Analitika

  • 10 715

Böyük ziyalılıq və xeyirxahlıq nümunəsi – ZƏRİFƏ XANIM ƏLİYEVA - TƏHLİL

image

Prezident İlham Əliyev: "O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir"

Bu gün əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın doğum günüdür. Akademik Zərifə Əliyeva təkcə öz adını tibb tarixinə yazmadı, eyni zamanda, Azərbaycan oftalmologiyasının adını bütün dünyada ucaltdı. 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım xalqına ləyaqətlə xidmət edən parlaq simaya çevrilib. Öz parlaq istedadını zəhməti ilə vəhdətdə ortaya qoyan Zərifə xanım elm, ədalət, səxavət, səbr, ismət kimi keyfiyyətləri əməli fəaliyyətində və özündə birləşdirib. Bu dəyərlər içərisində güclü, fədakar ziyalı kimi tanınıb və şöhrətlənib. Məxsusi dəyərləri ilə seçilən və sevilən, ən yüksək bir pillədə dayanan Zərifə xanım Əliyevanın adı əbədidir. Yaşanılan ömür yolunun sərlövhələri Onu hər zaman örnək olacaq bir simaya çevirib.

Özünəməxsus nümunəvi yolu olan Zərifə xanımın zəngin və şaxəli həyat yoluna nəzər saldıqda bu həyat yolunda bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqətdən yayınmır: ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü. Bu keyfiyyətlər və dəyərlər məhz şəxsiyyət olaraq ziyalının ömrünə işıq saçmışdır. Zərifə xanım incə, zərif duyğuların vəhdətində Azərbaycan xanımına məxsus olan çalarları və zəkası ilə qaranlıq dünyalara şəfa verdi. Duyğulu, düşüncəli, fərqli bir dünyası ilə əməli fəaliyyəti cəmləşdirib həyat fəlsəfəsinin silinməyən izlərini özü də hiss etmədən gərgin axtarışları, zəhməti, elmi biliyi ilə bu aləmə həkk etdi. Bu ömrün yazılmış səhifələrində Zərifə xanımın portretini sezməmək mümkün deyildi.

Qəlb dünyasının işığı tez bir zamanda Onun Azərbaycan məkanında tanınmasına gətirib çıxardı. Sonralar bunun coğrafi məkanı daha da genişləndi. Sərhədləri ilə tanınan dünyamızı yaratdığı əsərləri, elmi kəşfləri, axtarışların nəticəsi birləşdirdi.

OFTALMOLOGİYA SAHƏSİNDƏ ƏN MÖTƏBƏR MÜKAFATA – SSRİ TİBB ELMLƏRİ AKADEMİYASININ M.İ.AVERBAX ADINA MÜKAFATINA LAYİQ GÖRÜLƏN İLK QADIN

Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olur və institutu əla qiymətlərlə bitirir. Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinin geniş yayıldığı zamanda, ona qarşı təsirli müalicə üsulları yox idi. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar əldə edir. Zərifə Əliyevanın bu istiqamətdə apardığı tədqiqatlar 1960-cı ildə uğurla müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edir. Traxoma xəstəliyinin müayinəsi və müalicəsi işləri ilə yanaşı, Zərifə xanım oftalmologiya elminin bir sıra aktual məsələlərinə də böyük əhəmiyyət verirdi.
1968-ci ildən başlayaraq Zərifə Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayır. Eyni zamanda, O, bir sıra məsələlərə, o cümlədən, yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə əsas diqqət yetirirdi. Zərifə xanım bu problem üzərində iş apararkən, çox vaxt, bilavasitə sənaye müəssisələrində olaraq, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilir.

"ONUN ƏSƏRLƏRİ, ELMİ MONOQRAFİYALARI BU GÜN DƏ ÖZ AKTUALLIĞINI İTİRMİR"

Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil edir. Zərifə xanım "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində, H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edir. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilir. Elmi tədqiqatların nəticəsi olaraq, Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən, "Şin istehsalında gözün peşə patologiyası", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" monoqrafiyalarını çap etdirməyə nail olur. "Xroniki yod intoksikasiyasında oftalmologiya" mövzusunda yazdığı növbəti monoqrafiya 1981-ci ildə işıq üzü görür. Elə həmin il oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür. Qeyd olunmalıdır ki, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Zərifə xanımın, sözün əsl mənasında, böyük həkim olduğunu bildirmişdi: "O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir. Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir".

AZƏRBAYCAN OFTALMOLOGİYASININ ADINI BÜTÜN DÜNYADA UCALDAN ALİM

1977-ci ildə onun təşəbbüsü ilə Bakıda ilk dəfə olaraq Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Dünya şöhrətli alimlərin iştirak etdiyi bu mötəbər tədbir Azərbaycan elminin gələcəyi, onun inkişafı naminə ən tanınmış elmi mərkəzlərlə birgə tədqiqatların aparılması, peşəkar kadrların hazırlanması üçün böyük imkanlar yaratdı.
Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Görkəmli alim, ictimai xadim, Azərbaycan EA-nın akademiki, tibb elmləri doktoru, professor, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının müdiri, Azərbaycan EA Fiziologiya İnstitutunun laboratoriya rəhbəri, Azərbaycanın əməkdar elm xadimi, Tibb Elmləri Akademiyası mükafatı laureatı Zərifə xanım Əliyeva tibb elminə və praktikasına, yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına əvəzsiz töhfələr vermişdir. Onun çoxcəhətli elmi fəaliyyətinin nəticələri 130 əsərdə, o cümlədən, 5 monoqrafiyada, həkimlər üçün bir sıra dərs vəsaitlərində, sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodik tövsiyələrdə öz əksini tapmışdır. Zərifə Əliyevanın Azərbaycan EA-nın akademiki seçilməsi Onun böyük xidmətlərinin, çoxillik səmərəli elmi tədqiqat işinin etirafıdır.
Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. Zərifə xanım zaman-zaman öyrəniləcək və tədqiq olunacaq məktəbdir. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi.

PEŞƏKAR HƏKİM VƏ XEYİRXAH İNSAN

Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyevanın elmi fəaliyyətini, peşəkarlığını yüksək qiymətləndirmişdilər. Belə ki, Moskva Oftalmoloji Məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi, professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü M.M.Krasnov isə yazırdı: "Zərifə xanım Əliyeva haqqında xatirələrimi bir sözlə ifadə etməli olsaydım, deyərdim: O, həm Xeyirxah idi, həm Ağıllı idi, həm də Qüdrətli idi!"
Zərifə xanımın gördüyü bütün işlərdə insan amili dayanırdı. İnsanlara şəfa vermək istəyi daynırdı. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Çünki O, həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi və hər bir həkimdə bu iki amil birləşməlidir. Çünki həkim peşəkar olmalıdır, insanlara xidmət göstərməlidir. Eyni zamanda, həkim xeyirxah insan olmalıdır. Zərifə xanımın bu məsələlərlə bağlı da fikirləri, məqalələri var idi. Həkimin etik davranışı ilə bağlı onun çox dəyərli fikirləri olmuşdur. Hesab edirəm ki, bu fikirlər bu gün də hər bir həkim üçün əsas olmalıdır".

"AZƏRBAYCAN QADINI BÜTÜN DÜNYADAKI QADINLARDAN GÖZƏLDİR"

Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi olub. Övladlarını Ulu Tanrı tərəfindən bəxş olunan nur payı tək qəbul edib. Zərifə xanım Əliyeva cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə etmişdir. Bu, Onun fədakar ANA olmasından irəli gəlirdi. O, nə edirdisə, böyük sevgi ilə edirdi.

Əziz anam, şirin sözlü anam,
Qəlbin kövrək, eşqin solmaz bahar.
Gülər üzlü, qara gözlü anam,
Hara getsəm gözün mənə baxar.
Ana qəlbin layla olar gəzər,
Doğma səsin ömrü-günü bəzər.

Zərifə xanım Əliyeva işinin gərginliyinə baxmayaraq, həmişə bir qadın olaraq mülayimliyi ilə, həssalığı, insanlara mehriban və qayğı ilə yanaşması ilə seçilib. Ümumiyyətlə, Zərifə xanımın həyatı Azərbaycan qadınları üçün bir məktəbdir. Elə bir məktəbdir ki, uzun illər boyu öyrəniləcəkdir. Unudulmaz və əziz xatirəsinin yad etdikcə bu parlaq Şəxsiyyətin elmimizə, səhiyyəmizə, milli və mənəvi varlığımıza bəxş etdiyi dəyərləri təkrarən dərk edir, Onun ölməz ruhu qarşısında bir daha baş əyirik.

"ZƏRİFƏ XANIM KİMİ HƏYAT YOLDAŞIM OLDUĞUNA VƏ O, AİLƏMDƏ ÇOX YÜKSƏK MƏNƏVİ MÜHİT YARATDIĞINA GÖRƏ MƏN XOŞBƏXT OLMUŞAM"

Zərifə xanımın ömür-gün yoldaşı dünya şöhrətli Şəxsiyyət Ümummilli Lider Heydər Əliyev Azərbaycan qadınları haqqında deyirdi: "Azərbaycan qadını mərd, sədaqətli, qeyrətli, namuslu qadındır. Mən dünyanın çox yerini gəzmişəm, dünya qadınlarını görmüşəm, fikrim belədir ki, Azərbaycan qadını bütün dünyadakı qadınlardan gözəldir".

Həqiqətən də Azərbaycan qadınları dünyada yaxşı nə varsa ona layiqdir. İnsanlığa və insanlara qiymət verməkdə mahir, səriştəli olan Müdrik Siyasətçi Ulu Öndər Heydər Əliyev bu cəhətdən də gözəl sədaqətli həyat yoldaşı, peşəkar alim, qayğıkeş ana, mehriban nənə kimi Zərifə xanım Əliyeva seçimində yanılmamışdır. Ulu Öndər Heydər Əliyev deyirdi: "Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib. Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm… Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib".

Zərifə xanım Azərbaycan xalqına məxsus, milli-mənəvi, əxlaqı dəyərləri özündə cəmləşdirmiş bir Ana idi. İşinin çox olmasına baxmayaraq, Zərifə xanımın gözəl övladlar yetişdirməsi və ictimai fəaliyyəti bu gün də örnək olacaq bir fəaliyyətdir. O, əməli işin xoş təəsüratları ilə hamının qəlbində daim yaşayır və yaşayacaqdır.

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda dəfn olunub.

Böyük ziyalılığı, xeyirxahlığı ilə sevilən Zərifə Əliyeva 62 illik ömrünə elə əməlləri sığdırmışdır ki, onu məhəbbətlə duymamaq mümkün deyildir.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər