“Cəmşid Naxçıvanski adına Hərbi Lisey Heydər Əliyevin monumental hərbi abidəsidir”
Dünən Səbail rayon icra hakimiyyətinin Ulu Öndərimiz Heydər Əliyevin anım günü ərəfəsində həyata keçirilən tədbirləri çərçivəsində Gənc Tamaşaçılar Teatrında "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Heydər Əliyevin monumental hərbi abidəsidir" mövzusunda tədbir keçirilib. Tədbirdə Milli Məclisin Təhlükəsizlik Komitəsinin sədri, vitse-spiker Ziyafət Əsgərov, millət vəkilləri Fəttah Heydərov, Aydın Mirzəzadə, Eldar İbrahimli, Şəmsəddin Hacıyev, İlham Məmmədov, daxili işlər nazirinin müavini, daxili qoşunların komandanı Zakir Həsənov, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi Mirzə Almasov və Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov iştirak edirdi.
Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndikdən sonra tədbirin mahiyyəti və məqsədi barəsində ətraflı məlumat verildi.
Rayonun təhsil işçilərinin, orta məktəblərin 7-8-ci sinif şagirdlərinin, rayon ictimaiyyətinin, veteranların və qonaqların iştirakı ilə keçirilən tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov minilliklər boyu Azərbaycan xalqının öz milli dəyərlərini qoruyub saxladığını və şərəfli qəhrəmanlıq tarixini təcəssüm etdirdiyin bildirdi. Qeyd etdi ki, Azərbaycanda həmişə hərb tarixinə böyük maraq olub. Ordunun hər bir dövlətin və xalqın həyatında mühüm rola malik olduğunu qeyd edən A.Əsgərov güclü ordunun olması üçün, güclü dövlətin olmasının ən vacib prinsiplərdən biri olduğunu vurğulayıb. Güclü sərkərdələrə malik olan xalqların həmişə öz milli maraqlarını qoruyub saxladığını bildirən A.Əsgərov Ulu Öndər Heydər Əliyevin də Azərbaycan xalqı qarşısında xidmətlərinin xronoloji ardıcıllıqla sadalanmasında məhz bu cəhətləri açıq şəkildə görməyin mümkünlüyünə toxundu. Bildirdi ki, Ulu Öndərimiz Heydər Əliyevin liderlik keyfiyyətləri, Azərbaycanın gələcəyi naminə atmış olduğu addımları bu gün də müstəqil dövlətin siyasi strategiyasında özünü açıq şəkildə göstərməkdədir. Ulu Öndər Heydər Əliyevin həyat şəcərəsinin məhz dövlətçiliyimizə və xalqımızın rifahı ilə bağlı olduğunu bildirən A.Əsgərov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin günü-gündən daha da çiçəkləndiyini və mütərəqqi ideyalarla idarə olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi Mirzə Almasov Ulu Öndərimiz Heydər Əliyev tərəfindən 1971-ci ildən yaradılmış hərbi liseyin müasir Azərbaycan Ordusunun yaranmasında xüsusi əhəmiyyətə malik olduğunu bildirdi. Vurğuladı ki, bu gün güclənən və öz imkanlarını daha da artıran Azərbaycan Ordusunun hər bir sahəsində bu hərbi məktəbin məzunları təmsil olunmaqdadır. Bununla yanaşı, dövlətimizin bütün güc strukturlarında hərbi liseyin məzunlarının təmsil olunduğunu diqqətə çatdıran M.Almasov hərbi məktəbin beynəlxalq əlaqələrinin də yüksək səviyyədə olduğunu bildirdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ənənələrinə sadiq olan hərbi məktəbin gələcəkdə də Azərbaycan dövlətinə və xalqına ən sədaqətli kadrlar yetişdirəcəyini bildirən M.Almasov gənclərin bu sahəyə diqqətinin daha da artırılmasının vacibliyini vurğuladı.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bölmə rəisi Çingiz Quliyev hərbi lisey barəsində ətraflı məlumat verərək, məktəbin əsas prinsip və vəzifələrini təbdir iştirakçılarının diqqətinə çatdırdı.
Daxili Qoşunların komandanı Zakir Həsənov da çıxışında Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaranması və fəaliyyəti, silahlı qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu, əldə ounmuş nailiyyətlər, gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində aparılan işlərdən və Ulu Öndərimiz Heydər Əliyevin arzularının bir çoxunun artıq reallığa çevrilməyə başladığından bəhs etdi.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı Kamran Ağayev gənclərin hərbi-vətənpərvərlik ruhunda formalaşmasının və milli dəyərlərə daha böyük hörmətin olmasının vacibliyini diqqətə çatdırdı.
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov da çıxışında ölkəmizdə vətənpərvərlik ruhunun yüksək olmasından və bu istiqamətdə aparılan işlərdən bəhs etdi. Qeyd etdi ki, Azərbaycan özünün ən qüdrətli bir dövrünü yaşamaqdadır. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçiliyimizin hər bir sahəsində böyük uğurların əldə olunmasından və bir sıra məsələlərdən bəhs edən Z.Əsgərov mövcud imkanlar daxilində ölkəmizin öz qüdrətini daha da artırdığın diqqətə çatdırdı. Bu gün ordumuzun Cənubi Qafqazda ən qüdrətli ordusuna çevrildiyini qeyd edən Z.Əsgərov silahlı qüvvələrimizin hər cür silah və texnika ilə təchiz olunduğunu bildirdi. Silahlı qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində apardığı irimiqyaslı işlər barədə ətraflı məlumat verən Z.Əsgərov həm bu il, həm də, sonrakı illərdə ordu quruculuğunun diqqət mərkəzində olacağını söylədi. Onu da qeyd etdi ki, ölkə başçısının səyləri nəticəsində son beş ildə orduya ayrılan büdcə xərcləri ilbəil artaraq işğalçı Ermənistanın bütöv büdcəsinə bərabər olub.
Tədbirin sonunda Cəmşid Naxçıvanski adına Hərbi Liseyə həsr olunmuş sənədli film nümayiş etdirilib.