PDF Oxu

Dünya

  • 791

Yoxsul ölkələrin zəngin dərdləri

image

Hər il dekabrın 19-da dünyada qeyd olunan Beynəlxalq Yoxsullara Yardım Günü 1995-ci ildə BMT tərəfindən təsis edilib. Bu, bütün dünyada yoxsulların hüquqlarına diqqət çəkmək və onlara dəstək olmaq üçün qeyd olunan bir gündür. Yoxsul insanlar, maddi təminatı zəif və ya imkansız vəziyyətdə olan insanlardır. Bu gün dünyada yoxsulların yaşadıqları haqsızlıqlara qarşı maarifləndirmə, dəstək və yardım məqsədi ilə müxtəlif ictimai aksiyalar və tədbirlər təşkil edilir. Bu gün empatiya, bərabərlik və ədaləti vurğulayaraq sosial şüurun artırılmasını hədəfləyir.

Hərfi mənada yoxsul insan kasıb, rahat yaşamaq üçün kifayət qədər pulu və şəraiti olmayan şəxsdir. Yoxsulluq sözü həyat üçün lazım olan bütün imkanlardan məhrum olmaq deməkdir. Həyatı təmin etmək üçün lazım olan şeylər cəmiyyətdən, mühitdən və şəraitdən asılı olaraq dəyişəcəyi üçün yoxsulluq anlayışı da mövcud vəziyyətlə müqayisə edilir. Sosial siyasət baxımından yoxsulluq tamamilə və ya nisbətən maddi cəhətdən qeyri-adekvat, insan ləyaqətinə və şəxsiyyətinə layiq həyat səviyyəsindən aşağı olma vəziyyətidir. Başqa sözlə desək, yoxsulluq sosial, mənəvi, ailə və mədəni həyatımızı da təsiri altına sala bilən sosial riskdir.

110 ölkə üzrə araşdırmaları ehtiva edən Qlobal Çoxölçülü Yoxsulluq İndeksinin (MPI) ötən ilki hesabatı Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Oksford Universitetinin Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsü (OPHI) tərəfindən açıqlananda məlum oldu ki, əslində dünyadakı mövcud yoxsulluğu azaltmaq olar. 2000-2022-ci illər arasındakı tendensiyaların təhlilinin nəticələrinə görə, 25 ölkə 15 il ərzində qlobal yoxsulluq ölçüsünü yarıya endirməyi bacardı və bu rəqəm sürətli inkişafın mümkün olduğunu sübut etdi. Bu ölkələrə Kamboca, Çin, Konqo, Honduras, Hindistan, İndoneziya, Mərakeş, Serbiya və Vyetnam daxildir.

Diqqətəlayiq nümunə kimi Hindistan nümunəsi təqdim edilir, bu ölkə yoxsulluğu əhəmiyyətli dərəcədə azaltmağa nail olub. Hindistanda 15 illik müddət ərzində 415 milyon insan yoxsulluqdan xilas olub. Çində 15 ildə 69 milyon və İndoneziyada 15 ildə 8 milyon insan da yoxsulluqdan xilas olub. Bu cür perspektivli tendensiyalara baxmayaraq, qlobal MPI-nin əhatə etdiyi 110 ölkənin əksəriyyəti üçün pandemiya sonrası yoxsulluq vəziyyətinin mövcud olduğu bəlli oldu.

Məlumatların yalnız 2021 və ya 2022-ci illərdə toplandığı Meksika, Madaqaskar, Kamboca, Peru və Nigeriya kimi az sayda ölkələrin nəticələrinə görə, yoxsulluğun azaldılması sürəti qlobal pandemiya zamanı da davam edə bilərdi. Kamboca, Peru və Nigeriya ölkənin yoxsulluq səviyyəsindəki azalmanın mümkün olduğuna ümid verir. Bu ölkələr arasında ən perspektivli nümunə olan Kambocada qlobal pandemiya illəri də daxil olmaqla 7,5 ildə (2014-2021/22) yoxsulların sayı iki dəfə azalaraq 5,6 milyondan 2,8 milyona edib.

Lakin yoxsulluğun bütün dünyada təsiri hələ də ölçülməlidir. Məlumatların toplanmasına yenidən diqqət yetirməklə, pandemiyanın uşaqlara təsiri də daxil olmaqla dəqiq və qərəzsiz ölçülməlidir. Əhatə olunan ölkələrin yarısından çoxunda uşaq yoxsulluğunda ya statistik əhəmiyyətli azalma olmayıb, ya da ən azı bir müddət ərzində uşaqlar üçün yoxsulluq səviyyəsi böyüklərə nisbətən daha yavaş azalıb. Bu onu göstərir ki, hazırda dünyada uşaq yoxsulluğu, xüsusən də məktəbəqədər təhsil və qida çatışmazlığı baxımından əhəmiyyətli problem olaraq qalır.

2023-cü il bülleteninə görə, 110 ölkədəki 6,1 milyard insanın 1,1 milyardı (18%-dən bir qədər çoxu) ağır çoxölçülü yoxsulluq şəraitində yaşayır. Hər 6 yoxsul insandan 5-i Saharadan cənubda Afrika (534 milyon) və Cənubi Asiyada (389 milyon) yaşayır. Bütün yoxsul insanların təxminən üçdə ikisi (730 milyon nəfər) orta gəlirli ölkələrdə yaşayır; Bu ölkələrdə tədbirlər görmək qlobal yoxsulluğun azaldılması üçün həyati əhəmiyyət kəsb edir. MPI indeksinə daxil olan əhalinin cəmi 10%-ni aşağı gəlirli ölkələr təşkil etsə də, dünyadakı bütün yoxsul insanların 35%-i bu ölkələrdə yaşayır.

18 yaşından kiçik uşaqlar Qlobal Çoxölçülü Yoxsulluq İndeksindəki yoxsulların yarısını (566 milyon) təşkil edir. Uşaqlarda yoxsulluq səviyyəsi 27,7% olduğu halda, böyüklərdə bu göstərici 13,4% təşkil edir. Yoxsulluq əsasən kənd yerlərində baş verir, bütün yoxsulların 84%-i kənd yerlərində yaşayır. Dünyanın bütün bölgələrində kənd yerləri şəhər yerlərindən daha yoxsuldur. Qlobal Çoxölçülü Yoxsulluq İndeksi yoxsulluğun mürəkkəbliyinə işıq salır – problemləri göstərir və həllinə nail olmağın mümkünlüyünü deyir. Qalıb bu ölkələrdə yoxsulluq həddini azaltmaq üçün tədbirlər görmək.

Beynəlxalq Valyuta Fondunun 2024-cü ilin Aprel ayında təqdim etdiyi Ümumdünya İqtisadi Görünüş hesabatında yer alan məlumatlara görə, ölkələrin adambaşına düşən ümumi daxili məhsulu (ÜDM) nəzərə alındıqda, dünyanın ən yoxsul 10 ölkəsindən 9-nun Afrika qitəsində yerləşdiyi görülür. Şərqi Afrikada yerləşən Burundi adambaşına təxminən 230 dollar ÜDM ilə dünyanın ən kasıb ölkəsidir. Eyni bölgədəki Cənubi Sudan və Malavi də adambaşına düşən ÜDM-i təxminən 421 və 480 dollar olmaqla dünyanın ikinci və üçüncü ən yoxsul ölkələridir. Bu ölkələrdən sonra təqribən 486 dollarla Yəmən, 526 dollarla Syerra-Leone, 537 dollarla Mərkəzi Afrika Respublikası, 538 dollarla Madaqaskar, 546 dollarla Sudan, 659 dollarla Mozambik və 670 dollarla Nigeriya var.

Lalə Mehralı

Digər xəbərlər