PDF Oxu

Sosial

  • 9

Bələdiyyə seçkiləri demokratik keçdi

Bələdiyyə seçkiləri demokratik keçdi
Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirildi. SİA-nın məlumatına görə, seçkidə ölkə üzrə seçicilərin 31,86 faizi iştirak edib. Bu isə ölkədə olan seçicilərin 1 milyon 462 min 74 nəfəri deməkdir. Siyasi partiyalar və müstəqil namizədlər bu günə xüsusi hazırlaşmışdı. Seçkiqabağı kampaniyanın sonuncu mərhələsi- təşviqat dövrü daha gərgin mübarizə şəraitində keçdi. Namizədlər və siyasi partiyalar təbliğat materallarının təqdimatını keçirdi, seçicilərlə görüşlər və müxtəlif aksiyalar təşkil edildi.
Hazırki Seçki Məcəlləsinə uyğun olaraq, bu günədək keçirilən prezident, parlament və bələdiyyə seçkiləri haqqında beynəlxalq təşkilatların verdikləri müqayisəli təhlillərə diqqət yetirsək, belə qənəatə gəlmək olar ki, Azərbaycan hakimiyyəti seçkilərin demokratik və dünya standartlarına uyğun keçirilməsi üçün kifayət qədər siyasi iradə və əzm nümayiş etdirib. Bələdiyyə seçkiləri bir daha göstərdi ki, ölkəmiz demokratik seçki keçirməyə qadirdir.
Yeniliyin, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin Seçki Məcəlləsində öz əksini tapmasında maraqlı olan Azərbaycan hökuməti 2007-ci ildən başlayaraq, Avropa Şurası Venesiya Komissiyası ilə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələrə başladı. Mütəmadi olaraq, Azərbaycan nümayəndə heyəti Strasburqda, eyni zamanda, qurumun təmsilçiləri ölkəmizdə səfərdə olarkən, qeyd olunan məsələ ətrafında geniş fikir mübadiləsi apardı, bütün siyasi partiyaların təklifləri nəzərdən keçirildi.
Həmin ilin noyabrında Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ABŞ-ın İFES təşkilatının təşkilatçılığı ilə Bakıda Seçki Məcəlləsinə əlavə və dəyişiklərin edilməsi ilə bağlı tədbir keçirildi. Ümumi fikir bu oldu ki, sənəddə mütərəqqi müddəalar öz əksini tapacaq.
Seçki Məcəlləsinə əlavə və dəyişikliklər parlamentdə müzakirələrdən sonra qəbul olundu. Hələ sənədə əlavə və dəyişikliklər edilmədən öncə, məğlubiyyətlərinin qaçılmaz olduğunu dərk edən müxalifət liderləri seçkiləri boykot edəcəklərini bildirirdilər. Lakin onların Seçki Məcəlləsinə edilən əlavə və dəyişiklikləri özlərinə sərf edən formada təhlil edərək, seçkiləri boykot etməyin daha məqsədəuyğun olduğunu bildirmələri, digər həmkarlarını da bu qərarı dəstəkləməyə çağırmaları nəticəsiz qaldı.
Hələ ötən prezident seçkilərində radikalların boykot qərarının yanlış olduğunu Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi A.Herkel də bildirmişdi. Azərbaycanda demokratik seçki mühitinin mövcudluğunu AŞ PA həmməruzəçisi də etiraf etmişdi. Digər beynəlxalq təşkilatların nümayəndələri də radikal müxalifətin boykot taktikasını qınamışdı.
ATƏT-in Bakı ofisinin rəhbəri səfir Xose Luis Herroro Ansola isə bildirmişdi ki, ölkəmizdə demokratiyanın vacib amillərindən olan seçkilərin demokratikliyini təmin etmək üçün Azərbaycan hakimiyyətinin atdığı addımlar təqdirəlayiqdir.
Səfir buna əsas kimi, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsini, eyni zamanda, ötən parlament seçkiləri zamanı Prezident İlham Əliyevin 11 may və 25 oktyabr 2005-ci il tarixli seçki praktikasının təkmilləşdirilməsinə yönələn sərəncamlarını qeyd etmişdi.
Ötən seçkilərdən bu yana Yeni Azərbaycan Partiyası daha fəal iş aparıb və xalqın etimadını qazanıb. Müxalifət partiyaları isə bu müddətdə öz reytinqlərini tamam itiriblər. Bunu bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş şəxslərin siyahısına baxanda, daha aydın görmək olurdu. Namizədlərin yarıdan çoxu YAP-ın payına düşürdü.
Müxalif partiyalar isə hərəsi çox az sayda namizədlə iştirak etdi. Bu, o deməkdir ki, artıq müxalifət hətta bələdiyyə seçkilərində belə namizəd irəli sürməyə adam tapmır. Hətta bir sıra partiyalar seçkiyə partiya şəkildən qatılmaq üçün özlərində güc tapa bilmədilər.
Demokratik seçkiləri sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi inkişafının əsası kimi dəyərləndirən sərəncamda öz əksini tapan müddəalardan biri də qanunsuz müdaxilələrə yol verilməməsi, belə hallar aşkarlanarsa, həmin şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasıdır.
Ötən seçkilər zamanı bir neçə dairədə seçkilərin nəticələrinin ləğv olunması, bəzi rayonların icra başçılarının seçkilərə qanunsuz müdaxiləyə yol verdiklərinə görə tutduqları vəzifədən azad edilməsi beynəlxalq təşkilatlar tərəfindən də təqdir olundu. Dövlət rəsmiləri öz çıxışlarında dəfələrlə bildiriblər ki, Azərbaycan hakimiyyətinin əsas niyyəti seçkilərin demokratik, azad və ədalətli keçirilməsinə nail olmaqdır.
Azərbaycan hakimiyyətinin ölkədə seçkilərin demokratik keçirilməsi üçün ciddi səylər göstərdiyini beynəlxalq təşkilatların və dövlətlərin müşahidə missiyaları da qeyd etdilər. Bütün namizədlərə təbliğat və təşviqat kampaniyasını yüksək səviyyədə təşkil etmək üçün eyni şəraitin yaradılması, mitinqlərin təşkili üçün xüsusi yerlərin müəyyənləşdirilməsi Qərb və Avropa təmsilçiləri tərəfindən yüksək qiymətləndirildi.
Seçki prosesini 33 saylı Xətai Seçki Dairəsinin seçki məntəqələrində izlədik. Müşahidələrə əsasən demək olar ki, seçki prosesi zamanı bir halda belə qanun pozuntusuna rast gəlinmədi. 3, 4, 5, 7 saylı seçki məntəqələrində seçicilərin fəallığı müşahidə olunurdu. Prosesi hər məntəqədə azı 15-20 nəfər müşahidəçi izləyirdi. 33 saylı DSK üzrə 6 məntəqədə veb-kameralar quraşdırılmış, 2 məntəqədə isə exit-poll keçirilirdi.
5 saylı seçki məntəqəsində "AVCİYA" və "ELS" təşkilatlarının nümayəndələri exit-poll keçirirdi. Onların sözlərinə görə, seçicilər diqqətli və məsuliyyətli şəkildə öz seçdikləri namizədlərə səs veriblər. Bu məntəqədə heç bir qanun pozuntusu halına rast gəlinməyib. Digər məntəqələrdə də eyni vəziyyət müşahidə olunurdu. Bunu müşahidəçilər və MSK üzvləri ilə söhbətimizdə bizə bildirdilər.
Ümumiyyətlə, müşahidə apardığımız 33 saylı Xətai seçki dairəsində 42589 seçici qeydə alınıb. DSK sədri Əlibaba Bayramovun sözlərinə görə, səsvermə prosesini 34 seçki məntəqəsində 4 beynəlxalq, 432 yerli müşahidəçi izləyib. DSK-nın 6 məntəqəsində (3, 12, 14, 20, 23, 30 saylı məntəqələr) veb-kameralar quraşdırılıb.
Qeyd edək ki, bələdiyyə seçkilərində prosesin normal keçməsi, seçicilərin rahat səsverməsi üçün bütün şərait yaradılmışdı. Ölkədə fəaliyyət göstərən 125 dairə seçki komissiyasının 100-dən çoxu yeni tikilmiş inzibati bina ilə təmin olunub, digərləri isə əsaslı təmir edilib.
Məntəqə seçki komissiyalarının da iş şəraiti yaxşılaşdırılıb, onların texniki və digər problemləri həll edilib. Bir çox seçki məntəqələrində veb-kameralar da quraşdırılıb ki, bu şəffaflığın təmin edilməsi üçün ən yaxşı vasitələrdən biridir.
MSK sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, seçki prosesinin demokratik, azad və beynəlxalq standartlara uyğun keçirilməsi üçün hər cür şəraitin yaradıldığından proses normal qaydada və əhalinin fəallığı şəraitində keçib. MSK sədrinin sözlərinə görə, yekun məlumatlar seçkinin baş tutduğunu və ciddi qanun pozuntusunun olmadığını göstərib.
Qətiyyətlə demək olar ki, dünənki seçkilər də ölkəmizin demokratik imicinin güclənməsinə öz töhfəsini verəcək. Bu gün Azərbaycanla əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasında ölkədə demokratiyanın inkişafı mühüm əhəmiyyət kəsb edən amillərdəndir.
Azərbaycan demokratik inkişafda yeni mərhələyə qədəm qoyub. Bu günədək keçirilən seçkilərdə həmişə xalqın iradəsinə üstünlük verilib. Getdikcə ölkəmiz demokratik islahatları daha əzmlə həyata keçirir. İnamla demək olar ki, gələn ilin payızında parlament seçkiləri də demokratik, şəffaf və ədalətli şəkildə keçiriləcək.

Digər xəbərlər