PDF Oxu

Cəmiyyət

  • 817

Qəhrəmanlar ailəsinin polis zabitləri

image

Polis mayoru İlqar Rəhimzadə ilə tanışlığımızın tarixi ötən əsrin 90-cı illərinə təsadüf edir. O zaman Azərbaycan yenicə dirçəlməyə, insanlar asudə nəfəs almağa, ölkədə qanun-qayda yaranmağa başlamışdı. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdandan dərhal sonra gərgin fəaliyyəti və uzaqgörən siyasəti ilə müstəqilliyin təməl daşlarını atır, dövlət idarəçiliyini nizama salırdı. Yerlərdə isə İlqar Rəhimzadə kimi oğullar bu nizamın mübariz keşikçilərinə çevrilərək, müqəddəs işdə öz səylərini əsirgəmirdilər.

İlqar Azərbaycan polisində xidmətə başlamamışdan əvvəl Birinci Qarabağ müharibəsində döyüşən gənc milli ordumuzun ön sıralarında olub və əldə silah düşmənə qarşı vuruşub. Qarabağ qazisi ordu sıralarından tərxis edildikdən sonra taleyini ölkədə qanununçuluğun keşiyində duran Azərbaycan polisinə bağlayıb. 1998-ildən DİN-də xidmətə başlayıb və üzün müddət ölkəmizin Cənub qapısı olan Astara rayonunda yol polisi vəzifəsində çalışıb. Xidmət keçdiyi müddətdə qarşıya qoyulan vəzifə və tapşırıqları bacarıqla yerinə yetirdiyi və qüsursuz xidmət etdiyi nəzərə alınaraq İlqar Rəhimzadə Astara rayon Polis Şöbəsinin Yol polisi bölməsinin rəisi vəzifəsinə irəli çəkilib. Tanışlığımız da elə o vaxtdan başlayıb.

Onun nəzarət etdiyi ərazidə şəxsi avtomobilimlə yol gedərkən qarşımda bir avtomobil qəzası baş verdi. Özümü qəza yerinə çatdırıb kömək etmək istəyirdim. Bu məqamda Dövlət Yol polisi maşını xüsusi siqnallarla qəza yerinə gəldi. Ön oturacaqda oturan zabit rabitə qurğusu ilə danışır və görünür qəza yerini izah etməyə çalışırdı. Qəza yerinə çatan andaca avtomobildən düşüb qaçaraq qəza törədən maşına yaxınlaşdı. İlk andaca çevik hərəkətlərlə arxası üstə çevrilmiş maşındakı sərnişini çox ehtiyatla ön qapının pəncərəsindən çıxardı. Sonra sürücü tərəfə keçdi. Sürücü bərk əzilmişdi. Bu məqamda yol polisi maşınındakı siravi əməkdaş ona köməyə gəldi. Zabit ona, sürücünün ağır zədəli ola biləcəyini deyib ehtiyatlı davranmağı tapşırdı. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım maşını qəza yerinə yetişdi. Zabit maşından düşən həkimə yaxınlaşıb qəzaya düşən insanların ciddi əzildiyini və onları ləngimədən yaxınlıqdakı xəstəxanaya çatdırmağı tapşırdı. Özü isə qəza yerinə toplaşan insanları ərazidən uzaqlaşmağa və vəziyyəti protokollaşdırmaq üçün şərait yartmağı xahiş etdi...

Mən mənzil başına çatıb işlərimi qaydasına qoyandan sonra geri qayıtmalı oldum. Yol polisi zabiti hələ də qəza baş verən yerdə idi. Ancaq qəzaya uğramış avtomobil kənara çəkilmiş, nəqliyyatın hərəkəti tam bərpa edilmişdi. Maşını bir kənara çəkib saxladım və düşüb polis zabitinə yaxınlaşdım. Salamlaşıb özümü təqdim etdim. O da çox mehribancasına özünü təqdim etdi: “Polis kapitanı İlqar Rəhimzadə”. Sanki 2 saat əvvəl gərgin görkəmi və ciddi baxışları ilə iş başında olan zabit deyildi. Qəzadan zərər çəkmiş insanlara göstərdiyi yardıma görə təşəkkürümü bildirəndə, gülümsəyərək dedi: “Ağsaqqal, bu bizim vəzifə borcumuzdur. Biz istəyirik ki, qəzalar olmasın, amma bu baş verəndə çalışırıq laqeyidlik üzündən ölüm-itim olmasın”.

Bu qısa söhbətimizdən sonra onunla bir neçə dəfə yolda qarşılaşıb hal-əhval tutmuşdum. Bir müddət qarşılaşmadıq. Son görüşümüzdən bir neçə il keçmişdi. Yaxın günlərin birində sürücülük vəsiqəsi ilə bağlı yolum Lənkaran RQİTBŞ-ə düşdü. Kabinetə daxil olanda duruxub qaldım. Stol arxasında oturan inspektror İlqar Rəhimzadə idi. Məni görcək ayağa qalxdı və yaxınlaşıb doğması kimi qucaqladı.

Müşkülümü yoluna qoyandan sonra xahiş etdi ki, nahar fasiləsində onunla oturub bir çay içək. Etiraz etmədim, elə özüm də bu istəkdə idim. Bu dəfə söhbətimiz uzun çəkdi. Qarşımızda Lənkərının pürrəngi çayı şirin söhbət edirdik. Ailəsi, soyu, kökü ilə maraqlandım. Gülə-gülə dedi: “Qazilər ailəsiyik, işimiz Vətənə xidmət etməkdir”. İlqarın bu sözləri məndə dərin maraq oyatdı. Bundan sonra söhbətimiz biləvasitə elə bu mövzuda davam etdi.

Bu görüşdən sonra “Qazilər ailəsi” ilə daha ciddi maraqlanmağa başladım və öyrəndiklərimi isti bir yazıya çevirməyə qərar verdim. Bu ailənin taleyi ibrətamiz və maraqlı bir yazının mövzusu idi.

İlqarın atası Şirinbəy Rəhimov əslən Talış dağlarının qoynunda yerləşən Lerik rayonunun Veri-Əliabad kəndindəndir. Anası Gülarə xanımla evliliklərindən 7 oğul, 3 qız övladları var. Uzun müddət kənd sovxozunda ferma müdiri işləyən Şirinbəy kişi 1997-ildə Lənkəran rayonunun Bəlləbür kəndinə köçüb. Amma buna qədər uşaqlar əzəmətli Talış dağlarının saf havasını, buz bulaqların büllur kimi sularından içib, zəhmət çəkə-çəkə boya-başa çatıblar.

Şirinbəy kişi sovxozun fermasıilə bərabər soyuqlar düşəndə Arana, qışlağa enib, yayda sərin yaylaqları olan doğma yerlərə qayıdıb. Sözün həqiqi mənasında qəhrəman olan Qəhrəman ana Gülarə xanım isə 10 uşağın bütün qayğısını üstünə çəkib. Bu valideynlərin ən vacib vəzifə saydıqları isə uşaqların tərbiyəsi, təhsili və layiqli vətəndaş kimi yetişmələri olub. Bu vəzifə yükü də uzun illər ananın çiyinlərinə düşüb. Səhər sübdən iş başına çıxan Şirinbəy kişi axşam evə qayıdanda uşaqlar artıq yataqlarında olublar. Beləcə böyüyüb boya-başa çatanda Vətənin ağır günləri başlayıb.

Şirinbəy kişinin və Gülarə ananın ərsəyi gətirdiyi oğullar ilk gündən Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin ön cərgəsində olublar. Bu yola ilk atılan Şirinbəy kişinin ilk Ağaddin olub. O zaman müstəqilliyini yeni qazanan Azərbaycanda nə nizami ordu, nə sabit siyasi vəziyyət var idi. Amma Vətən torpaqları yağı düşmənin aramsız hücumlarına məruz qalmaqda, yuxarı Qarabağ torpaqları yağmalanmaqda, bu yerlərin sakinləri erməni qaniçənlərinin silahlı basqınlarında qan ağlamaqda idilər. Məhz belə bir zamanda Vətənin mərd və qəhrəman, qeyrətli oğullara daha böyük ehtiyacı var idi. Ağaddin kimi oğullar heç bir təmənna güdmədən ölkəmizin ərazi bötövlüyü uğrunda döyüşlərə qoşuldular. Ağaddindən sonra növbə Rafiqə çatıb. Rafiq Ağaddinin açdığı cığırı özünə yol seçib. Döyüşlərdə bərkiyib, yaralandığı da olub və Birinci Qarabağ döyüşündən qazi kimi dönüb.

Sonra İlqar qabağa düşüb. Tərəddüd etmədən ata-ana ilə halallaşaraq səngəri müqəddəs post bilib. Bir çox döyüşlərdə iştirak edib, erməni separatçılarının namərd hücumlarına sinə gərib. İlqar hərbi xidməti başa vurmamış ondan kiçiyi Ələddin əsgər paltarı geyinərək cəbhə xəttinə xidmətə yollanıb. Bir neçə döyüşdə iştirak edib və qardaşlarının şərəflə keçdikləri yolu o da mərdi mərdanə yürüyüb.

Bu vaxta Zəfər müjdəli 44 günlük müharibə artıq yaxınlaşmaqda idi, deyə İlqar söhbətinə davam edir: "Qardaşım Zaur Daxili Qoşunların Xüsusi təyinatlı taborunda xidmət keçirdi. O hamıımızdan dəliqanlı və cəngavər bir döyüşçüdür. Zaur DİN-in Daxili Qoşunlarının “Pələng” Xüsusi Təyinatlı Dəstəsinin komandiri idi...

Zaur haqqında mən də az eşitməmişdim. Lənkəranda onun haqqında dastanlar dolaşmaqdadır. Amma rəsmi olaraq onun haqqında yazırlar: Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru olan Zaur Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın silahlı dəstələrinin işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsinin ilk günlərindən Murovdağ istiqamətində gedən döyüşlərdə başlayıb. Müharibənin birinci günündə yaralanıb. Lakin qısa bir müddət müalicə aldıqdan sonra dərhal döyüş meydanına qayıdıb. Cəbrayıl, Xocavənd və Şuşanın azadl edilməsi uğrunda gedən döyüşlərdə daim ön sırada olub və xüsusi şücaət göstərib. Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Lakin müharibənin son günündə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralanıb.

Zaurun keçdiyi döyüş yolu və göstərdiyi şücaətlər onun sinasini bəziyən orden və medallardan da aydın görünür. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Zaur Şirinbəy oğlu Rəhimov “Zəfər” ordeni, "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şücaətə görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medallarla təltif edilib. Zaur Rəhimov hal-hazırda DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Təyinatlı İdarəsində şöbə rəisi vəzifəsində çalışır.
– Amma biz də, Zaur da yalnız bizim ailənin qaziləriyik, - deyə İlqar sözünə davam edir. – 6 əmim oğlu da Qarabağ müharibəsi qazisidir, bir əmim oğlu – Valeh Yaqub oğlu Rəhimov və bir bacım oğlu Sadiq Nadir oğlu Rəhimov 44 günlük müharibədə qəhrəmancasına şəhid olublar.

İlqar danışdıqca mən qürur hissi keçirir və heyrətimi gizlədə bilmirdim. Beləcə İlqarla tanışlığım mənə Cənubun qəhrəman “qazilər ailəsi” ilə də tanış etdi. İlqarla sağollaşıb ayrılanda təkrar onu qucaqlayıb bağrıma basdım: “Vətənin suyu da, çörəyi də sizə halaldır oğul. Sizə qol-qanad verən valideynlər sağ olsunlar...”- deyib ucaboylu, yaraşıqlı qazi-polis dostumdan ayrıldım. Amma harada və hansı məclisdə oldumsa bu ailə haqqında danışmağı özümə borc bildim.

Bəxtiyar HÜSEYNOV,
yazıçı-publisist,
təqaüddə olan dövlət qulluqçusu

Digər xəbərlər