2020-ci ilin sentyabrında başlayıb 44 gün davam edən Vətən müharibəsi digər işğal altında olan torpaqlarımız kimi, Hadrutu da azadlığına qovuşdurdu. 9 oktyabr Azərbaycan tarixinə Hadrutun azad olunması kimi qızıl hərflərlə yazıldı. Bu gün Hadrutda Azərbaycan bayrağı dalğalanır və bu bayrağın dalğası altında yurd yerimizə yeni həyat gəlir. Burada aparılan bərpa işləri Hadruta yeni həyatın verilməsi ilə yanaşı, həm də sakinlərinin hər birinin tezliklə ata-baba ocağına qayıtmasına xidmət edir.
İki çayın arasında füsunkar gözəllik
Hadrut-təbiətin iki çayın arasına sığdırdığı bu qədim Azərbaycan torpağı adının mənasından və coğrafiyasından da göründüyü kimi, həm də təbiətin bütün gözəlliklərini özündə ehtiva edir. Bu yurd yeri zaman-zaman milli ənənələrimizi qorumuş, xalçaçılıq, baramaçılığı, ticarəti və müxtəlif sənətkarlıq növlərini, xalqımıza məxsus əkinçilik mədəniyyətini yaşatmışdır.
Dəqiq salınma vaxtı məlum olmayan qəsəbə həm qədim, həm də orta əsr dövrünə aid abidələrlə zəngin olub. Qəsəbənin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nayihəsinin Hadrut kəndi olaraq keçir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. Bura 1847-ci ildən Poltava atlı kazak alayının qərargahı idi.
1872-ci ildə Moskvada keçirilmiş Politexnik sərgisində iki sakininin təqdim etdiyi xalçalara görə gümüş mükafata layiq görülməsi, 1877-ci ildən burada Zurabov, Muradov və şəriklərinə məxsus baramaaçma karxanasının fəaliyyət göstərməsi Hadrutun inkişaf etmiş bir ərazi olduğunu şərtləndirir.
Əhali bağçılıq, bostançılıq, taxılçılıq, maldarlıq, ticarət və sənətlə məşğul idi. Hadrutda o dövrdə iki bazar, kilsə, ikiillik məktəb, birillik prixod məktəbi, zemstvo əczaxanası və teleqraf stansiyası fəaliyyət göstərirdi.
1923-cü ildə Hadrut kəndi Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin (hazırda bu muxtariyyət ləğv olunub) tərkibinə verilmişdir, 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzibati mərkəzi seçilmişdir. 1939-cu ildə həmin rayon öz mərkəzinin adına uyğun olaraq Hadrut rayonu adlandırılmışdır. 1963-cü ildə Hadruta şəhər tipli qəsəbə statusu verilmişdir. Qəsəbədə üzüm emalı zavodu, xalça sexi, musiqi və ümumtəhsil məktəbləri, mədəniyyət evi, mərkəzi kitabxana və rayon xəstəxanası yerləşirdi.
Bəstəkar Üzeyir Hacıbəyov gənc yaşlarında Hadrutda müəllimlik edib.
1992-ci ildə Hadrut rayonu ləğv olunub Xocavənd rayonunun tərkibinə daxil edilib. 2 oktyabr 1992-ci ildə -Birinci Vətən müharibəsi zamanı separatçı erməni qoşunları Hadrutu ələ keçirmişdi.
Düz 30 ilə yaxın...
Ermənilərin havadarlarından aldıqları dəstəklə digər torpaqlarımız kimi, Hadrut da işğal olunmuşdu. Hadrut sakinləri də illər uzunu diş-dırnaqları ilə qurub-yaratdıqları ev-eşiklərini, həyat-bacalarını, mal-heyvanlarını, əkin sahələrini bar üstündə qoyub düşmən tərəfindən silah gücü ilə doğma ocaqlarını tərk etmişlər.
Hadrut sakinləri 30 ilə yaxın idi ki, yurd həsrəti ilə, bir gün doğma el-obalarına qayıtmaq ümidi ilə yaşayırdı. Hadrut sadəcə onların yuxularının Hadrutu olmuşdu. 30 ilə yaxın idi ki, yurd həsrəti sinələrinə dağ çəkirdi...
Erməni adlı xislətsiz, nankor isə torpaqlarımızı talan edir, yeraltı-yerüstü sərvətlərimizi daşıyıb satır, abidələrimizi, sosial obyektləri dağıdır, illərlə insanların min bir arzu ilə özünə qurduğu yuvaları məhz edir, daşı daş üstündə qoymurdu.
Bütün bunları bilirdi hadrutlular. O səbəbdən bağırları çatlayırdı. Yurdlarında qoyub gəldikləri hər şey onların doğması idi, əllərinin zəhməti idi, reallaşan, lakin qısaömürlü arzuları idi.
Lakin o gün gələcəkdi, torpaqlarımız işğaldan azad olunacaqdı. Mərdliyi, igidliyi, qəhrəmanlığı ilə tarixə imzasını atan azərbaycanlılar torpaqlarını erməni işğalı altında qoymayacaqdı ki... Lakin bunun zamanı çatmalı idi, buna hazır olmalı idik. Olduq da. 2020-ci ildə Ali Baş Komandanın ətrafında birləşən xalq müzəffər sərkərdənin rəhbərliyi ilə torpaqlarımızı bir-bir azad etdi. Üçrəngli bayrağımız azad ellərə sancıldı. Düşmən qovulub torpaqlarımızdan çıxarıldı. Hadrut da azadlığına qovuşdu. Bu xəbər hadrutluların sevincinə, xoşbəxtcəsinə nəfəs almasına səbəb oldu.
Hələ müharibə bitməmişdi, dövlətimizin başçısının tapşırığına əsasən artıq azad edilmiş ərazilərdə bərpa işlərinə start verilmişdi. Hadrut müharibənin ilk ongünlüyündə azad edildiyi üçün burada da müəyyən işlərə başlanmışdı.
Bu gün artıq Hadruta yeni həyat bəxş olunur. Hadrutlular doğma yurdlarına qayıdıb və yaxın gələcəkdə onların hər birinin qayıtması da reallaşacaq. Ötən il sentyabrın 14-də dövlətimizin başçısı cənab İlham Əliyevin Xocavənd rayonuna səfəri çərçivəsində bir sıra sosial obyektlərin istifadəyə verilməsi, təməlinin qoyulması, burada çəkilən yollar, salınan körpülər, ictimai yaşayış binaları deməyə əsas verir ki, o gün uzaqda deyil.
Bütün bunları seyr etdikcə ürəyimiz dağa dönür. Hansı ki, ürəyimizə 30 il dağ çəkilmişdi. Düşmən ərazilərimizdə daşı daş üstündə qoymamışdı. Tariximizin, mədəniyyətimizin məhvi üçün min bir oyuna, xəyanətə əl atmışdı. Bu baxımdan azad edilən torpaqlarımızın hər birində gördüklərimizi böyük sevinc və xoşbəxtliklə qarşılayırıq. Yeni həyatın astanasında olan Hadrut kimi...
Budur, Hadrutun üzü gülür. Onu azad edən ordunun müzəffər sərkərdəsi bu gün də qədim yurd yerinin bərpasını, yaxın gələcəkdə sakinlərinin hər birinin ona qovuşmasını təmin edir.
Bu işlər asan işlər deyil. Böyük zəhmətin, məsuliyyətin, bacarıq və qabiliyyətin, bir də Vətən sevgisinin bəhrəsidir. Bax, qüruru da məhz buna görə duyuruq. Bir də ona görə qürur duyuruq ki, həqiqətən də bu gün dünyanın heç bir yerində Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işləri yoxdur.
Mətanət Məmmədova
“Bütün ölkəni sağaldan” şəfaçı, demək olar ki, heç bir miras qoymayıb..?