Analitika

  • 5 377

Nikol Paşinyan başını itirib, amma harada? ANALİTİK

image

Rusiyanı qıcıqlandıran erməni baş naziri ölkəsində ittiham obyektinə çevrilib

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinə məxsus KİV-lərə verdiyi müsahibəsi erməni cəmiyyəti ilə yanaşı, digər ölkələrin də siyasi-ictimai dairələri tərəfindən qeyri-ciddi qarşılanmaqdadır. Belə ki, erməni hökumətinin 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdakı bəndləri, eləcə də sonrakı müddətlərdə əldə edilmiş razılaşmalardakı qərarları icra etməməsi ilə yanaşı, Azərbaycana qarşı müxtəlif ittihamlar irəli sürməsi bu faktı daha da aktuallaşdırır.Bu arada Rusiyanın tanınmış politoloqu, “Milli müdafiə” jurnalının hərbi eksperti İqor Korotçenko bu mənada bir sıra məqamları maraqlı analitika ilə şərh edib. Onun sözlərinə görə, Paşinyan hələ də düşünür ki, Moskva İrəvan üçün “əlini oda salıb, oradan qızardılmış şabalıd” çıxaracaq. SİTAT: “Artıq iki ildən çoxdur ki, Ermənistan üçtərəfli bəyanatdakı bəndləri yerinə yetirmiş. Yəni İrəvan etməli olduğunu etmir və bu barədə heç düşünmür də”.
İqor Korotçenko: “Belə bir “boz ərazidə” bu və ya digər dəyişikliklər mümkündür və onlar heç bir halda beynəlxalq normalar nöqteyi-nəzərindən interpretasiya edilə bilinməz”
Hərbi ekspert Paşinyanın Moskvanın İrəvan üçün nə isə edə biləcəyi ətrafında fikirlərinin özünü doğrultmadığını deyib və qeyd edib ki, məhz buna görə də Nikol Paşinyanın isterik reaksiyaları get-gedə çoxalmağa başlayıb, erməni baş naziri Rusiyanın Ermənistanın qarantı olmadığını dilə gətirib.
Korotçenkonun sözlərinə görə, Ermənistan KTMT-nin üzvü olmasına rəğmən, bir müddət əvvəl, daha dəqiq desək, ötən il İrəvanda keçirilmiş sammitdəki yekun sənədlərə imza atmayıb. SİTAT: “Ermənistanın ona qarşı aqressiya törədildiyini apelyasiya etməsi qeyri-ciddi iddiadır. Belə ki, dövlət sərhədi mövcud deyil, sadəcə təmas xətti var ki, bu da sərhədin olmadığını – “boz ərazi” olduğunu göstərir. Belə bir “boz ərazidə” bu və ya digər dəyişikliklər mümkündür və onlar heç bir halda beynəlxalq normalar nöqteyi-nəzərindən interpretasiya edilə bilinməz”.
Rusiyalı ekspert Azərbaycan Prezidentinin fikirlərini belə şərh etdi
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev də ölkə jurnalistlərinə verdiyi müsahibəsində bu məqama toxunaraq vurğulayıb ki, Ermənistanla sərhədlər delimitasiya olunmayıb, prosesi də məhz Ermənistan uzadır. Ona görə də Azərbaycan istədiyi zaman bu ərazilərdə dəqiqləşdirmələr apara bilər.Korotçenko da Prezident İlham Əliyevin qeyd etdiyi fikirlərini əsas gətirərək əlavə edib ki, İrəvan dövlət sərhədlərinin delimitasiyasından və demarkasiyasından imtina edir. SİTAT: “Ona görə də Paşinyanın bütün pretenziyalarını elə onun özünə ünvanlamaq lazımdır. Bu, tipik erməni davranışıdır – öz uğursuzluqlarının səbəbini kənardakılarda axtarmaq”.
“Erməni hakimiyyətinin anti-Rusiya ittihamları həm siyasi, həm də hüquqi baxımdan mənasızdır”
Ekspert daha bir maraqlı nüansa toxunaraq diqqət çəkib ki, Nikol Paşinyan özünü siyasi fərziyyəçi kimi aparır və ona görə də özünü qurban kimi göstərməklə əqrəbləri Rusiyaya tərəf çevirir. SİTAT: “Onlar vəhşiliklərdən və s. məsələlərdən danışırlar... Biz 2020-ci ilin noyabrında kütlənin Ermənistanın o zamankı parlament spikeri Ararat Mirzoyanı ayaqları ilə necə tapdaladığını xatırlayırıq. Ermənistanın ikinci şəxsi linç məhkəməsi ilə döyülmüşdü. Bu, erməni revanşistlərinin vəhşilikləri idi ki, dövlətin ikinci şəxsinə qarşı törətmişdilər! Bu, faktiki olaraq cənab Mirzoyana qarşı genosid aktı idi. Yeri gəlmişkən, bu olay Ermənistanın hüquqi vəziyyətinin və hüquqi mədəniyyətinin göstəricisidir. Əgər Paşinyan erməni revanşistlərinin əlinə düşsəydi, kütlə onu da belə vəziyyətə sala bilərdi. Amma o, Müdafiə nazirliyinin bunkerində gizlənirdi. Ona görə də erməni hakimiyyətinin anti-Rusiya ittihamları həm siyasi, həm də hüquqi baxımdan mənasızdır”, deyə rusiyalı ekspert bildirib.
Taqui Tovmasyan: “Əfsuslar olsun ki, ölkənin baş naziri belə bir mühüm informasiyadan məlumatsızdır, ya da özünü elə aparır ki, guya hər bir məsələ ilə bağlı şəxsən maraqlanır”
Bu arada, Ermənistan cəmiyyətində Nikol Paşinyana qarşı ittihamlar da artmaqda davam edir. Belə ki, “Joxovurd” nəşrinin qeyd etdiyinə görə, 2020-ci il müharibəsində və 2022-ci ildəki sentyabr sərhəd qarşıdurmasından sonra itkin düşmüş erməni hərbçilərinin axtarışlarına son qoyulub. Lakin Nikol Paşinyan ölkə KİV-lərinə verdiyi müsahibəsində bildirib ki,axtarışlar davam etdirilir. Adıçəkilən nəşr mövzu ilə bağlı Ermənistan parlamentinin insan hüquqları və ictimaiyyətlə əlaqələr daimi komissiyasının sədri Taqui Tovmasyandan münasibət öyrənib. Müsahib isə öz növbəsində təəssüflə deyib: “Əfsuslar olsun ki, ölkənin baş nazir belə bir mühüm informasiyadan məlumatsızdır, ya da özünü elə aparır ki, guya hər bir məsələ ilə bağlı şəxsən maraqlanır”.Tovmasyan erməni nəşrinə deyib ki, 44 günlük müharibə zamanı itkin düşmüş 200 nəfərin axtarışına hələ 2022-ci ilin yanvarından son qoyulub: “Yaxşı olardı ki, ölkənin birinci şəxsi mətbuat konfransına hazırlaşarkən müvafiq informasiyanı dəqiqləşdirməli idi. Bütün bunlar qeyri-ciddidir”.Beləliklə, Nikol Paşinyanın istər sülh prosesinin əldə olunmasına maneələr yaratması, istərsə də ölkəsi daxilində qeyri-ciddi şəxs kimi daha çox görünməyə başlaması bütün faktları tam çılpaqlığı ilə ortaya qoyur və bu reallıq bir daha sübut edir ki, Ermənistanın rəhbərliyi başda baş naziri olmaqla tamamilə başlarını itiriblər və bu kimi başitirmələr bütövlükdə erməni xalqına ciddi zərərlər vurur. Hər halda, isbatlar ortadadır...
Rövşən RƏSULOV

Digər xəbərlər