PDF Oxu

MİA

  • 1 963

Müharibənin ən böyük nəticəsi demoqrafik fəlakətdir - ANALİZ

image

Ukrayna əhalisi son 30 ildə 50 milyondan 20 milyonadək azalıb

Ukrayna mətbuatında yayılan məlumatlara görə, ölkə əhalisinin sayı 28,7 milyon nəfərə düşüb. Lakin bir çox ekspertlər hesab edirlər ki, bu rəsmi rəqəm həqiqəti əks etdirmir, reallıqda əhali sayı bu rəqəmin yarısı qədərdir. Ukrayna müxalifəti qeyd edir ki, ölkə hakimiyyəti ölkənin son illərdə yaşadığı demoqrafik fəlakətin miqyasını gizlətmək üçün mövcud əhali sayını şişirdir.

“Ukraina National News” xəbər verir ki, bu, 2025-ci il üçün yaşayış yeri barədə məlumat təqdim edənlərin sayıdır. Əhali haqqında məlumatların toplanması metodologiyası açıqlanmır. Bu o deməkdir ki, biz bu məlumatı kimin və necə təqdim etdiyi barədə heç nə bilmirik, o cümlədən onu kimin emal etdiyi və hansı metodologiyadan istifadə etdiyi. Məsələn, yaşayış yeri dedikdə nə başa düşülür– daimi və ya müvəqqəti yaşayış yeri? Bu yaşayış yerləri necə müəyyən edilir (qeydiyyat, müvəqqəti qeydiyyat və s.)? Və bu hesablama zamanı Ukraynadan kənarda olmasına baxmayaraq, əvvəlki yaşayış yeri haqqında məlumat vermək mümkün idimi?

Bütün bu detallar hesablamanın yekun nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərir. Məsələn, məlumdur ki, əhalinin siyahıyaalınması (və Ukraynada, görünür, elektron ekvivalent kimi bir şey aparılıb) ən azı 2 şərt tələb edir: ərazi sərhədlərinin dəqiq müəyyən edilməsi və məlumatların təqdim olunduğu müddət. Bu məsələlərdən birincisi ən problemlisidir: Kiyev Rusiyaya birləşdirilmiş regionları tanımır və görünür, onların sakinlərini də hesaba alır. Burada sual yaranır: yaşayış yeri haqqında məlumatı kim təqdim edib? Onların arasında (Krım və Sevastopol da daxil olmaqla) 7 milyona qədər insanın yaşadığı, hazırda Rusiyaya birləşmiş bölgələrin sakinləri və ya faktiki olaraq xaricdə olanlar var idimi?

Bu məlumatın verildiyi vaxtın dəqiq nöqtəsi məsələsi də eyni dərəcədə vacibdir. Fakt budur ki, əhalinin sayı təbii və miqrasiya hərəkətləri səbəbindən daim dəyişir və hətta qısa müddət ərzində əhəmiyyətli dərəcədə dəyişə bilər. Məsələn, avqustun sonlarında Ukrayna hakimiyyət orqanları nədənsə 18-22 yaş arası kişilərin xaricə getməsinə icazə vermək qərarına gəldikdən sonra sərhəddə böyük avtomobil və avtobus növbələri yaranıb. Gözləmə müddəti 20 saata qədər davam edir. Polşa Sərhəd Xidməti qeyd edib ki, bu icazədən sonra hər həftə ölkəyə Ukraynadan 95 faizi kişilər olmaqla ən azı 10 000 nəfər gəlir ki, bu da əvvəlki həftələrdən 10 dəfə çoxdur.

Ukraynanın “Work” portalının işəgötürənlər arasında apardığı sorğuya əsasən, onların 37%-i ölkədən çıxış qadağası aradan qaldırıldıqdan sonra 18-22 yaş arası işçilərin itirilməsi ilə üzləşib. Üstəlik, kadr axınından ən çox zərər çəkənlər 1000-dən çox işçinin işlədiyi iri müəssisələrdir. Buna görə də, bu yaş qrupu üçün ölkədən çıxış qadağasının ləğvindən əvvəl və sonra Ukraynanın faktiki əhalisinin sayındakı fərq on minlərlə ola bilər.

Bu arada, Ukraynadan miqrasiya axını əvvəllər də baş verib. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2025-ci ilin yanvar-iyun ayları arasında ölkədən 250 min nəfər gedib. 2024-cü ilin eyni dövründə daha 400 min nəfər ölkədən gedib. Təsadüfi deyil ki, Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba sentyabrın 20-də Cənub-Şərqi Asiya ölkələrindən- Banqladeş, Nepal, Hindistan, Filippin və Vyetnamdan gələn miqrantlar üçün sərhədlərin açılmasını təklif etdi, çünki mənfi demoqrafik dinamikanı aradan qaldırmaq üçün artıq başqa yol görmür.

Bir sözlə Ukraynada 30 milyona yaxın insanın hələ də yaşaması həm yerli, həm də xarici analitiklər tərəfindən şübhə altına alınır. 1991-ci ilin sonunda SSRİ dağılanda Ukraynanın əhalisi 52 milyon nəfər idi. Əhalisinə və iqtisadi potensialına görə SSRİ-nin, sonra isə MDB-nin 2-ci böyük ölkəsi 1994-cü ildən bu günə qədər davam edən davamlı demoqrafik tənəzzüllə üzləşib və əhalinin davamlı azalması prosesi gedib.

2014-cü ilin yazında Rusiyanın dəstəklədiyi tanınmamış Donbas respublikaları ilə hərbi münaqişənin başlaması bu prosesləri daha da sürətləndirdi. Ukrayna SSRİ-dən miras qalmış böyük sənayeni qoruyub saxlaya bilmədi. Buna görə də, böyük sayda əhalisi üçün artıq sadəcə iş yox idi. Müstəqilliyin ilk illərində bu axın nisbətən zəif xarakter daşısa da, sonrakı dövrdə sosial-iqtisadi çətinliklər fonunda Avropaya, Rusiyaya və digər ölkələrə miqrasiya axını sürətləndi.

2001-ci ildə- SSRİ-nin dağılmasından sonra keçirilən ilk və indiyədək yeganə- əhalinin siyahıyaalınması göstərdi ki, Ukraynada 48 milyon 457 min nəfər yaşayır ki, bu da 1989-cu il ümumittifaq siyahıyaalınması ilə müqayisədə 6,3% azalma deməkdir. Rusiya əhalisinin sayı eyni dövrdə cəmi 1,2% azalmışdı. Rusiya ilə müqayisədə Ukraynada əhalinin azalması 5 dəfə çox baş verirdi. Ukraynanın ərazisi Rusiyadan onlarla dəfə kiçik, amma daha sıx məskunlaşmış və sənaye infrastrukturunun daha yaxşı inkişaf etmiş vəziyyətdə idi, lakin əhalinin azalması Kiyevdə heç bir həyəcan yaratmadı. Üstəlik, əhalisinin əksəriyyəti rusdilli, bəzi yerlərdə isə sırf ruslardan ibarət olan Ukraynanın sənaye zonası olan cənub-şərqində depulyasiya daha şiddətli idi. Əhalinin əsasən kənd təsərrüfatında çalışdığı qərb bölgələrində doğum nisbəti daha yüksək idi və buna görə də əhalinin azalması cənub-şərqdə olduğundan daha az ifadə edilirdi.

“Avromaydan”dan sonra Ukrayna Krım, Sevastopol və Donbas bölgələrinə nəzarəti itirdi, lakin buna baxmayaraq, Kiyev Ukrayna ərazisi hesab etməkdə davam edir və əhali sayında onları da əlavə edirdi. Dövlət Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin əvvəlinə ölkə əhalisini 41 milyon 130 min təşkil edirdi. Halbuki, hələ 2019-cu ildə Ukraynada elektron siyahıyaalma aparılıb və ona görə əhalinin sayı cəmi 37 milyon 289 min nəfər olmuşdu. Aydındır ki, Luqansk və Donetsk əhalisi bu rəqəmə daxil edilməyib, çünki Ukraynanın onların elektron məlumat mənbələrinə çıxışı yox idi. 2017-ci ilin iyun ayında Aİ ölkələri Ukraynaya vizasız giriş tətbiq edərək, Avropaya mühacirəti daha da artırdı. 2018-ci ilin fevralında Ukraynanın xarici işlər naziri P.Klimkin bildirmişdi ki, təkcə ötən il ölkəni 1 milyondan çox insan tərk edib, hər ay 100 min nəfər ölkəni tərk edir.

2022-ci ilin sentyabrında Dövlət Statistika Xidməti büdcəyə hazırlıq işləri çərçivəsində ilin əvvəlinə ölkə əhalisinin sayının 34,5 milyon nəfər təşkil etdiyini bildirirdi. Bu, Ukraynanın faktiki əhalisinin rəsmi məlumatlarda göstərildiyi kimi 41 milyon yox, ondan 6,5 milyon nəfər az olması demək idi. Rusiyanın Ukraynada həyata keçirdiyi Xüsusi Hərbi Əməliyyatın başlamasından sonra bir sıra Ukrayna şərq rayonlarına nəzarəti itirdi və hazırda Luqansk vilayəti, eləcə də Donetsk, Zaporojye və Xerson vilayətlərinin dörddə üçü üzərində faktiki olaraq heç bir nəzarətə malik deyil. Bu ərazilərdə ümumilikdə 5 milyona qədər insanın yaşadığı ehtimal olunur. 2025-ci ilin may ayına olan məlumata görə, Avropa İttifaqındakı ukraynalı qaçqınların sayı 6,3 milyondur, daha 0,5 milyonu isə ittifaqın hüdudlarından kənarda yaşayır. 2022-ci ilin dekabrına olan məlumata görə, Rusiyada Ukraynadan olan 2,9 milyon qaçqın qeydə alınıb. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, münaqişə zamanı 10 milyona yaxın insan Ukraynanı tərk edib.

Əgər 2019-cu ilin elektron siyahıyaalınmasının nəticələrini (37,3 milyon) Ukrayna əhalisinin ilkin hesablamaları kimi qəbul etsək, hazırda bu rəqəm Ukrayna mətbuatının yazdığı kimi 28,7 milyon yox, cəmi 22 milyon (10 milyon qaçqın və Rusiyaya qatılmış yeni regionlarının 5 milyon sakini) olardı. Üstəlik, bu rəqəmdə 2019-2021-ci illərdə miqrasiya axını və əhalinin təbii azalması nəzərə alınmır. Bundan başqa, hərbi əməliyyatlarda ölən Ukraynalı hərbçilərin və mülki şəxslərin sayı müxtəlif qiymətləndirmələrdə 2-3 milyon civarında qeyd olunur. Bu hesabla Ukrayna əhalisi 20 milyondan aşağı düşüb. Bir sıra ekspertlər hesab edir ki, Ukraynanın hazırkı hakimiyyəti getdikcə daha çox şübhə doğuran səfərbərlik potensialını və demoqrafik həyat qabiliyyətini Qərbə nümayiş etdirmək üçün əhali sayı ilə bağlı rəqəmləri qəsdən şişirdir.

Göründüyü kimi, müharibə özü ilə təkcə hərbi dağıntılar, iqtisadi tənəzzül, sosial problem deyil, həm də demoqrafik faciə gətirir. Dağıntıları da bərpa etmək olar, iqtisadiyyatı da, lakin insan itkilərini bərpa etmək çox çətindir. Bunun üçün opnillər tələb olunur. Bir ölkənin 50 milyondan çox əhalisinin cəmi 30 il ərzində 20 milyona düşməsi ən güclü demoqrafik və sosial faciədir. Eyni vəziyyət, müharibələrin və qarşıdurmaların ara vermədiyi Yaxış Şərqdə- Fələstin, Suriya, İraq və Əfqanıstan kimi ölkələrdə də var. Bu səbəbdən də, bütün mümkün üsullarla müharibədən yayınmaq daha məqsədəuyğundur. Necə deyərlər, ən pis sülh, ən yaxşı müharibədən üstündür.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər