"Son zamanlar adi insanların məşhur şəxslərin həyat tərzinə həddindən artıq maraq göstərməsi cəmiyyətdə yeni bir “simvolik status” anlayışının formalaşmasına bir neçə əsas mexanizm vasitəsilə təsir edir". Bu sözləri SİA-ya açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.Onun sözlərinə görə, bu proses sosiologiya, media psixologiyası və istehlak mədəniyyəti ilə sıx bağlıdır: "Əvvəlki dövrlərə nəzər salsaq, status daha çox təhsil, peşə, ailə hörməti və ictimai töhfə ilə ölçülürdü. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, indi sosial şəbəkələr bu modelin yerinə şou-biznes, populyarlıq və görünürlük üzərində qurulan yeni status modelini təqdim edir. Bu dəyişiklik cəmiyyətin dəyərlər sisteminə də təsir edir və insanların özünüdərk prosesində fərqli meyarları önə çıxarır.Beləliklə, məşhurların həyat tərzi özlüyündə bir kapitala çevrilir. İnsanlar onların tərzini təqlid etdikcə bu model “normativ status” kimi qəbul olunur. Məşhurların gündəlik həyatından paylaşdıqları görüntülər adi istifadəçilərdə həm yaxınlıq hissi yaradır, həm də onlarda belə bir təəssürat formalaşdırır ki, yüksək statusa sahib olmaq üçün xüsusi nailiyyətə ehtiyac yoxdur — sadəcə görünür olmaq kifayətdir. Bu isə real sosial status ilə “vizual status” arasında fərqin getdikcə artmasına səbəb olur.Əvvəllər yüksək statuslu insanlara çatmaq çətin idi. İctimai nərdivanlar daha sərt və keçilməz idi. İndi isə sosial şəbəkələr məşhurları daha əlçatan göstərir. Bu əlçatanlıq illüziyası insanlar arasında “mən də belə ola bilərəm” düşüncəsini gücləndirir və nəticədə məşhurların həyat tərzi həm sosial meyar, həm də arzu olunan hədəf kimi qəbul olunur. Bununla yanaşı, bu proses cəmiyyətdə fərdi özünəinamı həm möhkəmləndirə, həm də zəiflədə bilər, çünki real həyatla virtual ideal arasındakı fərq psixoloji təzyiqi artırır".
Müəllif: Günel Fərzəliyeva