PDF Oxu

Sosial

  • 7

Uğurlu xarici və daxili siyasətin real nəticələri

Uğurlu xarici və daxili siyasətin real nəticələri

Müasir dünyada geosiyasi situasiya qısa müddətdə kəskin dəyişir. Xarici siyasəti kənar diqtələr üzərində qurulan ölkələr bu dəyişikliklərə uyğun olaraq siyasətində ziddiyyətli məqamlara düşür. Məsələn, konkret olaraq Ermənistanın yeritdiyi işğalçı siyasəti ziddiyyətlərlə doludur.
Keçən əsrin 90-cı illərində Ermənistan kəskin olaraq Azərbaycan ərazilərində müstəqil erməni dövləti qurmaq üzərində dayanmaqla yanaşı, Azərbycanın Gəncəyə qədər torpaqlarını zəbt etməklə hədələyirdi. Reallıqda hər kəs bilirdi ki, əslində, bu sözü Ermənistan yox, Rusiya deyir. Rəsmi Yerevan faktiki olaraq Rusiya siyasi dairələrinin iradəsini sözlə ifadə edirdi.
Ermənistan xarici siyasəti isə dönüklük və ziddiyyətləri bir-birinə calamaq mərhələsini yaşayır. İndiyə qədər "antidemokratik", "terrorçu", qeyri-mədəni" adlandırdıqları və ərazi bütövlüyünü tanımaqdan imtina etdikləri Azərbaycan haqqında fərqli fikirlər söyləyirlər. Rəsmi Bakı isə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət prinsiplərini zərrə qədər də dəyişmədən işinə davam edir.
Azərbaycan öz xarici siyasətində qətiyyətli və ardıcıl mövqeyi ilə maneələri bir-bir aşır. Xarici siyasət yalnız daxili siyasət düzgün olanda dəyişməz qalır. Beləliklə, Güney Qafqazda geosiyasi proseslərin intensivləşməsi Azərbaycanın dövlət olaraq özünü daha aydın şəkildə təsdiqləməsini göstərir. Dövlətçilik kursunun düzgün müəyyənləşməsi və xarici siyasətin effektiv olaraq aparılması öz bəhrələrini verməkdədir.

Azərbaycanın mövqeyi qətiyyətli, siyasəti dönməzdir

Ermənistanın daxili siyasi-iqtisadi və sosial durumu getdikcə gərginləşir. Bunun fonunda rəsmi Yerevan da müəyyən təbliğati gedişlər edir. Ermənilər Qarabağ məsələsi üzərində daha çox spekulyasiyalar etməkdədirlər. Onlar yenə də Qarabağdakı separatçı rejimin müstəqilliyindən dəm vururlar. Rəsmi Bakının buna cavabı isə qətidir. Prezident İlham Əliyev son çıxışlarında açıq şəkildə Azərbaycanın öz torpaqlarını istənilən yolla azad etməyə hazır olduğunu ifadə edir.
Qarabağın Azərbaycanın tərkibində qalmasından başqa variantın müzakirə edilə bilməyəcəyini önə çəkən dövlət başçısı bir daha Ermənistan rəhbərliyini düşünməyə dəvət etdi. Bununla da son vaxtlar danışıqlar ətrafında müəyyən diplomatik spekulyasiyalar edən erməni rəsmilərinə növbəti dəfə xəbərdarlıq edildi.
Bu xəbərdarlığın da iki tərəfi var. Birinci tərəf odur ki, Azərbaycan dövlət olaraq bölgədə getdikcə daha möhkəm mövqeyə malik olur. Onun beynəlxalq nüfuzu möhkəmlənir. Dünya başa düşür ki, Azərbaycan dövlət olaraq daha sivil və demokratik yol tutub.
Ölkənin iqtisadi qüdrətinin artması ilə yanaşı olaraq geosiyasi əhəmiyyəti də yüksəlir. Xüsusilə, Orta Şərqdə baş verənlər Azərbaycanın vacibliyini önə çəkir. Orta Asiyaya gedən yol da Azərbaycandan keçir. Bunlar, təbii ki, ölkəmizin geosiyasi çəkisini artırır və həm də Qarabağ məsələsində onun sözünün yükü artır.
Xəbərdarlığın ikinci tərəfi Qərbin mövqeyinə aydınlıq gətirməsi vaxtının çatmasını ifadə edir. Məsələ ondan ibarətdir ki, Azərbaycana müharibə etməyi məsləhət bilməyənlər ermənilərin təcavüzkarlığının da qarşısını almırlar. Onlar Azərbaycanı savaşdan çəkindirməklə yanaşı, Ermənistanın ağlını başına toplamasını da tələb etməlidirlər. Bu olmadıqda isə Azərbaycan müharibə variantına əl atmaq hüququna malikdir.
Bir çox ekspertlər hesab edirlər ki, Azərbaycanı müharibədən çəkindirənlər onun başlayacağı təqdirdə, ölkəmizi müdafiə edəcəklər. Çünki Qərb bölgəyə külli miqdarda sərmayə qoyub və həm də Azərbaycanın haqlı olduğunu bilir. Rusiya və İsrail prezidentlərinin Bakıda verdikləri bəyanatlarında bu, aydın göründü. Odur ki, siyasi bəyanatlardan konkret hərbi hərəkətə keçmək zamanı yetişə bilər. Bu baxımdan, Azərbaycan rəhbərliyinin hərbi əməliyyatlar haqqında fikirləri real faktlara söykənir.
Azərbaycanın xarici siyasətdə nümayiş etdirdiyi qətiyyətin təməlində daxili sosial-iqtisadi sabitliyin mövcudluğu əsas rol oynayır. Ölkənin bütün sahələrinin inkişafı cəmiyyəti motivasiya edir və ölkə rəhbərliyinin aktiv surətdə xarici siyasət yeritməsinə şərait yaradır. Azərbaycan prezidentinin çox fəal xarici siyasəti buna əsaslanır.
Postsovet məkanında xarici siyasətdə onun qədər fəal olanı yoxdur. Azərbaycan prezidentinin bu fəal xarici siyasəti ölkənin sosial-iqtisadi inkişafının yüksək tempi ilə müşayiət olunub. Və bu temp Azərbaycanı dünyada liderə çevirib. Deməli, konkret olaraq xarici siyasətin təməlində daxili siyasətin uğuru durur. Azərbaycan dövlət quruculuğunda yeni şəraitə qədəm qoydu. Bunun bəhrələri isə aydınlığı ilə görünməkdədir.

Digər xəbərlər