Analitika

  • 4 332

Kəndə kino gəlib! TƏHLİL+ XATIRLAMA

image

Kino... Dörd hərf, sadə bir söz, lakin dünyalar, həyatlar, talelər, hadisələr, acılar, şirinlər sığan bir ifadə. Yarandığı gündən insanların ən sevdiyi əyləncəsi, seyr etmək üçün saatlarını verdikləri, kilometrlərlə yol qət etdikləri kino. Müasir dövrümüzdə kəndlərimizdə kino və təbii ki, kinoya gedənlər olmadığı, şəhərlərimizdə isə buna çox az dərəcədə təsadüf etdiyimiz bir vaxtda xəyalən o dövrlərə gedərək ən ucqar kəndlərimizdə belə insanların kino marağını, sevgisini xatırlamağın yerinə düşəcəyini düşündük...Bir vaxtlar vardı, kəndlərə kino gələndə insanların sevincinin həddi-hüdudu olmurdu. Adətən kəndin mərkəzində, hər kəsin yolu düşən bir yerdə, əsasən mağazanın yanında afişa asırdılar. Buradan da bütün evlərə xəbər yayılırdı ki, kəndə kino gəlib. Kəndlərimizin zəhmətkeş insanları isə işlərini axşamçağınadək yekunlaşdırmağı, axşam kinoya getməyi planlaşdırırdı.Yəqin bunu çoxları xatırlayar ki, kəndlərimizdə kinoya getmək, film izləmək nə qədər maraqlı olurdu. Biz o vaxtlar uşaq idik. Kəndə-nənə-babamızın yanına gedəndə həmin kinoların qonağı olmuşduq. Və elə buna görə də çox gözəl təəssüratlar bu gün də yaddaşımızın bir küncündə qalmaqdadır.Elə ki, axşam oldu, yollanırdıq kinoya baxmağa. Baxırdıq ki, ətrafdakı insanlardan kimi əlində stul, kimi döşəkcə aparır. O vaxtlar kəndlərimizdə çox da böyük olmayan klublar vardı. Mədəniyyət klubları deyirdilər onlara. Həmin klubda film də nümayiş etdirilirdi. Həmin kinolar yay fəsillərində daha maraqlı olurdu. Biz yayda kənddə çox olduğumuz üçün bunun şahidi olmuşduq. Klubdakı oturacaqlar dolandan sonra qarşıda camaat döşəkcələrini yerə sərib üstündə əyləşirdi. İki sıra olan oturacaqların arasına da evlərdən gətirilən stullar düzülürdü. Daha sonra isə qapılar açıq qoyulurdu, ona görə ki, klubda özünə yer tapa bilməyənlər də film izləyə bilsinlər. Onlar ya stullarını qoyub, ya da döşəkcələrini yerə sərib üstündə əyləşir və oradan filmi izləyirdilər.İçəridə o qədər sakitlik olurdu ki, insanların nəfəsləri duyulurdu. Camaat o qədər maraqla izləyirdi ki, onlara qoşulan biz uşaqlar da filmin nə zaman başlayıb, nə zaman bitdiyinin fərqində olmurduq. Bir də baxırdıq ki, film bitib. Lakin bu qədər gözəl, mehribanlıq şəraitində keçən anların bitməsini əsla arzulamırdıq.Lakin film başladığı kimi, bitməli idi də. Bitəndən sonra hər kəs öz qonşusu, qohumu ilə birlikdə evə yollanırdı və yolboyu o qədər maraqlı müzakirələr aparılırdı ki, sanki yeni bir filmi də yolda izləyirdik.

***
İllər ötürdü, biz isə böyüyürdük. O zamanlar yaşadığımız şəhər, qəsəbələrimizdə onsuz da kinoya yollanırdıq. Fimlərə baxırdıq. Bizi ya məktəbdən müəllimlərimiz, ya da valideynlərimiz kinoya aparırdı. Bir-birindən maraqlı filmlər izləyirdik. Səhəri gün ədəbiyyat müəllimimiz həmin film haqqında inşa yazmağı da bizə tapşırırdı. Biz də yazırdıq, filmə, filmin ssenarisinə, aktyorlara, hadisələrə münasibət bildirirdik. Bütün bunların əhatəsində böyüyür, dünyagörüşümüzü formalaşdırırdıq.Bəzən oxuduğumuz əsərlərin ssenarisi əsasında çəkilən filmlərə tamaşa edirdik. Bunlar bizim üçün daha maraqlı olurdu. Sanki kitabdakı hərflərin sözlərə çevrilib yaratdığı qiyabi mənzərələr birdən-birə gözlərimiz önündə əyaniləşir, obrazları həyatımıza gətirir və onların yaşadığı talelərlə bizi bir daha tanış edirdi. Bəzən olurdu ki, kinolardan elə təəssüratla ayrılırdıq ki, həftələrlə özümüzə gələ bilmirdik. Hadisələr bizi öz əsarəti ağuşuna alıb haradan haraya aparırdı. Bəzən filmlərdəki talelərdə öz həyatımızı görürdük, onu özümüzə daha yaxın hiss edirdik. Bəzən həyatımızdakı bir hadisənin cavabını məhz filmlərdə tapırdıq. Biz doğru hərəkət etməyi, qərar verməyi baxdığımız filmlərdən öyrənirdik. Bəzən, yox həmin filmdəki kimi etsək, daha yaxşı olar, deyib, planlaşdırdığımız addımdan vaz keçir, eynilə baxdığımız filmdəki kimi hərəkət etməklə heç də səhv etmədiyimizi təsdiq edirdik.Necə ki, oxuduğumuz onlarla, yüzlərlə kitab bizi kamilləşdirir, həyatın sirrini-sözünü, düzgün seçimi, düzgün qərar verməyi, yaxşını pisdən ayırmağı, hansı addımın doğru, hansının yanlış olduğunu öyrədirdi, eləcə də baxdığımız onlarla film də həyatımızda eyni funksiyada idi.Elə ki, 1990-cı illər arxada qaldı, qarşıdakı illərdə həyatımıza yavaş-yavaş internet, smartfon telefonlar daxil oldu, biz də yavaş-yavaş kinoteatrlardan, klublardan uzaqlaşmağa başladıq. Evlərimizə doğru geri çəkildik. Ta o evlərdən çıxıb film izləmək üçün yol getmədik, buna vaxt ayırmadıq. Başladıq internetdən, telefonlardan film izləməyə. Lakin bu, kinoteatrlarda geniş ekranlarda izlədiyimiz filmlər keyfiyyətdə oldumu ? Xeyr, olmadı. Həm də öz kinomuz getdi, yerinə dünyanın hər yerindən olan filmlər gəldi.
***
Yeni dünyamıza yeni filmlər qədəm qoydu. Teleseriallar yarandı. Aylarla, illərlə bitməyən seriallar. Həmin seriallar artıq neçə-neçə onilliklərdir ki, bizləri özünə bağlayıb. Biz olmuşuq həmin serialların aludəsi, bəzi hallarda isə xəstəsi. Onlarla mövsümə başlayıb, onlarla mövsümü tamamlayırıq. Dikilirik televizorların qarşısına, saatlarla mentalitetimizə, adət-ənənələrimizə, yaşam tərzimizə uyğun olmayan serialları izləmək üçün.Daha sonra yeni-yeni film proqramları ortaya çıxdı. Başladıq həmin proqramlar vasitəsilə filmlər izləməyə. Baxdıq ki, bu filmlər biz baxdığımız filmlərdən çox fərqlidir. Bu filmlərdə dəhşətlər, vəhşətlər gördük, söyüşlər eşitdik. Bir canlının həyatına qıyıb, əsla narahat olmayan insanları gördük. Həyatımıza, cəmiyyətimizə heç uyğun olmayan mənzərələrlə qarşılaşdıq. Bir vaxtlar ailəliklə film seyr etdiyimiz təqdirdə, bunun artıq əsla mümkün olmadığını dərk etdik. Nəticədə uşaqları bizimlə birlikdə film seyr etməkdən uzaqlaşdırdıq. Belə olanda isə uşaqlarımız daha dəhşətli filmlər izləməyə başladılar. İnternet klublarında dava-dalaş, vuruşma, ölüm, dəhşət və vəhşət dolu filmlər təqdim olundu övladlarımıza. Uşaqlarımız da həmin filmləri izləmək üçün min bir həvəslə internet klublara yollandılar. Aludəçiyə çevrildilər. Biz də uşaqları evlərimizə yığmaq üçün gedib həmin filmlərin diskini alıb evə gətirdik və gözümüzün qarşısında “baxın”,- dedik. Ta demədik ki, bu uşaq nəyə baxır, niyə baxır?..
***
Yeni dünyamızda əslində nə uşaqlarımız, nə də özümüz yaşadığımız həyata uyğun olmayan filmlərə baxmağa başladıq. Öz ölkəmizin istehsal etdiyi filmlər artıq evlərimizdən, telefonlarımızdan uzaq düşdü. Hə, nə olar, adam tək öz filmlərinə baxmaz ki, xarici filmlərə də baxmaq, oxuduğumuz kitablardakı kimi dünya ölkələri ilə də tanış olmaq gərəkdir. Lakin biz bu gərəklilərdən çox gərəksizlərə qapımızı açdıq. Ayağımız kinoteatrlardan kəsildi. Evimizdə oturub dünyanın bütün ölkələrinin filmlərini izləməyə başladıq. Valideyn bir tərəfdə, uşaq bir tərəfdə... Bir də başımızı qaldırıb ətrafa, dünənə baxanda itirdiklərimizin çox olduğunu gördük. Lakin artıq çox gec idi.İndi nümunə üçün gedib məktəblərimizdə bir sorğu keçirsək, sual etsək ki, kim axırıncı dəfə hansı Azərbaycan filmini izləyib, bu suala neçə şagird və hansı şəkildə cavab verəcək, bu, aydındır. Bu gün yetişməkdə olan gənc nəslin əksəriyyəti filmlərimizi seyr etməyiblər. Adlarını da bilmirlər. Bəzi intellektual yarışmalar var ki, orada filmlərimizdən göstərilən bir parçanın hansı filmə aid olduğunu iştirakçıların heç biri bilmir. Bu, o deməkdir ki, artıq gənc nəsil filmlərimizdən xəbərsizdir. O qədər gözəl ənənələr, adətlər, mental və ailə dəyərlərini özündə yaşadan filmlərdən çox uzaqdadırlar.
Bütün bunlar üçün isə onlar deyil, biz günahkarıq. Onların böyükləri- ata-anaları olan bizlər. Çünki biz vaxt ayırıb uşaqlarımızla birlikdə bu filmləri izləməmişik. Bunun əvəzinə tanış olmadığımız adətlər çərçivəsinə uyğun film disklərini alıb uşaqlarımıza verib onların bu filmləri izləməsinə səbəb olmuşuq. Sabahısı gün tərbiyələrində bir problem ortaya çıxanda isə, “bu uşaq gedib kimə oxşadı?”, “bu nə üçün belə hərəkət edir?”,- deyə onları tənbeh eləməyə başlayırıq. Ancaq düşünmək istəmirik ki, övladımıza nə etmişiksə, özümüz etmişik.Beləliklə, internetdən düzgün yararlana bilməməyimiz, kinoteatrlardan ayağımızı kəsməyimiz, evimizdən filmlərimizi uzaqlaşdırmağımız qarşımızda yeni bir dövr açır. Bu dövrdə itmiş adət-ənənələrimiz, cəmiyyətimizə xas olmayan əlamətlər, uzun illərdən bəri xalqın qoruyub saxladığı dəyərlərdən başqa hər şey görünür. Düşünəndə isə deyə biləcəyimiz tək bir söz var: təəssüf.
***
Azərbaycan kinosu xalqımızın maariflənməsində, estetik zövqünün formalaşmasında, milli və vətənpərvərlik hissinin güclənməsində özünəməxsus rol oynamış, milli-mənəvi dəyərlərimizi və adət-ənənələrimizi yaşatmışdır. Milli kino sənətimizin bu cəhətlərini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur... Xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”.Biz bu gün Azərbaycan kinosunu hansı dərəcədə seyr edirik? Bəli, yetişməyimizdə, formalaşmağımızda böyük əhəmiyyətə malik olan kinolarımızı illər öncədən artıq arxivlərə atmışıq. Heç ölkəmizin telekanalları da əvvəlki illərdəki qədər filmlərimizə yer ayırmırlar. İndi telekanallarımızada hind, türk, rus və sair film günləri mövcuddur ki, həmin günlərin məlum saatlarında həmin filmləri seyr etmək olar.
***
Orta yaş qrupunda olan insanlarsa o illəri hələ də xatırlamaqdadır. Həm şəhərlərimizdə kinoteatrlara üz tutub filmləri izlədiyimiz günləri, həm rayon mərkəzlərindəki kinoteatrlarda acgözlüklə seyr etdiyimiz filmləri. Uşaqlığımızdan xatırə qalan “Kəndə kino gəlib!”lə yaşadığımız gözəl anlar isə əsla unudulmayan anlardır. O anlardır ki, bu gün övladlarımıza ondan söhbət açanda sanki maraqlı bir film izləyirmişlər kimi bizi dinləyirlər. Belə isə, deməli, onların filmlərimizi izləməməsində biz özümüz günahkarıq.Kəndə kino gəlib... Bu kinoları izləyənlər, o gözəl, səmimi mühitə şahid olan insanlar vaxt gələcək ki, həyatda olmayacaqlar. Kəndlərimizin kinolu, filmli günləri o xatirələrdə heç olmayıbmış kimi torpağa gömüləcək. Buna çox təəssüf edirəm.

Mətanət Məmmədova

Digər xəbərlər