Mətanət Məmmədova
Nə vaxt ki, çiynimizə kəlağayı salmışıqsa, başımıza kəlağayı örtmüşüksə, xanımlığımıza bir xanımlıq da əlavə olunub. Çünki Azərbaycan qadınlarının əsrlər öncədən bu günə qədər gətirib çıxardığı ən sevimli aksesuarı olan kəlağayı incəliyi, zərifliyi, həm də bir o qədər möhtəşəmliyi, ipəyində, naxışlarında gizli saxladığı dəyərləri ilə bu gücə malikdir.
Kəlağayı haqqında çox yazılar oxumuşuq, tarixi barədə çox məlumatlar almışıq. Bilirik ki, yaşı qədimdir bu örpəyin. Çünki gözümüzü dünyaya açandan ana-nənəmizin dolabında, sandığında görmüşük onu. Görmüşük ki, analarımız evdə onu başlarına örtməyə qıymayıb. Elə ki, bir toy, yas mərasimi, ya bir qonaqlıq, ya bir qadın yığıncağı oldu, analarımız dolabın ən etibarlı yerində saxladığı kəlağayısını çıxarıb çiyninə atar, başına salar və həmin mərasimlərə yollanardı. Bunun özü ona verilən qiymət idi. Bu dəyər, bu qiymət kəlağayının “ömrünü” uzadır, onu əsrlərin o başından bu başına daşıyan ən güclü elementə çevrilirdi.
Kəlağayı qayınanaların ən sevimli gəlininə hədiyyəsi idi. Anaların qızlarına ana hədiyyəsi idi. Odur ki, müasir kəlağayılarla yanaşı, ana və qayınanamızın bizə hədiyyə etdiyi kəlağayılar da hər birimizin evində dolabımızı bəzəyir, xanımlığın, xatınlığın rəmzi olan bu baş örtüyünün tarixindən söhbət açır. Deməli, kəlağayını elə Azərbaycan qadınının özü qoruyub, saxlayıb, bu günlərə gətirib çıxarıb.
Gəlinlərin üzündəki kəlağayı
Kəlağayı o qədər dəyərli geyim aksesuarı olub ki, zaman-zaman xalqımız ailə həyatı quran qızların üzünü kəlağayı ilə qapadıb yeni evinə gəlin köçürüb. Kəlağayı gəlinlik fatasının üstündən qarşıya doğru gəlinin başına salınardı, üzü görünməzdi. Nikaha daxil olan qızın üzünü gəlin getdiyi evdə həyat yoldaşı ilk dəfə görməli idi. Bəlkə də bu sətirlər müasir dövrün insanları üçün qəribə gələ bilər. Hələ bəlkə də dodaqlarına təbəssüm də qonar, qəhqəhə ilə gülə də bilərlər.
Adətlərimizin çoxunu əsrin o başında qoyub bu günə gəlib çıxmışıq axı. İndi gəlinlərin üzü nədir, bütün sinəsi qollarının altınadək görünür. Görünür deyim, yoxsa, görünməlidir, deyim, bilmirəm, lakin bir mövsümdə iştirak etdiyimiz 10 toyun 8-də bu, belədirsə, deməli, “görünməlidir”,-deyə düşünür bu gəlinlikləri geyinən qızlar.
İndi qızlardan hansınasa “evdən üzübağlı çıxmalısan” de, çəkil dur kənarda, cavabını dinlə. Gör, nə eşidirsən. Lakin bunun böyük bir mənası var idi. Axı əsrin əvvəllərində qızlar indiki kimi yeniyetmə çağından qaşını səliqəyə salmır, üzünü tüklərdən təmizləmirdi. Bu, yalnız ailə qurduğu gün ərəfəsində edilirdi. Belə olan halda isə qızın üzünə elə bir gözəllik gəlirdi ki, onu ilk olaraq həyat yoldaşının görməsi mütləq idi. Çünki bu gözəlliyi yad insanlar nə üçün görməli idi ki?..
Həm də ailə qurmaq yeni bur başlanğıc deməkdir. Sanki bir ev tikirsən. Evin bünövrəsi nə qədər keyfiyyətli olarsa, deməli, onun “ömrü” də bir o qədər uzun olar. İçərisində yaşayanlar evin təhlükəsizliyinə əmin olarlar. Ailə də belədir. Elə ki, təməli mənəvi dəyərlər üzərində qurulur, bax, belə kiçik detallar unudulmur, həyata keçirilir. Qız öz yeni evinə üzüörtülü gedirsə, toyunda iştirak edən yüzlərlə insanın üzünü, bədənini görməməsi üçün normal geyinir və kəlağayısını üzünə salırsa, bu, ailənin mənəvi təməli, həm də dəmir təməli deməkdir. Lakin üz örtüyü nədir, hətta gəlinlər öz bədənlərini insanların gözü qarşısında nümayiş etdirirsə, bu, nə bizim milli-mənəvi, nə də ailə dəyərlərimizə qətiyyən uyğun gəlmir.
Lakin təəssüf ki, artıq təsadüf nəticəsində üzüörtülü, gəlinliyi normal gəlin görmək mümkündür. Burada isə kim gəncləri günahlandırırsa, böyük səhvi var. Kimdir günahkar?
Günahkar bizik!
Çünki milli və ailə dəyərlərini yaşatmaqda, qorumaqda lazımı tədbirləri görə bilməmişik. Necə olur ki, bizim övladımız gəlinliyi anormal açıqlıqda seçir, biz buna etinasız yanaşırıq? Hələ evdən üzüörtülü çıxmağı qoyaq bir kənara. Çünki bu dəyəri çoxdan əldən vermişik. Qızlarımız müstəqil həyata atılan kimi birinci işi qaş-üzlərini səliqəyə salmaq olur. Necə ki, bunun qarşısını vaxtında ala bilmədik, onların gözəl çöhrəsini hamı gördü, bəlkə elə onda onların bir gün evdən normal gəlinlikdə çıxacağına, üzünə örtük salmalı olacağına da əlvida dedik.
Bəlkə də yazını oxuyub məni topa-tüfəngə tutan “müasirlər” olacaq. Yox, tutmayın. Mən də səliqə-sahmanın tərəfindəyəm. Lakin gəlin səhv salmayaq: biri var, kiçik bir səliqə-sahman-yəni qızın üz-qaşına kiçik bir toxunuş etməsi. Biri də var, sanki gəlin köçürmüş ki, əsaslı qaş düzəltdirmək. Biz axı ikincini birincinin yerinə etmişik. Hətta çoxsaylı qızlarımız var ki, qaşı xoşuna gəlmir, gedib sildirir, yerinə başqasını çəkdirir.
Lakin gərək belə etməzdik. Qızlarımıza bu qədər irəli getməyə icazə verməzdik, bu kimi məsələlərin qarşısını almağa bir cəhd göstərərdik. Yaxşı, bunları bacara bilmədik. Övladımızın gəlinlik seçimini necə tamamilə öz ixtiyarına buraxıb, bu qədər açıq paltar geyinməsinə münasibət bildirmədik. Beləliklə, yavaş-yavaş, bir də baxırsan ki, dəyərlər əldən getdi. Üzüörtülü gəlin köçən bir xalqın nümayəndəsi olan bizlər indi dərin sinə dekolitəsi ilə yüzlərlə insanın qarşısına çıxırıq, onlar da bizi dərindən alqışlayır...
2014-cü ildən dünya kəlağayımızı rəsmi olaraq tanıdı
Kəlağayımızı dünya ötən əsrlərdən tanıyır. O zamanlar ipəkçilərimiz dünya bazarına kəlağayımızı az çıxarmayıb. Bu haqda xatirələr, məlumatlar da var. Və dünyanın ayrı-ayrı ölkələrinin qadınlarının kəlağayımıza münasibəti də yaxşı olub. Bazarda bir saatın içərisində onlarla kəlağayı satılıb vaxtilə. Yəni xarici qadınlar bu yaylıq növünə heyrətamiz bir münasibət bəsləyib. Məsələn, bir nümunə: 1862-ci ildə Azərbaycan ilk dəfə olaraq Londonda keçirilən ümumdünya sərgisində iştirak edib ki, o zaman basqallı toxucu Nəsir Abduləziz oğlu nümayiş etdirdiyi nəfis kəlağayı və zərif qanovuz parçaya görə gümüş medal və xüsusi diplomla mükafatlandırılıb. Kəlağayı ustası Londondan qayıdanda demişdir: “İngilis xanımları macal vermədilər ki, camaat bir kəlağayıya tamaşa etsin. Bir anın içində yarmarkada keçirilən satış sərgisində hamısını aldılar. Qaldım mat-məttəl baxa-baxa. Gərək çox aparaydım. Allah qoysa, bu səfər çox apararam.
2014-cü ildə dünya rəsmi şəkildə Azərbaycan kəlağayısını tanıdı. Belə ki, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Kəlağayı xanımlığa xanımlıq qatır...
Artıq dünyanın da tanıdığı, dünya qadınlarının da zövqünü oxşayan, çiynini bəzəyən Azərbaycan kəlağayısı, sözün həqiqi mənasında, xanımlığa xanımlıq qatır. Kim çiyninə salırsa, ona bir xanım-xatınlıq, gözəllik bəxş edir. Kəlağayıya bu qədər üstünlük verilməsi, ən dəyərli aksesuar kimi istifadə olunması xalqın mənəvi dəyərlərinə böyük töhfə ilə yanaşı, həm də müasir dövrdə yaşadılması, gələcəyə götürülməsi deməkdir.
Mən hara getsəm, kəlağayılarımı da özümlə aparıram. Çünki hər yerdə dəyərlərimiz, adət-ənənələrimiz haqda söhbət açmağı sevirəm. Elə kəlağayı da bu söhbətlərin başlanmasına bir səbəb deyilmi?
Yazıya əlavə etdiyim foto bu yay Türkiyədə-Kappadokiyada çəkdirdiyim fotodur. Azərbaycan Kəlağayısı Günü münasibətilə yazdığım yazıya kəlağayılı fotomu da əlavə etməklə, həqiqətən də kəlağayının qadının xanımlığına xanımlıq qatmasını və hər yerdə möhtəşəm mənzərə yaratmasını bir daha göstərmək istədim. Bu hələ öz ölkəmizdə deyilsə, xarici ölkədədirsə və görənlərin hər biri kəlağayı haqqında məlumat almaq istəyirsə, ona toxunub zərifliyinə heyran qalırsa, adam sahib olduğumuz hər şey kimi, kəlağayı ilə də qürur duymaya bilmir.
26 noyabr-Azərbaycan Kəlağayısı Günüdür. Onu yaşadaq və gələcək nəsillərə ərməğan edək. Kaş ki, bir gün kəlağayı ilə bağlı bütün qədim adətlərimizə də qayıda bilək.