərvərlik, nəciblik onların qanında, canındadır. Əməlləri işıqlı, ədalətlidir. Nəcib istəklərini, niyyətlərini xalqın, dövlətin mənafeyi naminə yönəldir, gərəkli, nümunəvi həyat yolu keçməklə yaşadığı illərə dəyər qatırlar.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər