PDF Oxu

Dünya

  • 3 770

Okean və dənizləri məhv etmişik -SOS

image

Okeanlarda plastik çirklənmə ilə bağlı araşdırma aparan bir qrup alim 1979-cu ildən bəri toplanan tullantıların statistikası barədə qeydləri təhlil edib. Bu analizdə okeanlardakı plastik tullantıların sayını təxmin etmək üçün riyazi modelə qeydlər əlavə edilib. Nəticələrə görə, okeanlarda dünyanın təxminən 70 faizini əhatə edən təxminən 171 trilyon plastik-polietilen parçası var. Alimlər xəbərdarlıq edirlər ki, okeanlardakı plastik sıxlığı ilə bağlı heç bir tədbir görülməsə, tullantılar 2040-cı ilə qədər təxminən 3 dəfə arta bilər.

Araşdırmanın müəllifi 5 Gyres İnstitutunun Dr. Markus Eriksen, 2005-ci ildə okeanları çirkləndirən plastik sayının 16 trilyon olduğu halda, bu rəqəmin 18 il ərzində təqribən 171 trilyona yüksəldiyini bildirir. Eriksen, 2005-ci ildən sonra baş verən ciddi artımı təbiəti qoruma proqramlarına etinasız yanaşılması, həmçinin, indiyədək bu dərəcədə dərin araşdırılma aparılmaması ilə bağlayır.

Dəniz canlıları plastik yeyir

Hər il təbiətə atılan və əriməsi illərlə vaxt aparan plastiklərin yaratdığı çirklənmə səbəbindən okeanlardakı bir çox heyvan plastiki qida hesab edir, yeyir və mədələri plastiklə dolu olduğu üçün aclıqdan ölürlər. Plastik tullantıların ən çox olduğu okeanlardan biri Atlantik okeanının olduğu təxmin edilir. Problem ilə əlaqədar, açıq dənizlərdə biomüxtəlifliyin qorunması üçün uzun illər davam edən danışıqlardan sonra bu il martın 5-də Birləşmiş Millətlər Təşkilatında razılaşma əldə edilib. Bu müqavilə okeanların 30 faizini qorumaq məqsədi daşıyır. Araşdırmanın nəticələri PLOS ONE elmi jurnalında dərc olunub.

Statistik məlumatlara görə, dünyada hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Rahat alış-verişin etalonu hesab edilən bu torbaların dənizə atılması bir çox dəniz canlısının mədəsində plastik tullantıların yığılmasına səbəb olur. Çünki okeanda səfərdə olan gəmilər ildə 4 milyon kiloqrama qədər polietilen torbanı dənizə atır. Ekoloqlar deyirlər ki, dünyanın quru səthinin polietilen torba işğalından qurtulmasının səbəbi okean dibinin sellofan torba və plastik qabların qəbiristanlığına çevrilməsidir.

Vəhşi təbiəti qoruyaq, ya qorumayaq?

Birləşmiş Millətlər Təşkilatı dünya okeanlarını qorumaq üçün tarixi sazişi 10 illik danışıqlardan sonra imzaladı. Açıq Dəniz Müqaviləsi dəniz təbiətini qorumaq və bərpa etmək üçün 2030-cu ilə qədər dənizlərin 30 faizini qorumaq məqsədi daşıyır. Danışıqlar maliyyələşdirmə və balıqçılıq hüquqları ilə bağlı fikir ayrılıqlarına görə illərdir təxirə salınırdı.

BMT-nin Dəniz Hüququ Konvensiyası kimi tanınan okeanların mühafizəsi üzrə sonuncu beynəlxalq saziş 40 il əvvəl 1982-ci ildə imzalanıb. Bu müqavilə bütün ölkələrin balıq tutmaq, gəmiçilik və kəşfiyyat hüququna malik olduğu “açıq dənizlər” adlanan ərazi yaratdı.

Okeanın təqribən üçdə ikisini milli sərhədlərdən kənarda əhatə edən saziş vəhşi təbiəti qorumaq və açıq dənizlərin genetik ehtiyatlarını bölüşmək üçün böyük dəniz mühafizə zonalarının yaradılması üçün hüquqi baza təmin edəcək. Müqavilənin qüvvəyə minməsi üçün 60 ölkə tərəfindən ratifikasiya edilməsi lazımdır.

İnsan okeanı həm sümürür, həm çirkləndirir

Qeyd edək ki, 1982-ci ildən bəri dənizlərlə bağlı ən mühüm saziş 1982-ci il Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyası (UNCLOS) dünya dənizlərinin konstitusiyası kimi qəbul edilirdi. UNCLOS, dövlətlərin suverenliyinin sərhədlərini müəyyən edir, həmçinin açıq dənizlərdə hüquq və vəzifələri müəyyən edir. UNCLOS-a əsasən, dövlətlər kontinental şelf və eksklüziv iqtisadi zona daxilində resurslardan istifadə etmək hüququna malikdirlər.

Açıq dənizdə bütün dövlətlərə resurslara çıxış azadlığı verilir. Eyni zamanda, dövlətlərin dəniz mühitini və dəniz canlı resurslarını qorumaq öhdəliyi var. UNCLOS-un milli suverenlik zonasından kənar ərazilərdə açıq dənizlər və dəniz dibi ilə bağlı müddəaları zamanla müxtəlif saziş və konvensiyalarla işlənib hazırlanıb. Bunlar, ümumiyyətlə, dəniz dibi mədənçilik, balıqçılıq, tullantıların atılması və gəmiçilik fəaliyyətləri ilə bağlıdır. Bununla belə, 1982-ci il konvensiyasına əsasən okeanların yalnız 1 faizi qoruna bilərdi.

Okeanlar niyə bu qədər vacibdir?

Okeanlar planetin ən böyük istilik qəbuledicisidir. İqlim dəyişikliyinin nəticəsində yaranmış qlobal istiliyin 90 faizini okeanlar udur. Okeanlar həm də çox məhsuldar bir karbon mənbəyidir və antropogen CO2 emissiyalarının 23 faizini udur. Həmçinin, bəzi karbon hissəciklərinin min illərdir dəniz dibi çöküntülərində mühafizə edildiyi ehtimal edilsə də, bu məsələ hələ də tam araşdırılmayıb.

IUCN-in məlumatına görə, okeanlardakı bütün canlıların ən azı 10 faizi yox olmaq ərəfəsindədir. Mütəxəssislər bu problemin iki səbəbi olduğunu deyirlər. 1-ci səbəb ekoloji çirklənmə, 2-ci səbəb həddindən artıq balıq ovu olaraq göstərilir. Eyni zamanda, kosmetik və sağlamlıq sahəsində son illər dəniz dibi canlılarından istifadə də çoxalıb. Lakin belə davam etsə, okeanlarda canlı tapmaq olduqca müşkülə çevriləcək.

Lalə Mehralı

Digər xəbərlər