190 yaşayış məntəqəsini əhatə edən 530 kilometr avtomobil yolu yenidən qurulub

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına güclü təkan verib. Qəbul olunmuş proqramlar çərçivəsində Bakıda, eləcə də ölkənin digər şəhər və rayonlarında yeni avtomobil yollarının salınması, nəqliyyat qovşaqlarının və körpülərin tikintisi geniş vüsət alıb.Prezident İlham Əliyevin iqtisadi siyasətində ölkədə yol infrastrukturunun daha da təkmiləşdirilməsi, mövcud yolların yenidən qurulması diqqət mərkəzində saxlanılır. Dövlətimizin başçısının rəhbərliyi ilə son 15 ildə ölkədə həyata keçirilən irimiqyaslı layihələrin tərkibində xüsusi yeri və çəkisi olan yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı görülən işlər bir daha əminlik yaradır ki, bu sahədə layihələrin icrasının dayanıqlığı və davamlılığı tam təmin olunub.

Respublika üzrə 2004-cü ildən bəri 15 min kilometr avtomobil yolu salınıb
Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı son illər infrastrukturla bağlı bir çox önəmli layihələrin icra edildiyini diqqətə çatdıraraq deyib: “Keçən il 2 min kilometr avtomobil yolu salınmışdır. Bu, rekord göstəricidir. Ümumilikdə isə 2004-cü ildən bu günə qədər 15 min kilometr avtomobil yolu salınıb. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Biz inkişaf etmiş bir çox ölkələri də qabaqlayırıq və bu proses davam etdiriləcək. Keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar salınıb. Bu yaşayış məntəqələrində 2,2 milyon insan yaşayır. Yəni, 2,2 milyon insanın yol problemi həll olunub. Bildiyiniz kimi, bu, eyni zamanda, iqtisadi amildir. Çünki yol olan yerdə kənd təsərrüfatının inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır, o cümlədən xəstəxanalara insanlar daha da tez çata bilirlər. Yəni, bunun çox böyük əhəmiyyəti var. Bu il investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bu il ən azı, hələlik ən azı 1000 kilometr yeni yol salınacaqdır”.
Son 5 ildə Şəki-Zaqatala bölgəsində 190 yaşayış məntəqəsini birləşdirən yol infrastrukturu tamamilə yenidən qurulub
Son illər respublikamızın hər yerində olduğu kimi, Şəki-Zaqatala bölgəsində də yol infrastrukturunun tamamilə yenidən qurulması, müasirləşdirilməsi istiqamətində mühüm layihələr icra olunur. Bölgənin ərazisindən keçən magistral yollar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulur, rayonları, kənd və qəsəbələri birləşdirən avtomobil yolları əsaslı təmir olunur, yeni körpülər inşa edilir.
Hazırda Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda respublika əhəmiyyətli avtomobil yollarının ümumi uzunluğu 393, yerli əhəmiyyətli avtomobil yollarının uzunluğu isə 1846 kilometr təşkil edir.
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının əhatə etdiyi 2014-2018-ci illər ərzində Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq, bu iqtisadi rayona daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında yol infrastrukturu ilə bağlı 22 layihənin icrasına başlanılıb və bu layihələrin böyük hissəsinin icrası uğurla başa çatıb. Bir neçə layihə üzrə işlər isə hazırda yekun mərhələdədir. Bu layihələrin icrası nəticəsində Şəki-Zaqatala bölgəsində 401 min nəfər əhalinin yaşadığı 190 yaşayış məntəqəsini birləşdirən yol infrastrukturu tamamilə yenilənib. Son 5 ildə bölgənin rayonlarında 530 kilometr uzunluğunda avtomobil yolu müasir standartlara uyğun yenidən qurulub. Layihələrdən 3-ü respublika əhəmiyyətli yollarla bağlı olub.
Şəki və Qax şəhərlərini birləşdirən yeni avtomobil yolu məsafəni 42 kilometr qısaldıb
Yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsinin müasir tələblərə uyğun qurulması, əhalinin yaşayış səviyyəsinin yaxşılaşması baxımından bu layihələrin hər biri mühüm əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının tədbirlər planına daxil edilən Şəki-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində 2015-ci ilin noyabrında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Şəki-Qax avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və respublikanın ən böyük turizm marşrutlarının bir hissəsidir. Uzunluğu 35 kilometr olan yolun 26 kilometri Şəkinin, 9 kilometri isə Qax rayonunun ərazisinə düşür. Bu avtomobil yolu Şəki və Qax arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, əvvəllər istifadə olunan 77 kilometrlik məsafənin 42 kilometr qısalmasına imkan verib. Yolun əsas üstünlüyü isə onun 39 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini əhatə etməsidir.
Yenidən qurulan Qax-Zaqatala avtomobil yolu bölgədə turizmin inkişafına böyük təkan verəcək
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin ümumi uzunluğu 29,8 kilometrdir. Şəki-Qax avtomobil yolunun davamı olan bu yol da Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. 2018-ci ildə inşası başa çatan bu avtomobil yolu Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, eləcə də bu rayonlar arasında mövcud olan məsafəni xeyli qısaldıb.
Yol infrastrukturunun yenidən qurulması kənd təsərrüfatı məhsullarının rahat şəkildə bazarlara daşınmasına imkan yaradır
2018-ci ilin oktyabrında istifadəyə verilən Qax-Qıpçaq-Ağyazı avtomobil yolu son illər bölgələrdə salınan ən uzun avtomobil yollarından biri hesab olunur. Avtomobil yolunun inşası 13 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafına öz müsbət təsirini göstərməkdədir. Bu yolun müasir səviyyədə yenidən qurulması həm yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaradacaq, həm də bölgənin turizm potensialının möhkəmləndirilməsi işinə xidmət göstərəcək. Yolun ölkə əhəmiyyətli Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna çıxışının olması isə onun sosial və iqtisadi əhəmiyyətini daha da artırır.
Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun açılışında iştirak edən Prezident İlham Əliyev deyib: “Bu gün açdığım 44 kilometr uzunluğunda kənd yolu 13 yaşayış məntəqəsinin sakinlərinə xidmət göstərəcək. Əvvəlki səfərimdə biz Şəki-Qax avtomobil yolunu açdıq. Bu da bilirsiniz, Şəki ilə Qax arasındakı məsafəni böyük dərəcədə qısaltdı, yeni bir yol salındı. Bu gün mənim göstərişimlə icra edilən Şəki-Balakən-Gürcüstan sərhədi avtomobil yolu da artıq tam hazırdır. Bu infrastruktur layihəsi həm insanlara rahatlıq gətirir, eyni zamanda, kənd təsərrüfatının inkişafına da xidmət göstərir”.
Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin yenidən qurulması işləri də artıq yekunlaşıb
Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən, hazırda Şəki-Zaqatala bölgəsində həyata keçirilən ən böyük yol-infrastruktur layihələrindən biri də Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 124-164 kilometrlik hissəsini əhatə edən Zaqatala-Balakən-Mazımçay hissəsinin yenidən qurulmasıdır. Əsaslı təmir və tikinti işləri yekunlaşmaq üzrə olan yolun uzunluğu 40 kilometr, eni isə 13 metrdir. 100 mindən çox əhalinin yaşadığı iki rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirən yol insanların gediş-gəlişini, eləcə də Gürcüstan istiqamətində, həmçinin əks istiqamətdə yük və sərnişin daşınmasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına mühüm töhfə verəcək.
Şəkinin 8 yaşayış məntəqəsini birləşdirən 50,9 kilometr uzunluğunda avtomobil yolu ölkənin iki əsas nəqliyyat şəbəkəsini əlaqələndirəcək
Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında hazırda bölgədə böyük əhəmiyyətə malik olan daha bir yol infrastruktur layihəsi Şəki rayonunda həyata keçirilir. On bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 50,9 kilometr olan Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi işləri artıq yekunlaşmaq üzrədir. Başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 17-ci kilometrindən götürən bu avtomobil yolu Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna birləşməklə, bölgə üçün xüsusi əhəmiyyətə malikdir. Yenidənqurma işləri yük və sərnişin daşımasının asanlaşmasına səbəb olacaq, eyni zamanda, respublikanın iki əsas avtomobil yoluna çıxış əldə olunmaqla, rayonlararası məsafə dəfələrlə qısalacaq. Həmçinin yetişdirilən kənd təsərrüfatı məhsullarının qonşu rayon mərkəzlərinə və paytaxt Bakıya tez və rahat şəkildə daşınmasına şərait yaratmaqla, kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.
Yol infrastrukturu ilə bağlı layihələr 2019-cu ildə də davam etdiriləcək
Yol infrastrukturunun yenidən qurulması ilə bağlı layihələr 2019-cu ildə də davam etdiriləcək. Prezident İlham Əliyevin 2018-ci ilin yekunlarına həsr olunan iclasda da qeyd etdiyi kimi, bu il də ən azı 1000 kilometr uzunluğunda yeni yolların salınması nəzərdə tutulur. Yol infrastrukturu bağlı layihələr Şəki-Zaqatala bölgəsində də həyata keçiriləcək.Dövlətimizin başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, 2019-cu ildə yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tərtib olunmuş plana əsasən, artıq kompleks tədbirlərə start verilib. Cari ilin əvvəlində Qəbələ rayonunda uzunluğu 19 kilometr olan Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Səkkiz min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən bu yolun yenidən qurulması gediş-gəlişin rahatlaşmasını, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin edəcək, insanların sosial rifah halına müsbət təsir göstərəcək. Bundan əlavə, tədbirlər planı çərçivəsində Şəki rayonunda Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən və ümumi uzunluğu 33 kilometr olan avtomobil yolunun yenidən qurulması işlərinə də başlanılıb.

sia.az