1251-ci ildə Monqolustanda Çingiz xanın nəvəsi Munke böyük xan seçildikdən sonra İranın işğalını başa çatdırmaq, Ön Asiyanı tutmaq üçün Tulayn xanın oğlu Hülakü xanın başçılığı altında hərbi səfərə çıxmaq qərara alındı. Bu məqsədi həyata keçirmək üçün 4 ulusun xanları hər on nəfər döyüşçüdən ikisini Hülakü xanın dəstəsi üçün ayrılmalı idilər. Hazırlıq iki il ərzində sona çatdı. Tarixi mənbələr sübut edir ki, o zaman Azərbaycan, Ermənistan, Gürcüstan və İranda Arqun ağa hakim idi. Hülakü xanın ordusunda 120 min nəfər döyüşçü vardı. Hülakü xan 1256 – cı ildə paytaxtı Əxamut şəhəri olan, 250 ildən çox tarixə malik İsmaillilər dövlətini işğal etdi. İran, Azərbaycan və Ermənistan hökmdarları qorxaraq, onun hüzuruna gəlib tabe olduqlarını bildirdilər. Hülakü xan öz nüfuz dairəsini genişləndirməkdə davam edirdi. O, 1258–ci ildə Bağdad üzərinə hücuma keçdi, fevralın 10 – unda Bağdat tutuldu, şəhərdə qırğın və talan 40 gün davam etdi. Sonuncu xəlifə əl – Müstəsim edam edilməklə, Abbasilər xilafətinin 508 illik (750 – 1258) hökmranlığına son qoyuldu.
Hülakü xan özbaşına hərəkət edərək, monqol imperiyasının beşinci ulusunu yaratdı. Ona elxan rütbəsi verildi. İlk gündən Hülakü xanın yaratdığı imperiya böyük monqol xanından, formal olsa da, asılı idi.
1295 – ci ildə Elxanilər islam dinini qəbul etdikdən sonra böyük xan hakimiyyətini tanımadılar. Hülakü xan ələ keçirdiyi sərvəti saxlamaq üçün möhkəm bir yerdə - Urmiya gölünün sahilində Tellə qalasını tikdirdi.
Hülakilər dövləti Azərbaycan, İran, Ermənistan, Gürcüstan, Kiçik Asiya (Qızıl Irmaq çayına qədər), Kürdüstan, İraqi-Ərəb, Əfqənistan və Türkmənistanın çox hissəsini və s. ərazini əhatə edirdi. Trapezunda imperatorluğu, Konya sultanlığı, Kilikaya (erməni çarlığı), Kipr krallığı hülakülərin vassalı idilər. Onlara bac və köməkçi könüllü dəstələr verirdilər. Hülakülər dövləti Bizans imperiyasından da bac alırdı.
Maraqlıdır ki, keçid mövqeyi Azərbaycanı Hülakilər dövlətinin siyasi və inzibati mərkəzi etmişdir. Hülakünün dövründə mərkəzi igamətgah Marağa şəhəri idi.. Abaqanın (1265 – 1282) dövründə Təbriz mərkəzə çevrildi. Məhəmməd Xudabəndə Ocaytu (1304 – 1316) isə Sultaniyyəni paytaxt seçdi. Əbu Səid (1316 – 1335) paytaxtı yenidən Təbrizə köçürdü.
Bakıxanovun yazdığına görə, Qızıl Orda xanı Bərkə xan öz sərkərdəsi Buğanı 1265-ci ildə Dağıstan yolu ilə Azərbaycana göndərdi. Lakin hülakülərin Zaqafqaziyadakı hakimi Eştmut Buğanın qoşunlarını Dərbənd yaxınlığında məğlub edib, geri qaytardı. Bu məğlubiyyətdən sonra Bərkə xanın 300 minlik atlı dəstəsi yenidən Dərbənd yolu ilə Azərbaycana soxuldu. Kür çayı ətrafında Abaqa xan onun qarşısını kəsdi. Bərkə Tiflisə getdi və orada öldü. 1313-1335-ci illərdə Özbəyin qoşunu Azərbaycana soxuldu, lakin uğursuzluqla qarşılaşdı.
Hülakü dövlətinin daxili və xarici siyasətində köçəri monqol və türkdilli tayfa əyanları, maliyyə aparatında isə İran məmurları mühüm rol oynayırdılar. Hərbi – feodal mütləqiyyət üsuli – idarəsindən ibarət olan dövlət quruluşu piramidasının zirvəsində basic elxan idi. Əsas idarə orqanı divanın başında vəzir, hərbi qüvvələrin başında əmir dururdu. Dini işlərə qazı rəhbərlik edirdi. Hülakilər dövlətinin sarayında dedi-qoduçuluq, xəbərçilik geniş yayılmışdı. Vəzirlər xalqı talan etməklə həddindən çox varlanırdılar. Hülakülərin 23 vəzirindən yalnız 1 nəfərinin öz əcəli ilə ölməsi heç də təsadüf deyildi. Qalanlarının var – dövləti müsadirə edilmiş, özləri isə edam olunmuşdular. Dövlətin ərazisi vilayətlərə bölünürdü. Hülakü xanı Çingiz xanın yasasına (qanuna) əsasən qurultayda keçirilir, ali monqol xanı tərəfindən təsdiq edilirdi. Qoşun on min, min, yüz və on nəfərlik hissələrə ayrılırdı. Hərbiçilərə iqta verilirdi.
Hülakü dövlətinə daxil olan ölkələrin iqtisadiyyatı ilk hülakülərin çox ağır vergi siyasəti nəticəsində tənəzzülə uğradı. Vergi monqol əyanlarının əsas gəlir mənbəyi idi. Monqollar əhali üzərində 40 adda vergi və rüsum qoymuşdular. 1254 – cü ildə 10 yaşından 60 yaşına qədər bütün kişilər siyahıya alındı. Torpaq vergisi xərac – məhsulla ödənilirdi. Bu, vergi məhsulunun 70 faizini təşkil edirdi. Can vergisi qonçur adlanırdı. Oturaq əhalidən 1 dinardan 7 dinara qədər tələb edilirdi. Monqol qoşunlarının saxlanılması üçün əhalidən alınan vergiyə tağar deyilirdi. Tacirlər və sənətkarlar tamğa verirdilər. Gömrük vergisi olan bac da çox geniş yayılmışdı.
XIII əsrin 60 – cı illərində Gürcüstan və Azərbaycanda baş vermiş üsyanı Hülakü xan qan içində boğdu. Tarixçi Rəşidəddinin verdiyi məlumata görə, Abaqa xan 1275 – ci ildə Arana ova gedərkən üsyançılar ona hücum etmiş, əlavə qoşun gətirilərək, onlara divan tutulmuşdur. Azərbaycanda monqollara qarşı üsyan Təbriz və Şirvanda daha geniş vüsət almışdı. 1301 – ci ildə Qazan xan üsyançılara qarşı hərbi əməliyyata başlamışdır. Azərbaycanda baş verən üsyanlar amansızlıqla yatırıldı.
Uzun sürən müharibələr, monqol zülmü Hülakülər dövlətinin təsərrüfat həyatını tənəzzülə doğru apardı. Vergilərin ağırlığı nəticəsində kəndlilər var – yoxdan çıxır, təsərrüfatı becərməkdə maraq sönür, öz yurdlarından qaçmalı olurdular. Nəticədə, dövlətin gəliri azalır, xəzinə boş qalırdı. Hakim sinfi çox narahat olurdu. Bu səbəbdən, Qazan xan vəzir Rəşidəddinin yaxından iştirakı ilə bir sıra mütərrəqi islahatlar hazırlayıb həyata heçirdi. Burada məqsəd iqtisadiyyatı dirçəltmək, mərkəzi hakimiyyəti möhkəmlətmək, xəzinəyə gələn mədaxili nizama salmaq idi. İslahata görə, torpaq ayrı – ayrı şəxslərə paylanır və müəyyən müddət vergi alınmırdı. 1303 – cü ildə Qazan xan kəndlilərin təhkimli hala salınması haqqında fərman verdi. 30 il ərzində öz ağasını qoyub qaçmış kəndli zorla əvvəlki yaşayış yerinə qaytarılırdı, qaçqınları gizlətməyə heç kimin ixtiyarı çatmırdı. 1304 – cü ildə vergilərin nizama salınması haqqında verilən fərmana əsasən, hər bir kənd, şəhər, vilayət üçün vergi siyahıları tərtib edilirdi. Vergi müəyyən edilmiş vaxtda toplanmalı idi. Xan, xanzadələr, qoşun və əmirlərin xeyrinə olan vergi ləğv edildi. Digər vergilərin də miqdarı azaldı. Xəzinədən vəsait ancaq Qazan xanın icazəsi ilə buraxılırdı.
Əlbəttə, Qazan xanın mütərəqqi islahatlarında onun nümayəndəsi olduğu hakim sinfin, elitanın mənafeyi nəzərə alınmışdı. Lakin islahatlar obyektiv olaraq əhalinin vəziyyətinin nisbətən yaxşılaşmasına, ölkədə iqtisadiyyatın canlanmsına və yüksəlişinə səbəb oldu. Bu, əkinçilik, sənətkarlıq və ticarətin inkişafı üçün yeni təkan oldu. Buddizm ruhunda tərbiyyə edilmiş, hakimiyyət başına keçəndən sonran islam dinini qəbul etməyi qərara almış, onu dövlət dini kimi qəbul etmiş Qazan xan müsəlmanlığı qəbul edəndən sonra özünü Mahmud adlandırdı. O, islamı qəbul etməklə yerli müsəlman zədaganlarına və ruhanilərə, habelə, köçəri monqol əyanlarının müsəlman hissəsinin yardımına arxalanaraq dövləti möhkəmlətməyi qarşısına məqsəd qoymuşdur. Qazan xan atasının tikdirdiyi bütpərəst məbədlərini dağıtdırdı. Azərbaycanın iqtisadiyatı müvəqqəti olaraq canlandı. Lakin onun gördüyü mütərəqqi tədbirlər Hülakülər dövlətinin daxilində baş verən çəkişmələr, arası kəsilməyən xarici hücumlar onu zəiflətdi. Nəticədə Hülakülər dövləti dağılmağa başladı.
Əmir Çobanın Kiçik Asiyada gizlənmiş nəvələrindən Kiçik Şeyx Həsən böyük qüvvə toplayaraq, Azərbaycan üzərinə yürüş etdi. Naxçıvan yaxınlığındakı döyüşlərdə Kiçik Həsən Böyük Həsəni məğlub etdi və Cənubi Azərbaycanı tutdu. 1356 – cı ildə Məlik Əşrəf Həsən xanı (1356 – 1357) hakimiyyət başına gətirdi. Məlik Əşrəf Azərbaycanın şimal hissəsini tutmaq niyyətinə düşdü və Şirvana hücum etdi. Şirvanşah Keykavus (1345-1378) Qızıl Orda xanı Canıbəylə ittifaqa girdi. Məlik Əşrəf 17 xəzinə yaratmışdı. Topladığı sərvətin bir hissəsini daşımaq üçün 100 dəvə, 400 qatır lazım olmuşdu. O, Canıbəydən yaxa qurtarmaq üçün əvvəlcə Mərəndə, sonra Xoya qaçdı. Məlik Əşrəfin ölümündən sonra Hülakülər dövləti xanlarının hökmranlığına son qoyuldu. Lakin Qızıl Orda hakimləri Azərbaycanda möhkəmlənə bilmədilər. Bağdad hakimi Cəlairli Böyük Həsənin oğlu Üveys böyük qüvvə ilə 1358-ci ildə Təbrizi tutdu. Azərbaycanda Cəlairlər sülaləsinin hakimiyyəti başlandı. Üveys Təbrizi özünə paytaxt edərək, Cənubi Azərbaycanın və İranın bir çox ərazisini hakimiyyəti altına aldı. O, Şirvana hücum edib Keykavusu əsir etdi və Bağdada apardı. O, Üveysin hakimiyyətini tanıyandan sonra azad edildi.
Monqol zülmü Azərbaycan elminə, ədəbiyyatına və incəsənətinə də böyük ziyan vurmuşdur. Lakin Azərbaycan xalqı çox ağır şəraitdə olsa da öz mədəniyyətini inkişaf etdirmişdir. Marağalı Əhvədi (1274 – 1338), Zülfüqar Şirvani (1190-1245), İzzədəddin Həsənoğlu (XIII əsr) kimi şairlər o dövrdə yazıb-yaratmışdır.
Təbrizdə həmin dövrdə inşa edilən Ərk qalası, Əlişah məscidi Rəbi Rəşididə şəhərciyi, Abşeronda Mərdəkan, Nardaran, Ramana qalaları və s. adamı indi də heyran qoyan memarlıq abidələridir.
Görkəmli alim və dövlət xadimi Nəsirəddin Tusi (1201-1274) 1259-cu ildə Marağa rəsədxanasının əsasını qoymuşdur. Onun "Zic Elxani" ("Elxanın cədvəli") əsəri astronomiyaya həsr edilmişdir. Həmin rəsədxananın kitabxana və avadanlığının dəyəri 20 min dinar olmuşdur. Orada müxtəlif ölkələrdən gəlmiş alimlər çalışırdılar.
Azərbaycan ərazisinin Monqol imperiyası tərəfindən işğal edilməsi və onların tam bir əsr müddəti zülm altında qalırlar. Monqol hücumları zamanı möhtəşəm saraylar, zəmilər, binalar məhv edilir, bağlar, üzümlüklər məhv edilir, mal – qaranı aparırdılar. Monqollar Azərbaycan şəhərlərini alır, insanları qılıncdan keçirdir, evlərə od vurur, qarşılarına çıxan hər şeyi məhv edirdilər. Onlar ələ keçirdikləri şəhərlərdə indiki erməni işğalçıları kimi nəinki qocaları və uşaqları, hətta ana bətnində olan körpələri də çıxarıb öldürürdülər. Şəhərlərdə aparılmış qazıntılar sübut edir ki, monqolların törəddikləri vəhşilikləri, qətlləri, insanların kütləvi şəkildə öldürülməsini bugünkü dövrdə erməni işğalçıları azərbaycanlılar üzərində tarix boyu həyata keçirmişlər.
Firudin Cümşüdlü,
N.Tusi adına ADPU-nun müəllimi,
tarix elmləri namizədi