Milli Məclisdə pensiya qanunvericiliynə edilən dəyişiklik cəmiyyətdə geniş təqdir qazanıb. Bu dəyişikliklər ölkədə həyata keçirilən sığorta-pensiya islahatlarının növbəti mərhələsidir və bu mərhələdə atılan addımlar "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda da əksini tapıb.
Hər il üçün 170 manat pensiya kapitalı veriləcək
Yeni sistemin fəaliyyətə başladığı 2006-cı ilin 1 yanvarından 2009-cu ilin 1 oktyabrına qədər DSMF orqanları tərəfindən 167891 nəfərə yaşa görə pensiya təyin olunub. Onların 64,4 faizi və ya 101370 nəfəri minimum pensiya, yəni 75 manatla təmin edilib. Bu pensiyaların sığorta hissəsi olmayıb. Təxminən 6700 nəfər, yəni 4 faiz isə 300 manatdan yuxarı pensiya alır. Hətta 680 nəfərə 1000 manatdan yuxarı pensiya təyin olunub.
DSMF sədri S.Müslümovun fikrincə, yeni əlavə və dəyişikliklər pensiya təyinatında yanlış hesablama qaydasını aradan qaldırmağa yönəlib: "Bununla həm də sistemdə böyük bir şəffaflığı təmin etmiş olduq. Pensiya təyinatı zamanı bütün neqativ hallar əmək haqqı arayışları və əmək haqqı məbləğlərində özünü göstərib. Artıq bu gündən sonra 2006-cı ilə qədər olan dövr üçün pensiya hesablanan zaman belə bir arayış və məbləğ lazım olmayacaq".
Belə ki, bundan sonra hər bir şəxsin əmək kitabçası üzrə 2006-cı ilə qədər olan əmək fəaliyyətinə əsasən hər il üçün 170 manat pensiya kapitalı veriləcək. Bu məbləğ həmin illərin sayına vurulacaq. Bundan sonra 2006, 2007, 2008, 2009-cu illər üzrə inflyasiya faizi vurulub artırılacaq və toplanmış məbləğ şəxsin fərdi hesabında 4 il ərzində yığılan məbləğin üzərinə gələcək. Ümumi məbləğ 144-ə bölünəcək, bununla pensiyanın sığorta hissəsi müəyyən olunacaq və üzərinə ölkədəki baza pensiyası əlavə olunacaq.
Orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqına nisbəti 40 faizə çatdırılacaq
S.Müslümov bildirib ki, yaşın artırılması, qadınlarla bağlı güzəştlərin azalması da sistemin gələcək inkişafından doğan məsələlərdir: "Əgər bu gün normal sığorta-pensiya sistemi qururuqsa, bu sistemə vəsait ödəyən hər bir şəxsin ödədiyi vəsaitin müddəti ilə onun sistemdən pensiya ala biləcəyi müddət bir-birinə uyğunlaşdırılmalıdır. Əks halda bu, sığorta sistemi olmaz. Ona görə də tələb olunan sığorta stajının 5 ildən 12 ilə qaldırılması tam təbii haldır".
Onun sözlərinə görə, son 3 il 9 ay ərzində DSMF sistemində yaşa görə pensiya alan və rəhmətə getmiş qadınların orta yaşı 75,8, kişilərin isə orta yaşı 74,7 yaş olub: "Bu o deməkdir ki, qadınların 18,8 il, kişilər isə 12,7 il sığorta pensiya sistemindən pensiya alıblar. Tədqiqatlar göstərir ki, bu göstəricilər artmaqda davam edəcək".
Qeyd edək ki, sığorta-pensiya sisteminin inkişafı üçün bir sıra parametrlər var. Bu parametrlərdən biri orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə olan nisbəti ilə bağlıdır. Xatırladaq ki, bu gün Azərbaycanda 1 nəfər pensiyaçıya 1 nəfər muzdla işləyən sosial sığorta ödəyicisi düşür. Hazırda ölkədə 1 milyon 391 min nəfər muzdla işləyən sosial sığorta olunan var.
Fond rəhbəri bildirib ki, orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə olan nisbətinin artırılması üçün bütün amillər nəzərdən keçirilib və təhlil edilib. Hətta 1940-ci ildən indiyə qədər ölkənin demoqrafik sistemində olan dəyişikliklər və 2015-ci ilə qədər proqnozu nəzərə alınmaqla onun sığorta-pensiya sisteminə təsiri də öyrənilib".
DSMF sədri əlavə edib ki, dəyişikliklər sosial pensiya sisteminin sosial ödəmə sisteminin elementlərindən tam təmizlənməsinə yönəlib: "Kim pensiya almaq hüququnu əldə edə bilməyəcəksə, ölkədə mövcud olan ünvanlı sosial yardım və sosial müavinətlər sistemindən istifadə edə bilər".
2006-cı ilə qədər 12 il iş stayı olan şəxs azı 90 manatdan yuxarı pensiya ala biləcək
Yeni qaydaya əsasən, sığortaolunanların (pensiya təyin edilməmiş şəxslərin) 2006-cı ilin 1 yanvarınadək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat pensiya kapitalının hesablanması nəzərdə tutulur. Göstərilən yeni sadələşdirilmiş qaydanın tətbiqi bütün sığortaolunanlar üzrə 2006-cı ilin 1 yanvarınadək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına imkan verəcək.
Pensiyanın sığorta hissəsinin üzərinə baza pensiyası əlavə olunacaq və cəmi pensiya məbləği müəyyənləşəcək. Burada 170 manat "Əmək pensiyaları haqqında" qanunun qəbul edildiyi 01.01.2006-cı ilə qədərki ən yüksək orta aylıq əməkhaqqına görə fərdi hesaba toplanmalı olan illik sosial sığorta məbləği, yəni pensiya kapitalıdır. 144 isə gözlənilən pensiya ödənişi müddəti, yəni 12 ilin aylar üzrə göstəricisidir. Bu hesabla 2006-cı ilə qədər 12 il iş stayı olan şəxs azı 90 manatdan yuxarı pensiya ala biləcək.
Məsələn, 2010-cu ildə pensiyaya çıxacaq 40 il stajı olan şəxsin pensiyasını hesablayaq. Bunun 36 ili 2006-cı ilə qədər olan köhnə, 4 ili yeni sistemə düşür. Bu zaman 36 il 170-ə vurulur, üzərinə 2006, 2007, 2008-ci illərin inflyasiya faizləri, yəni 8,3 faiz, 16,7 faiz, 20,8 faiz gəlinir. Alınan 9434 manat 144-ə bölünərək 65 manat təşkil edir. Şəxsin son 4 ildə 300 manat maaşına tətbiq olunan sosial sığorta haqları əsas götürməklə fərdi hesabında yığılan sığorta kapitalına görə sığorta hissəsini də hesablasaq, bu, 20 manat edir.
Beləliklə, cəmi sığorta hissəsi 65+20=85 manat edir. Bu məbləğin üzərinə pensiyanın baza hissəsi, yəni 75 manat gəlinir. Cəmi 160 manat edir". Halbuki statistik göstəricilərin təhlili göstərir ki, yüksək əmək staylarının olmasına baxmayaraq, son illər təyin olunmuş pensiyaların 60,8 faizi minimum məbləğdə, yəni 75 manat təyin edilib.
Yuxarıda göstərilənləri nəzərə alaraq, əminliklə deyə bilərik ki, pensiya islahatı əhalinin aztəminatlı hissəsinin gəlirlərinin daha da çoxalmasına gətirib çıxaracaq.