Mədəniyyət

  • 10 418

Şəmsi Bədəlbəyli -100

image
Azərbaycanın tanınmış rejissoru, teatr rəhbəri Şəmsi Bədəlbəyli 1911-ci ildə Şuşada ziyalı ailəsində doğulub. Atası Bədəl bəy Bədəlbəyli, əmisi Əhməd Ağdamski (Bədəlbəyli) milli dram və musiqi teatrımızın dirçəlişində rol oynamışdır. Bədəl bəy həm müəllimlik edir, həm də aktyor kimi səhnəyə çıxır, operetta, opera və dram əsərlərinin tamaşalarında oynayırdı. Orta məktəbi bitirəndən sonra o, atasının yolu ilə gedərək Bakı Pedaqoji Texnikumunda təhsil alıb.
Tələbə vaxtı həvəskar aktyor kimi tamaşalarda oynayıb. 1927-ci ildə o, Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri sinifinə daxil olub. Sonra Üzeyirin rəhbərlik etdiyi kompozisiya nəzəriyyəsi sinfində təhsilini davam etdirib. Tələbə olarkən Milli Dram Teatrının kiçik orkestrində tar çalıb. Yaş fərqlərinə baxmayaraq, burada dramaturq Cəfər Cabbarlı, aktyor-rejissor İsmayıl Hidayətzadə ilə, rejissor Aleksandr Tuqanovla dostluq edib. 1932-ci ildə rejissor assistenti kimi bir neçə tamaşanın hazırlıq prosesində iştirak edib. Onun sənət qabiliyyətini nəzərə alan Xalq Maarif Komissarlığı 1933-cü ildə Moskvaya təhsil və təcrübə almağa göndərib. Rejissorun sənət müəllimləri böyük sənətkarlar Kote Marcanaşvili və Aleksey Popov olub. Moskvadakı Malı Teatrda tamaşaya hazırlanan Fridrix Şillerin "Don Karlos" tamaşasında rejissor assistenti kimi çalışıb. Təhsilin başa vurub Bakıya qayıdan Şəmsi Bədəlbəyli Akademik Milli Dram Teatrının rejissor heyətinə işə götürülüb və 1941-ci ilə qədər bu kollektivdə çalışıb. 1930-1932-ci ildə "Gənc işçi" qəzetində işləyən, teatrşünas kimi də fəaliyyət göstərən Şəmsi Bədəlbəyli "Vətən yolunda" qəzetinin əməkdaşı kimi İranın Təbriz şəhərinə ezam edilib. Qəzetdə mədəniyyət mövzusunda məqalələr yazan Bədəlbəylinin Təbrizdə teatr həvəskarları ilə Üzeyirin "Arşın mal alan", Zülfüqar Hacıbəylinin "Əlli yaşında cavan" operettalarını tamaşaya hazırlayıb. Şəmsi Bədəlbəylinin tamaşaları əlvan cazibədarlığı, koloritli forma həlli, həssas musiqi duyumu, aktyor ansamblı ilə səciyyəvi idi. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının formalaşmasında, aktyor truppasının təkmilləşməsində Şəmsi Bədəlbəylinin xidmətləri olduqca böyükdür. İstedadlı gənclərin teatra cəlb olunmasında, təcrübəli aktyorların yeni-yeni yaradıcılıq keyfiyyətlərinin üzə çıxıb formalaşmasında Şəmsi Bədəlbəyli rejissor-pedaqoq kimi müstəsna rol oynayıb. Görkəmli rejissor, bacarıqlı inzibatçı Şəmsi Bədəl oğlu Bədəlbəyli musiqili teatr sənətimizin inkişafında, onun tərəqqi yolunda göstərdiyi böyük xidmətlərə görə Azərbaycanın əməkdar artisti və xalq artisti fəxri adları ilə təltif olunub. Bakıda 1987-ci ildə vəfat edən sənətkar ikinci Fəxri Xiyabanda dəfn olunub.

Digər xəbərlər