Tariximizə, milli-mənəvi dəyərlərimizə, eyni zamanda, cəmiyyətdə baş verən ən aktual proseslərə və dəyişikliklərə daha geniş mənada aydınlıq gətirmək üçün "Səs" qəzetində mütəmadi olaraq dəyirmi masalar keçirilir. Budəfəki dəyirmi masanın mövzusu milli müstəqilliyimizin elan olunmasının 91 illiyi ilə bağlı oldu.1918-ci il mayın 28-də öz milli müstəqilliyinə qovuşan Azərbaycan, cəmi 23 ay ömür sürməsinə baxmayaraq bəşəriyyətə müstəqil dövlət prinsipinin əsaslarını sübut edə bildi. Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-1920-ci illərin böyük çətinliklərinə, tarixin sərt sınaqlarına baxmayaraq öz üzərinə düşən taleyüklü və prinsipial məsələlərin öhdəsindən layiqincə gələ bildi. Cəmi 23 ay fəaliyyət göstərməsinə rəğmən öz dövrünə qədər olan dövlətərin əldə etdiyi uğurlara bərabər işlər görən Azərbaycan Xalq Cümhuriyyəti, türk birliyinin və bəşəri dəyərlərin də əsasını qoymuş oldu.
1918-ci ilin may ayının 26-da Zaqafqaziya Seyminin buraxılmasından sonra öz müstəqilliyini elan edən Gürcüstandan dərhal sonra, Azərbaycanın nümayəndə heyətindən ibarət Milli Şura yaradıldı. Bu Milli Şura 1918-ci ilin may ayının 28-də Məmməd Əmin Rəsulzadənin sədrliyi ilə Şərqdə ilk demokratik dövlət ənənəsi olan Azərbaycanın müstəqilliyi elan edildi. Eyni zamanda, həmin Milli Şurada təmsil olunan Əhmədbəy Ağayev, Əlimərdanbəy Topçubaşov, Yusifbəy Nəsibbəyli, Fətəlixan Xoyski və digər Azərbaycanın görkəmli şəxsləri yoxdan dövlət yaratmaq prinsipini ortaya qoydular. 1918-1920-ci illərdə dövrünün çətin sınaqları və qonşuluqda olan imperialist qüvvələrin güclərinə baxmayaraq, Azərbaycan çox şərəfli və əzəmətli bir yol keçdi. Tariximizdə önəmli və xüsusi yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və keçdiyi yola bir daha nəzər salmaq üçün "Səs" qəzetində dəyirmi masa keçirildi.
Dəyirmi masada Bakı Dövlət Universitetinin (BDU) dosenti Boran Əziz, Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) dosenti Nazir Əsədov, tarixçi alim Səmayə Mustafayeva, müstəqil politoloq, professor Cümşüd Nuriyev, "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov və İctimai Televiziya və Radio Yayımları Şirkətinin musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktor müavini, siyasi elmlər namizədi Qərənfil Xəlilova iştirak edirdilər. 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi yola qısaca nəzər salan "Səs" qəzetinin əməkdaşı və iştirakçıları bu mövzu ətrafında geniş müzakirələrin aparılmasını təklif etdi.
AZƏRBAYCANIN TƏKCƏ ŞƏRQDƏ DEYİL, BÜTÜN İSLAM DÜNYASINDA İLK DEMOKRATİK CÜMHURİYYƏT OLMASI FAKTDIR
Cümşüd Nuriyev:
- O vaxtkı şərait Rusiyada inqilabla nəticələnmişdi. 1917-ci ilin fevral inqilabınıdan sonra Rusiyada Romanollar sülaləsinə son qoyuldu və bundan sonra V.İ.Leninin ideyası ilə yeni bir sistemə, sosializm sisteminə keçidin əsasları qoyuldu. Belə bir şəraitdə istər-istəməz ən inkişaf etmiş millətlərdən biri də azərbaycanlılar idi. Orta Asiya Türküstan adı ilə kifayət qədər geridə qalmışdı. Amma Şərqdə bu sahədə daha yaxşı inkişaf etmiş Azərbaycan mövcud idi. Məhz Azərbaycanda inqilabın baş verməsi üçün siyasi-iqtisadi və hüquqi əsaslar var idi. Bundan əlavə sovet hökuməti Şərqlə, xüsusilə, Türkiyə ilə münasibətlərini qurmaq üçün yeni bir addım atmalı idi. Saxta soyqırımı məsələsini gündəmə gətirənlərdən biri də, o vaxtkı Rusiya idi. Belə bir şəraitdə Türkiyənin öz narazılıqları var idi. Bütün bunlara baxmayaraq Azərbaycanda Milli Azadlıq Hərəkatı deyilən çox ciddi sıçrayiş baş verdi. Həmin hərəkatda təmsil olunanlar da xaricdə təhsil alan insanlar idi. Bu hadisələrin fonunda azərbaycanlılar tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi zərurət idi.
İstiqlal bəyannaməsinin məhz Tiflisdə verilməsinin əsas səbəbi, o idi ki, Bakı hələlik, daşnaklardan azad olunmamışdı, işğal altında idi. Erməni ordusu, hələ də, Bakıda idi. Hətta Şaumyanın və Leninin açıq məktubu var idi, "Biz, nəyin bahasına olursa-olsun, Bakını əlimizdə saxlamalıyıq". Belə bir şəraitdə onun Tiflisdə elan olunması və sonradan Gəncəyə gəlməsi də tarixi zərurət idi. Azərbaycanın təkcə Şərqdə deyil, bütün islam dünyasında ilk demokratik cümhuriyyət olması faktdır. Biz xoşbəxt xalqıq ki, bu, bizə qismət olub.
ÇAR RUSİYASININ HƏRBİ SURSATLARI BÖLÜNƏNDƏ AZƏRBAYCANA HEÇ NƏ VERMƏDİLƏR
Nazir Əsədov:
- "Səs" qəzetinə minnətdarlığımı bildirirəm ki, Azərbaycanın tarixi günlərini müntəzəm olaraq qeyd edir və dəyirmi masa ətrafında müzakirələr aparır. Bugünkü müzakirəmiz də bu baxımdan vacib və əhəmiyyətlidir. 1917-ci ildə Rusiyada imperiya çökdü. Oktyabr ayında Peterburqda bolşeviklərin çevrilişinin baş verməsi ilə onların hakimiyyətə gəlməsi məsələsi ortaya çıxdı. Oktyabr çevrilişindən əvvəl Müəssisələr Məclisinə seçkilər keçirilmişdi. Çevriliş baş verəndən sonra isə bolşeviklər məclisin çağırılmasını ləğv etdilər və ondan imtina etdilər. Belə olan halda Zaqafqaziyadan seçilən deputatlar 1918-ci ilin mart-aprel aylarında Zaqafqaziya Seymini yaratdılar. Ancaq 1918-ci ilin əvvəlində Zaqafqaziyada daxili və beynəlxalq vəziyyət çox gərgin idi. Şaumyanın əli ilə ermənilər tərəfindən azərbaycanlılara qarşı mart soyqırımının baş verməsi Zaqafqaziyadakı milli münasibətləri daha da kəskinləşdirdi. Çünki üç millətin nümayəndəsi, azərbaycanlı, gürcü və erməni deputatlarının birləşib Zaqafqaziyada vahid federasiya yaratmaq fikri meydanda idi. Mart soyqırımına Zaqafqaziya Seyminin qeyri-obyektiv münasibəti vəziyyətin gərginləşməsinə səbəb oldu.
Azərbaycan deputatlarının fraksiyasının təkidi ilə Bakıdakı hadisələrin araşdırılması üçün komissiya yaradıldı. Onlar buraya biri erməni olmaqla iki nəfər göndərdi. Şaumyan azərbaycanlı deputatı həbs etdirməklə həmin məsələyə, ümumiyyətlə, baxılmadı. Mart qırğınına münasibət bildirməməsi də Seymin daxilində azərbaycanlı deputatların ciddi narazılığına səbəb oldu və onları düşünməyə vadar etdi. Necə ola bilər ki, Seymdə federal dövlət yaratmaq istədiyimiz halda, baş verən hadisələrə birtərəfli münasibət bildirilir. Bu daxili gərginlik idi.
1918-ci ildə Azərbaycanda daxili vəziyyəti gərginləşdirən digər məsələlərdə var idi. Bunlardan biri o idi ki, Bakı Xalq Komissarları Soveti milli deyildi. Onun tərkibi qeyri-azərbaycanlılardan, əsasən, ermənilərdən ibarət idi. Ermənilərin də əsas məqsədi Azərbaycan xalqının halına yanmaq, onu işıqlı gələcəyə aparmaq yox, əksinə, Bakını tutmaqla Azərbaycanı "böyük Ermənistan" dövlətinin tərkibinə qatmaq idi. Hətta belə bir planları var idi ki, Bakı müstəqil şəhər kimi qəbul edilsin və Rusiyanın tərkibinə keçirilsin. Bunlar təsadüfi deyildi və ona görə də, Bakı soveti müharibəyə hazırlaşırdı. Bakı Soveti başa düşürdü ki, artıq Müsavat güclüdür.
Beynəlxalq gərginliyə gəldikdə isə, Birinci Dünya müharibəsi gedirdi. Zaqafqaziya və Bakı həm Antanta, həm də İkilər İttifaqı tərəfindən diqqət mərkəzində idi. Çünki Bakı Zaqafqaziyada iqtisadi, elmi, milli münasibətlərin kəsişdiyi mərkəz idi. XIX əsrdən başlayaraq burada neft və digər sənaye sahələri inkişaf edirdi. Bu səbəbdən də 1918-ci ilin aprel ayının 24-də yaradılan Zaqafqaziya Federasiyası yaşamadı. Çünki daxili sabitlik yox idi. Zaqafqaziya Federasiyasının qoşunları və hərbi hissələri Azərbaycanın çağırışına cavab verməyəndə müsəlman fraksiyası Türkiyəyə müraciət etdi. Türkiyə də bu məsələni öncədən görürdü. Ona görə, hələ aprel ayında Türkiyədə Nuru Paşanın başçılığı ilə Azərbaycana ordunun göndərilməsi planı var idi. Artıq Seym daxilində yaranan ziddiyyətlər fonunda may ayının 26-da gürcülərin oradan çıxaraq müstəqil qərarlar verməyə başladılar. Bundan sonra Azərbaycan fraksiyası gürcülərin, ermənilərin fraksiyadan imtina etməsini gördükdən sonra təkləndiyinin fərqinə vardı. Onlar müxtəlif beynəlxalq qüvvələrə əsaslanırdılar. Gürcülər Almaniyanın, ermənilər isə rusun qoltuğu altında idi. Azərbaycan isə qardaş Türkiyənin köməyinə ümid bağlayırdı.
O zamankı gərginliyi yaradan səbəblərdən biri də Azərbaycanda hərbi işin olmaması idi. Çünki Çar Rusiyası dövründə azərbaycanlılar orduya aparılarkən döyüşə buraxılmırdı. Yalnız arxa işlərdə istifadə edirdilər. Hətta oktyabr inqilabında Çar Rusiyasının hərbi sursatları bölünəndə Azərbaycana heç nə vermədilər. Gürcüstana və Ermənistana isə bu hərbi sursatlardan pay ayrılmışdı. Bundan əlavə, Qafqaz cəbhəsində olan ermənilərin əksəriyyəti Bakıya yığışırdı. Onların buraya gələrəkən ciddi planlarının olduğunu heç kim bilmirdi. Bu mənada, o zamankı beynəlxalq vəziyyətin fonunda Seym dağılmalı idi.
Eyni zamanda, bildirim ki, iyunun 4-də Azərbaycanla Türkiyə arasında imzalanan müqavilə yerində atılmış addım idi. Hətta deyərdim ki, Azərbaycanın bugünkü tarixində həmin müqavilənin böyük rolu var. Çünki həmin müqavilə ilə türklərin azərbaycanlılara hərbi yardımı olmasaydı, bəlkə də indi müstəqil Azərbaycan dövlət yox idi. İyul ayının 24-də Göyçay ətrafında döyüşlər oldu. Əgər türklər olmasaydı, Azərbaycanın müstəqil ordusu olmadığı üçün, həmin döyüşə gedə biləcək insanlar tapılmazdı. Azərbaycanın yalnız 600 nəfərdən ibarət silahlı dəstəsi var idi. Onlar da bir o qədər peşəkar deyildi. Bakı Soveti qüvvələrinin məğlub olması və geri çəkilməsi Müsavat və türk qoşunlarının sayəsində mümkün oldu. 4 İyun Azərbaycan-Türkiyə Müqaviləsi böyük əhəmiyyətə malik idi. Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı taleyində mühüm yeri oldu.
"Səs" qəzetinin əməkdaşı:
- Eyni zamanda, müqavilədə qeyd olunurdu ki, Azərbaycan Xalq Cümhuriyyətinin tanıdılması istiqamətində Türkiyə ilə yanaşı, onun ittifaqları tərəfindən də işlər görülməlidir. Bu istiqamətdə görülən işlər nə yerdə idi?
TÜRK ORDUSU AZƏRBAYCANI XİLAS ETMƏK MİSSİYASINI ÖZ ÜZƏRİNƏ GÖTÜRMÜŞDÜ
Qərənfil Xəlilova:
- Apardığım tədqiqatlara görə, belə nəticəyə gəlmişəm ki, Türkiyə, ilk növbədə, bölgədə qırğını dayandırmaq istəyirdi. Çünki ermənilər azərbaycanlıları kütləvi şəkildə qırırdı. Cümhuriyyət qurulan zaman da bəlli oldu ki, ilk növbədə, bu qırğınlardan qurtarmaq lazımdır. Türkiyə öz torpaqlarından erməniləri çıxardığını kompensasiya etmək üçün İrəvanın ermənilərə verilməsi məsələsini qaldırdı. Bu tarixi fakt olduğu üçün qaçılmaz idi. Çünki o dövrdə Azərbaycanı başqa yolla xilas etmək mümkün deyildi. Türkiyə bunu etməklə öz qardaşlıq yardımını Azərbaycana göstərdi. O zaman Ənvər Paşa Türkiyənin hərbiyə naziri idi. Azərbaycana yardım etməsi üçün nümayəndə heyətimiz onun yanına gedərkən, Nəsibbəy Yusifbəyli gözəl bir fikir səsləndirmişdi. Orada deyirdi ki, "Əgər türklər bizi özlərinə ilhaq etmək istəsələr, deyin ki, biz öz yağımızda qovrulub, başımıza çarə taparıq". Onlar bizi ilhaq etmək barədə düşünməsinlər, Azərbaycana qardaşlıq köməyi etsinlər. Ənvər Paşa da sözünə bütöv adam kimi, əsas ideyası turançılıq idi. Yəni, Azərbaycanı türk dünyasının bir parçası kimi görürdü. Ona görə Azərbaycana kömək etməyi özünün qardaşlıq borcu sayırdı.
Azərbaycan Ənvər Paşaya müraciət etdi ki, qardaşı Nuru Paşanı buraya göndərsin. Türk ordusu Azərbaycana Gürcüstandan, Nuru Paşa isə Naxçıvandan daxil olub. Onlar Azərbaycanı xilas etmək missiyasını öz üzərlərinə götürərək buraya gəliblər. Nuru Paşa çox cavan olmasına baxmayaraq, türk ordusunun komandanı kimi, bir çox döyüşlərdə şücaət göstərmişdi. Türk zopasının nə qədər ağır cəza olduğunu o zaman hər kəs danışırmış. Təbii ki, Azərbaycan milləti o zaman çox təhsilsiz, çox şeydən xəbərsiz bir millət idi, inkişaf və müstəqillik görməmişdi.
Azərbaycanda döyüşən ordu yox idi. Bir-iki həftə təlim keçdikdən sonra azərbaycanlıları birbaşa cəbhəyə hazırayırdılar. Ən çətin iş elə döyüşən ordunu hazırlamaq idi. Nuru Paşa çıxışlarının birində deyirdi ki, "Siz silahınızla, qüvvənizlə kömək etmirsiniz, heç olmazsa, su ilə, çörək ilə təmin edin. Beləliklə, vuruşub bu torpaqları azad edək". Ən ağır və dəhşətli döyüş Göyçayda baş vermişdi. Daha sonra Qaraməryəm, Şamaxı, Bakı ətrafında döyüşlər başlandı. Doğrudan da, türklərin qardaşlıq yardımı olmasaydı, qələbə mümkün olmazdı. Bəlkə də, bugünkü müstəqilliyimiz də olmazdı.
Türkiyə Azərbaycanın həm de-fakto, həm də de-yure tanınmasını istəyirdi. Çünki onda Azərbaycanın müstəqilliyi tam təmin olunmuş olardı. Dünya miqyasında müstəqilliyimiz tanınandan sonra Azərbaycan öz müstəqil siyasətini yürüdə bilərdi. Əlimərdanbəy Topçubaşov Azərbaycanın müstəqilliyinin tananması yönündə böyük xidmətlər göstərmiş bir şəxsiyyətdir. İrəvan ona görə ermənilərə verildi ki, qırğına son qoysun, ermənilər isə sözlərinə xilaf çıxaraq öz siyasətini davam etdirirdi. Ermənilər qarşısında türk ordusu dayanmasaydı, o torpaqlardan çəkilən deyildilər.
(Ardı var)