Analitika

  • 3 290

Azərbaycanlıların soyqırımı - TARİXİN QANLI SALNAMƏSİ

image

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV: "Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir"

PREZİDENT İLHAM ƏLİYEV: "Ermənistan dövlətinin və erməni lobbisinin təcavüzkar siyasəti iflasa məhkumdur. Son illərin təcrübəsi göstərir ki, erməni işğalçılarının və onların havadarlarının imkanları heç də qeyriməhdud deyil və bu imkanlar getdikcə daralmaqdadır. Bu siyasətə qarşı geniş iqtisadi potensiala malik qüdrətli Azərbaycan dövləti, onun siyasi nüfuzu, dünya azərbaycanlılarının və Azərbaycanın dostlarının getdikcə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü Azərbaycan ordusu dayanır. Biz dünya siyasətinə ciddi təsiri olan böyük dövlətlərlə müntəzəm və məhsuldar iş aparır, onilliklər boyu formalaşmış stereotipləri, yanlış yanaşmaları dağıtmağa çalışır və çox hallarda buna müvəffəq oluruq"

Bəli, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Təxminən iki yüz il ərzində ermənilərin öz havadarlarının köməyi ilə «böyük Ermənistan» yaratmaq kimi qondarma ideyanın gerçəkləşdirilməsi yolunda atdıqları addımlar Azərbaycan xalqına qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələnib. XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Cənubi Azərbaycanda, Borçalıda, Bakı quberniyasında, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da zaman-zaman azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar, terror və digər zorakılıq aktları həyata keçiriblər. Təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84, Nor-Bəyazid qəzasında 7, ümumiyyətlə, 197 kənd dağıdılıb, sakinləri ən vəhşi üsullarla qətlə yetirilib.
1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədiblər. Anadoluda soyqırımları törətdiklərinə görə cəzasız qalmayacaqlarından təşvişə düşən erməni-daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Həmin vaxt regionda anarxiya hökm sürürdü. Qafqaz cəbhəsindən qayıdaraq Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri yolboyu Azərbaycan kəndlərini talan edir, aclıq və səfalət içərisində olduqlarından Bakı Sovetinin xidmətində qalmağı vətənə dönməkdən üstün tuturdular. Ordu silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi.

1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanan daşnak-bolşevik S.Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirdi. Həmin ilin 30 mart 3 aprel tarixləri arasında Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Naxçıvan, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Şamaxı, Qarabağ və digər ərazilərdə Bakı Soveti və Daşnaksütyun partiyasının silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində minlərlə insan məhv edilib, milli-memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılıb. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu soyqırımı nəticəsində 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 30 mindən çox soydaşımız qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Təkcə Bakıda 12 min azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə -yeksan olunub.

1918-ci il martın 31 də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, Daşnaksütyun partiyasının 4 minlik silahlı dəstəsi iştirak edirdi. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, uşaqdan böyüyədək hər kəsi qətlə yetiriblər. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə yazırdı: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

31 mart soyqırımı ermənilərin öz havadarlarının köməyi ilə iki yüz il ərzində xalqımıza qarşı törədilmiş genosid siyasətinin davamı idi. Bu qanlı faciəyə əsl hüquqi qiymət Ulu Öndər tərəfindən verildi. Məhz ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub. Bildirilib ki, bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Həmin ildən etibarən bütün xalqımız bu tarixi “31 Mart Azərbaycanlıların soyqırımı günü” kimi qeyd edir.

Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, 31 mart soyqırım qurbanlarının qisasını aldı.

ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar şurasının üzvü

Digər xəbərlər