Cəmiyyət

  • 1 002

Müstəqillikdən tərəqqi və inkişafa gedən tarixi yol - TƏHLİL

image

18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunduğu tarixi gündür

Xalqımız bu il öz tarixi bir gününü - 18 Oktyabr tarixini böyük qələbə ilə qeyd edir. 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunduğu tarixi gündür. Düz 30 il bundan əvvəl elan olunan 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü xalqımızın tarixinə həkk olundu. Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir. Beləliklə, 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında müstəqillik günü, 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə müstəqilliyin bərpası günü kimi qeyd olunacaq.Bu gün müstəqillik tariximizin ən şərəfli, qürurlu zamanı yaşayırıq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edərək tarix yazdıq.

30 illik müstəqillik tariximizdə müasir dövrün qlobal çağırışlarına dəstək verən müstəqil Azərbaycanın yürütdüyü siyasət, ölkəmizin etibarlı və strateji tərəfdaş kimi, nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Müstəqil dövlətimizdə kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurlar, eləcə də, beynəlxalq səviyyədə qurduğu münasibətlər, davamlı inkişaf, məhz bu müstəqillik tarixində əldə olunan nailiyyətlərdir. 30 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış Azərbaycan xalqı ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub-saxlaya bilmişdi. XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə malik olmaq arzusu, özünü açıq-aydın büruzə verdi. Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi, faktiki olaraq, 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.

MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI MÖHKƏM ƏSASLAR ÜZƏRİNDƏ YENİ İNKİŞAF XƏTTİNİ TUTDU

Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdışı ölkəmizin tarixində həlledici məqam oldu. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Böyük zəka və iradə sahibi olan Ümummilli Lider Heydər Əliyev qısa zaman kəsiyində, müharibə bölgəsində atəşkəsə, ölkədə möhkəm və dönməz sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatlar yoluna keçirilməsinə nail oldu. Azərbaycan xalqının Ulu Öndərin azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsi ilə müstəqil Azərbaycan dövlətçiliyi daha da möhkəmləndi.

1995-ci il 12 noyabrda müstəqil Azərbaycanın Konstitusiyası referendum yolu ilə qəbul edildi, bundan sonra sistemli şəkildə aparılan demokratik islahatlar sayəsində, ölkədə bazar iqtisadiyyatı münasibətləri bərqərar edildi.Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Əsrin Müqaviləsi" imzalandı. Bununla da, Azərbaycan, ilk dəfə olaraq, öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə, ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə, dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. Bu, Ümummilli Lider Heydər Əliyevin beynəlxalq nüfuzuna olan hörmətdən, Azərbaycanda sabit vəziyyətin və əlverişli investisiya mühitinin yaranacağına olan inamdan yaranmışdı.Bu gün Azərbaycan yeni bir inkişaf mərhələsindədir. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və Onun əbədiliyi təmin edilir. Bütün bunlar, bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Ölkəmizdə uğurla inkişaf etdirilən neft strategiyası, neftlə bağlı əldə olunan nailiyyətlərimiz, bilavasitə Ulu Öndər Heydər Əliyev qətiyyətinin nəticəsidir və bu gün Onun kursunun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanda enerji sektorunda böyük nailiyyətlər əldə edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır.

"ÖLKƏMİZİN XARİCİ SİYASƏTİ UĞURLU DAXİLİ SİYASƏTİMİZİN DAVAMIDIR"

Bu gün, tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Ölkə başçısı İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir: "İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var".

Dövlət başçısının dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. Demokratik və müstəqil dövlət kimi kimi tanınan Azərbaycan çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda ölkə həqiqətlərini dünyaya çatdırır, Azərbaycanın mənafelərini uğurla müdafiə edir. Vurğulamaq yerinə düşər ki, Azərbaycan diplomatiyasının uğurları yalnız BMT ilə deyil, digər nüfuzlu təşkilatlarla da sıx əlaqə yaratmasına imkan verib. Bu sırada Azərbaycanın ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, Avropa İttifaqı, NATO və digər tanınmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi xüsusi qeyd olunmalıdır. Bu gün Azərbaycan öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün nadir əməkdaşlıq məkanına çevrilib. Azərbaycan Respublikasının xarici ölkələrdə səfirlikləri, beynəlxalq təşkilat yanında daimi nümayəndəlikləri, baş konsulluqları, təmsilçilik ofisiləri və fəxri konsulluqları fəaliyyət göstərir. Respublikamızda isə dünya dövlətlərini səfirlikləri, baş konsulluqları, fəxri konsulluqları və beynəlxalq təşkilatların nümayəndəliyi vardır. Dövlət başçısının vurğuladığı kimi, "Ölkəmizin xarici siyasəti uğurlu daxili siyasətimizin davamıdır. Müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq birliyin fəal üzvünə çevrilməsində diplomatlarımızın, diplomatik xidmət orqanlarımızın müstəsna xidmətləri var".

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Bu gün, məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Bütün bu və ya digər amillər 30 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər - tarixi gerçəklikləridir.

"30 İL VƏTƏN HƏSRƏTİ İLƏ YAŞAMIŞ İNSANLAR TEZLİKLƏ ÖZ YURDLARINA, ÖZ TORPAĞINA QAYITMAQ İSTƏYİRLƏR"

Əzəli torpaqlarımızın düşmən işğalından azad olunması üçün 30 il yol gəldik. Artıq bu gün güclü Azərbaycan ordusu cəbhədə öz sözünü dedi. Artıq işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. İllərdir yurd-yuva həsrəti ilə yaşayan insanlar öz yaşadıqları yurd yerlərinə dönəcəklər. "30 il Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdlarına, öz torpağına qayıtmaq istəyirlər", - deyə Azərbaycan Prezidenti bildirib. Bu gün artıq Azərbaycan Ermənistan üzərindəki qələbədən sonra işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinə başlayıb. İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Dini-mədəniyyət abidələrimiz təmir və bərpa olunur, infrastruktur qurulur. "30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir", deyən Prezident bizim burada əsas rəqibimizin zaman olduğunu bildirib.

Bu gün müstəqil dövlətimizin gücü, nüfuzu, dinamik inkişafı sahəsində tezliklə işğaldan azad olunmuş torpaqlarımza dönəcəyimizə əminlik yaradır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər