Sosial

  • 2 467

Nəsillərə örnək olan işıqlı insan

image

Bütün ömrünü elmi axtarışlara həsr edən dünya şöhrətli alim, professor Fuad Əfəndiyevin keçdiyi həyat yoluna, elmi və pedaqoji fəaliyyətinə nəzər salaraq, bu böyük insanın sənətinin fədaisi olduğunu qələmə almağı özümə borc bildim. Hər bir insan, hər bir elm adamı bir dünyadır, o dünyanı yaşatmaq isə bizim mənəvi borcumuzdur. F.Əfəndiyevi xatırlayarkən istər-istəməz onun müasiri olduğum zaman xəyalımda canlanır. Həmin illər, görüşlər...

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, ekspermental və kliniki, təbabət institunun direktoru işləmiş F.Əfəndiyevlə ilk dəfə ötən əsrin 60-cı illərində respublika cərrahlarının hər ayın axırında "Bilik" cəmiyyətinin Mjasninov küçəsi 5-də keçirilən yığıncaqlarında görüşdüm. O vaxt F.Əfəndiyev İtalyadan dünya cərrahlarının qurultayından yenicə qayıtmışdı. O, bir saatdan çox həmin qurultaydan və orada etdiyi məruzədən danışdı. Professor çox sadə, təvazökar, şəxsiyyətli və zabitəli ziyalı idi. Onunla etdiyim söhbətdən heç zaman doymurdum. O, İtalya, Fransa və alman dillərində sərbəst danışır, rus dilini də çox mükəmməl bilirdi.

1961-ci ildə lap gənc yaşlarımda bir uşaq üzərində - ürəyi yaralanmışdı, eyni zamanda, dalağın və sağ diafraqmanın yaralanmasına görə əməliyyat aparmışdım. Aparılan əməlliyyat yaxşı nəticə verdi və uşaq tam sağaldı. Apardığım əməliyyat ölkəmizdə böyük sensasiya yaratmış oldu. Bu əməlliyyat haqqında, hətta Moskvanın Mərkəzi Televiziyasının "Zaman" xəbərlər proqramında geniş informasiya verildi. Azərbaycan Televiziyası və Radiosunda verilişlər yayımlandı, qəzetlərdə, o cümlədən, "Azərbaycan gəncləri" qəzetində məqalə çap edildi. Həmin hadisədən bir neçə gün sonra çox hörmətli professor Fuad Əfəndiyevdən mənə məktub gəldi. Məktubda məni cərrahiyyə əməliyyatını uğurla başa vurduğuma görə təbrik edərək, rəhbərlik etdiyi institunun elmi yığıncağına dəvət etdi. Mən onun məsləhəti ilə sənədləri hazırlayıb instituta apardım və elmi yığıncaqda çıxış etdim. Bununla bağlı onun köməyi ilə Moskvada çıxan "Qrudnaya xirurqiya" jurnalında məqalə də çap edildi.

Şərti olaraq professor Fuad Əfəndiyevin alim kimi həyatını 4 mərhələyə bölmək olar: birinci mərhələ 30-cu, ikinci mərhələ 40-cı, üçüncü mərhələ 50-ci, dördüncü mərhələ 60-cı illəri əhatə edir. Qeyd etdiyim mərhələlərin bir-biri ilə əlaqəsini tikilməkdə olan binanın mərtəbələri ilə müqayisə etmək mümkündür. Hər mərtəbədə pillə-pillə yüksələn professor ali yüksəkliyi fəth edir. Otuzuncu illərdə Fuad müəllim cərrah, hemotoloq, transfuzioloq kimi formalaşıb yetişmişdir. Qırxıncı illərdə o, artıq cərrahiyyə də, eləcə də hematoloqiyada da və transfuzioloqiyada öz sözünü deyirdi və respublikadan çox-çox uzaqlarda tanınmağa başlamışdır. Əllinci illərdə professor F.Əfəndiyev ölkəmizin ən tanınmış cərrah və hematoloq transfuzioloqları sırasında sovet elminin nailiyyətlərini beinəlxalq səviyyədə təmsil edirdi. Ötən əsrin əllinci illərinin sonunda və altmışıncı illərin əvvəlində artıq professor F.Əfəndiyev Azərbaycanda tibb elminin bir çox sahəsinə - köks cərrahlığına, ürək-damar cərrahlığına, hematoloqiyaya aid məktəblərin banisi və rəhbəri idi.

Fuad müəllimə bir həkim kimi deyilən xoş sözlər bunlar idi: "Əllərin qızıldır", "Məni ölümdən qutardın", "Bütün ömrüm boyu sizə borcluyam", "Balamı sağaldıb mənə qaytardın" və s. Bundan sevincli, qürurlandırıcı həkim üçün nə ola bilərdi?

Professor F.Əfəndiyev çətin problem sayılan ağciyər və plevranın yaralanmaları və plevraya qan axmağın müalicəsi üzərində elmi işlər aparırdı. Onun diqqətini bir maraqlı əlamət cəlb etmişdi. Nədənsə plevra boşluğuna ağciyərlərlə köks qəfəsinin arasında olan sahəyə axmış qan laxtalanmır. Yaralıların böyük bir hissəsində plevra boşluğunda qan olurdu. Əgər xəstələrin halı yaxşı idisə, qanama davam etmirdisə, bu qanı çəkib tullamaq o zaman əlverişli sayılmırdı. Ancaq irinləmə əlaməti görüldükdə, dərhal qan plevradan sorulub çıxarılmalı idi. Professorun sınağı bu məsələni həll etdi. Fuad müəllimin 1977-ci ildə çap edilmiş "Kök qəfəsi yaralanmaları zamanı plevra boşluğuna qan axmaların patoqenezi, klinikası və müalicəsi" adlı monoqrafiyası 1949-cu ildə SSRİ Tibb Elmləri Akademiyasının H.H.Burdenko adına mükafata layiq görüldü. Professor F.Əfəndiyev köks cərrahlığının pionerlərindən biri kimi bütün ölkədə tanınmışdır.

1954-cü professor F.Əfəndiyev, eyni zamanda, 4 vəzifədə işləyirdi. Kafedra müdiri, Qanköçürmə və Hemotoloqiya İnstitutunda elmi işlər üzrə müdir müavini (əslində, elmi rəhbər), Səhiyyə Nazirliyinin baş cərrahı və IV idarənin I nömrəli xəstəxanasının cərrahiyə şöbəsinin müdri idi. İlk baxışdan bu, çox çətin, məsuliyyətli iş idi, ancaq hər bir şey qaydasında gedirdi. Ona görə ki, professor F.Əfəndiyev öz iş gününü çox məharətlə və faydalı planlaşdırmağı bacarırdı. O, iş gününü elə bölürdü ki, hər saatından əhatəsində olan insanlar faydalanırdı. Təvazökar insan idi. İşçilərinə həmişə sərbəstlik verir, özünü "mütləq hakim" kimi aparmırdı. O özünü düşünmürdü, bizə düşünmək öyrədirdi. Hər dəfə onunla görüşəndə, bir yenilik eşidirdik. Mən, o zaman antik filosof Xilonun bu sözünü bilmirdim: "Əgər güclüsənsə, sən mərhəmətli ol ki, səndən qorxmasınlar, hörmət etsinlər". Professor F.Əfəndiyev həkimlər üçün son dərəcə vacib və əhəmiyyətli əxlaq və professional mədəniyyət probleminin ən uğurlu həllini öz gündəlik işi ilə öyrədir. O, bizə azadlıq vermişdi. Düşünmək, söz demək, etiraz etmək, öz fikrini müdafiə etmək azadlığı. Biz onun biliyinə, müdrikliyinə, ağlına, xeyirxaqlığına son dərəcədə inanırdıq. Yaltaqlara qarşı onda güclü etiraz hissi var idi. O, əsl elm adamı idi. Hər gün yeni axtarışlar aparır, yeni cərrahiyə metodları ortaya çıxarırdı. Döş qəfəsinin 3 mərhələli kəsiyinin aparılması (torokotomiya), pulmonocktomiyada, lobektomiyada böyük əhəmiyyəti var. Ağciyərin exinakoklarında kəsiyin aparılması da buraya aiddir. 1957-ci ildə onun rəhbərlik etdiyi kafedrada döş qəfəsinin cərrahiyə şöbəsi yaradılıb. 1961-ci ildə Azərbaycan Elmlər Akademiyası nəzdində Eksperimental və Kliniki Təbabət İnstitutu təşkil edir və onun elmi rəhbəri (direktoru) təyin edilir. Sonralar ürək üzərində çoxlu sayda cərrahiyə əməliyyatları aparılır. Respublikada anestezioloqiyanın inkişafı professor Fuad Əfəndiyev tərəfindən təşkilində onun böyük xidmətləri olub.

Professor F.Əfəndiyev, respublikada ilk dəfə olaraq, portal hipertenziyanın müalicəsilə məşğul olan alimlərdəndir. O, apardığı elmi-tədqiqat işini XVIII Beynəlxalq Konqresdə İtaliyada Roma şəhərində geniş məruzə ilə çıxış etmişdir. 1956-cı ildə yanıqların novokain-furasilin-pioktanin qarışığı açıq müalicə metodu ilə təşkil etmişdir.

Professorun əsas elmi-tədqiqat işləri "Qanköçürmə və cərrahiyə xəstəlikləri və xəstəliklərin müalicəsi" olub. O, nəinki respublikada və İttifaqda, eyni zamanda, onun kənarlarında tanınır. Respublikada hematoloqiyanın inkişafında professorun böyük xidmətləri olub. Leykosit kütləsinin hazırlanması onun adı ilə bağlıdır. O, radioaktiv izotopların istehsalında işləyən işçilərin müayinəsində qanda izotopların izləri aşkar edilmişdi. F.Əfəndiyev qanın laxtalanmasında, xüsusilə, talasemiya xəstəliyində, tromboflebitistik splenomeqaliya, Verlqof xəstəliyində, diaqnostikasında və cərrahiyə müalicəsində böyük əhəmiyyəti olduğunu müəyyən etmişdi.

Onun "Talasemiyanın cərrahiyə müalicəsi" elmi işi, Dünya Cərrahlarının XVII Konqressində etdiyi məruzə böyük marağa səbəb olmuşdur. Professorun 140 elmi işindən 47-si hemotoloqiyaya həsr olmuşdur. Bütün bunlarla yanaşı, onun elmi kadrların hazırlanmasında da böyük xidmətləri olmuşdur.

Nəsillərə örnək ola biləcək işıqlı adamlar, böyük amal və əqidə ilə yaşamış böyük şəxsiyyətlər haqqında kitabların yazılması, bir neçə mənada, çox lazımlı və vacibdir. Birinci ona görə ki, nəsillər özlərindən əvvəl yaşamış, onlar üçün nəsə qoyub getmiş, böyük arzu və ideallarla alışıb-yanmış adamları tanımalıdır. Təkcə tanımaq üçün deyil, həm də onlardan öyrənmək, özlərinə həyat qayəsi seçmək üçün. İkincisi belə kitablar nəsillər arasında körpü salır. Onları bir-birinə bağlayır və bu bağlılıq xalqı vəhdətə gətirir, özünü-özünə tanıtdırır. Haradan gəldiyini bilməyən, hara getdiyini də bilməz. Öz tarixini, keçib gəldiyi yolları bilməyən, xalqının yetişdirdiyi nadir şəxsiyyətləri tanımayan, onlarla öyünməyən şəxsə nə tam insan demək olar və nə də vətəndaş. Professor Nurəddin Rzayevin F.Əfəndiyev haqqında yazdığı kitab "Yaşamaq yanğısı" əsəri professorun xatirəsinə ən böyük, dəyərli, sanballı əsərdir.

Fuad müəllimin həm də gözəl musiqi qabilliyyəti vardı. O, Azərbaycan Dövlət Konservatoriyasında təhsil almış, fortepionada və skripkada çalırdı. Tibb İnstutunda oxuyarkən, paralel olaraq musiqi təhsilinə də yiylnmişdir. Həm də o, Azər Zeynallı, Seyid Rüstəmov və Əşrəf Həsanzadə ilə birlikdə Azərbaycan dilində yazılmış "İbtidai not savadı" adlanan musiqi dərsliyinin müəlliflərindən biri idi. Professor F.Əfəndiyevin yüksək nüfuza malik dostları və tanışları da çox idi. SSRİ xalq artisti, Dövlət Mükafatı Lauratı Niyazi, akademik B.U.Axundov və başqalarını göstərmək olar.

Professor F.Əfəndiyevin qeyri-adi əmək qailiyyəti var idi, onun tükənməz enerjisi və mütəşəkkiliyi, eyni vaxtda bir neçə böyük problem üzərində işləməyi bacarması, başqalarında yaradıcı axtarış həvəsi oyatmaq kefiyyəti çoxlarını heyrətləndirirdi. Təsəvvür edin ki, aktiv cərrahiyyə ilə məşğul olduğu və həssas müşahidələrini ümumiləşdirən elmi əsərlər hazırladığı bütün illər ərzində o, həm də hemotoloqiya kimi çox mürəkkəb bir işlə məşqul olurdu. Bu məşğuliyyət onun ikinci peşəsinə çevrilmişdi.

F.Əfəndiyevin yazdığı faktlarla zəngin bioqrafiyasının saralmış səhifələrini oxuduqca onun maraq dairəsinin çoxcəhətli olması, eyni vaxtda bir neçə işlə məşğul olması, öyrəndiyi predmetlərin dərinliyinə varması və əldə etdiyi biliklərdən təcrübədə istifadə etmək bacarığına heyrətlənməmək mümkün deyil.

Elə güman etməyin ki, bu sətirlərdə yazılanlar müəllifin özünə vurğunluğunun və öz üstünlüklərini qabartmaq istəyinin nəticəsidir, xeyr, burada, sadəcə olaraq, onun tutduğu vəzifələr, nəşr edilmiş elmi əsərlər, müxtəlif konfranslarda və beynəlxalq simpoziumlarda iştirak etməsi faktları sadalanır. Hətta layiq görüldüyü təltiflərin, fəxri adların, rütbələrin siyahısı da tərcümeyi-hal üçün məcburi sayılan standarta əməl etməkdən başqa heç bir məqsəd güdmür. Bu qəbildən olan materiallarda onu da qeyd etməliyəm ki, oçerkimizin qəhrəmanı Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, Qırmızı Əmək Bayrağı ordeninə və bir neçə medala layiq görülmüş, əməkdar həkim və əməkdar elm xadimi olmuş, bir sıra yüksək nüfuzlu, o cümlədən, beynəlxalq təşkilatın və assosiasiyanın üzvü olmuşdur. Bütün bunlar onun xidməti siyahısında və xasiyyətnamələrində qeyd edilmişdir. Mən də, ənənəyə sadiq olaraq, bunları xatırladıram. Əslində isə, oxucularıma daha vacib bir məsələni xatırlatmaq istəyirəm: əsas məsələ budur ki, bizim qəhrəmanımız - İNSAN idi. Yer üzündə həkim kimi, alim kimi, pedaqoq kimi iz qoymuş şəxsiyyət idi.

Məmmədov Əyyub Şəmil oğlu

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

tibbi elmi üzrə fəlsəfə doktoru, əməkdar həkim,

Nyu-York Elmlər Akademiyasının üzvü

Digər xəbərlər