Qarabağ işğaldan azad oldunduğu gündən indiyədək istisnasız olaraq hər gün yenidənquruculuq, abadlaşdırma işləri davam etdirilib. Xarabalığa çevrilən cənnətməkan kəndlər, şəhərlər yenidən, başdan yaradılıb, binalar, məktəblər, bağçalar, iaşə obyektləri, su anbarları, elektrik stansiyaları inşa edilib. Otellər, qonaq evləri həm yerli, həm də xarici qonaqlar ilə dolub-boşalır, regionun turizm potensialı əmin əllərdə sürətlə inkişaf edir. Yaxın illərdə Qarabağ mehmanxanalarının mehmanı bol olacaq, bu, artıq məlumdur.
Güləbird Su-Elektrik Stansiyası, 7 yarımtsansiya, Suqovuşan və Talışa gedən yollar, Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı, Ağalıda “Ağıllı kənd” kimi möhtəşəm layihələr qarabağda görülən ilk işlər oldu. Şuşa azad edilən kimi su və elektrik təchizatı təmin edildi, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, o cümlədən büstü, Üzeyir bəy Hacıbəylinin heykəli, Xarıbülbül və Qarabağ hotellərinin açılışı Qarabağda görüləcək işlərin müjdəçisi oldu. Qarabağda həyat qaynadı, hər gün yeni tikililər, yollar, meydanlar inşa edildi, 30 ildir buz tutmuş həyat öz normal axarına qayıtdı.
Şuşa işğaldan azad edildikdən sonra şəhərdə qısa müddətdə “Qarabağ”, “Xarıbülbül” otelləri, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışı olub və artıq “Yasəmən” oteli də şəhərin tarixi mənzərəsinə daha bir gözəllik qatmaqla qonaqların istifadəsinə verilib.
2021-ci ildə Şuşa şəhərində “Qarabağ” hotelinin açılışı oldu, 1980-cı ildə inşa edilən hotelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı nəticəsində öz fəaliyyətini dayandırmışdı və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşmüşdü. Lakin Şuşa işğaldan azad edilən kimi yenidənqurma və bərpa işləri çərçivəsində hotel dünya standartlarına cavab verəcək səviyyəyə çatdırıldı və bu gün oteldə Şuşa şəhərinə səfər edən qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb.
Şuşada “Şuşa Otel-Konqres Mərkəzi” Kompleksi də inşa edildi. Karvansaray konseptini əsas götürərək, Şuşa şəhərinin mərkəzində, Zəfər yolunun üzərində yerləşəcək 5 ulduzlu “Otel və Konfrans Mərkəzi” müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilib. Mərkəz 2,8 hektar ərazini əhatə edir. Memarlıq adət-ənənələrini özündə əks etdirən xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq edilib. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunub.
Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının - XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəyovun ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan hazırlanıb. Beş mərtəbədən və 150 nömrədən ibarət “Otel və Konfrans Mərkəzi”ndə otaqlar, restoranlar, konfrans korpusları, daxili həyətlər var. Otel yerli və xarici qonaqların bütün ehtiyaclarını ödəmə potensialına sahibdir.
2021-ci ilin may ayında Şuşada “Xarıbülbül” otelinin də açılışı oldu. Qarabağın simvolu olan Xarıbülbül gülünün şərəfinə adlandırılmış oteldə ümumilikdə 49 otaq var. Onların hamısı qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub.
2023-cü ilin sonlarında Şuşada “Yasəmən” oteli də istifadəyə verildi. Bu otel, XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş, Şuşa şəhərinin Köçərli küçəsində yerləşən üç yaşayış binasının işğal zamanı dağıdılaraq istifadəyə yararsız vəziyyətə salınmasından sonra ərsəyə gətirildi. Heydər Əliyev Fondu ərazidə layihələndirmə işləri apararaq, 2022-ci ilin may ayından etibarən həmin yaşayış binalarının təmir-bərpa işlərinə başladı. Bərpa zamanı binalarda təməlbərkitmə işləri görülüb, divarlarda daxili bərkitmə işləri aparılıb. Mərmi düşməsi nəticəsində binanın dağılmış hissələri yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb.
Fond tərəfindən bərpa edilən binalar hazırda otel kimi istifadəyə verilib. Autentik üslubda bərpa edilən “Yasəmən” otelinin eksteryer və interyeri buraya gələnləri orta əsr Şuşasına qaytarır. Otel “double”, “twin” və “junior” otaqların olduğu iki korpusdan, restoran və bir neçə terrasdan ibarətdir. Qonaqlar otelin həyətində dövrünün üslubuna uyğun salınan bağçada və terrasda dincələ, şəhərin mənzərəsini seyr edə bilərlər. Terrasdan Mehmandarovların malikanə kompleksinə və ümumi şəhərə gözəl mənzərə açılır. Otelin interyeri, otaqları xüsusi dizayn edilib. Buradakı hər bir element, əşya məhz bu dizayna uyğun seçilib. Bu da qonaqlarda nostalji hisslər yaradır.
Başqa bir otelin təməli də 2023-cü ilin avqustunda, Laçında qoyuldu. Laçının bərpası konsepsiyası çərçivəsində müasir səviyyədə inşa olunan mehmanxanada rayona səfərə gələnlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Mehmanxana kompleksi 100 otaqlı hotel binasından və 10 kottecdən, eləcə də kafe və restoranlardan, əyləncə və istirahət mərkəzlərindən ibarətdir. Hotelin açılışından sonra binada 500 yerlik çoxfunksiyalı tədbir və iclas zalları da qonaqların istifadəsinə veriləcək.
Eyni zamanda, mehmanxanada açıq və qapalı hovuz, SPA mərkəzi, boulinq və əyləncə, uşaq əyləncə zonası, qapalı idman zalı, yoqa otağı və açıq havada çoxfunksiyalı meydançalar yaradılıb. Bir sözlə, yüksək xidmətlərin göstəriləcəyi mehmanxana kompleksi müasir standartlar səviyyəsində inşa olunur.
Həmçinin, 2022-ci ildə Prezident İlham Əliyev Ağdamda yeni otelin təməlini qoydu. Hazırda tikintisi davam edən “City Hotel Agdam” müasir səviyyədə inşa olunur, rayona səfər edəcək ziyarətçilərin rahatlığı üçün burada hər cür şərait yaradılır. 130 nömrədən ibarət beşmərtəbəli hotel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, restoran və açıq terras yaradılıb.
Lakin görülən iş bu otellə yekunlaşmır. Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Bu məqsədlə “Agdam City Hotel”dən başqa daha bir yüksək səviyyəli otel layihəsi icra olunur. “Hilton Garden Inn” Ağdamın qonaq qəbulu potensialında əhəmiyyətli paya sahib olacaq.
İşğaldan azad olunduqdan sonra Zəngilanda salınan ilk yaşayış məskəni Ağalı kəndində də 2022-ci ildə yeni otelin tikintisinə başlandı. “Ağıllı kənd”in ərazisində yerləşən otel 4 mərtəbəlidir. Tikinti işləri sürətlə davam edir. Otel Həkəri çayının sahilində, gözəl təbiət mənzərəsinin qovşağında yerləşir. Bir müddət öncə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxs Crystal İnşaat ASC ilə 14.2 milyon manatlıq müqavilə də bağladı. Müqavilədə Zəngilan rayonu, Ağalı kəndində yerləşən otelin tam təchizatlı təmir və tamamlama işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 14.192.628 AZN təşkil edir.
2022-ci ildə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi də həyata keçirildi.
34 hektar ərazidə salınan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılırdı. Qeyd edək ki, Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq. Hələ sovet dövründə illik 50 min turisti qarşılayıb, yola salmaq potensialı olan sanatoriyada indi bu potensial daha da artırılır.
Kəlbəcərin relyefi dünyanın ən çox tələb olunan istirahət məkanlarının, heyrətamiz kanatların inşasına, qış əyləncə növlərinin yaradılmasına imkan verir. Ekspertlər hesab edir ki, yaxın illərdə Kəlbəcər Qafqazın ən böyük turizm mərkəzi ünvanını ala bilər. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişafı ilə bağlı planlar olduqca genişdir. Yaxın 4-5 ildə daxili və xarici turistləri nəzərə alaraq, Qarabağın 1 milyon insanı qonaq qəbul edə biləcək potensiala sahib olacağı gözlənilir.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb