PDF Oxu

Sosial

  • 10

Xarici İşlər Nazirliyinin muzeyi yaradılıb

Xarici İşlər Nazirliyinin muzeyi yaradılıb
Azərbaycan Respublikasının diplomatik xidmətinin 90 illiyi münasibətilə Xarici İşlər Nazirliyinin muzeyinin açılış mərasimi keçirilib. Muzeydə Azərbaycan diplomatiyasının zəngin tarixini əks etdirən arxiv materialları, sənədlər toplanılıb.
Bu materialların və sənədlərin bir çoxu Cenevrədəki Millətlər Liqasının, Türkiyənin, İtaliyanın, Fransanın, Çexiyanın, Böyük Britaniyanın arxivlərindən, habelə Milli Arxiv Fondundan əldə olunub. Onların arasında Azərbaycan Respublikasının Parisdəki Sülh Nümayəndə Heyətinə təqdim etdiyi "Qafqazda Azərbaycan Respublikası" adlı arayış, Azərbaycan Respublikasının Millətlər Cəmiyyətinə qəbul edilməsi müraciəti ilə bağlı baş katibin Memorandumu, Millətlər Cəmiyyəti Assambleyası baş katibinin Ə.M.Topçubaşova Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul edilməsi ilə bağlı müraciətinə cavab məktubu kimi bir sıra maraqlı sənəd və materiallar vardır. Bundan əlavə, muzeydə ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətinə dair materiallar toplanıb. Muzeydə toplanılmış sənədlər mərasimdə iştirak edən Azərbaycanın xarici ölkələrdəki səfirləri və digər rəsmi şəxslər tərəfindən maraqla qarşılanıb. Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan diplomatik xidmətinin zəngin tarixini əks etdirən muzeyin xatirə kitabına ürək sözlərini yazıb. Mərasimdə Azərbaycanın Xarici İşlər Nazirliyinin dəstəyi ilə nəşr edilmiş "Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti. Sənədlər məcmuəsi" toplusunun və "Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920 illər)" kitabının təqdimatı olub. Sənədlər məcmuəsinin ilk buraxılışı Azərbaycan Respublikasının diplomatik xidmətinin 90 illiyinə həsr edilib. Minilliklər boyu dünya siyasətində mühüm yer tutmuş diplomatiyamızın tarixində AXC dövrü xüsusi önəm daşıyır. Bu illərdə qurulan Xarici İşlər Nazirliyi dövlətimizin müstəqil xarici siyasətini həyata keçirərək tariximizə qızıl hərflərlə yazılmışdır.
Məcmuədə nəşr edilən sənədlər AXC xarici siyasətinin az öyrənilmiş səhifələrinə aydınlıq gətirir. Sənədlərin Azərbaycan dilinə tərcümə edilməsi bu işi daha da asanlaşdırır. Bir sıra materiallar ilk dəfə nəşr edilir. Sənədlər məcmuəsi Azərbaycan Respublikası səfirliklərinin, nümayəndəliklərinin və konsulluqlarının birgə əməyinin nəticəsidir. "Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920 illər)" kitabında isə 1918-1920-ci illərdə Azərbaycan diplomatiyasının keçdiyi çətin və şərəfli yol araşdırılıb. Kitabın müəllifi tarix elmləri doktoru, professor Cəmil Həsənli Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və digər ölkələrin nadir sənədlərinə əsasən AXC-nin xarici siyasətinin maraqlı mənzərəsini yarada bilib. Kitabda istifadə edilmiş sənədlərin bir çoxu ilk dəfə elmi dövriyyəyə gətirilib. Bu kitabda AXC-nin ilk xarici siyasət addımları, Bakının erməni-bolşevik işğalından azad edilməsi uğrunda diplomatik mübarizə, qonşu dövlətlərlə münasibətlər, Paris Sülh Konfransı tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması haqqında oxuculara geniş məlumat verilir.

Digər xəbərlər