İqtisadiyyat

  • 4 837

Naftalanda dincəlmək istəyənlərin menyusuna -ARAŞDIRMA

image

Müalicəvi xassələrə malik olan Naftalan nefti sümük - oynaq, dəri, qadın xəstəliklərindən və uroloji xəstəliklər, əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq hərəkət aparatına aid olan oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitə kimi bütün dünyada məşhurdur.

Naftalan neftinin möcüzəvi təsiri haqqında əfsanələr mövcuddur. Bu əfsanələrdən ən məşhuru Böyük İpək yolu ilə yağla dolu göllərin yanından keçən dəvə karvanı haqqındadır. Karvanbaşı asan olmayan bir qərar verərək, karvanı ləngitməmək üçün xəstə dəvəni o göllərin yanında qoyub yoluna davam edir. Karvan geri döndükdə isə qoyub getdiyi dəvəni heç bir xəstəlik izi olmadan, tamamilə sağlam görür. O vaxtdan həmin karvanın sarvanı, tacirlər Azərbaycandakı yağlı göllərin xəstəliklərə təsiri haqqında bütün dünyaya səs salır. Doğrudur, bu bir əfsanədir, lakin reallığı da inkar etmir. Çünki elə yaxın keçmişimizdə də Naftalanda bu neftlə müalicə olunan çoxsaylı insanların real hekayələri var.

Nizamidən Poloya, Yegerdən SSRİ-yə

Azərbaycan və dünya ədəbiyyatında Naftalanın bu möcüzəvi gücü barədə tarixən məlumatlar yazılıb. Nizami Gəncəvinin və İtalyan səyyahı Marko Polonun əsərlərində müalicəvi neft haqqında ilk yazılı qeydin meydana çıxdığı XII-XVIII əsrləri əhatə edir. Marko Polo 1264-cü ildə Azərbaycandan keçərək Venesiyadan Çinə səyahət edərkən neftlə dolu nəhəng gölməçələri təsvir edərək, onu "dəri xəstəliklərinə qarşı kömək edən sehrli məlhəm" adlandırır. Səyahət zamanı gördüklərini və başına gələnləri “Böyük Tatarıstan” adlı traktatında qeyd edir.

Daha sonralar, 1873-cü ildə alman mühəndisi E.İ.Yeger neftçıxarma məqsədilə Naftalanda torpaq sahəsi əldə edir və ilk quyunu qazır. Gözlədiyi kimi yaxşı nəticə əldə etmir və iflasa uğradığını düşünür, çünki çıxan neft yanma qabiliyyətinə malik deyildi. Müşahidə etdikcə gördü ki, yerli sakinlər bu nefti bədənlərinə sürtür, neft çuxurlarında çimirlər. Sənayedə uğursuzluq ona başqa bir uğuru qazandırır, beləcə o Naftalan neftini dünyaya ixrac edə bilmək üçün 1890-cı ildə zavod açır. O istehsal etdiyi mazın nümunələrini dünyanın ən tanınmış həkimlərinə göndərir, alman həkim Liss bu maza böyük diqqət göstərərək bütün məhsulu Almaniya üçün alır.

“Yeger məlhəmi” adı verdiyi neft ona inanılmaz bir sərvət qazandırır. Sonra buradakı zavodu bağlayır və nefti xammal kimi Almaniyaya satır, beləcə daha çox qazanır. O 1904-cü ildə Drezdendə Naftalan haqqında 600 beynəlxalq həkimin rəyini əks etdirən kitab nəşr etdirir. Naftalan nefti məlhəm kimi Almaniya, Yaponiya, ABŞ, İngiltərə, Fransada böyük maraq toplayır. I Dünya Müharibəsi zamanı əsgərlərin yaralarının və donmaların müalicəsi üçün Naftalan məlhəmi çox istifadə edilirdi. Müharibənin başlaması və almanların buradan köçməsi ilə Naftalan neftində Yeger dövrü sona çatdı.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra 1926-cı ildən Naftalan neftinin fiziki, kimyəvi, geoloji, bioloji xassələrinin fundamental tədqiqi aparılır. Bu tədqiqatların nəticəsi olaraq 1935-ci ildə 25 çarpayılıq ilk mövsümi sanatoriya istifadəyə verilir, 1965-ci ilədək inkişaf edərək 1500 çarpayılıq Ümumittifaq Sağlamlıq Kurortuna çevrilir. Sovet dövründə müalicə üçün 15 ölkədən insanlar bura axışırdı. İl ərzində müalicəyə gələn 75 min insanın demək olar ki hamısı öz ölkəsinə sağalıb gedirdi. Bu dünyada rekord göstərici hesab olunur. Dünyanın elə bir kurort məkanı yoxdur ki, orada 92 faiz yaxşılaşma əldə edilsin. Amma bu bir həqiqətdir ki, Naftalana gələn hər 100 nəfərdən 92-si sağlamlığına qovuşurdu.

Müharibənin Naftalanda dondurduğu həyatı Prezident canlandırdı

1992 - 2003-cü illər ərzində Naftalan sanatoriya kurort birliyinin 5 sanatoriyasında Ermənistandan gələn qaçqınların və Qarabağ köçkünlərinin yerləşdirilməsi kurortun işini demək olar ki, iflic halına salır. Şəhərin cəbhə xəttinə yaxın yerləşməsi düşmən təbliğatı ilə birlikdə müalicəyə gələn xəstələrin sayının 10 dəfələrlə azalmasına səbəb oldu. Buna Azərbaycanın sovetlər birliyinin tərkibindən ayrılması, gəliş-gediş problemlərinin yaranması da səbəb oldu.

Lakin sonralar problemlər tədricən həll edildi, ölkə prezidentinin “Regionların iqtisadi inkişafı haqqında” fərmanı, “Kurortlar haqqında” qanunun qəbulu, “Kurortların inkişaf proqramı”nın qəbulu Naftalan kurortunun keyfiyyətcə yeni bir istiqamətdə - özəl sektorun inkişafını təmin edəcək bir istiqamətdə yenidən qurulmasına səbəb oldu. İndi Naftalan nefti ilə müalicəyə gələnlər yüksək xidmətlə rastlaşırlar. Qonaqlar üçün müayinə və müalicə kabinetləri, yeməkxana, idman zalı, namaz otağı, kompyuter otağı, kişi və qadın salonu kimi xidmət sahələri fəaliyyət göstərir. Yeməkxanalarda gündə 3 dəfə xəstələrə Azərbaycan və Avropa mətbəxinin yeməkləri təqdim olunur.

Dünyada yeganə, o da bizdə

Müalicəvi xassəsinə görə dünyada yeganə neft olan Naftalan nefti Azərbaycan Respublikasında Gəncə şəhərindən 50 km aralı Murov dağ silsiləsinin ətəyində yerləşir. Naftalan nefti dünyada yeganə neftdir ki, öz müalicəvi əhəmiyyətinə görə əfsanəvi xarakter daşıyır, həmçinin fiziki-kimyəvi xassəsinə görə başqa neftlərdən fərqlənir. Bu neft üçün əsas xarakter yüksək xüsusi çəkiyə malik olması, tərkibində yüngül fraksiyanın və bərk parafin karbohidrogenlərin olmamasıdır. 50-55% naften, 10-15% aromatik, 14-15% qətranlar, 0,5-3% naften turşuları, 0,3-0,7% kükürdlü birləşmələr, 0,3% azotlu birləşmələr, həmçinin mis, sink, manqan, bor, yod, brom və s. mikroelementlərdən ibarət olan bu neft 70-dən artıq xəstəliyin müalicəsində istifadə olunur. 5 yaşından yuxarı istənilən yaşda bu müalicə üsulundən istifadə edilə bilər.

Tərkibində kifayət miqdarda qətran olması su ilə möhkəm emulsiya əmələ gətirməsi naftalan neftini başqa neftlərdən fərqləndirir. Naftalan nefti, onların arasında sümükəzələ, sinir sistemi, dəri, damar, ginekoloji, uroloji və digər xəstəliklər də var. Naftalanın unikal müalicəvi xüsusiyyətləri sayəsində iltihab prosesləri həll olunur, ağrılar azalır, qan dövranı və mübadilə prosesləri normallaşır.

Naftalan nefti əslində, yanmağa məruz qalmayan qətranlı, parafinsiz neftdir, tərkibində benzin və ya kerosin şəklində fraksiyalar yoxdur. Naftalan neftinin əsas fəaliyyətdə olan maddəsi naften karbohidrogenləridir ki, bu da ağrıkəsici, iltihab əleyhinə və anti-allergik xüsusiyyətlərə malikdir. Bundan başqa, naftalanda aromatik karbohidrogenlərlə yanaşı, qətran da var, karbohidrogenlərin öz tərkibi isə insan hormonlarının (androgenlər, ekstrogen və kortikos-teroidlər) dəstinə çox oxşardır. Naftalan nefti spesifik qoxusu olan qara-qonur mayedir.

Naftalan nefti yerdən çıxarkən 90% su və 10% naftalan neftindən ibarət olur. Bu neft ilə müalicə edərkən isə bu nisbətin əskinə - su 10%, neft 90% olur. Naftalanla birlikdə yerdən çıxan su çox zəngin tərkiblidir, tərkibində yod və bromdan başqa həm də neftin tərkibində olan çoxsaylı mikroelementlər olduğundan bir çox xəstəliklərin müalicəsində uğurla tətbiq olunur. Naftalan nefti–qəhvəyi qonur rəngli, xüsusi aromatik qoxuya malik, yüksək özlülüyə və xüsusi çəkiyə malik mayedir. Naftalan neftinin xüsusi çəkisi 0,92 - 0,96, qaynama temperaturu 220 0C, donma temperaturu -20 0C-dir, su ilə qarışdırıldıqda davamlı emulsiya əmələ gətirir. Naftalan mürəkkəb fiziki –kimyəvi tərkibə malik olub, qətranlı, az kükürdlü, parafinsiz neft məhsuludur və tərkibində sənaye neftlərindən fərqli olaraq benzin, kerosin, liqroin kimi yüngül fraksiyalar yoxdur.

Naftalan neftinə dövlət standartı

Naftalan Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında Naftalan nefti və ondan alınan məhsulların rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə AZS 886:2020 “Naftalan nefti nativ. Ümumi tələblər” dövlət standartının layihəsi Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hazırlanıb və “Naftalan nefti və ondan alınan məhsullar”ın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 29) müzakirə olunaraq ilk dəfə Naftalan neftinə dövlət standartı alınıb. 2020-ci ilin avqust ayında qəbul olunan standartın tətbiqi Naftalan kurortunun ölkədə rəqabət qabiliyyətliliyinin artırılmasına təkan verib, yerli və xarici turistlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsini və tibbi turizmin inkişafını daha da stimullaşdırıb.

Təqdim etdiyimiz qiymətlər cədvəlində Naftalandakı sanatoriyaların xidmət qarşılığında təyin olunmuş qiymətləri əks olunub. Təqdim olunan əksər qiymətlərə check-up müayinə, 3 dəfə qidalanma, vanna qəbul etmə və ən azı 3 ədəd fizioterapiya proseduru daxildir. Qeyd olunan qiymətlər sanatoriya-kurort yollayışlarına aid deyil. Sanatoriya-kurort yollayışlarının qiyməti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə müəssisələr arasında bağlanmış müqavilə əsasında tənzimlənir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər