Orta təhsil haqqında rəsmi sənəd olan attestat kollec, peşə məktəbi, universitetə qəbul və xaricdə təhsil üçün əhəmiyyətlidir. Attestatda fənlər üzrə qiymətlər, təhsil səviyyəsi, məzuniyyət ili və s. məlumatlar əks olunur. Azərbaycanda bu sənəd ümumtəhsil məktəblərinin 9-cu sinfini və ya 11-ci sinfini bitirən şagirdlərə verilir. Attestat vətəndaşın orta təhsil səviyyəsini bitirdiyini təsdiq edən rəsmi dövlət sənədidir. Bir müddətdir ki, ölkəmizdə orta məktəb məzunlarının atestatı ilə bağlı bəzi narazılıqlar dilə gətirilir, sosial şəbəkədə bununla bağlı etiraz paylaşımları yayımlanır. Valideynlər övladlarının atestat qiymətlərinin kəsildiyini, buraxılış balının yüksək olmasına rəğmən atestat qiymətlərinin qənaətbəxş olmadığını iddia edirlər. Həmçnin buraxılış imtahanından zəif bal toplayan şagirdlərin atestat qiymətlərinin də qəsdən aşağı yazıldığını iddia edən valideynlər var. Buraxılış imtahanından 250-dən çox bal toplayan məzunların atestat qiymətlərində 3,4 olması ilə bağlı narahatlıqlar barədə ekspertlər də öz fikirlərini paylaşır.
Təhsil eksperti Ramin Rurəliyev bununla bağlı öz facebook səhifəsində yazır: “Hazırda ümumtəhsil məktəblərində buraxılış sinfində oxuyan şagirdlərə attestatlar təqdim olunur. Sosial platformalarda valideynlərin attestata yazılan illik qiymətləndirmənin düzgün aparılmaması səsləndirilir. Valideyn narazılıq edir ki, uşaq buraxılış imtahanlarında zəif nəticə göstərdiyi üçün məktəb rəhbərliyi şagirdin qiymətlərini aşağı yazır. Halbuki uşaq tədris ili boyunca heç 2 qiyməti almayıb. Sadəcə buraxılış imtahanında aşağı nəticə göstərib. Buna görə də, buraxılış imtahanı nəticəsinin bir başa attestata yazılacağı bildirilir.
Buraxılış imtahanı məktəbin ümumi qiymətləndirməsi deyil. Heç bir şagirdə buraxılış imtahanı nəticəsinin yekun qiyməti bütün tədris ili boyunca fəaliyyəti diqqətə alınmadan birbaşa yazıla bilməz. Yəni şagird il boyunca hər hansı bir fəndən, bu fənlərə buraxılış imtahanı fənləri də daxildir, 3, 4, 5 qiyməti alıbsa, sadəcə müəyyən səbəbdən buraxılış imtahanı nəticəsi 2 olsa belə, həmin şagirdin ümumi illik qiyməti 2 ola bilməz. Bu şagirdə ümumi illik qiyməti 2 yazılıbsa, tamamilə təhsil haqqında qanunazid addım atılmışdır, deməkdir. Çünki şagirdin ümumtəhsil məktəblərində illik qiymətləri təhsil haqqında qanuna əsasən bütün tədris ilini əhatə etməlidir. Buraxılış imtahanı yekun qiymətləndirməni əks etdirmir. Şagirdin illik qiymətləndirməsi təhsil haqqında qanuna, nazirlər kabinetinin qərarına, eləcə də, Elm və Təhsil Nazirliyinin göstəriş və qaydalarına əsasən formalaşdırılmalıdır. Buraxılış imtahanı Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul müsabiqəsinin bir hissəsidir.
Buraxılış imtahanı illik qiymətləndirilməyə təsir etməməlidir. Qanunda bununla bağlı hər hansı bir təlimat yoxdur. Şagirdə verilən attestatda buraxılış imtahanının nəticəsi birbaşa yazıla bilməz. Əgər şagird peşə təhsil müəsisələrinə müraciət edəcəksə, buraxılış imtahanı onun üçün hər hansı bir qiymətləndirmə meyarı deyil. Peşə təhsili müəssisələrinə qəbul DİM-in qəbul imtahanları ilə aparılmır, attestat qiymət ortalaması əsasında aparılır. Yəni buraxılış imtahanı peşə təhsilinə qəbulda heç bir rol oynamır. Məktəb rəhbərliyi şagirdlərin qiymətləndirilməsini həyata keçirdiyi zaman onun tədris ili boyunca dərslərə davamiyyətini, hazırcavablığını, tapşırıqlara fəallığını, bilik və bacarığını, sosial fəaliyyətini də nəzərə almalıdır.
Bəs buraxılış imtahanı nəticəsi və illik qiymətləndirmə aşağı olarsa, şagirdə attestat verilirmi? Tez-tez bu sual ünvanlanır. Əgər bir şagirdin riyaziyyat fənni onun biliyinə əsasən qiymətləndirilirsə, fiziki tərbiyə fənni fiziki qabiliyyətinə, çağırışa qədərki hazırlıq fənni bacarığına, rəsm fənni xüsusi istedadına və qabiliyyətinə görə qiymətləndirilir. Bununla yanaşı, buraxılış imtahanında 3 fənn üzrə imtahan təşkil olunur, amma şagirdin attestatına 15-ə yaxın fənn üzrə qiymət yazılır.
Təhsil haqqında qanunda qiymətləndirmə meyarlarına əsasən şagirdlərin məktəbdən kənarlaşdırılması bu halda nəzərdə tutulur. Əgər şagird 4 fəndən 2 qiyməti alarsa, o zaman məktəb pedaqoji şuranın qərarı ilə sinifdə saxlanıla bilər. Bu da o deməkdir ki, şagird hər hansı bir fəndən 2 qiyməti alsa belə, həmçinin attestatına 2 yazılsa belə, buna görə məktəbdən xaric oluna bilməz, yaxud da növbəti sinfə keçməsinə və yaxud da, attestat almasına məhdudiyyət tətbiq edilə bilməz.”
Ekspert bildirir ki, şagirdin ümumi bilik və bacarığı, dərsə davamiyyəti, nizam-intizamı qaydasında deyilsə, bu zaman məktəb pedaqoji şurası tərəfindən müvafiq qərar verilərək haqqında tənbeh tətbiq edilə bilər: “Yəni məktəb rəhbərliyi özbaşına deyil, pedaqoji şuranın qərarına görə addım atmalıdır. Təəssüflər olsun ki, bəzi məktəb direktorları valideynlərin məlumatsızlığından istifadə edərək şagirdlərin qiymətlərinin aşağı olmasını əsas gətirir və bu istiqamətdə müxtəlif təzyiqlər göstərir. Bildirmək istəyirəm ki, bu kimi təzyiqlər tamamən qanunsuzdur”.
Lalə Mehralı