Xüsusilə son on ildə - sosial şəbəkə platformalarının populyarlığı artdıqdan sonra müxtəlif yaş kateqoriyalarında istifadəsində də böyük ölçüdə artım müşahidə olundu. Yaşından və statusundan asılı olmayaraq sosial şəbəkələrdə vaxt keçirənlərin sayı durmadan artır. Bəzi şəbəkələr azyaşlıların giriş məhdudiyyətini tətbiq etsə də saxta profillə daxil olan azyaşlıların sayı da kifayət qədərdir. İndi rəqəmsal media istənilən şəxsə, istənilən vaxt, istənilən yerdən tez bir zamanda məlumat paylaşmağa, başqaları ilə daim əlaqədə qalmağa imkan yaradır. Bu məlumat çoxluğu isə özü ilə istər-istəməz informasiya çirkliliyini və media savadsızlığını gətirir.
Keçmişdə məlumatlar çap mediası, şifahi ünsiyyət və şəxsi söhbətlər vasitəsilə yavaş-yavaş yayılırdı. Bu gün rəqəmsal media qlobal xəbərlərə ani girişi, daha sürətli məlumat alma və ötürməni təmin edir. Sosial şəbəkələrin sayəsində ünsiyyət daha sürətli və daha səmərəli hala gəldi, şəbəkələr, elektron poçt və video zənglər vasitəsilə məsafələr qısaldı, vaxta qənaət edildi. Onlayn platformalar biznes, səhiyyə və təhsil sahələrində xidmətlər təklif etdi, məsafə uzaqlığı baxımından istədiyi xidmətdən yararlana bilməyənlər üçün bu xidmətləri daha əlçatan etdi. Əvvəlki metodlardan fərqli olaraq, rəqəmsal media fikirlərin sürətli paylaşılmasına imkan verir, qlobal əməkdaşlığa təşviq edir. Sosial şəbəkə platformaları daha geniş miqyasda yaradıcılıq və qlobal şöhrət vəd edir.
Sosial şəbəkələr, sözsüz ki, ictimai fikrə təsir göstərir və yalan xəbərlərlə ictimaiyyətin diqqətini bir istiqamətdən digərinə yönləndirə bilir. Sosial media insanların inanclarının, siyasi və dini baxışlarının, milli və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Buna görə də, media savadlılığı cəmiyyətdə fikir formalaşmasında çox vacibdir, çünki media savadlılığı olan insanlar məlumatları tənqid, təhlil, analiz etmək bacarıqları əldə edir. Rəqəmsal dövrdə etibarlı və etibarsız mənbələri müqayisə etmək, qərəzli və ya çirkli informasiyanı müəyyən etmək üçün bu vacibdir.
Ümumiyyətlə, dezinformasiyaya məruz qalmamaq üçün media savadlı olmağın yolu şüurdan və analiz qabiliyyətindən keçir. Təkcə xəbəri oxumaqla kifayətlənmək lazım deyil, onu şüurlu, tənqidi və məsuliyyətli şəkildə analiz etmək bacarığı bizi media savadlılığı baxımından tərbiyə edir. Xəbər istehlak edərkən bu məlumatın kim tərəfindən yayımlanması, mənbənin etibarlı olub-olmamasını araşdırmaq şərtdir. Analiz etmək lazımdır ki, istehlak etdiyimiz xəbərin yayımlanmasındakı məqsəd insanları savadlandırmaqdır, yoxsa manipulyasiya etmək?
Unutmayın ki, media savadlılığı olan insan yalnız bir mənbədən yayılmış məlumata inanmaz, digər mənbələri də araşdırar, daha etibarlı mənbənin olub-olmamasını öyrənər, məlumatın səhihliyini təsdiq etmək üçün rəsmi orqanların açıqlamalarına etibar edər. Ümuniyyətlə, dezinformasiyalar adətən bir-birinə bənzəyir. Əksəriyyəti cəlbedici və şişirdilmiş başlıqla təqdim edilir, həyəcan yaradan təqdimat və musiqi ilə verilir. Gerçək informasiya təhrif edilir, konteksdən çıxarılır.
Xüsusilə qeyd etmək lazımdır ki, süni intellektin istifadəyə verilməsindən sonra yalan informasiyaların sayında ciddi artım oldu. Onun köməyi ilə saxta görüntülər, saxta məlumatlar hazırlanır, insanlar manipulyasiya edilir. Tanınmış insanların səsindən, görüntüsündən istifadə edərək cəmiyyəti yanıldan, səhv istiqamətləndirən məlumatlar hazırlanır. Süni intellekt vasitəsi ilə saxta həkim rəyi, ekspert açıqlaması yazıla bilər, süni həkim obrazı ilə yalnış məlumatlar yayımlana bilər. Son vaxtlar dünyada tanınmış həkimlərin video görüntülərindən istifadə edərək əslində onun demədiyi sözləri onun ağzından eşitdirmək və insanların sağlamlıqları ilə oynamaq kimi ciddi bir problem də yaranıb. Süni intellektin köməyindən istifadə edərək saxta müharibə, döyüş səhnələri hazırlayaraq insanları gərginlik və narahatlıq içində saxlayanlar da kifayət qədər çoxalıb.
Media savadlılığı olan istənilən insan bilir ki, qarşılaşdığı, istehlak etdiyi hər xəbər fakt deyil, hər informasiya doğru olmur. Doğru informasiyaya əlçatanlığı təmin etməyin yolu da mütləq və mütləq media savadlılığından keçir.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ” istiqaməti çərçivəsində hazırlanıb