Analitika

  • 4 769

XANKƏNDİ — 20 ilin qüruru TƏHLİL

image

Prezident İlham Əliyev: Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradı ötən 20 ilin nəticəsi kimi qürurla qarşıladıq. Və elə paradı seyr edə-edə də bu şəhəri -xanların şəhərini necə olmuşdu ki, gədələr zəbt etmişdi düşüncələrinə daldıq. Bu şəhər işğal oluna bilməzdi, lakin nankor erməni buna nail olmuşdu. Çünki bu şəhər də Qarabağın və Şərqi Zəngəzurun digər əraziləri kimi onlara hədiyyə verilmişdi, qurban getmişdi, satılmışdı, bilmirəm, hər nə isə, ancaq işğal olunmamışdı. Çünki bu şəhərin işğal olunmasına onun coğrafi mövqeyi də imkan verə bilməzdi, xanlara məxsus olması da. İki-üç gədə-güdənin alqı-satqısının qurbanı olmuşdu bu şəhər. Bu xanların şəhəri 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal ediləndən sonra hələ yaradılan qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı da olmuşdu.
Xanın kəndi Xankəndi
Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının-xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimə bağışlanmışdı.Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" dekret verdi. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olundu.1923-cü ilin sentyabrında şəhər Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırılmışdır. 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə şəhərin əvvəlki-"Xankəndi" adı bərpa edilmişdir.İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km uzaqlıqda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır.İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhərində həmin tarixdən Rusiya sülhməramlı qüvvələrinin mərkəzi qərargahı yerləşdirilmişdir.
Antiterror tədbiri ilə xilas olan Xankəndi
2020-ci ildən ötən 3 il ərzində Azərbaycan Xankəndidə yaşayan erməni əhalinin təhlükəsizliyi, burada rahat yaşaması üçün dəfələrlə yol göstərdi. Burada yaşayan erməni əhali isə, sözsüz, bu təkliflərlə razılaşardı. Lakin xunta rejimi, separatçı qüvvələr necə ki, 30 ildə erməni xalqını əllərində oyuncaq olaraq öz mənafeləri üçün istifadə edirdi, onların hesabına Azərbaycan torpaqlarında at oynadırdı, İkinci Vətən müharibəsindən sonra da niyyətlərindən əl çəkmədilər. Erməni əhalini inandırmağa çalışdılar ki, bu torpaqlarda sizin üçün yeni həyat qurulacaq, burada yağ-bal içərisində yaşayacaqsınız. Səsini çıxaranın isə ölümünə səbəb oldular. Çünki bu separatçıların damarlarından qan yox, Azərbaycan xalqına qarşı kin, nifrət axır. Onlar illərdir ki, bu iki xalqın arasına nifaq toxumu səpib, cücərdib, hər il biçib "məhsulunu" götürməklə məşğuldurlar.Elə məhz bu kimi iyrənc niyyətlərinə görə də 44 günlük Vətən müharibəsindəki uğursuzluqlarını da nəzərə almaq istəmədilər. Düşündülər ki, yenidən güc toplayıb dirçələ, Azərbaycan torpaqlarına yenidən sahib çıxa bilərlər. Unutdular ki, bu torpaqları axı əslində işğal etməyib, hazır tikənin sahibi olublar. Həmin illərdən isə 30 ildən artıq zaman keçib. 44 gündə 30 illik barrikadalarının yerlə yeksan olunduğunu, "böyük Ermənistan" xülyasının parça-parça edilib Azərbaycan əsgərinin ayağının altına səpələnməsini unutdular. Unutduqca da Ermənistan-Azərbaycan münasibətlərini tərsə doğru çəkdilər.Erməni xalqı ayağa qalxdı. Təslim olduğunu, qonşunun torpaqlarının özünə qaytarılmasını, qan tökülməsinin dayandırılmasını tələb etdi. Hətta Ermənistan dövlət rəsmisi bu torpaqların Azərbaycana məxsus olduğunu bəyan etdi. Lakin separatçı qüvvələr-90-cı illərin saqqallılarının davamçıları bir oldular, xalq, dövlət bir, lakin bu böyük qüvvə terror qruplaşmasının qarşısını ala bilmədi. Ortada isə əziyyət çəkən xalq oldu. Həm də hər iki xalq.Lakin bircə günün içərisində peşman oldular. Gördülər ki, onları illərdir, başdan çıxaran terrorçu qruplaşma imiş. O qruplaşma ki, onlar bu iki xalq arasında münaqişə üçün təlim alıb, silahlandırılıb, bunun üçün maliyyələşdiriliblər. İki xalq arasında nifaq toxumu əkmək üçün kimlərinsə quluna çevriliblər.Sentyabrın 19-da bu terrorçulara qarşı Azərbaycanın 23 saat ərzində həyata keçirdiyi antiterror tədbiri zamanı yenidən yerlə yeksan olan silah-sursat və texnikalarına baxdıqca, bir daha səhv yolda olduqlarını təsdiqlədilər və bu zaman yenidən ağ bayraq qaldırdılar.Elə bir gülünc vəziyyətə düşdülər ki, bəlkə də dünyada belə hadisə yaşanmamışdı. Məxsus olduqları dövlət onları tanımadığını, haqlarında nə cəza lazımsa, görülməsini bildirdi. Beləliklə, ikitərəfli danışıqlara getməyə, Qarabağda və Şərqi Zəngəzurda yaşamaq üçün nələrə boyun əyməli olduqlarını qəbul etmək üçün Yevlağa gəlməyə razı oldular. Gəldilər və onların qarşısına qoyulan tələblərə razı oldular.Baxmayaraq ki, onların təklifi də nəzərə alındı, hətta qısa zamanda elektrik enerjisinə olan tələbatları də ödəndi, lakin onlar qalmağı yox, getməyi məsləhət bildilər və Xankəndini tərk etdilər. Burada ermənilərin düşündüyü yeganə bir məsələ ola bilərdi: dalaşanda elə dalaş, barışmağa üz saxla. Görünür, ermənilər bu üzü saxlamadıqlarını aydın dərk etdikləri üçün Xankəndini öz istəkləri ilə tərk etdilər.Beləliklə, Xankəndi birgünlük antiterror tədbirlərinin nəticəsi olaraq xilas oldu, anası Azərbaycana qovuşdu.
Zəfərimizin 3-cü ilində yeni Zəfər sevinci
2020-ci ilin 44 günlük savaşından sonra bəs Xankəndi, Xocalı, Xocavənd, deyənlər, əldə etdiyimiz böyük Zəfərə kölgə salmaq fikrində olanlar da oldu. Lakin bunu dərk etmək o qədər çətin deyildi ki, elə bu Zəfər Qarabağ və Şərqi Zəngəzurda digər torpaqlarımızın da azadlığına aparan bir yoldur. Sadəcə bizim zamana ehtiyacımız var idi. Zaman yetişməli, nəzərdə tutulmuş proseslər bir-birinin ardınca həyata keçirilməli idi ki, digər torpaqlarımızın da azadlığını görə bilək. Belə də oldu. Dövlətimizin başçısının özünün də dediyi kimi, nəyi nə vaxt, necə etməyi gözəl bilməsi sübut etdi ki, O, bir Prezident kimi dediyi sözü həyata keçirməyi də gözəl bilir. Hadisələrin axarı elə bir sonluqla nəticələndi ki, bir vaxtlar boş-boş danışanların səsini birdəfəlik batırdı. Böyük Zəfərimizin 3-cü ildönümü ərəfəsində Xankəndi də, Xocalı və sair azad olundu. Həm də bunu günlər yox, saatlar həll etdi.Noyabrın 8-də, Zəfər Günü Xankəndidə keçirilən parad 3 il öncəki Qələbənin fonunda yeni Zəfərimizin qürurunu yaşamağı nəsib etdi bizə. Həmin gün qürur və sevincimizin həddi-hüdudu yox idi. Bir tərəfdən həmin torpaqların da anası Azərbaycana qovuşmasını, digər tərəfdən isə dövlətimizin başçısının və milli ordumuzun xalqa yaşatdığı bu hissləri bayram etdik. Torpaqları satanlar kimi, alanları da görməyimiz isə nifrətlə məhəbbət arasındakı 30 illik yolda olub-keçənləri xatırlatdıqca, bu günü bizə bəxş edənlərə sevgimizi artırır, eyni zamanda şəhid və qazilərimizin Vətən uğrunda göstərdikləri şücaətdən, bir də düşmənin xislətindən söhbət açırdı.Tədbirdə dövlətimizin başçısının nitqindəki bu nüanslar isə sevinən, lakin illərlə vurulan zərbələrdən asanlıqla sağalmayan ürəyimizdən tikanı çəkirdi: Dörd il bundan əvvəl, bax, qarşıdakı Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: "Qarabağ Ermənistandır və nöqtə". Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi. Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin.Qürur duyuruq! Zəfərimizlə, müzəffər sərkərdəmizlə, şəhid-qazilərimizlə, əsgər-zabitlərimizlə, vətənpərvər insanlarımızla. Bir də onunla ən çox qürur duyuruq ki, çoxəsrlik tariximizin səhifələrinə 270 ildən artıq bir zamandan sonra yeni bir qəhrəmanlıq salnaməsi yazıldı.
Mətanət Məmmədova

Digər xəbərlər