PDF Oxu

Cəmiyyət

  • 883

Ailə, qadın və uşaq məsələləri komitəsində ictimai dinləmə

image

Martın 12-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda ictimai dinləmə keçirilib. SİA xəbər verir ki, komitənin sədri Hicran Hüseynova tədbiri açaraq bu il dövlətimiz və xalqımız üçün xüsusi əhəmiyyətə malik tarixi hadisələrin növbəti ildönümünün qeyd ediləcəyini bildirib. O vurğulayıb ki, 30 il əvvəl, 1995-ci il noyabrın 12-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiya hazırlanaraq referendum yolu ilə qəbul edilib. Beş il əvvəl isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq ərazi bütövlüyümüzü və suveren hüquqlarımızı bərpa edib.

Komitə sədri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin "Konstitusiya və Suverenlik İli" elan edildiyini bildirib. O, bununla əlaqədar olaraq keçiriləcək tədbirlər çərçivəsində rəhbərlik etdiyi komitə tərəfindən bugünkü ictimai dinləmənin təşkil edildiyini söyləyib.

Hicran Hüseynova Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən birinin də Azərbaycan Konstitusiyasının hazırlanması olduğunu vurğulayıb. Komitə sədri dövlətimizin Əsas sənədində nikah və ailənin dövlətin himayəsində olduğunu, ana, ata, uşaq hüquqlarının qanunla mühafizə edildiyini deyib. Diqqətə çatdırılıb ki, Konstitusiyanın müddəaları əsas tutulmaqla 2000-ci ildə Ailə Məcəlləsi qəbul olunub və ailə üzvlərinin hüquq və vəzifələri müəyyən edilib.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsbit edilir.

Hicran Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmiz hərtərəfli və sürətli inkişaf edir.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib. O, müasir Konstitusiyada qadın hüquqlarının əsas prioritetlərdən biri olduğunu söyləyib. Komitə sədri, eyni zamanda, 1978-ci ilin Konstitusiyasının qəbulunda Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu vurğulayaraq, bir sıra yeniliklərin olduğunu və ilk dəfə qadın hüquqlarının, ailə məsələlərinin öz əksini tapdığını qeyd edib. Ailənin dövlət tərəfindən müdafiə olunduğu, nikahda qadın və kişi bərabərliyi, uşaq hüquqlarının müdafiəsi ilə bağlı müddəaların təsbit edildiyini söyləyib.

Əli Hüseynli 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızın həm Konstitusiya qanunları, həm də referendum yolu ilə daha da inkişaf etdiyini və 2016-cı ildə keçirilmiş referendum nəticəsində Azərbaycanda Prezident idarəetmə üsulunun möhkəmləndirildiyini, vitse-prezident institutunun yaradıldığını diqqətə çatdırıb.

Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi dövlətimizin hüquqi dayaqlarının möhkəmləndirilməsi, qanunun aliliyinin və Konstitusiya dəyərlərinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının müddəalarının üçdə bir hissəsinin məhz insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə həsr olunduğunu deyib. Bildirib ki, Konstitusiya Məhkəməsi öz qərarları ilə ailə dəyərlərinin qorunmasına, qadın və uşaqların hüquqlarının müdafiəsinə mühüm töhfələr verir.

Ədliyyə nazirinin müavini Abiddin Hüseynov çıxışında mövzunun vacibliyini qeyd edərək, ailədə təlim və tərbiyə prosesinin əhəmiyyətindən söhbət açıb. O, Konstitusiyada ailənin cəmiyyətin özəyi olaraq müəyyən edildiyini, nikah, uşaqla bağlı hüquqi münasibətlərə geniş yer verildiyini, o cümlədən ailə və uşaqların müdafiəsinin birbaşa dövlətin himayəsində olduğunu söyləyib. Ölkəmizdə bu sahədə çoxsaylı qanunların, habelə beynəlxalq müqavilələrlə bağlı sənədlərin qəbul edildiyini, islahatların bu gün də davam etdirildiyini, qanunvericiliyin təkmilləşdirildiyini bildirib. Nazir müavini Ədliyyə Nazirliyinin də ailə, qadın və uşaq hüquqları ilə bağlı məsələlərə dair üzərinə düşən vəzifələri yerinə yetirdiyini qeyd edib.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək vurğulayıb ki, ölkəmizdə ailə, qadın və uşaq məsələləri sahəsində dövlət siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və Ulu Öndərin rəhbərliyi dövründə ailələrin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülüb. Bildirilib ki, Prezidentin ölkəmizdə 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etməsi bu sahədə aparılan islahatların daha da dərinləşməsinə töhfə verir. Sərəncamda insan hüquqlarının təmin edilməsinin və sosial rifahın yüksəldilməsinin dövlət siyasətinin əsas istiqamətləri kimi göstərildiyini deyən Anar Bağırov bu baxımdan ailə institutunun qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin və müvafiq dövlət proqramlarının icrasının xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.

İctimai dinləmədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, üzvləri Müşfiq Məmmədli, Günay Ağamalı, deputat Azər Allahverənov, Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini Tahirə Allahyarova mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. Çıxışlarda ailə institutunun möhkəmlənməsinin, gender bərabərliyinin təmin edilməsinin daim dövlətimizin diqqətindəolduğu bildirilib. Ailə dəyərlərinin möhkəmləndirilməsinin, ailənin sosial-iqtisadi rifahının təmin olunmasının, ailədaxili sağlam mənəvi mühitin formalaşmasının, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlərə əsaslanmasının ümumilikdə cəmiyyətin inkişafında mühüm rolundan bəhs edilib.

Tədbirdə Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının nümayəndələri və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.

Digər xəbərlər