Uzun illərdir ki, alimlər qlobal istiləşmə səbəbindən planetdəki canlıların yarısının öləcəyi barədə xəbərdarlıq edirlər. Zaman keçdikcə iqlimin dəyişəcəyi və getdikcə daha çox anomaliyaların meydana çıxacağı barədə proqnozlar özünü doğruldur. Bunlar niyə baş verir və bununla bağlı nə etmək olar? Adi bir insan bu anomaliyanı düzəldə bilərmi? Biz dünyanı xilas edə biləcək iqtidardayıq? Ümumiyyətlə, insan faktoru bu anomaliyanın harasında qərarlaşıb?
Qlobal istiləşmə prosesi artıq başlayıb, orta iqlim göstəriciləri daim dəyişir. Hesablamalara görə Yer artıq "istixana qazları" adlanan sənaye emissiyaları səbəbindən 1,2 dərəcə istiləşib. Proses 1880-ci ildən, yəni sənaye inqilabından əvvəl başlayıb. İstixana qazları sənayedən əvvəl də var idi. Bunlar vulkan püskürmələri, meşə yanğınları və hətta canlı orqanizmlərin nəfəs almasıdır, yəni bu normal bir prosesdir. Amma sənayenin təsiri o qədər böyüdü ki, proses daha sürətlə getdi. Əslində 1, 2 dərəcə o qədər çox olmasa da, alimlər dörd il əvvəl, əlavə istilik və enerji baxımından temperaturun 1,1 dərəcə artmasının saniyədə dörd Xirosima bombası partlayışına bərabər olduğunu bildirmişdilər.
İldən-ilə daha betər...
Emissiyaların artmasının səbəbləri kömür, neft və qazın yanması, meşələrin qırılması, heyvandarlıq məhsullarının artımı, gübrələrdən azot oksidi emissiyaları, avadanlıq və məhsullardan flüorlu qazların çıxmasıdır. 1980-ci illərdən bəri hər onillik əvvəlkindən daha isti olur. Ümumiyyətlə, alimlər planetin temperaturunun 2 dərəcəyə qədər artmasının fəlakətə səbəb olacağını deyirlər. Kənd təsərrüfatında problemlər olacaq, bəzi heyvanlar tələf olacaq, ümumiyyətlə, istiləşmə bütün ekosistemlərə təsir göstərəcək. Planetin müxtəlif yerlərində hava anomaliyaları daha da pisləşəcək ki, bu da insanların həyatına təsir göstərəcək. Alimlər gözləyirlər ki, dünyanın bəzi yerlərində yağış az, bəzilərində daha çox, üçdə birində isə eyni miqdarda yağış yağacaq, lakin daha güclü və qısamüddətli olacaq. Belə anomaliyalar quraqlığa və daşqınlara səbəb olacaq. Necə ki, biz bunu artıq müşahidə edirik.
İndi problemlərdən ən çox əziyyət çəkən əsasən kasıb ölkələrdir. BMT-nin məlumatına görə, son on ildə hər il orta hesabla 23,1 milyon insan təbii fəlakətlərə və onların nəticələrinə görə öz evindən, yurdundan köçmək məcburiyyətində qalıb. Bu, həmçinin daha çox insanın yoxsulluq həddinə düşmə riskini artırıb. BMT-yə görə, qlobal istiləşmə səbəbindən hamının gec-tez qarşılaşacağı problemlər çoxdur. Bu problemlər tropik və subtropiklərdə kənd təsərrüfatı üçün təhlükənin olması, əhalinin yağış sularından asılı olduğu bölgələrdə yağıntının azalması, tropik və subtropik bölgələrdə malyariya və digər xəstəliklərdən ölüm halları artması, buzlaqların əriməsi və müvafiq olaraq dəniz səviyyəsinin yüksəlməsi, bu da sahilyanı ərazilərin su altında qalmasına səbəb olması, meşələrin təhlükə altında olması və s.-dir.
Zamanla qlobal istiləşmə artacaq və açıq havada işləmək dözülməz hala gələcək. İnşaatçılar, dənizçilər, yanğınsöndürənlər və kənd təsərrüfatı işçiləri əziyyət çəkəcəklər. Temperaturun yüksəlməsi ilə əlaqədar olaraq insanlar kondisioner və ventilyatorlardan daha çox istifadə etməli olacaqlar və elektrik enerjisi haqqı bahalaşacaq. Çiçəkləmə dövrü daha uzun olacaq, bu da allergiya və astma kimi tutmaların artmasına səbəb olacaq. Temperatur yüksəldikcə daha çox insan hipertermiya (yüksək bədən istiliyi) və günvurmadan əziyyət çəkəcək.
Hazırda təbiətdəki bitkilərin dörddə üçü tozlanma üçün böcəklərin köməyindən istifadə edir, lakin həşərat növlərinin 41%-i yox olmaq təhlükəsi altındadır, bu da tozlanma prosesinin azalacağı və təbiətin yaşıllıq nisbətinin düşəcəyi deməkdir. Güclü tufanlar və güclü yağıntılar su ehtiyatlarının, o cümlədən içməli su mənbələrinin çirklənməsinə səbəb olacaq. Temperatur yüksəldikcə bəzi təyyarələr istiyə tab gətirə bilməyəcək. 2015-ci ildə alimlər hesablayıblar ki, həddindən artıq istilər təyyarələrin qalxma çəkisini məhdudlaşdıra bilər.
Dünya təhlükənin fərqindədirmi?
Qlobal istiləşmə istiqamətində ekoloqlar orta temperaturun dəyişməsini qeyd etməyə başladıqları 1975-ci ildən bəri kifayət qədər fəal mübarizə aparılır. İqlim dəyişikliyi ilə bağlı ölkələrin işini tənzimləyən ilk sənəd 1992-ci ildə qəbul edilib - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası bundan əlavə, 1997-ci ildə istixana emissiyalarının azaldılması və ya sabitləşdirilməsini nəzərdə tutan Kioto Protokolu qəbul edilib. 2015-ci ildə 200-ə yaxın ölkə Paris İqlim Sazişini imzalayıb. Hər iki sənədin əsas məqsədi 2100-cü ilə qədər planetdə orta temperaturun sənayedən əvvəlki səviyyədən 2°C-dən çox artmasının qarşısını almaq və qlobal istiləşməni 1,5°C-də saxlamaq üçün mümkün olan hər şeyi etməkdir.
Qarşıya qoyulan məqsədlərə görə 2030-cu ildən karbon emissiyaları olmadan yeni bina və tikililər tikmək, elektrik enerjisinin mövcudluğunu artırmaq və kömür zavodlarından istifadəni azaltmaq, 60%-ə qədər elektriklə işləyən avtomobillər istifadə etmək şərtdir. 2035-ci ildə satılan elektrik yük maşınlarının payını 50%-ə çatdırmaq, bütün sənaye elektrik mühərrikləri və soyutma sistemləri üçün ən yüksək enerji səmərəliliyi sinfini təmin etmək öhdəlikdir. 2040-cı ildən etibarən elektrik enerjisi istehsalından sıfır emissiyaya nail olmaq, 2020-ci ilə nisbətdə neftin yalnız 50%-ni istehlak etmək, aşağı emissiyalı aviasiya yanacaqlarının payını 50%-ə qədər artırmaq əsas prinsiplərdəndir.
Sənədlərin öhdəliklərinə görə 2050-ci ilə qədər dünya elektrik enerjisinin 90%-dən çoxu bərpa olunan enerji mənbələrindən istifadə etməklə istehsal edilməli, bunun da 70%-dən çoxu külək və günəş enerjisinə əsaslanmalı, ağır sənayenin 90%-dən çoxu ümumiyyətlə istixana qazları buraxmamalıdır. Həmçinin bina və tikililərin 85%-dən çoxunu karbon neytrallığı üçün hazırlamaq hədəflənir.
Müxtəlif ekspertlər, ekoloq alimlər yaşıllaşdırma və daha yaşıl bir dünya üçün müxtəlif variantlar təklif edirlər: avtomobillərdən velosipedlərə keçid, birdəfəlik qablardan və plastik məhsullardan istifadəni dayandırmaq, tullantıları azaltmaq, elektrik enerjisinə qənaət etmək, dəbə uyub geyimləri tez-tez yeniləməmək, elektrikli nəqliyyat vasitələrinə üstünlük vermək, bərpa olunan enerji mənbələrinə keçmək, nağdsız ödənişdən istifadə etmək, daha çox bitki qidaları yemək, xarab olan cihazları atmaq əvəzinə təmir etməklə tullantıları azaltmaq.
Azərbaycan iqlimin dostu olmaq yolundadır
Dünyaya əhəmiyyətli nisbətdə təbii enerjilərindən ixrac edən ölkəmiz də məsuliyyətlərinin fərqindədir. Bu il ölkəmizdə keçirilən COP29 tədbiri də bu məsuliyyətin bir hissəsidir. Hazırda Azərbaycanda əsas ekoloji problemlər su ehtiyatlarının çirkləndirilməsi, sənaye müəssisələri və avtonəqliyyatın atmosferi çirkləndirməsi, kənd təsərrüfatı üçün yararlı torpaqların sıradan çıxması, tullantıların tələb olunan səviyyədə idarə olunmaması, biomüxtəlifliyin qorunmaması, meşələrin, flora və faunanın qorunmamasıdır. Sadalanan problemlərin əksəriyyəti 30 ilə yaxın işğal altında olan torpaqlarımızda qeydə alınıb.
Azad olunan ərazilərin ekoloji tarazlığının, fauna və florasının yenidən bərpa edilməsində böyük işlər görülür. İşğaldan azad edilən ərazilərə köçürülən sakinlərə daha təmiz, daha saf bir mühit yaradıldı, kökü kəsilməkdə olan vəhşi heyvanların nəsli artırıldı, yoxa çıxmaqda olan bitki nümunələri çoxaldıldı. Həmçinin, Qarabağda, eləcə də bütün ölkəmizdə alternativ enerjidən istifadə yiolunda ciddi addımlar atılır. Günəş və külək alternativlərindən, habelə su vasitəsi ilə enerji almaq üsullardan istifadə edilir. Bu istiqamətdə həyata keçirilən işlər zamanla sürətlənir, tətbiq sahələri genişləndirilir.
Bir tərəfdə biznes və maliyyə qazancları dayanır, digər tərəfdə dünyanın gələcəyi və insan faktoru. Azərbaycan dünyanın ekoloji tarazlığının qorunması, insan faktorunun zərər görməməsi naminə hətta öz təbii sərvətlərindən - neftindən və qazından da imtina etməyə hazırdır, ölkəmiz bərpaolunan enerji qaynaqlarını artırmaqla tələb olunan enerji ehtiyatını təmin etmək yolunda daha çox hədəflənib.
Ümumiyyətlə, hər bir insanın, dövlətin bu gün etdiyi seçimlər gələcək üçün çox vacibdir, əvvəlcə bunu dərk etməliyik. İllər keçdikcə təbii resurslar həmişəkindən daha qiymətli olur, çünki tükənir. Buna laqeyd yanaşmağı dayandırmağın və dünyanı qorumağın vaxtıdır. Daha sağlam gələcək və daha azad insan naminə...
Lalə Mehralı
Məqalə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir.
Qlobal miqyasda elektrik avtomobili satışları keçən il rekord həddə çataraq 17,1 milyona çatıb.