Baxır ki, biz burada normal yaşayırıq, o, Hollandiyada işsiz-gücsüz qalıb"
Hollandiyada yaşayan, mütamadi olaraq, anti-Azərbaycan çağırışlar edən, ölkəmiz haqqında xarici ölkələrdə qarayaxma kampaniyası aparan, sosial şəbəkələr vasitəsilə dövlətimizin imicinə zərbə vurmağa hesablanmış videolar yerləşdirən azərbaycanlı bloqqer Orduxan Teymurxanın ailəsi ondan imtina edib. Bloqqerin yaxınları O.Teymurxanın əməllərindən utandıqlarını deyiblər. Bloqqerin bacısı oğlu Elnur Əliyev bildirib ki, 10 ildən artıqdır ki, Azərbaycanda yaşamayan dayısı ilə onları heç nə birləşdirmir: "Ona dayı demək istəmirəm, anamın bioloji qardaşıdır. Sadəcə, iş elə gətirib ki, anamla eyni valideynin övladı olub. Onun yazdıqlarından xəcalət çəkirik. Biz bu hakimiyyəti də, dövləti də sevirik, Prezidentin siyasətini dəstəkləyirik. İstəyirik hamı bilsin ki, bu adamın bizə heç bir aidiyyatı yoxdur. Onun kimi insanların yazdıqlarını lənətləyirik və belə qohumdan imtina edirik".
Onun sözlərinə görə, bloqqer O.Teymurxan böhtan dolu yazılarını buradakı qohumlarının yaxşı yaşayışını gözü götürmədiyinə görə yazır: "Dəfələrlə oturub müzakirə edirik ki, bizdən nə istəyir, bizi niyə incidir. Görünür, o, qohumlarının burada yaşayışına paxıllıq edir. Baxır ki, biz burada normal yaşayırıq, o, Hollandiyada işsiz-gücsüz qalıb, qəsdən belə edir. Belə adamdan uzaq olmaq istəyirik. Sonuncu dəfə nənəm rəhmətə gedəndə, 2011-ci ildə Azərbaycana gəlib. Onunla mənim heç ünsiyyətim olmayıb. Onun barəsində heç evdə də danışmırıq. Mədəniyyətə, şərəf və ləyaqətə sığmayan yazılarından əvvəl də onunla ünsiyyətim yox idi. Onun heç elementar ali təhsili yoxdur, savadı olan insan öz davranışına nəzarət edər. Allah ona lənət eləsin! Səsimi eşidən qurumlar bizim aramızdakı bağlılığı saymasınlar".
"Orduxanla heç bir əlaqəm yoxdur, ondan imtina edirəm"
O.Teymurxanın bacısı Zəhra Əliyeva isə bildirib ki, dəfələrlə digər bacı və qardaşları ilə birlikdə qardaşı ilə danışaraq ondan həqiqətə uyğun olmayan yazılarından əl çəkməsini istəyiblər: "Ona yalvarmışıq ki, dövlətçilik əleyhinə bu cür yalan yazmasın. O isə deyir ki, yazacağam. Onun fikirləri ilə də heç vaxt razı olmamışam. Bizim heç bir şeydən narazılığımız yoxdur. Çox yaxşı yaşayırıq. Mən bu hakimiyyəti dəstəkləyirəm. Orduxanla da heç bir əlaqəm yoxdur. Ondan imtina edirəm".
"Orduxanın ucbatından anası infarkt keçirərək dünyasını dəyişdi"
Z.Əliyevanın həyat yoldaşı Məhəbbət Əliyev isə qaynının bu əməllərinin ucbatından anasının infarkt keçirərək, dünyasının dəyişdiyini deyir: "Mən oğlumun, həyat yoldaşımın dediklərilə razıyam. Onunla bizim heç bir əlaqəmiz yoxdur, mən heç telefon nömrəsini də bilmirəm. 45 il fəhləliklə ailəmi dolandırmışam. Bu hakimiyyətdən narazılığımız yoxdur, pis yaşamırıq. Ölkəmiz də gün-gündən firavanlaşır. Vaxt var idi ki, çörək üçün növbəyə dayanırdıq. Bu ölkənin nəyindən narazılığımız ola bilər ki? Ancaq üzdəniraq qaynımdan narazılığım var. Elə anası da onun ucbatından infarkt keçirib öldü".
Z.Əliyevanın digər oğlu Elnar Əliyev də bütün qohumların O.Teymurxana münasibətinin çox pis olduğunu bildirir. İş o yerə çatıb ki, hər kəs ondan uzaq olmaq və onunla bağlı heç nə eşitmək istəmir: "Biz bu adamdan bezmişik, qurtulmaq istəyirik. Biz bu adamdan imtina edirik. O, bizi saymır, adam yerinə qoymur. O, bizim üçün maraqsız adamdır, biz onun etdiklərindən utanırıq. Normal cəmiyyətdə yaşayırıq, o, nə istəyir, biz bilmirik. Heç yəqin ki, özü də bilmir. Bizim bu ölkədə tək problemimiz odur".
Samir