PDF Oxu

Sosial

  • 1 789

Ekoloji proseslər: Qlobal vəziyyət və Azərbaycanın imkanları nə vəd edir? - ANALİZ

image

Son onilliklərdə ekoloji problemlər bəşəriyyət üçün ciddi təhlükəyə yol açıb. Təbii fəlakətlərin sayı, gücü və dövriliyi sürətlə artmaqda, iqlim dəyişiklikləri qlobal miqyasda ciddi problemlər (quraqlıq, su çatışmazlığı, ərzaq qıtlığı və s.)yaratmaqdadır. Dünyanın bir çox bölgələrində quraqlıq genişlənir, çaylar və göllər tədricən yoxa çıxır, buzlaqlar əriməkdə, meşələr isə kütləvi şəkildə məhv edilməkdədir. Bu proseslərin əksəriyyəti təbii deyil, məhz antropogen- yəni insan fəaliyyətinin nəticəsidir.

Dünya üzrə illik təxminən 2.2 milyard ton məişət tullantısı yaranır. Bunun yalnız 19%-i təkrar emal olunur. Plastik və qida tullantıları ən böyük paya sahibdir. Ən çox tullantı yaradan ölkələr — inkişaf etmiş,ən az tullantı yaradanlar isə inkişaf etməkdə olan ölkələrdir.

NASA və IPCC (Beynəlxalq İqlim Paneli) məlumatlarına görə, 1880-ci ildən bu yana Yer səthinin orta temperaturu 1.2°C artıb. Bu göstərici 1,5 dərəcə artıma çatdıqda ciddi problemlərin yaranacağı qeyd olunur.

2021-ci ildə Kanadada temperatur 49.6°C-ə çataraq rekord qırdı. 2023-cü ildə Avropada 40°C-lik istilər nəticəsində 60 mindən çox insan həyatını itirdi. Eyni ildə Antarktidadakı buz örtüyü tarixdə ilk dəfə 10 milyon kvadrat kilometrdən aşağı düşdü.

BMT məlumatına görə. 2050-ci ilə qədər su qıtlığı 5 milyard insana təsir göstərəcək. 200 milyon insan “iqlim qaçqını” statusu ilə yaşayacaq. Kənd təsərrüfatı məhsuldarlığı 30%-ə qədər azalacaq.

Sənaye və iqtisadiyyatın nəzarətsiz inkişafı, faydalı qazıntıların vəhşicəsinə istismarı, hərbi və iqlim sınaqları kimi fəaliyyətlər təbiətə ağır zərbə vurur. İnsan yalnız öz mənafeyini düşünərək ekoloji tarazlığı pozmuş, nəticədə Yer kürəsi öz-özünü bərpa etmək gücünü itirməyə başlamışdır. Alimlər və beynəlxalq ekoloji mərkəzlər bu vəziyyəti ciddi xəbərdarlıq kimi qiymətləndirir, yaxın gələcəkdə qlobal kataklizmlərin– aramsız təbii fəlakətlər, quraqlıq, su böhranı və iqtisadi tənəzzül kimi proseslərin baş verə biləcəyini proqnozlaşdırırlar.

2050-ci ilədək planetin orta temperaturunun 3°C-yə qədər artacağı ehtimal edilir. Halbuki dünya ölkələri bu artımı cəmi 1°C aşağı salmağa çalışsalar da, sənaye maraqları və iqtisadi gəlirlər bu məqsədə çatmağa mane olur. Xüsusilə iri dövlətlər, əsasən də ABŞ, ekoloji məsuliyyətdən yayınaraq beynəlxalq ekoloji protokollara qoşulmaqdan imtina edir. Məsələn, ABŞ təkbaşına atmosferə buraxılan zərərli qazların təxminən 40%-nə görə məsuliyyət daşıyır.

Qlobal kapitalist iqtisadiyyatının əsas problemi nəzarətsiz istehsal və istehlak çılğınlığıdır. Tələbatdan artıq istehsal, təbii ehtiyatların məhdudiyyətsiz istismarı və kimya sənayesinin inkişafı təbiətin özünü bərpa etmə qabiliyyətini tükəndirir. Hərbi sənayenin genişlənməsi və yeni texnologiyaların sınaqdan keçirilməsi də ekoloji tarazlığa ciddi zərbə vurur.

Dünyada hər il təxminən 4000 milyon ton plastik istehsal olununur. Bu çox böyük rəqəmdir və həm insanlar, həm də bütün canlı aləm, təbiət üçün son dərəcə zərərlidir. Hər il 10 milyon tona yaxın plastik tullantı okeanın dibinə çökür. Dəniz canlılarının və quşlarının 90%-nin bədənində plastik olduğu təxmin edilir.

Ümumiyyətlərdə, okeanlarda və dənizlərdə 200 milyon tondan artıq plastic tullantı olduğu güman edilir. 2030-dək bu həcminən azı 40 faiz artacağı güman edilir. Gözləntilərə əsasən 2040-cı ilə kimi plastikdən istifadə 2 dəfə artacaq.

Torpaq və su mənbələri zəhərlənir, tullantıların idarə olunması isə artıq çıxış yolu kimi effektiv deyil. Onların utilizasiyası və yenidən emalı çox baha başa gəlir, buna görə də proses idarəolunmaz səviyyəyə çatmışdır.

Alternativ enerji növləri də, təəssüf ki, tam ekoloji təhlükəsiz deyil. Günəş panellərinin istehsalı zamanı zərərli kimyəvi maddələrdən istifadə olunur, bu da istehsal mərhələsində ətraf mühitə mənfi təsir göstərir. Eyni zamanda su elektrik stansiyaları su dövranının təbii balansını pozur, külək stansiyaları isə hava axınlarının istiqamətini dəyişdirir. Yəni “təmiz enerji” anlayışı hələ də nisbi xarakter daşıyır. Bütün bu proseslər nəticəsində xəstəliklər artır, insanların ömrü qısalır, yeni virus və bakteriyalar meydana gəlir. Canlı aləm məhv olur, ekosistemin təbii tarazlığı pozulur.

Artıq 30–40 il əvvəl ekoloqlar tərəfindən verilmiş xəbərdarlıqlar öz təsdiqini tapmaqdadır. Əgər gəlir və iqtisadi maraqlar insan sağlamlığı və planetin rifahından üstün tutulmağa davam edərsə, dünyanın xilası getdikcə daha da mümkünsüz hala gələcək. Bunun üçün hər bir fərd təbiətə qarşı məsuliyyətli davranmalı, dövlətlər isə istehsal, sənaye və enerji siyasətlərini ekoloji təhlükəsizlik prinsiplərinə əsaslandırmalıdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf strategiyası” qəbul edilmiş, 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf proqramı çərçivəsində ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf əsas prioritetlərdən biri kimi müəyyən edilmişdir.

Ölkə 2030-cu ilə qədər istehsal olunan enerjinin ən azı 30 faizini dayanıqlı və yaşıl enerji mənbələrindən əldə etməyi qarşısına məqsəd qoyub. Artıq bir çox regionlarda külək və günəş elektrik stansiyaları tikilir, bu da həm enerji müstəqilliyini, həm də ekoloji təhlükəsizliyi gücləndirir. Su ehtiyatlarının qorunması, tullantıların azaldılması və yaşıl enerjiyə keçid ekoloji siyasətin əsasını təşkil etməlidir.

Azərbaycanın coğrafi mövqeyi, iqlim, torpaq və su ehtiyatları ölkəmizi qlobal təhükələrdən sığortalamağa imkan verir. Sadəcə, təbiətimizi qorumalı, sağlam istehsal sahələrinə üstünlük verilməli, tullantıların tənzimlənməsi və digər ekoloji sağlamlaşdırma tədbirlərinin görülməsi vacibdir.

Elçin Bayramlı

Digər xəbərlər