PDF Oxu

Sosial

  • 21

Rövşən Mais oğlu İsmayılova SƏS verin !

Rövşən Mais oğlu İsmayılova SƏS verin !
Azərbaycanda keçirilən ilk bələdiyyə seçkiləri və seçkilərdən sonrakı proseslər, əslində, hər gün inkişafda olan və Avropaya inteqrasiya edən ölkəmiz üçün keçilmiş bir təcrübə oldu. Aparılan son islahatlar, fəaliyyətlərinə verilən geniş imkanlar, əslində, bələdiyyələr haqqında torpaq, yol və digər bu kimi məsələlərlə məşğul bir qurum kimi, formalaşan mifi aradan qaldırmağa başladı.
Faktdır ki, yerli özünüidarəetmə orqanı olan bələdiyyə nəinki təhkimi olduğu sahənin, hətta bütün ölkənin sosial həyatında kifayət qədər önəmli addımlar atmağa qadirdir.
Bələdiyyələr yuxarıda sadalananlarla yanaşı, bir çox maarifləndirici, inkişafetdirici, tərbiyələndirici, sosial həyatın yaxşılaşdırılması və iş yerlərinin açılması kimi önəmli məsələlərin həllində kifayət qədər böyük layihələrə imza ata bilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bələdiyyələrə, onların fəaliyyətinə verdiyi önəm isə, təbii olaraq, bələdiyyələrin üzərinə düşən məsuliyyətini daha da artırdı. Onun bu sahədə müvafiq normativ hüquqi bazanın gücləndirilməsi və geniş maarifçilik işlərinin aparılması ilə bağlı planları açıqlaması isə bələdiyyələrin sıradan bir qurum olmadığı qənaətini ortaya qoydu...
Cənab Prezidentin gənclərin ölkənin ictimai-siyasi həyatında, uğurlu inkişafında görülə biləcək işlərdə potensiallı gəncləri də görmək istəməsi bizləri daha da həvəsləndirir və ölkənin iqtisadi inkişafında rol oynayan önəmli qurumlarda təmsil olunmaq arzusu yaradır. Müstəqil dövlətimizin demokratik əsaslarla inkişafında çox böyük və əvəzedilməz rolu olan Yeni Azərbaycan Partiyasmın Səbail rayon təşkilatı tərəfindən Səbail bələdiyyəsinin üzvlüyünə mənim və bir çox gəncin namizədliyinin irəli sürülməsi cənab Prezidentimizin fikirlərinə ehtiramın nümunəsidir. Biz gənclər isə, göstərilən bu etimaddan daha da ruhlanır, bu etimadı doğrultmaq, ölkənin, şəhərlərin, rayonların iqtisadi inkişafında, ictimai həyatının yaxşılaşmasında aktiv iştirak etmək istəyindəyik.
Mən bələdiyyə üzvülüyünə namizəd olaraq, bildirmək istəyirəm ki, Səbail rayonunda yaşadığım, rayonun sakinləri ilə daim ünsiyyətdə olduğumdan, bu bölgənin problemləri ilə yaxından tanışam. Bu problemlərin çözülməsində isə rayon sakinlərinə kömək etmək məqsədi ilə bələdiyyədə təmsil olunduğum zaman bir çox layihələrin həyata keçirilməsinə nail olmaq niyyətindəyəm.
İlk olaraq, yol, torpaq, məişət tullantıları, kanalizasiya, kommunikasiya və digər sosial problemlərin həll edilməsi ilə bağlı konkret işlərin görülməsinə və bu işə də yalnız bələdiyyənin deyil, həm də aidiyyatı orqanların maddi və texniki imkanlarının da cəlb edilməsinə çalışacağam.
Səbail rayonunda yaşayan, amma əmək fəaliyyəti ilə məşğul olmayan gənclər var. Onları peşə və sənət öyrənilməsinə cəlb etmək və bu sahədə işlə təmin olunmalarını həyata keçirmək məqsədi ilə bələdiyyə nəzdində maarifləndirici kursların təşkil edilməsinə çalışmaq ilk qarşıma qoyduğum məqsədlərdən biridir. Həmçinin, bələdiyyə daxilində hazırlanan əhəmiyyətli layihələrin həyata keçirilməsinə çalışamaq və bu işə, əsəsən, rayonumuzda yaşayan intellektual və potensiallı gəncləri cəlb etmək niyyətindəyəm. Təbii ki, bununla onlara maddi vəziyyətini yaxşılaşdırmaqla yanaşı, bələdiyyə idarəçilik metodlarını və vətən sevgisini aşılamaqda yardım etmiş olacağıq. Seçiləcəyim təqdirdə, qarşıma qoyduğum məsələlərdən biri də yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə xüsusi təyinatlı kompleks layihələri aidiyyatı dövlət qurumlarına təqdim etmək və onların həyata keçməsinə nail olmaqdır. Qocalar üçün xüsusi parkların salınması, yeniyetmələr üçün idman komplekslərinin (futbol, tennis, şahmat, voleybol və s.) qurulması, rayonun istənilən sakininin kitab ala və ya oxuya biləcəyi, oxu zalı olan (yerli və xarici ədəbiyyatlarla zənginləşdirilmiş) bələdiyyə kitabxanasının yaradılması, balaca uşaqlar üçün binaların həyətində əyləncə qurğularının qoyulması və s. nəzərdə tutduğum ümdə məsələlərdən biridir.
Bəzən problemi olan rayon sakinləri bu problemləri bələdiyyə ilə bölüşməkdə çətinlik çəkirlər. Bu problemi də aradan qaldırmaq üçün heç bir çətinlik çəkmədən problemlərinizi bələdiyyəmiz ilə bölüşməyiniz üçün, ilk növbədə, 24 saat açıq olan qaynar xəttin yaradılmasına çalışacağam. Bununla yanaşı, Səbail bələdiyyəsinin internet saytı da təkmilləşdiriləcək ki, burada da bələdiyyəmizin gündəlik gördüyü işlərdən xəbərdar ola biləcəksiniz. Bu saytda siz şikayət və təkliflərinizi də yaza biləcəksiniz. Bələdiyyə büdcəsinin şəffaf idarə olunması üçün öz təklifimi verəcəyəm, mütəmadi olaraq, sakinlərimizlə görüşəcək, məhəllələrdə, hətta evlərdə onları ziyarət edəcək və bələdiyyə səlahiyyətində olan problemlərini yerindəcə həll etməyə çalışacağam. Səbail rayonunda yaşayan bir çox rusdilli vətəndaşlarımız var ki, onlar Azərbaycan dilini bilmədikləri üçün - potensialları olduqları halda belə, iş tapa bilmirlər. Bu məsələni həll etmək, eləcə də, Azərbaycan dilinin təbliği məqsədi ilə onlar üçün bələdiyyə nəzdində təmənnasız dil kurslarının təşkil olunmasına çalışacağam.
Bələdiyyələr öz nəzdlərində uşaq bağçaları və bələdiyyə məktəbləri də yarada bilərlər. Bu imkanları, həmçinin, bir çox uşaq bağçalarında tədris qiymətlərinin yüksək olduğunu və ixtisaslı tərbiyəçi probleminin olduğunu nəzərə alaraq, bələdiyyə nəzdində uşaq tərbiyə müəssisələrinin yaradılması da həyata keçirmək istədiyim layihələr sırasındadır. Bələdiyylərimizin inkişaf etmiş dövlətlərin bələdiyyələrinin təcrübəsindən yararlanmasına ehtiyac vardır. Bu məqsədlə də, xarici ölkələrin bələdiyyələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparmağa çalışmaq və bu təcrübəni sivil bir Azərbaycan bələdiyyəsi qurmaq məqsədi ilə Səbail bələdiyyəsinə tətbiq etmək fikrindəyəm.
Bunlarla yanaşı, respublikanın digər rayon və şəhər bələdiyyələri ilə şəbəkə şəklində işləmə planını işləyib hazırlayacaq, "bir-birimizə dəstək" prinsipi ilə sosial, iqtisadi, həmçinin, ekoloji problemlərinizin həllinə çalışacağam.
Səbail rayonu əhalinin çox olduğu, nəqliyyatın intensiv işlədiyi rayonlardan biridir. Təbii ki, bu rayonda yolların genişlənməsi, müasirləşdirilməsi, işıqlandırılması, ən əsası isə, maşın parketmə dayanacaqlarının olmaması səbəbindən yaranan tıxacların aradan qaldırılması bələdiyyələrin ən çox diqqət etməli və önəm verməli olduqları məsələlərdən biridir. Bu məsələ, seçiləcəyim təqdirdə, ən çox diqqət göstərəcəyim işlər siyahısındadır.
Əziz seçicilər, ümumiyyətlə, əhalinin həyat fəaliyyətinin yaxşılaşdırılması bələdiyyələrin ən mühüm vəzifələrindən biri olmalıdır. Bələdiyyədə təmsil olunduğum zaman isə, sözügedən işlərin görülməsinə, qarşıma qoyduğum bu vəzifələrin yerinə yetiriləcəyinə heç şübhəniz olmasın!

Digər xəbərlər