“Bizim oliqarxlar Rusiyanı zəiflətmək üçün Ukraynadan silah kimi istifadə edir, çünki ABŞ siyasətinin ən mühüm vəzifəsi Rusiyanı diz çökdürməkdir”
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın həyatına qəsd cəhdləri Amerika siyasətində zorakılığa doğru tendensiyanın olduğunu göstərir. Bu fikri CNN bildirib. Qeyd olunur ki, seçki kampaniyası zamanı bu cür hadisələr amerikalıların odlu silahlara asan çıxışı ilə daha da güclənən “zorakılığa gizli meyl”dən xəbər verir. CNN xəbərdarlıq edir ki, prezidentlik yarışı zamanı belə hadisələr ölkəni daha da “qaranlıq yola” apara bilər.
Bu, həqiqətən də bir növ tendensiya kimi görünür- bir seçki kampaniyasında eyni namizədə qarşı ikinci sui-qəsd cəhd. Bunu necə başa düşmək olar? Təsadüf? Yoxsa ABŞ-da bəzi qüvvələrin Trampdan o qədər narazı olduğunu, hətta onun Ağ Evə düşməməsi üçün onu fiziki olaraq aradan qaldırmağa belə hazır olduqlarını güman etmək məqbuldurmu?
Tanınmış amerikalı ekspertlər Caliber.Az üçün bu sualları cavablandırıb. Şərhləri oxucularımıza təqdim edirik.
Analitik, publisist, professor Qriqori İoffe qeyd edir ki, Tramp şübhəsiz ki, bəzi qüvvələrə sərf etmir.
“Bu o qədər aydındır ki, hiyləgərlik etməyin faydası yoxdur. O, kəşfiyyat strukturlarına, oliqarxiyanın əksəriyyətinə- xüsusən də hərbi-sənaye oliqarxiyasına və Vaşinqton bürokratiyasının əhəmiyyətli hissəsinə sərf etmir. Lakin bununla belə onların hər iki cəhdi təşkil etmələri nəticə verməyib. Belə bir iddia irəli sürmək üçün sübut lazımdır, məndə, əlbəttə ki, belə sübutlar yoxdur. Bununla belə, ciddi inandırıcı dəlil Demokratlar Partiyasına xidmət edən mətbuatın Trampa gecə-gündüz böhtan atmasıdır. Üstəlik, birbaşa zorakılığa çağırıçları. Əgər səkkiz-doqquz il ərzində hər gün sizi Hitlerə bənzədib ölkə üçün, xüsusən də “demokratiyamız” üçün ekzistensial təhlükə olduğunu söyləyirlərsə, əmin ola bilərsiniz ki, əqli cəhətdən ən zəif adamlar silaha əl atacaqlar. Silahın əlçatanlığının azaldılması belə həlledici əhəmiyyət kəsb etməz, çünki bu insanlar onsuz da onu əldə edəcəklər”,- professor deyir.
Bununla belə, onun sözlərinə görə, vəziyyətin ironiyası ondan ibarətdir ki, Tramp zorakılığa çağırışda ittiham olunur, lakin zorakılığa məruz qalan şəxs odur.
“Bizim demokratiyaya” təhlükə isə senzuranı canfəşanlıqla tətbiq edən və məhkəmə sistemini opponentlərə qarşı yönəlmiş siyasi araşdırma silahına çevirən siyasi spektrin əks tərəfindən gəlir.
Məntiqi dairəni bağlamaq üçün onu da vurğulaya bilərik ki, Demokratlar Partiyası Trampın qarşı çıxdığı korporativ-bürokratik dairələrin maraqlarını ifadə edir”,- ekspert qeyd edib.
Siyasi şərhçi Con Varoli öz növbəsində bildirib ki, bu, həm amerikalıların, həm də xaricdəki insanların Amerika prezidentinin nə olduğunu tam başa düşməməsindən başlamalıdır.
“Nəzərə almalıyıq ki, biz ona ali baş komandan deyirik. Yəni, prezident ilk növbədə, qoşunlarımızın komandanıdır, hərbi rəhbərdir. Amerika prezidentinin əsas vəzifəsi xarici siyasət aparmaqdır. Müasir ABŞ prezidentinin vəzifəsi imperiyamızın gücünü və təsirini genişləndirməkdir. Çünki yalnız xarici siyasət məsələlərində Amerika prezidenti məhdudiyyətsiz, mütləq hakimiyyətə malikdir.
Bu, onun daxili siyasətdəki roluna aid deyil, orada hər şey daha mürəkkəbdir, çünki bizdə federal sistem, bir çox ştatlar, Konqres, Ali Məhkəmə və bir çox başqa orqanlar var. Yəni daxili siyasətdə Amerika prezidenti oyunçulardan yalnız biridir və o qədər də çəkisi yoxdur. Amerika daxilində əsl güc oliqarxiyanın əlindədir. Prezident isə onlara xidmət etməlidir. Seçkilər sırf şou üçün keçirilir. Ağ Evdə kimin olması o qədər də vacib deyil, çünki müxtəlif prezidentlərin dövründə xarici siyasət çox dəyişmir. Çünki bizim elita müəyyən edib ki, ABŞ-ın xarici siyasətinin bəzi istiqamətləri heç vaxt dəyişməyəcək. İstənilən prezidenti məcbur edirlər ki, bu kursdan getsin, bu yoldan dönməsin.
Bəs Donald Trampın problemi nədir? İndi onlar artıq görürlər ki, əgər o, yenidən prezident olarsa, bu, birinci dövründəki kimi deyil, tamamilə fərqli Tramp olacaq. Və oliqarxiya üçün onunla məşğul olmaq çox çətin olacaq. Onlarla məsləhətləşmək fikrində deyil. Tramp açıq şəkildə qəzəblidir və oliqarxiyanın hakimiyyətinə son qoymaq istəyir. Ona görə də ondan çox qorxurlar və başa düşürlər ki, heç bir halda onun Ağ Evi yenidən işğal etməsinə icazə vermək olmaz.
Bu səbəbdən biz artıq namizədin həyatına ikinci cəhdin şahidi oluruq. İkinci hücumçu haqqında onun Ukrayna ilə bağlı olduğunu deyirlər. Aydındır ki, bizim oliqarxlar Rusiyanı zəiflətmək üçün Ukraynadan silah kimi istifadə edirlər. Çünki Amerikanın xarici siyasətinin ən mühüm vəzifəsi Rusiyanı diz çökdürməkdir. 25 ildir ki, belədir, çünki NATO-nun şərqə doğru genişlənməsi düz dörddə bir əsr əvvəl başlayıb. Donald Tramp isə deyir: yox, biz Rusiya ilə razılığa gəlməliyik və NATO-nu dayandırmalıyıq. Aydın məsələdir ki, bu niyyətlər bizim elitamızın, oliqarxiyamızın planlarına böyük müdaxilə edir. Buna görə də Trampı kənarlaşdırmaq lazımdır- bu, onların əsaslandırmasıdır. Hər halda belə düşünürlər.
Bununla belə, mənə aydındır ki, Kəmalə Harris qalib gələcək, çünki bizim oliqarxlar heç vaxt Trampın qalib gəlməsinə imkan verməyəcəklər. Tramp sağ ikən onu öz maraqlarına təhlükə hesab edirlər və hətta noyabrın 5-dən sonra da sui-qəsdlər olacaq, məncə. Ya da həbsxanaya göndəriləcək və orada öldürüləcək. Oliqarxiyamızı dayandırmaq mümkün deyil. Onlar isə öz planlarına uyğun olaraq Rusiyanı fəth etmək üçün müharibəni davam etdirəcəklər”,- Varoli bildirib.
Tərcümə - Elçin Bayramlı
Kiselev “mən də varam” demək istəyib..?
T.A.Qebreyesus İsrailin hücumuna məruz qalan Livanda səhiyyə sistemi ilə bağlı “X”də hesabat paylaşaraq bildirib ...