Gürcüstanda yaşayan soydaşlarımız cəmiyyətin fəal üzvlərinə çevriliblər
- Fazil müəllim, "Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi" nə vaxt fəaliyyətə başlayıb və hansı zərurətdən yaranıb ?
- 2004-cü ilin iyun ayında Azərbaycan dövlətinin başçısı İlham Əliyev Gürcüstanda rəsmi səfərdə oldu. Səfər zamanı Prezident azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsində həmyerlilərimizlə görüşdü. Görüş zamanı Prezident İlham Əliyev burada yaşayan azərbaycanlıların problemləri ilə maraqlandı və onların həll olunması istiqamətində bir sıra göstərişlər verdi. Həmin problemlər sonralar qısa zamanda öz həllini tapdı. Mən görüş zamanı burada azərbaycanlıların mədəniyyət mərkəzi üçün binanın və olimpiya kompleksinin tikilməsinin zəruri olduğunu Azərbaycan və Gürcüstan prezidentlərinin diqqətinə çatdırdım. Prezident İlham Əliyevin göstərişindən sonra Gürcüstan dövlət başçısının tapşırığına əsasən mərkəzin və olimpiya idman kompleksinin inşasına başlandı. Hazırda mərkəz başqa bir quruma aid binada öz fəaliyyətini davam etdirir və ilin sonuna yaxın mərkəzin və idman kompleksinin yeni binaları istifadəyə veriləcək. Ümumiyyətlə isə mərkəz 2004-cü ildən fəaliyyət göstərir. Bu mərkəzin tərkibində təhsil, hüquq, ictimai təşkilatlarla iş şöbələri var. Mədəniyyət mərkəzi aktiv fəaliyyətdədir. Belə ki, əsasən işimizi gənclərlə qururuq, onların Gürcüstan cəmiyyətinə inteqrasiyası məsələsi isə ən aktual məsələdir. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, əvvəllər hər il Gürcüstanın ali təhsil müəssisələrinə ən yaxşı halda 10-15 nəfər azərbaycanlı gənc daxil olurdu. Azərbaycana ali təhsilini davam etdirmək üçün gedən gənclərimiz sonradan geri qyıtmırdılar. Bütün bunlar da Borçalıda savadlı, müasir dünyagörüşlü gənclərə, savadlı kadrlara ehtiyac yaradırdı. Bunun nəticəsidir ki, ziyalılarımızın böyük əksəriyyəti 55 yaşından yuxarı olan insanlar idi. Bu insanları əvəz edəcək gənclər yox idi. Bizim mərkəz fəaliyyətə başladıqdan sonra bu gənclərə stimul verdik, yəni müəyyən dövlət və qeyri-dövlət qurumlarına müraciətlər etdik ki, onların işlə təminatına şərait yaradılsın. Bu sahədə bizlərə ilk dəstək Azərbaycandan, Heydər Əliyev Fondundan, həmin fondun sədri millət vəkili Mehriban xanım Əliyevadan gəldi. Fondun dəstəyi ilə azərbaycanlıların təhsil aldığı orta məktəblərə kompyuter dəstləri verildi, pulsuz dərsliklər paylanıldı. Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri millət vəkili Qənirə xanım Paşayevanın da bu sahədə böyük xidmətləri var və bu davam etməkdədir. Qənirə xanımın təklifi ilə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abassov tərəfindən 20 tələbəyə təqaüd ayırıldı. Bütün bunlar isə gənclərimizə maddi və mənəvi dayaqdır. Artıq onlar Azərbaycan dövlətinin dəstəyini görürlər, öz üzərlərində hiss edirlər. Bu da həmin gənclərdə ruh yüksəkliyi yaradır. Bunun nəticəsiri ki, hazırda Gürcüstanda təhsil alan azərbaycanlıların sayı 200-dən artıqdır. Artıq demək olar ki, müasir dünyagörüşlü, intellektual ziyalı gənclər təbəqəsi formalaşır və inkişaf etməkdədir. Bundan başqa ayrıca olaraq 40 nəfər tələbəyə Azərbaycaycan Reaspublikası RİT nazirliyi, 55 nəfər tələbəyə Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi, 100 nəfər tələbəyə isə "Gilan" Holdinq tərəfindən təqaüd ayrılıb. Ümumilikdə, 195 nəfər tələbə təqaüd alır. Bu təqaüd 100 lari və yaxud 60 ABŞ dolları məbləği dəyərindədir. Hər il təhsildə fərqlənən, əlaçı 100 nəfər tələbə isə Azərbaycan Diaspora Komitəsi tərəfindən Azərbaycanın görməli yerlərinə səyahətə göndərilir. Ulu Öndər Heydər Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının vətənidir. Bu gün biz bunu hiss edirik. Çünki burada yaşayan azərbaycanlılara ən böyük dəstək, maddi və mənəvi kömək məhz Azərbaycandan gəlir. Həyata keçiriləcək bir çox layihələrimiz var. Onlardan ən böyüyü isə Gürcüstanda yaşayan soydaşlarımızın, xüsusən də, gənclərimizin Gürcüstan dövlətinə, onun ictimai-siyasi həyatına inteqrasiya etmək, cəmiyyətin fəal üzvlərinə çevrilmək üçün yerlərdə gürcü dili kurslarının açılmasıdır. Mərkəzin hazırladığı bu layihəni dəstəkləyən Gürcüstannın Elm və Təhsil Nazirliyi bu kursların açılmasına razılıq vermişdir. Bu xeyirxah missiyanın nəticəsində Marneuli, Bolnisi, Qardabani, Dmanisi və Kaxeti bölgəsinin məktəblərinin nəzdində gürcü dili kursları fəaliyyət göstərir. Burada yaşayan hər bir azərbaycanlının gürcü dilini bilməsi çax vacib məsələlərdən biridir. Çünki ali təhsili olan hər hansı bir azərbaycanlı gürcü dilini bilmədiyinə görə, buradakı dövlət müəssisələrində, idarələrdə çalışa bilmirdi, ümumiyyətlə, Gürcüstan cəmiyyətinə inteqrasiyada problemlərlə qarşılaşırdı. Bu da reallıqdır ki, azərbaycanlıların yaşadığı ucqar rayonlarda, kəndlərdə dövlət dilini əhali çox zəif bilir. Bu da Sovet İmperiyasının apardığı ideologiyanın acı nəticəsidir ki, azərbaycanlılar ötən əsrin 90-cı illərindən sonra həm rus dilindən, eyni zamanda, gürcü dilindən məhrum oldular. Əvvəllər əsas ünsiyyət vasitəsi kimi rus dilindən istifadə edilirdi. Ona görə də əhali gürcü dilini öyrənməyə bir o qədər də can atmırdı. Bu gün isə bu, artıq zərurətə çevrilib. Dövlət dili olan gürcü dilini öyrənmək burada yaşayan hər bir kəs üçün, demək olar ki, vacibdir. Biz mərkəz olaraq Azərbaycan Diaspora Təşkilatı ilə birlikdə Gürcüstan Təhsil Nazirliyi qarşısında məsələ qaldırmışıq ki, 10-11-ci sinif şagirdlərinə ali məktəblərə hazırlıqla bağlı əlavə olaraq həftədə üç gün olmaqla üç saatlıq dərs keçirilsin. Bununla bağlı aldığımız dərs vəsaitləri şagirdlərə pulsuz paylanılıb. Mədəniyyət Mərkəzi informasiya sahəsində də böyük işlər görür. İstər mədəniyyət, istərsə də buradakı azərbaycanlıların maarifləndirilməsi istiqamətində qəzet və jurnallarımız nəşr olunur. Bunlardan "Region press" qəzeti ayda iki dəfə , "Meydan" adlı rəngli jurnal ayda bir dəfə olmaqla çap olunur. Bu qəzet və jurnallarda Gürcüstanda, Azərbaycanda eləcə də dünyada baş verən ictimai-siyasi yeniliklər barədə məlumat veririk. Eyni zamanda, yeni, istedadlı jurnalistləri, yazarları üzə çıxarmağa çalışır, onları öz ətrafımıza toplayırıq. Həmçinin, burada yerli şair və yazıçıların ondan artıq kitabı nəşr olunub. Belə demək olar ki, bizim əsas məqsədimiz əhalini maarifləndirmək, Gürcüstan cəmiyyətinə inteqrasiya və bu sahədə olan problemləri araşdırıb ortadan qaldırmaqdır. Artıq bir ildən çoxdur ki, "Sarvan" rəqs qrupu fəaliyyət göstərir. Həmin rəqs qrupu Gürcüstanda keçirilən beynəlxalq rəqs festivallarında dəfələrlə uğurlar qazanıb. Bir ay bundan əvvəl təşkil beynəlxalq rəqs müsabiqəsində isə "Sarı gəlin" rəqsi ilə birinciliyə layiq görülüb. Aşıq Əmrahın 100 illik yubileyi təntənə ilə qeyd olundu. Azərbaycanın rəsmi bayramları da burada yaşayan azərbaycanlılar tərəfində hər zaman böyük sevinc, şadlıq əhval-ruhiyyəsində ruh yüksəkliyi ilə qeyd olunur.