Siyasət

  • 4 120

Dayanıqlı inkişafa söykənən tərəqqi faktoru

image

İlham Əliyev: “Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük”

Artıq 26 ildir ki, Azərbaycan xalqı ictimai-siyasi və sosial-iqtisadi həyatının yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar və həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir.

Azərbaycan uğurlu və hərtərəfli inkişaf yolunda

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkəmizin uğurlu və hərtərəfli inkişafından danışaraq, bildirib ki, bütün sahələrdə dinamik inkişaf təmin edilib: “İlin doqquz ayı arxada qalır. Bu doqquz ayda ölkəmiz uğurla və hərtərəfli inkişaf etmişdir. Bütün sahələrdə dinamik inkişaf təmin olunmuşdur. Doqquz ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir”.
Dövlət başçısı, onu da vurğulayıb ki, qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb: “Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır”.
Ölkə başçısı müşavirədə, qeyri-neft sektorunun sənaye və kənd təsərrüfatı sahəsinin hərtərəfli inkişafına da toxunub: “Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir. Bildiyiniz kimi, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır”.
Dövlət başçısı qeyd edib ki, xarici ticarət dövriyyəmiz 7 faiz artıb: “Burada da ixrac idxalı böyük fərqlə üstələyir. Hər bir inkişafın göstəricisi, o cümlədən, xarici ticarətin tarazlığından asılıdır. Bizdə isə ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Əlbəttə, bu, bizim həm iqtisadi uğurlarımızı əks etdirir, eyni zamanda, milli valyutamız manatın məzənnəsinə çox müsbət təsir göstərir. Valyuta bazarının tənzimlənməsi istiqamətində, əlbəttə ki, bu, çox böyük imkanlar açır. Eyni zamanda, bu, bizim uğurlu inkişafımızın təzahürüdür. İxracımız idxaldan 4,4 milyard dollardan çoxdur. Baxmayaraq, dünya bazarlarında neftin qiyməti hələ də aşağı səviyyədədir, bu il biz qarşıya məqsəd qoymuşduq ki, valyuta ehtiyatlarımızı artıraq. Çünki bu, bizim iqtisadi və siyasi müstəqilliyimizin əsas şərtlərindən biridir. Xərclərimizin də artmasına və ölkə qarşısında duran vəzifələrin də çoxalmasına baxmayaraq, biz çalışırıq ki, bütün vəzifələri icra edək. Bunu etmək üçün, əlbəttə ki, maliyyə resursları lazımdır. Valyuta ehtiyatlarımızdan qənaətlə istifadə etməyimiz, eyni zamanda, düzgün investisiya proqramımızın uğuru, əlbəttə, imkan verib ki, biz valyuta ehtiyatlarımızı artıraq”.
“Bizim siyasətimiz
uzunmüddətli
siyasətdir”

Dövlət başçısı müşavirədə ilin 9 ayında Azərbaycanın valyuta ehtiyatlarının artdığını, hazırda bu rəqəmin 42 milyard dollar səviyyəsində olduğunu bildirib: “İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük. Ona görə, bir daha qeyd etmək istəyirəm ki, valyuta ehtiyatlarımız, ümumiyyətlə, iqtisadi imkanlarımız müstəqilliyimizin əsas şərtlərindən biridir”.
Prezident qeyd edib ki, bu gün Azərbaycan özünü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilib: “Müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Ona görə, 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız, hesab edirəm ki, 9 ayın ən uğurlu nəticələrindən biridir”.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu ilin doqquz ayında da ölkədə iqtisadi islahatlarla bağlı ciddi addımlar atılıb və sahibkarlara hərtərəfli şərait yaradılıb: “Strateji yol xəritələrinin inkişafı təmin edilib, investisiya təşviqi mexanizmi işə düşüb. İndiyədək 200-dən artıq investisiya təşviqi sənədi verilib ki, bunun da nəticəsində, Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı, ölkədə ixracın təşviqi mexanizmi işə düşüb”. Bu ilin Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacağını deyən Prezident İlham Əliyev bildirib ki, 140 ölkə arasında rəqabətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur.

Dövlət-sahibkar münasibəti daha da dərinləşir

Hər zaman sahibkarların yanında olan və onlara öz dəstəyini nümayiş etdirən dövlət başçısının son zamanlar imzaladığı son sənədlər və çıxışlarını sahibkarlığın inkişafında yeni mərhələnin başlaması barədə anonsunun reallaşması kimi də qiymətləndirmək olar.
Son illərdə Prezident İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan, sözügedən müşavirədə də Prezident İlham Əliyev ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə və iş adamlarına verilən güzəştli kreditlərə toxunaraq, bildirib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilin sonunadək kreditləşməni təmin etməlidir.
Əlbəttə ki, bütün bu uğurlu nəticələr və iqtisadi göstəricilər, onu deməyə əsas verir ki, görülən işlərin sürəti bundan sonra daha da artırılacaqdır.
Göründüyü kimi, dünyada baş verən iqtisadi böhrana və neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Prezident İlham Əliyev Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir. Mövcud qlobal iqtisadi böhran şəraitində vətəndaşların normal yaşaması üçün dövlət tərəfindən bütün lazımi tədbirlərin görülməsi isə, heç şübhəsiz, Azərbaycanda əhalinin həyat şəraitinin yüksəldilməsi istiqamətində müntəzəm addımların atılmasını bir daha sübut edir.
RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər