Yaradılışın tarixi boyunca “ümid” anlayışına filosoflar, şairlər, yazıçılar, alimlər müxtəlif prizmadan baxıb. Kiminə görə ümid insanı diri saxlayan, həyat eşqini alovlandıran nəsnədir, kiminə görə aldadan, boş vəd verən, qeyri-müəyyən gələcəyə fokuslayan xülyadır.
Ümid əslində bir inancdır, ölməyən duyğudur, köhnəlməyən düşüncədir. Ümid dinamikdir, özündə alternativ yolları, nikbinliyi, cəsarəti, mübarizəni ehtiva edir. Psixologiya elminə görə ümid müsbət psixologiyanın göstəricisidir. Ənənəvi psixologiyadan fərqli olaraq, müsbət psixologiya insanın güclü və müsbət cəhətlərinə diqqət çəkir və nikbinlik, xoşbəxtlik, məmnunluq kimi həyati keyfiyyətlərin mövcudluğunu dəstəkləyir. Ümid psixoloji dayanıqlılıqda əsas qoruyucu xüsusiyyət hesab olunur.
Ümidin ilk göstəricisi olan məqsəd ona doğru aparan yoldur. Məqsədimiz bizi öz istək və arzularımıza doğru ümidin işığında aparır. Yəni, məqsəd, ümidin reseptində ən vacib komponentdir. Ümidin ikinci komponentini məqsədə getdən yollar təşkil edir, üçüncü komponent isə o yollarda sərf etdiyimiz gücümüz, fəaliyyətimizdir.
Ümidli insanların məqsədlərinə çatmaqda daha uğurlu olduqları, daha pozitiv olduqları və daha çox psixoloji baxımdan möhkəm olduqları sirr deyil. Ümidli olmağı biz uşaq yaşda öyrənirik, böyüdüyümüz ev, valideynlər, çevrəmiz yaradır bizdə bu duyğunu.
Ümumiyyətlə, ümid anlamı həmişə araşdırmalar mövzusu olub, onun varlığı, yoxluğu bir çox alimi maraqlandırıb. Xüsusilə psixoloji gərginliyin, pessimizmin hökm sürdüyü son illərdə dünyada psixologiya, təhsil, səhiyyə və sosial elmlərdə ümid həmişə araşdırma mövzusu olub. Bir çox nəzəriyyəçilər, araşdırmaçı alimlər ümidin insan həyatındakı əhəmiyyətinin vacibliyini qəbul edirlər.
Martin Seligman və Charles R. Snyder kimi alimlər ümidi psixoloji sağlamlığın əsas dayaqlarından biri kimi təsvir edirlər. Snyderin "Ümid nəzəriyyəsi" deyir ki, ümid məqsədə yönəlmiş gücdən və həmin məqsədə çatmaq üçün yol tapma bacarığından ibarətdir. Snyderə görə ümid yalnız arzu deyil, o fəal psixoloji prosesdir.
Dünyada ümid mövzusunda ən çox Amerika universitetləri araşdırma aparır. Elə pozitiv psixologiyanın mərkəzi də ABŞ-dır, çünki psixologiyanın yeni bir sahəsi olaraq 1990-cı illərdə ABŞ-da formalaşıb. Bu psixologiyanın banilərindən olan Martin Seligman ümidi, optimizm, sevinc və müsbət psixologiyanın açarı hesab edir. ABŞ universitetləri hər il ümidlə bağlı elmi araşdırmalara milyardlarla dollar maliyyə ayırır. ABŞ universitetlərinin ümid mövzusunda çox araşdırma aparmasını akademik və maddi imkanlarının genişliyi, ümidin mədəni, sosial, ideoloji dəyər kimi qavranması ilə əlaqələndirirlər.
Tibb elminin bilicilərinə görə ümid xəstənin ən vacib dərmanıdır. Ən ağır xəstəlikdən belə ümidi olduğu üçün sağalan insnalar var və onlar üçün müalicə prosesində ümidin böyük gücü var. Xərçəng xəstələri, xroniki ağrısı olanlar, depressiya və travma sonrası stress yaşayan şəxslərlə bağlı aparılan bir çox tədqiqatlar göstərir ki, gələcəyə ümidi olan insanlar müalicələrə daha tez cavab verir. Pessimist, gələcəklə bağlı heç bir arzusu, ümidi olmayan insanların xəstəliklə mübarizəsi də çox passiv gedir.
Bu gün ABŞ, Kanada, Avstraliya kimi bir çox ölkədə psixoterapiyanın bir komponenti kimi xəstələrin müalicəsində ümid anlayışına xüsusi yer verirlir. Psixoterapevtlər deyir ki, ümid beyinlə bağlı prosesdir. Tədqiqatlar da göstərir ki, dopamin sistemi və prefrontal korteks ümid hissi ilə aktivləşir. Ümidin yoxluğu apatik davranışlara, beyin funksiyalarında zəifləməyə səbəb olur.
Ümid bir cəmiyyət üçün əhəmiyyətli anlayışdır. Xüsusilə münaqişə bölgələrində cəmiyyətlərin ümidə olan aclığı suya, çörəyə olan aclıq qədərdir. Müharibədən, təbii fəlakətlərdən, siyasi və iqtisadi böhranlardan sonra insanların gələcəyə olan inamını ümid formalaşdırır. Bəzən ümidi kasıbın son çarəsi, yaşama səbəbi olaraq da xarakterizə edirlər, hətta el arasında “ümid kasıbın çörəyidir” kimi sözlər də istifadə edilir.
Ünutmaq lazım deyil ki, ümid sosial-mənəvi motivasiyanın açarıdır. Ümid heç sonda da ölmür, Cek Londonun “Həyat eşqi” əsərini oxuyanlar ümidin bir insan üçün nə demək olduğunu ən bariz şəkildə anlayır. Bu əsər insanın yaşamağa və gələcəyə olan ümidini, o ümidə doğru gedən yolda olan əzmini çox gözəl izah edir.
Lalə Mehralı