PDF Oxu

Cəmiyyət

  • 1 520

“Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyasının təqdimatı

image

Dekabrın 10-da Mərkəzi Elmi Kitabxanada AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın "Heydər Əliyevin böyük siyasət yolu" monoqrafiyasının təqdimat mərasimi keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu günlərdə ölkəmizdə və xaricdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə anım tədbirlərinin keçirildiyini bildirib.

AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin elmi müəssisələrində Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin tədqiqata cəlb olunduğunu deyən akademik İsa Həbibbəyli "Heydər Əliyev İli"ndə akademiyada Ümummilli Lider haqqında 52 fundamental əsərin, çoxsaylı məqalələrin çap edildiyini bildirib.

Akademik İsa Həbibbəyli təqdimatı keçirilən monoqrafiyada Ümummilli Liderin çoxcəhətli fəaliyyətinin və siyasi baxışlarının hərtərəfli tədqiq olunduğunu bildirib.

"Əsərdə ilk dəfə Heydər Əliyevin milli dövlət ideologiyası Mustafa Kamal Atatürkün və M.Qandinin siyasi ideologiyaları ilə müqayisəli təhlil olunub, dahi liderin siyasi idarəçilik fəaliyyəti, görkəmli dövlət xadimi kimi keçdiyi şərəfli yol zəngin materiallar əsasında fəlsəfi məzmun və mahiyyəti ilə birlikdə elmi obyektivliklə qiymətləndirilib", - deyə akademik diqqətə çatdırıb.

Təqdimat mərasimində, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə, elmi işlər üzrə direktor müavini Eynulla Mədətli, həmin institutun şöbə müdirləri professorlar Rəna Mirzəzadə, Azər Mustafayev, baş elmi işçi Ziba Ağayeva, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Heydərşünaslıq şöbəsinin aparıcı elmi işçisi Günel Aslanlı və başqaları çıxış edərək monoqrafiyanın müəllifin çoxillik gərgin əməyinin nəticəsi olduğunu söyləyiblər. Qeyd olunub ki, monoqrafiyada görkəmli dövlət xadiminin zəngin həyatı və fəaliyyəti müəllifin fəlsəfi baxışları ilə tədqiqata cəlb olunub.

Daha sonra nəşrin müəllifi, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva monoqrafiyanın ərsəyə gəlməsi prosesindən danışıb.

Qeyd edək ki, yeddi fəsildən ibarət monoqrafiyada Ulu Öndər Heydər Əliyevin dövrü və dünyagörüşü tarixi kontekstdə araşdırılır, milli-mənəvi və ədəbi-estetik dəyərlər strategiyası, azərbaycançılıq ideyası, milli dövlət ideologiyası, milli lider modeli, siyasi sistemin milli və bəşəri qarantının əsas meyarları tədqiq olunub.

Nəşrin elmi məsləhətçisi və "Ön söz"ünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru akademik Nərgiz Axundova, rəyçiləri Naxçıvan Dövlət Universitetinin professoru Məmməd Rzayev, Kiyev Əqli Mülkiyyət və Hüquq Akademiyasının professoru Arif Quliyevdir.

Digər xəbərlər