Analitika

  • 1 589

Məğlub tərəf qalibin şərtlərini qəbul etmək məcburiyyətindədir - ŞƏRH

image

44 günlük Vətən müharibəsi ilə Ermənistanın 30 illik işğalına son qoyan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ölkəmizə qələbələr qazandırmada davam edir. Dövlət başçısının qətiyyətli siyasəti nəticəsində Azərbaycan hərbi zəfərini diplomatiya meydanında təkrarlayır. Azərbaycan Prezidenti dəfələrlə çıxışlarında qeyd edir ki, ədaləti bərpa etdik, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirdik: ««Qarabağ Ermənistandır və nöqtə» deyən düşmən bu gün «Qarabağ Azərbaycandır» deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq».

Bəli, bu gün qalib lider Prezident İlham Əliyevin irəli sürdüyü şərtlər qəbul edilir. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə, bu, ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Daha dəqiq desək, "Dəmir Yumruğ"un növbəti zərbəsi ilə qarşılaşacaqlar. Dövlət başçısı İlham Əliyevin söylədiyi kimi, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq və sonunda Zəfər bizim oldu. Bəli, üçtərəfli bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı, «status-kvo», “Dağlıq Qarabağ” adlı ərazi vahidi ləğv edildi. Və beləliklə, bu qələbənin nümayişi 10 dekabr 2020-ci ildə keçirilən Zəfər Paradında bir daha dünyaya göstərildi. Bu Paradla Qarabağ Azərbaycandır! nidasının təntənəsi, "Dağlıq Qarabağın" statusunun olmayacağının Azadlıq meydanında nümayişi, işğalçı Ermənistanın yeni erməni dövlətinin yaradılması planlarının üstündən birdəfəlik xətt çəkməsinin nümayişi idi. Çünki bu gün regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaranıb, ərazi bütövlüyümüz təmin olunub və heç bir statusdan söhbət gedə bilməz! Bu isə Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur. Bütün bu söylənilənlərdən belə bir qənaətə gəlmək mümkündür ki, “Nə qədər mən Prezidentəm, heç bir statusdan söhbət gedə bilməz!” deyən dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi. Və «Ermənistanın hünəri varsa, tanısın «Dağlıq Qarabağ respublikası»nı. Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın!» – bu Azərbaycan Prezidentinin sözü, tələbidir!

AZƏRBAYCAN SÜLHƏ, SÜLH DANIŞIQLARINA SADİQDİR

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında, müsahibələrində və müxtəlif beynəlxalq tədbirlərdə qeyd edir ki, Azərbaycan sülh prosesinə sadiqdir. Lakin həmişə olduğu kimi, Qərb yenə Nikol Paşinyanın üzərindən Qafqazda təhlüəkli oyunlara girişib. İndi də N.Paşinyanı Brüsselə sürükləməklə yeni gərginliyin əsasını qoymağa çalışırlar. Və bu gün açıq şəkildə görünür ki, qərb dairələri Cənubi Qafqazı yeni qan çanağına döndərmək üçün çırpınırlar. Məhz Qərb, onun missiyası Ermənistanı sülhə yox, belə təxribatlara sövq edir. Xüsusilə də, yenə də Azərbaycanın uğurlarını həzm edə bilməyən E.Makron Fransası ümid edir ki, təcavüzkar ölkəni bu şəkildə dəstəkləməklə bölgədə gərginlik yaradacaq və bundan istifadə edib çirkin məqsədini həyata keçirəcək. Amma Fransa rəsmiləri anlamalıdırlar ki, atdıqları bu kimi addımlarla heç nə əldə edə bilməyəcəklər, necə ki, nail ola bilmirlər. Bu yerdə onu da xatırladaq ki, Fransa son illər bu kimi məsələləri dəfələrlə BMT TŞ-na çıxarıb, lakin orada Azərbaycan əleyhinə təkliflər gündəliyə salınmayıb. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan öz müstəqilliyinə və tam suverenliyinə qovuşmaq üçün beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində hərəkət edib. Paris Avropa İttifaqında Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün qətnamə qəbul olunmasına çalışsa da, yenə fiaskoya uğrayıb.

Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının bu yaxınlarda bəyan etdiyi fikrə diqqət yetirək. Dövlətimizin başçısı bəyan etmişdir ki, Cənubi Qafqazda aparıcı mövqeyə sahib olmaq siyasəti yürüdən Fransa regionda odun üstünə benzin tökmək prinsipindən çıxış edir, Ermənistan isə militarizasiya siyasəti aparır. Ölkəmiz Ermənistana sülh və əməkdaşlıq təklif etdiyi halda Ermənistan hakimiyyəti isə regiona ABŞ və Aİ-nın hərbi bazasını yaratmağa çalışır. Bu yerdə belə bir sual ortaya çıxır: ABŞ və Aİ-nın hərbiçiləri Ermənistanı kimdən qorumaq üçün zəmanət vermək istəyir? Təbii ki, Azərbaycan müharibənin başa çatdığını və Ermənistanın ərazilərində gözü olmadığını açıq şəkildə bəyan edib. Qərbə isə Cənubi Qafqazda sülhün və əməkdaşlığın yaranması maraqlı deyil və ona görə də Ermənistanı silahlandırır. Qərbin bu addımları Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək niyyətindən irəli gəlir. Beləliklə, qərb və digərləri var gücləri ilə Ermənistanı nəticəsi öncədən məlum olan müharibə fəlakətinə sürükləyirlər. Niyyətləri bəllidir: nə olursa olsun qan tökülsün, Ermənistanın kapituliyasiya durumundan çıxarsınlar, dağıdıcı müharibə yolu ilə nələrisə dəyişsinlər. Amma normal düşüncə və reallığı anlamaq qabiliyyəti olan hər kəs bilir ki, hazırda Ermənistanın düşdüyü durumdan çıxması sadəcə mümkünsüzdür. Çünki 44 günlük müharibədə, eləcə də 23 saatlıq antiterror tədbirlərində Fransa da, bütün dünya da Azərbaycan Ordusunun təcavüzkar Ermənistanın ordusunu qarşısında necə diz çökdürdüyünə əyani şahidlik etdi. Eyni zamanda Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndirildiyini bütün dünya bilir. Buna görə də cəmi 23 saata ermənilərin 30 il qurduğu istehkamları məhv etmiş Azərbaycana Fransa və Hindistanın Ermənistana verdiyi texnikanı darmadağın etmək üçün bir neçə saat kifayət etdiyini də bilməmiş deyil.

Prezident İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də bəyan etdi ki, Ermənistan da bilməlidir ki, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik: "Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq "Bastion" maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla həmin təhlükəni istənilən nöqtədə məhv edəcəyik".

Beləliklə, Azərbaycan sülhə, sülh danışıqlarına sadiqdir və sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Çünki Azərbaycan öhdəliklərinə də sadiq ölkədir. Və əgər Ermənistan həqiqətən sülh istəyirsə, öhdəliklərinə tam şəkildə əməl etməli və ikitərəfli danışıqlar formatında Azərbaycanla razılığa gəlməlidir. Çünki bu gün diktəni edən qalib ölkə və qalib ölkənin Qalib Lideri Prezident İlham Əliyevdir və Onun dediyi söz imzası qədər keçərlidir.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Digər xəbərlər