Dünya

  • 4 453

Dünyanın meşə sahəsi azalır

image

Meşələr dünyanın ümumi ərazisinin təxminən 31%-ni əhatə edir. Bu o deməkdir ki, dünyanın ümumi meşə sahəsi 4 milyard hektardan bir qədər çoxdur. 2020-ci ilin statistik məlumatlarına görə meşələr baxımından dünyanın ən zəngin ölkəsi 8,153,116 kvadrat kilometr ərazisi ilə Rusiya Federasiyasıdır. Dünyanın yaşıllığına 4,966,196 kvadrat kilometr meşə ərazisi ilə Braziliya, 3,469,281 kvadrat kilometr meşə ərazisi ilə Kanada, 3,097,950 kvadrat kilometr meşəsi ilə ABŞ, 2,199,781,8 kvadrat kilometrlik meşələri ilə Çin, 1,340,051 kvadrat kilometr meşəliyi ilə Avstraliya, 921,332 kvadrat kilometrlik meşə ərazisi ilə İndoneziya töhfə verir.

Ölkələrin səth sahəsi ilə müqayisədə ən çox meşə sahəsinə malik ölkə 97,4% ilə Cənubi Amerikada yerləşən Surinam olub. Həmçinin sahəsinə görə daha sonrakı sıralama 93,6%-lə Qayana (Cənubi Amerika), 92%-lə Mikroneziya (Okeaniya), 91,3%-lə Qabon (Mərkəzi Afrika), 90,1%-lə Solomon Adaları (Okeaniya), 90%-lə Palau (Okeaniya) və 87,3%-lə Ekvadordur. Qvineya (Mərkəzi Afrika) dünya yaşıllığında paya sahibdir. Türkiyənin 28,87%-ni meşələr, ABŞ-ın 33,87%-ni, Almaniyanın 32,68%-ni və Çinin 23,34%-ni meşələr təşkil edir. Ən az meşə sahəsi olan ölkələr Liviya (Şimali Afrika) və Farer adaları (Şimali Atlantika) 0,1%, Kurasao (Karib dənizi) 0,2%, Cibuti (Şərqi Afrika) və Mavritaniya (Afrika) 0,3% və Küveytdir. 0,4% (Yaxın Şərq), Səudiyyə Ərəbistanı (Yaxın Şərq) və 0,5% ilə İslandiyadır (Avropa).

Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olsa da hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da ölkə ərazisinin 11,8%-ni təşkil edir. Ölkəmizin meşə ehtiyatının 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionunun, 15%-i Talış zonasının və 2%-i Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına 0,12 ha meşə sahəsi düşür.

Meşələri “dünyanın ağciyərləri” adlandırırlar. Meşələr çoxsaylı fauna və floranı özündə ehtiva edən mürəkkəb ekosistemdir. Ekosistem - eyni mühitdə sağ qalan və bir-biri ilə qarşılıqlı əlaqədə olan heyvanların, bitkilərin və mikroorqanizmlərin vəhdəti deməkdir. Ağaclar, meşənin və ümumiyyətlə təbiətin mühüm tərkib hissəsidir. Havanı təmizləyir, kölgəlik yaradır, istiliyi özündə saxlayır və atmosferdəki səsləri udur. Meşələr fauna və floranın müxtəlif növləri üçün həyati infrastruktur təmin edir.

Quru ərazisinin üçdə birini əhatə edən və canlı aləmin yarıdan çoxuna ev olan meşələr dünya ekosisteminin ən vacib qollarından biri hesab olunur. Quruda yaşayan canlıların 80%-nin sağ qalması meşələrdən asılıdır. Meşələrin məhvinə görə sayı azalan heyvanların ölümü ekosistemdə böyük bir boşluq yaratmaq deməkdir. Növünə, yaşına və iqliminə görə bəzi istisnalar olsa da, orta hesabla bir ağac bir gündə 10-12 insanın ehtiyacı olan qədər oksigeni istehsal edir. Yəni sadəcə bir ağac kəsilsə, 10-12 adam 1 günlük oksigen ehtiyatını itirir. Başqa sözlə,1 ağac insan ömrünün bir günü deməkdir. Üstəlik, meşələr təxminən 1,6 milyard insan üçün qazanc mənbəyidir.

Ancaq əhalinin sürətli artımı, şəhərlərin böyüməsi, tikinti səbəbi ilə hər il hektarlarla meşələr qırılır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hazırladığı hesabata görə, 1990-cı ildən bəri dünyada 178 milyon hektar meşə sahəsi məhv olub. “Qlobal Meşə Resurslarının Qiymətləndirilməsi 2020” adlı hesabat 236 ölkə və bölgəni əhatə edib. Meşə itkilərinin ən böyük hissəsi Mərkəzi Afrika və Cənub-Şərqi Asiyada baş verir, bu bölgələrdə hər il ən azı 1 milyon hektar meşə qırılır.

Meşələr üçün digər təhlükə isə yanğınlardır. Son illər dünyanın müxtəlif ərazilərindəki meşələrdə böyük yanğınlar baş verir. Bu yanğınlar səmanın hislə örtülməsinə və Günəşin önünün bağlanmasına səbəb olur. Yanğınlar zamanı milyonlarla canlı məhv olur, dünyanın canlı orqanizm balansı pozulur. Yanğınlar həmçinin kənd təsərrüfatı ərazilərində məhsuldarlığa təsir edir, bunun da nəticəsində dünya miqyasında qıtlıq baş verə bilər.

Normal böyüklükdə olan hər bir ağac atmosferə ildə 150 ​​ton su göndərir. Bu da yağış təminatında əhəmiyyətli pay deməkdir. Meşələr olmasaydı, torpağın temperaturu yüksələrdi. Torpaq sürüşmələrinin və daşqınların baş verməsində də ağacların məhv edilməsinin payı var. Ağaclar kökləri sayəsində torpağın çoxlu su udmasına mane olur, beləcə sürüşmənin qarşısını ala bilir. Ağaclar olmasa, sürüşmə və sel nəticəsində maddi və mənəvi itkilər daha çox baş verər.

Ağacların köklərindən süzülən su yeraltı su anbarlarına toplanır. Bu da içməli su kimi dünya əhalisi üçün əhəmiyyətli rezerv deməkdir. Meşələrin qırılması, yandırılması insanlarla bərabər heyvanalara da zərər verir. 60 min müxtəlif ağac növünü özündə ehtiva edən meşələr suda-quruda yaşayan canlıların 80 faizinin, bütün quş növlərinin 75 faizinin və məməlilərin 68-nin evidir.

Lalə Mehralı

Digər xəbərlər