Heç düşündünüzmü, niyə ürəyimiz, qaraciyərimiz və ya böyrəyimiz xəstələnəndə xəstəliyimiz haqqında danışmağa utanmırıq, bunu başqaları ilə müzakirə edə bilirik, amma ruhumuz xəstələnəndə bunu etiraf edə bilmirik? Biz psixi sağlamlığımız pozulanda ətrafın stiqmasında qorxuruq çünki. Bizə “dəli” demə ehtimalı bizi dəli edə biləcək qədər xof verir.
İnsanın ruhi sağlamlığı həm tibbin, həm də dinin ən çox araşdırdığı mövzulardan biridir. Dinlər ruhun sağlamlığının imana, tibb isə fiziki bədənə bağlı olduğunu düşünür. Ona görə də bu gün insan üzərində aparılan araşdırmalarda ruhun sağlamlığı da ön plandadır. 10 oktyabr “Ümumdünya Psixi Sağlamlıq Günü”dür. Müharibəsi dayanmayan, uşaqları öldürülən, heyvanları zülm görən dünyada psixi sağlamlıq hansı dərəcədə qaydasında olar, mübahisəli məsələdir. Elementar insani hüquqları olmayan, təhlükəli mühitdə yaşamağa məhkum olan, müharibədən qaça bilmək üçün köçən, yad ölkədə yad mədəniyyətə adaptasiya olmağa çalışan insanlar üçün psixoloji sağlamlıqdan söhbət belə gedə bilməz.
Psixi sağlamlıq təkcə psixi xəstəliyi olan şəxslərin müalicə və tam sağlamlıq hüququ demək deyil, bu hüquq həm də insanların mənəvi müdafiəsi, psixi problemlərə səbəb ola biləcək vəziyyətin düzəlməsi, təhlükəsizlik, təhsil kimi əsas insan hüquqlarının təminatı deməkdir. Dünyada hər dörd nəfərdən biri həyatının hər hansı bir mərhələsində psixi xəstəlikdən əziyyət çəkir. 75 yaşlı insanlarda bu nisbət hər iki nəfərdən biridir. Bütün dünyada psixoloji sağlamlıq problemləri olan 500 milyondan çox insan var və onlardan yalnız hər 20 nəfərindən biri, bəzən hətta 30 nəfərindan biri tibbi yardım ala bilir. Ən çox müşahidə edilən ruhi xəstəliklərə depressiya, narahatlıq, davranış pozğunluqları, alkoqol və narkomaniya ilə bağlı psixi pozuqluqlar və şizofreniya daxildir.
Məlumat üçün qeyd edək ki, araşdırmalara görə hər ölkədə əhalinin 20-25 faizi ruhi xəstəliklərdən əziyyət çəkir. Ruhi pozğunluqlar həm yüngül, həm də ağır xarakterli olur. Ölkələr arasında ruhi xəstəliklərin sayına görə, kəskin fərqlənən demək olar ki, yoxdur. Mütəxəssislər hesab edir ki, bu xəstəliklərin əksəriyyəti müalicə edilə bilər. Çünki əksəriyyət sadəcə ruh düşkünlüyü yaşayır və əhvalını yüksəltmək istəmir.
Həyatımızın hər anında həm fiziki, həm də psixi sağlamlıq problemləri ilə qarşılaşa bilərik. Cəmiyyətin stiqma ilə baxdığı psixi problemli insanlar haqqında həmişə qərəz olub, qınaq olub. Halbuki o da normal vətəndaş kimi bütün hüquqlara sahibdir. Psixi sağlamlıq universal insan hüququdur və bu hüququn əldə alınmasına göz yummaq olmaz. Bu hüququ əldə edə bilməyən insanlar problemlərini öz daxilində həll etməyə çalışırlar, lakin çox vaxt bu səy kifayət etmir və insanın vaxt itirməsinə səbəb olur. Bir insanın bu problemi yaşadığını hiss etdikdə mütləq qaydada həkim köməyinə müraciət etməsi şərtdir.
Psixi sağlamlıq ümumbəşəri insan hüququdur. Onun qorunması və inkişafı bir çox hallarda bizim idarəetməmizdən çıxa bilir. Sosial həyatda rastlaşdığımız bərabərsizliklər, mənzil, təhsil, tibb kimi haqlarımızın əlimizdən alınması, işlə təmin olunmaq hüquqlarından lazımi qaydada yararlana bilməmək, ayrı-seçkiliyə, təcrid və zorakılığa məruz qalmaqla psixoloji sağlamlığımız risk altına düşür. Bir sözlə, psixi sağlamlığımız sosial quruluşla bağlıdır, bir insanın sahib olacağı hüquqlar əlindən alınarsa, təminatı yox olarsa psixoloji sağlamlığı da hədəfə alınar.
Psixi sağlamlığın qorunması və yaxşılaşdırılması üçün hər bir cəmiyyətdə addımlar atılır. İnsanlar işlə təmin olunur, sosial üstünlükləri, təminatları, imtiyazları əllərindən alınmır, təhsil, tibb, istirahət kimi təməl hüquqları təmin edilir. Amma bu hüquqları təmin edilməyən ölkələr də var və o ölkələrdə inanların psixoloji sağlamlıqları gərgin həddədir. İnsanın psixi sağlamlığını pozan vəziyyətlərdən ən təhlükəlisi müharibələrdir. Müharibəyə məruz qalan cəmiyyətlərdə psixoloji xəstəliklər dinc ölkələrdəkindən daha çox olur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, silahlı münaqişələr yaşanan ölkələrdə insanların 10 faizində ciddi psixi sağlamlıq problemləri yaranır, depressiya, narahatlıq, yuxusuzluq, bel və mədə ağrıları kimi problemlər ən çox rast gəlinən hallardır. Bu narahatlıqlara qadınlar kişilərdən daha çox məruz qalır, xüsusən də uşaqlar, qadınlar və qocalar daha həssas olur.
Müharibələrin yaratdığı psixoloji faciələrdən biri də köçlər zamanı yaranır. Düşünün, hər il neçə min insan müharibədən qaça bilmək üçün doğma torpağını, evini tərk edir dünyada? Başqa ölkəyə, başqa mədəniyyətə uyğunlaşmaq, üstəlik orada stiqmaya, ayrı-seçkiliyə məruz qalmaq, narahat həyat tərzi, işsizlik, yoxsulluq müharibədən daha çox zərər verir onlara. Psixologiyaları pozulur, davranışları dəyişir, mənəvi-ruhi problemləri yaranır. Unudulmamalıdır ki, müharibə, münaqişə və soyqırımların psixoloji nəticələri həmin cəmiyyət üçün nəsillər boyu davam edəcək. Müharibə gedən ölkələrdə insanlar reabilitasiya görməlidirlər, daha sağlam gələcək üçün bu şərtdir.
Bəs psixoloji sağlamlığımızı qorumağı necə bacaraq? Maraqlı sualdır. Çox vaxt bizdən asılı olmayan səbəblərdən pozulan psixi sağlamlığımızı geri qaytarmaq mümkün olmur, bəzən isə buna cəhd etməklə müəyyən irəliləyiş əldə etmək olur. Buna nail olmaq üçün ilk növbədə özümüzün qayğımıza qalmağı bacarmalı, hobbilərimiz olmalı, sosiallaşmağı unutmamalıyıq. Unutmayaq ki, bizi narahat edən şeylər baş verən hadisələr deyil, onlara yüklədiyimiz mənalardır.
Səhv etməyin insana xas olduğunu unutmamalı, səhvlərdən dərs çıxarmağı bacarmalıyıq. Bu səhvi etdiyimiz üçün depressiv vəziyyət yaşamaqdansa onun bizə ötürdüyü mesajı anlamalıyıq. Efirləri, mətbuatı, saytları öz cənginə alan neqativ xəbərlərdən, məlumatlardan uzaq durmaq ruhi sağlamlığı qorumaq üçün birinci şərtdir. Əgər psixi pozğunluğun yaranmasını, şiddətlənməsini istəmiriksə təcavüz, qətl, zorakılıq haqqında heç bir məlumata çıxışımız olmamalıdır. Bizi insan olmaqdan uzaqlaşdıran hadisələr barədə bilməmək daha məqsədəuyğundur.
Unutmayın, ruh və psixologiya xəstələnməsə bədən də xəstələnmir. Bədənimizdə baş verən hər hansı bir problem bizə ruhumuzun xəstə olduğu mesajını verir. Psixi sağlamlığı qaydasında olmayan insanlarda baş ağrıları, həzm sistemi pozğunluqları, allergik reaksiyalar, cinsi disfunksiya, ürək döyüntüsü və tənəffüs problemləri kimi bəzi fiziki əlamətlər meydana çıxır. Psixoloji xəstələndiyini qəbul edə bilməyən insanlar çarəni içkidə və ya narkotik vasitələrdə görür, lakin psixoloji yardım almaq istəmir.
Dövrün bəlası olan ünsiyyətsizlik də bizi xəstələndirir, psixi pozğunluğa səbəb olur. Texno-kölə olan insanlıq sosiallaşmadan yaşayır, münasibətlər məhv olur. Daim virtual həyatda olan, real münasibətlər qurmayan insanlar üçün ruhun xəstələnməsi, psixoloji problemlər yaşaması normaldır. Həmçinin qida və yaşam tərzi də psixi problemlərə yol aça bilir. Daha sağlam ruh, daha sağlam psixologiya üçün normal insani münasibətləri bərpa etməli, natural qidalanmalı və sosiallaşma vərdişlərinə yiyələnməliyik.
Lalə Mehralı