Sosial

  • 8 823

Ramiq Muxtar

image

Ramiq Muxtar 1942-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 11 yaşından yaradıcılıqla məşğul olan Ramiq Muxtar 1980-ci ildən şair-dramaturq kimi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 7 dram əsəri Bakı, İrəvan, Naxçıvan, Qazax, Ağdam Dövlət Dram Teatrlarında tamaşaya qoyulmuş, sözlərinə 120-dən artıq mahnı bəstələnmişdir. "Şeyx Sənan", "Ölüm tanqosu" və "Balet liberretoları"nın müəllifidir. O, respublikada hərbi- vətənpərvərlik mövzusunda keçirilən müsabiqədə 8 dəfə 1-ci mükafata layiq görülmüşdür. Ulu Öndərimiz Heydər Əliyevin şəxsi tapşırığı ilə "Dünya Azərbaycanlılarının Birlik Nəğməsi"ni bəstəkar Nəriman Məmmədovla birlikdə yazmışdır. Həmçinin, Azərbaycan jurnalistlərinin himnini bəstəkar Eldar Mansurovla birlikdə yazmışdır. Ramiq Muxtarın əsərlərinin birinci cildi çap olunmuş, ikinci cild isə hazırda mətbəədə nəşrə hazırlanır. Yeni yazdığı "Mənim oyaq yuxularım" povestini ikinci cildə daxil etmişdir.

O, Gürcüstan Respublikasının Ali "Şərəf" ordeninə layiq görülmüş, Rəsul Rza adına Beynəlxalq Mükafatın sahibidir. Prezident Təqaüdçüsüdür, 2 övladı hərbiçi-zabit müharibə veteranıdır.

"Mənim oyaq yuxularım"

(POVEST)

Rəhmətlik Fizzə nənəm Qədim Naxçıvan şəhərinin ən varlı mülkədarı sayılan Hacı Həsənalının ömür-gün yoldaşı olmuşdur. Anam 5 yaşım olanda vəfat etdiyinə görə, atamız Muxtar kişi evlənməmiş, bizi qoca nənəmiz Fizzə xanım böyütmüşdür. O, həmişə deyərdi ki, istər qadın olsun, istər kişi Adəm övladı heç vaxt qarğış eləməz. Çünki Məhəmməd (s) peyğəmbərimiz "Qurani-Kərim"də hər zaman insanları mehribançılığa, düzlüyə, xeyirxah əməllərə, sülhə, bərabərliyə səsləyib. Nifrətə, ədavətə, haqsızlığa, kinə-küdrətə yox deyib. Mən də nənəmin bu sözlərini elə uşaq vaxtından sırğa edib, qulaqlarımdan asmışam. Heç bir kəsin qəminə sevinməmişəm və uğuruna da narahat olmamışam. Bunu məni dərindən tanıyan həm ürək dostlarım, həm də mövsümi çörək dostlarım yaxşı bilirlər. Adlı-sanlı şair-dramaturq olmasam da, ancaq artıq özümdə əminlik yaranıb ki, yaxşı insan kimi həyatda hər zaman bir sifət sahibi olmaqla düz yolumdan heç vaxt kənara sapmamışam. Allahı hər zaman başımın üstündə görmüşəm. Ağa-ağ, qaraya-qara demişəm. Atam Muxtar kişi mühəndis idi. O, həmişə yüksək vəzifələrdə çalışmışdır. Haram tikə bizim qapımızın ünvanını heç vaxt tanımayıb. Rəhmətlik atam deyərdi ki, həyatda hər şey müvəqqətidi. Gözəllik də, var da, vəzifə də, ancaq yadda qalan şirin xatirələrdir. Çalış sən xalq arasında elə davran, elə yaşa ki, haqq dünyasına köçəndə səni yaxşı, xeyirxah əməl sahibi kimi xatırlayıb, yad etsinlər.

Lakin son vaxtlar düçar olduğum ağır xəstəlik məni elə üzüb, elə günə salıb ki, bəzən öz adımı da unuduram. Odur ki, deyingən arvadlar kimi başlayıram mənim canıma təbabətə bəlli olmayan bu xəstəliyi salan erməni südü yemiş Əkrəm Əylislinin dalınca qarğış eləməyə: "Ay səni doğan ana elə qara daş doğardı", "Səni tutan mamaçanın əlləri quruyardı", "Sənə yaş kağızı verib, adımı azərbaycanlı yazan o kişinin, ya o qadının qələmi sınardı".

Nə isə. Əkrəm Əylislinin "Daş yuxular"ını oxuyandan sonra məndə bu xəstəlik baş qaldırdı. Hiss etdim ki, psixikamda dəyişiklik olub. Elə gecə-gündüz çəkilib bir kənara fikirləşirdim ki, demək, daş yuxular varsa, kərpic yuxular, palçıq yuxular da ola bilər. Bu dərin fikirlər, sarsıntılar məndə bu xəstəliyin yaranmasına səbəb oldu. Bu xəstəlik nədir? Bütün bəşər övladlarına bəllidir ki, insan yatan vaxt yuxu görər. Lakin mən 5 yaşından yetim qalmış Ramiq Muxtar günün günorta vaxtı gözü açıq vəziyyətdə yuxu görürəm. Elə ki, azan səsini eşidirəm başımnan ağrı qopur, kürəyim qaşınır, qulağımdan tər damcılayır, protez dişlərim başlayır ağzımda şaqqıldamağa. Onda hiss edirəm ki, bu dəqiqə rəhmətlik atam Muxtar kişi əlində köhnə saksafon peyda olacaq:

- Oğul çox deyirdin ki, "Heyva gülü" havasını çala bilmirsən. Məşhur klarnet ustası Bəhruz Zeynalovdan xahiş edib bu havanı örgəndim. İndi ürəyin nə qədər istəyir dur oyna.

Mən də gözü qapıda qalan, elçi gözləyən qart qızlar kimi naz ata-ata başlayıram oynayıram. Bu vaxt ağ bulud atamı ağuşuna alıb aparır. Bu oyaq yuxum hər gün baş verir.

Bu nadürüsüt erməni xislətli Əkrəm Əylisli elə kənddə doğulub ki, orda azərbaycanlılarla yanaşı, vaxtilə İrandan köçmüş ermənilər də məskunlaşmışdılar. Bu gəlmə ermənilər sonradan bizim millətə qənim kəsildi. 19-cu əsrin sonlarında kilsə tərəfindən yaradılan Daşnaksütyun partiyası torpaq iddiasına düşərək, dəfələrlə azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Evlərə, tarlalara od vurub yandırmışdılar. Bu hadisələr dövlət arxivində və qədim kitablarda öz əksini tapmışdır.

Əylis kəndi Naxçıvan Muxtar Respublikasında öz ziyalıları və fədəkar zəhmət adamları ilə seçilən bir kənddir. Bakıda Ordubadın quru meyvələrini satan, aylarla öz isti ocağından ayrı düşüb, övladlarına çörəkpulu qazanıb, əzablı həyat tərzi keçirən bu insanların erkən alınlarında cığır açan qırışlar onların əsl kişilik simasının güzgüsüdür. Ataların bir gözəl məsəli var. "Bir dəli quyuya daş atdı, min ağıllı çıxarda bilmədi". İndi bütün Əylis camaatı kəndlərinin adını özünə təxəllüs götürən bu nankor xislətli Əkrəm Əylisli əvəzindən daxilən əzab çəkir və onun Əylisli ləqəbinin üstündən götürmək üçün bütün kitablarını tonqala atıb yandırmaqla, öz qəzəblərini və nifrətlərini bildirdilər. Camaatın vəsaiti ilə kənddə ona tikilən evin qapısına daş qıfıl asdılar. Ömürlük kəndə gəlməsini qadağan etdilər. Xülasə, bu oyaq vaxtı yuxu görməyim həm məni şəkər, həm də qanqrena xəstəliyinə düçar edib. Hələlik, ayağımnan bir barmağımı kəsiblər. O birilərinin də kəsilmə vaxtını hələlik, demirlər. Nə isə, bununla yanaşı, xəstəxanada zarafatımdan da qalmıram. Baş tibb bacısı Səfa xanıma deyirəm ki, bacı, siz 40 ildir bu şöbədə çalışırsız. Bu illər ərzində elə bir hadisə olubmu ki, bir şair və yaxud yazıçı bura gələndə ikiayaqlı gəlib, gedəndə birayaqlı getsin? Səfa xanım mənim bu sözümdən duruxdu və dedi ki, mən belə hadisənin şahidi olmamışam. Gedib professor Fariz həkimdən soruşum. Bir az keçmişdi, professor özü gülə-gülə yanıma gəldi. Ay şair, biz xəstələrə şəfa veririk, nicat veririk. Narahat olma, inşaallah, səni də sağaldıb, evinə göndərəcəyik. Özün vaxtında gəlsəydin, heç o bir barmağın da kəsilməzdi. Düzü, İsraildə oğlum həkimlərə xəstəlik epiqrozunu göstərdikdən sonra, onlar məni, təcili ora getməyimi məsləhət görmüşdülər. Lakin şair kasıbçılığından, 15 min dollarım olmadığından, gedə bilmədim. Düzü, yuxarılara da müraciət etməyə utandım. Çünki bir neçə il bundan əvvəl, ölkəmzin Birinci Xanımı Mehriban xanım məni Tehrana əməliyyat olunmağa göndərmişdi. Şükür o vaxt sağ-salamat evimə qayıtdım. Yaxın dostlarıma da fikrimi bildirmədim. Bəlkə də onlar oturub bir şey fikirləşə bilərdilər. Bakıda yeznəm Fərman müəllim mənim bu oyaq vaxtı yuxu görməyimə görə haldan-hala düşməyimi bütün həkimlərə və professorlara göstərdi. Onlar da mənimlə bir yerə toplaşıb, başımı qlobus kimi o yana - bu yana fırlatdılar və bir nəticəyə gələ bilmədilər. Belə məsləhət olundu ki, gedim Tehrana, bəlkə onların həkimləri bir çarə tapdılar. Nəhayət, bu minvalla gəlib Tehrana çatdıq. Xəstəxanada həkimlərin əksəriyyəti məni tanıdılar. Çünki bir neçə il bundan qabaq əməliyyat olunduğum xəstəxana idi. Həm də Tehran Tibb Universitetində 4 saat davam edən görüş onların xatirində gözəl iz buraxmışdı. Xüsusilə, Tehran qızlarına yazdığım şeir onların çox xoşuna gəlmişdi.

Ölüb qalmalı yerdi,

Tehranın küçələri.

Gündüzündən gözəldi,

Ulduzlu gecələri.

Qara çarşab altından,

Süzülür qara gözlər.

Heyif həsrət qalıbdı,

Günəşə, Aya üzlər.

Qızlarının dili yox,

Gözləridi danışan.

Qəlblərində atəş var,

Öz içində alışan.

Doğrudan da gözəldi,

Tehranın gözəlləri.

Camalına töhfədi,

Şəhriyar qəzəlləri.

Heyif qoca yaşımda,

Yolum Tehrana düşdü.

Ürəyimə damdı ki,

Bu görüş son görüşdü.

Tehranın həkimləri məni çox mehribanlıqla qəbul etdilər. Yeznəm Fərman müəllim mənim azan vaxtı gözüaçıq vəziyyətdə yuxu görməyimi və pis hala düşməyimi onlara danışdı. Həkimlər əyani şəkildə bu hadisəni görmək üçün günorta azan vaxtını gözlədilər. Hər kəs xəstəxananın böyük zalına toplaşdı. Elə ki, azan səsini eşitdim, bu vaxt protez dişlərim başladı ağzımda şaqqıldamağa. Tər məni basdı. Başımdan ağrı qopdu, kürəyim başladı qaşınmağa, gözlərimdən damcı-damcı yaş gəldi. Bu vaxt rəhmətlik atam Muxtar kişi əlində qara zurna gəldi. Dedim ay ata, həmişə saksafonla gəlirdin niyə bəs indi qara zurna ilə gəlmisən? Dedi oğul, özümüzə -Bakıya baxma, burada yaşayan adamların yad musiqi alətlərindən zəhləsi gedir. Xüsusilə də, amerikanlılardan. Ona görə də saksafonu gətirmədim ki, hakimlər onu görüb, səni amerikanpərəst bilib, canıva qəsd edərlər. Zurnanı gətirmişəm ki, "Tormuz Hüseyni" çalım, düşüb doyunca oynasınlar. Atam başladı çalmağa. Bütün zal başladılar oynamağa. 2 saatdan artıq vaxt keçmişdi ki, mən gözümü açanda, gördüm ki, palatada uzanmışam. Başımın üstündə da yeznəm Fərman müəllim dayanıb. Dedim yeznə, bəs həkimlər hanı? Dedi həkimlər zaldadı. Hələ də "Tormuz Huseyn" havasını oynayırlar. Dedim, axı bəs atam çıxıb getdi axı. Dedi, atan gedəndən sonra özləri ağızlarında nanay çala-çala hələ də oynayırlar. Dedim yeznə, bəs xəstəliyimə həkimlər nə dedilər? Yeznəm güldü. Hələ heç oynamaqdan başları ayılıb ki, nəsə də desinlər. Bunlar elə bir haya bənd imiş. Mən yerimdən durub əsəbi halda zala gəldim. Gördüm bütün xəstəxananın baş həkimindən tutmuş, xadimələrinə kimi hamısı göbəyini ata-ata oynayırlar. Düzü, dözə bilməyib, bərkdən qışqırdım. Bəsdirin yığışdırın bu oynamağı. Elə siz mənim bura gəlməyimi gözləyirdiz? Şair qonağa belə hörmət göstərərlər? Oynamağı dayandırdılar. Baş həkim qan-tər içində o biri həkimlərə göstəriş verdi ki, şairin xəstəliyi barəsində oturun məşvərət keçirin, sonra nəticəsini mənə bildirin. Düzü, baş həkimin getməsindən narahat oldum. Yanımda dayanan həkim Əsgər Ağaya dedim ki, baş həkim bəs niyə özü çıxıb getdi? Dedi şair, onun oynamağı yarımçıq qaldı. O, indi gedib kabinetində "Tormuz Huseyn" havasına yorulana qədər oynayacaq.

Nə isə axşam üstü bütün həkimlər baş həkimin kabinetinə yığışdılar. Baş həkim bir-bir həkimin fikirlərini örgəndi. Biri dedi bu xəstəlik Yer kürəsində ilk dəfədir ki, təsadüf edir. Bunun nə mənbəyi bəllidir, nə də müalicəsi. İkinci çıxış edən həkim qəti olaraq bildirdi ki, bu gündən etibarən şair şeir yazmaqlarını yığışdırsın. Bu cür xəstəliyə tutulan adam hər gün namaz qılıb Allaha yalvarmalıdır ki, ey Böyük Tanrım, məni bu bəladan xilas et. Üçüncü həkim məndən soruşdu. Şair heç səni çıldağa aparıblar? Dedim, yox, həkim. Dedi, mütləq get çıldağa. Ola bilsin ki, bu dərd çıldaqla üstündən götürülə. Dördüncü həkim yarı fars, yarı türkcə danışdığı üçün tam başa düşə bilmədim. Sonra yeznəm dedi ki, həkim dedi, ola bilsin, bu xəstəliyi yerə yadplanetlilər gətirib, ehtiyatlı olsun. Çünki onlar əsəbləşib, daha bir yuxunu şairin canına sala bilərlər. Xülasə, bu Tehran səfərimizin heç bir faydası olmadı. Ordan kor-peşman gəldik Naxçıvana. Bütün qohumlar, dostlar başıma toplaşdı. Xəlvətə çəkilib ağlayanlar da oldu. Qohumum polis polkovniki Məftun bir çapba arağı içəndən sonra məsləhət gördü ki, Şahbuzun Keçili kəndində Əli adlı məşhur bir molla var. Gedəyin onun yanına. Şairə bir tas qursun. Cinlərlə danşsın, bəlkə bu dərdi şairin canından o çıxara. Bu söz bütün qohumların ağlına batdı. Çünki Məftun kişi qonşusu Dilqəm müəllimin tutulduğu xəstəliyi Molla Əli tərəfindən tas qurub, sağaldığını bildirdi. Dedim, ay qohum, Dilqəm müəllimin dərdi nə idi? Dedi, onun dərdi sənin dərdinnən çox ağır idi. Belə ki, toya gedirdi, məclisin şirin yerində başlayırdı ağlamağa. Yasa gedəndə də, tabutu yerdən götürəndə, elə bərkdən gülürdü ki, bütün camaat onun bu hərəkətindən məyus olurdular. İndi Qəşəm müəllim sağalıb. Məktəbdə dərsini davam etdirir. Məftunun bu sözü mənim də ağlıma batdı. Səhəri günü 3 maşın adam dağ kəndi Keçiliyə gəldik. Adamları çox görən Molla Əli bir az qorxan kimi oldu və bu işdən çoxdan uzaqlaşdığını bildirdi. Sonra Məftun kişini tanıyıb, bizi evinə dəvət etdi. Məsələnin nə yerdə olduğunu bildikdən sonra, göstəriş verdi ki, böyük otaqdakı elektiriklə işləyən bütün cihazları bayıra çıxarsınlar. Çünki cinlərin yeganə qorxduğu şey elektrik cəryanıdır. Sonra qara rəngli pərdələrlə pəncərələr örtüldü. Gələn camaata həyətin o başında sakit dayanmağı məsləhət gördü. Otağa üç qazan gətirdilər. Birinin içinə qaynar su tökdülər, ikinci qazana duz-çörək qoydu, üçüncü qazan boş qaldı. Dedi şair cibində nə qədər pulun varsa bu qazanın içinə at, gedəndə götürüb apararsan. Ancaq dəmir pul olmasın. Cinlərin dəmir səsindən zəhləsi gedir. Mən cibimdəki bütün pulları qazanın içiinə atdım. Molla Əli qapını bağladı, bərkdən boynumun arxasına bir yumruq vurdu və dedi. İndi mən bu duanı oxuyandan sonra səni bu dərddən xilas edən o gözəgörünməzlər mənim başıma toplaşıb, nə istədiyimi soruşacaqlar. Mən də onlara yalvarışla deyəcəyəm ki, bu şair xalq arasında tanınan, sevilən adamdır. Onu bu dərddən, bəladan qurtarmaq lazımdır. Onda deyərsən ki, mən səxavətli insanam. Sizin də Molla Əlinin də xəcalətindən artıqlaması ilə çıxacam. Molla Əli mənə əmr etdi ki, şair, cinliləri inandır ki, sən bu dərddən xilas olandan sonra qonşuluğda yaşayan kasb-kusublara əl tutacaqsan, evlərinə gedən elektirik xətlərini kəsib qaranlığa qərq edəcəksən. Mən bu sözləri təkrar etdikdə, hiss etdim ki, nəfəsim daralır. Molla Əli mənə dedi ki, indi dərdini danış, qoy cinlər eşitsinlər. Dedim, çox hörmətli cinlilər. Mən çox sağlam adam idim. Bu yaşıma qədər heç bir ağır xəstəlik keçirməmişdim. Bir erməni südü yemiş yazıçı var. Adı Əkrəm Əylislidi. Onun bir cızmaqara "Daş yuxuları" adlı kitabı dərc olunub. O kitabı oxuduqdan sonra mənim psixikamda dəyişiklik oldu. Elə gecə-gündüz fikirləşdim ki, daş yuxular varsa demək, kərpic, palçıq yuxular da ola bilər. Bu fikirlər mənim canıma bu dərdi saldı. Elə ki, azan səsi gəldi, günün-günorta vaxtı çoxdan dünyasını dəyişmiş adamlar bir-bir gəlib mənimlə söhbət edirlər. Hərə öz dərdini, fikirlərini mənə çatdırır, sonra qeyb olub gedirlər. Mən də haldan-hala düşürəm. Canımda böyük gərginlik yaranır. Bu arada Molla Əli bir surə oxudu və mənə dedi ki, şair, cinlilər and-aman etdilər ki, bizim bu əməldən xəbərimiz yoxdu. Qoy gedib yaşlı, qoca cinlilərdən soruşaq, görək belə bir xəstəliklə rastlaşıblar, ya yox. Molla Əli cinlilərlə xüdahifizləşdi və mənə dedi. Şair, sənin dərdin çox uzanmasın deyə millət, vətən xaini Əkrəm Əylislinin xofunu sənin canından çıxarmaq lazımdı. Gələn dəfə gələndə, mütləq o mürtədin foto-şəklini mütləq gətir. 3 aylaq it küçüyünün sidiyi ilə onu mundarlayım. Həm də görək qoca cinlilərdən nə cavab gələcək. Sonra molla Əli əmr etdi ki, ay uşaqlar, gəlin qazanları aparın, pəncərələri açın, evin ab-havasını dəyişin. Uşaqlar gəlib qazanlarını aparanda, dedim, Molla Əli, qoy heç olmasa bilet pulumu götürüm. O, hirsli baxışla mənə baxıb dedi. Bayaqdan cinlilərə səxavətindən, əliaçıqlığından danışırdın şair. Bəs mənim bu ağır zəhmətimi qiymətləndirmək istəmirsən, mən qazandan 50 manat götürdüm və gedim: Molla, təki Allah səni biz əlacsız xəstələrə çox görməsin. Bu minvalla biz Keçili kəndindən birbaş Naxçıvana qayıtdıq. Böyük Bağda çayxanaya gəldik. Məni tanıyan insanlar gəlib görüşüb hal-əhval tutdular və dostlara zəng edib, mənim burada olduğumu bildirdilər. Məni tanıyan insanlar mənim gəlməyimnən sevindilər. Bir az keçmiş çayxanaya 2 polis maşını gəldi. Onlar çayxanaya yaxınlaşıb, bu nə toplantıdı deyə sorğu-sual etdilər. Çayçı məni göstərib, şair qonağımızdır deyə bildirdi. Zabitlərdən biri məni tanıdı. - Randik müəllim, "Ovqatda-sovqat"da sizi görmüşəm. Çox məzəli söhbətlər, şeirlər oxuyurdunuz. Düzü, adımı səhv desə də, fərqinə varmadım. Ürəyimdə televiziyaya baxdığına görə, ona haqq qazandırdım. Sonra polislər məni qonaq dəvət etdilər. Dostlarm onlara öz minnətdarlıqlarını bildirdilər və mənimlə birgə olacaqlarını dedilər.

Düzü, Naxçıvana gəlişimdə xəstəliyimə bir çarə tapılmasa da, şəhərin təmizliyi, gözəlliyi və yeni tikililəri məni heyran etdi. Hələ təyyarədə olarkən ürəyimdən keçdi ki, bəlkə Naxçıvan rəhbərliyinə müraciət edim, gəlib teatrda rejissor işləyim və öləndə məni atamın yanında dəfn etsinlər. Çünki Bakıda bilirəm ki, ölü üçün məzarlıq tapmaq doğma övladlarım üçün çox əzablı bir iş olacaq.

Növbəti nömrəmizdə (I nağıl I Pyotr olacaq)

Digər xəbərlər