“15 Sentyabr – Bilik Günü “münasibətilə Astara Pedaqoji Kollecində təşkil olunan təntənəli tədbirdə təhsil ocağının rəhbərliyi və kollektivi, tələbələr, valideynlər, rayon ictimaiyyətinin nümayəndələri, fəxri qonaqlar, eləcə də kollecin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuş məzunları iştirak ediblər.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Ardınca kollecin ərazisində Şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı iştirakçılar tərəfindən böyük ehtiram və alqışlarla qarşılanıb. Abidə önünə gül dəstələri qoyulub, onun tarixə, milli-mənəvi dəyərlərə və Vətən uğrunda canından keçən qəhrəmanlara ehtiramın ifadəsi olduğu vurğulanıb.
Açılış mərasimindən sonra Bilik Günü münasibətilə öz işini davam edən tədbirdə kollecin direktoru, professor Kamran Kazımov çıxış edib:- Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı hər bir azərbaycanlının ürəyincədir. Onun rəhbərliyi ilə ölkədə təhsil infrastrukturunun müasirləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin müasir bilik və bacarıqlara yiyələnməsi üçün geniş imkanlar yaradılır. Hazırda təhsil sahəsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri sayılır.
Çıxışda, həmçinin Elm və Təhsil Nazirliyinin təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, müasir tədris mühitinin formalaşdırılması, tələbələrin bilik və bacarıqlarının inkişafı istiqamətində gördüyü məqsədyönlü işlərə də toxunulub: “ Yaradılan bu imkanlardan səmərəli istifadə etmək, gənclərin keyfiyyətli təhsil almasını və gələcəkdə ölkənin inkişafına layiqli töhfə verməsini təmin etmək hər bir təhsil müəssisəsinin qarşısında duran əsas vəzifələrdəndir.”
Natiq onu da bildirib ki, Astara Pedaqoji Kolleci də dövlətin təhsil siyasətindən irəli gələn vəzifələri rəhbər tutaraq, tələbələrin müasir tələblərə uyğun hazırlanması, onların peşəkar, vətənpərvər kadr kimi formalaşdırılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
Çıxışının sonunda direktor yeni tədris ilinin bütün tələbələr, müəllimlər və valideynlər üçün uğurlu olmasını arzulayıb, tələbələrə daim öyrənməyi, çalışmağı və qarşılarına qoyduqları məqsədlərə inamla addımlamağı tövsiyə edib.
Daha sonra tədbirdə iştirak edən qonaqlar — Yeni Azərbaycan Partiyası Astara Rayon təşkilatının sədri Həbib Cəfərov, Astara rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Mərasim Hacıyev, Astara rayon Təhsil Sektorunun müdiri, kollecin ictimai şura üzvü Xədicə Əliyeva, Astara Rayon Ağsaqqallar Şurasının sədri, kollecin ictimai şura üzvü Natiq İbadov çıxış edərək tədris ilinin başlanması münasibətilə tələbə və müəllim kollektivinə xoş arzularını çatdırıb, gənclərin təhsil almasına yaradılan imkanlardan, milli-mənəvi dəyərlərə bağlı, savadlı və vətənpərvər nəslin yetişdirilməsinin əhəmiyyətindən danışıb, yeni tədris ili Astara Pedaqoji Kollecinə uğurlar, yeni nailiyyətlər və böyük təhsil zirvələri gətirilməsini diləyiblər
Kollecin ərazisində ucaldılan Şəhidlər abidəsinə görə rəhbərliyə minnətdarlığını bildirən şəhid Mayor Kamran Fərəcovun həyat yoldaşı, Kollecin Maliyyə və kompüter sistemləri şöbəsinin müdiri Nuranə Fərəcova çıxışında isə Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim uca tutmasının vacibliyindən söz açıb, gənclərə təhsildə uğurlar arzulayıb, onları Vətənə layiqli övlad olmağa çağırıb.
Şəhid xanımın çıxışı tədbir iştirakçıları tərəfindən böyük ehtiram və kövrək duyğularla qarşılanıb.
Tədbirdə eyni zamanda kolleci uğurla başa vuraraq müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlar təqdim edilib, onların uğurları kollecin müəllimləri, valideynləri tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb. Eləcə kollecə bu il yüksək balla qəbul olunan tələbələr mükafatlandırılıb, uğurları alqışlarla qarşılanıb və onların gələcək təhsil həyatında sevindirici nəticələr əldə edəcəklərinə əminlik ifadə olunub.
Tədbirdə övladlarının yeni təhsil mərhələsinə qədəm qoymasının sevincini yaşayan valideynlərin adından çıxış edən Elmirə Quliyeva Astara Pedaqoji Kollecini seçməsindən məmnunluğunu bildirib, onun təhsil və tərbiyə sahəsində qazandığı nüfuzu, tələbələrə göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, övladının məhz belə bir təhsil ocağında oxuyacağı üçün sevinc və qürur hissi keçirdiyini bildirib.
Beləliklə, kollecində keçirilən “15 Sentyabr – Bilik Günü” tədbiri Vətən şəhidlərinin əziz xatirəsinə ehtiram, təhsilə və elmə çağırış, tələbə və məzunların uğurlarına verilən dəyər baxımından yaddaşlara yazılıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü