Analitika

  • 1 606

Potensial inkişafa töhfə verən Azərbaycanla Konqo münasibətləri - ŞƏRH

image

Diqqətdən kənarda qalmayan maraqlı bir faktdır ki, tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb. Beynəlxalq hüquqa və ədalətə söykənən xarici siyasətimiz çoxşaxəlidir. Xarici siyasətimiz diplomatik uğurlarımızın davamlılığında, Azərbaycanın yeni dostlar və tərəfdaşlar qazanmasında, yeni əməkaşlıq formatlarının və sülh gündəliyinin müəllifi kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın təkcə cari ilin arxada qalan dövründə qeyd olunan istiqamətlərdə qazandığı uğurlara, ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibinə və əhatə etdikləri mövzulara diqqət yetirmək kifayətdir. Keçirilən hər bir tədbir, o cümlədən reallaşan qarşılıqlı səfərlər Azərbaycanın artan nüfuzu ilə yanaşı, ayrı-ayrı sahələrdə zəngin təcrübəyə malik olduğunu təsdiqləyir.

Cari ilin 4 aprel tarixində Konqo Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri bütün bu məqamlara bir daha diqqəti yönəltdi. Ölkəmizin

iqtisadi imkanları geniş müzakirə edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu da bildirdi ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində, başlanğıc olaraq, kənd təsərrüfatı sahəsində iştirak etmək fikrindədir. Həmçinin bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Məlum olduğu kimi, Konqo təbii resurslarla zəngin, neft hasil və ixrac edən ölkədir. O cümlədən Konqo inkişaf etmiş kənd təsərrüfatı infrastrukturuna malikdir. Azərbaycanla bu sahələrdə əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın zəngin bərpaolunan enerji potensialına malik olması beynəlxalq səviyyədə təqdir edilir. Təkcə o faktı qeyd etmək kifayətdir ki, Azərbaycan bu il mötəbər tədbirə-COP29-a ev sahibliyi edəcək. Prezidentlərin təkbətək, o cümlədən geniş tərkibdə görüşlərində, mətbuata bəyanatlarında COP29 xüsusilə diqqətdə oldu.

Konqo Prezidenti Deni Sassu-Nqesso bəyanatında Konqonun Azərbaycanın yaxınlarda digər ağır mübarizə - iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayır. Belə ki, Azərbaycan COP29-a ev sahibliyi edəcək. Həmçinin Konqo-Azərbaycan arasında qurulmuş əlaqələri alqışlayır, Azərbaycan rəsmilərini iqlim dəyişikliklərinə qarşı mübarizədə Konqonun yanında olmağa dəvət edir. Qeyd etməliyik ki, Konqo Prezidentinin Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir. Bununla da Azərbaycanın dünyanın müxtəlif bölgələri, o cümlədən də Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir. Dövlətimizin başçısı qeyd etdiyi kimi, məzmun, mahiyyət nöqteyi-nəzərindən bu səfəri tarixi səfər adlandırmaq olar. Azərbaycan-Konqo arasındakı əlaqələrdə yeni səhifə açılır. Ölkəmizlə Konqonun münasibətləri daha yüksək mərhələyə keçəcək. Cənab İlham Əliyev mətbuata bəyanatında bir faktı xususi diqqətə çatdırdı ki, vaxtilə sovet dövründə Konqodan olan tələbələr Azərbaycanda ali məktəblərdə təhsil almışlar. Biz bu ənənəni bərpa etmək istəyirik və müvafiq göstərişlər verildi.

Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycanın xarici siyasətinin uğurlarından, hədəflərdən danışarkən onu da vurğuladı ki, Qoşulmama Hərəkatına sədrlik dövründə prioritetlərimiz sırasında neokolonializmə qarşı mübarizə məsələləri dayandı. Bu gün də xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Azərbaycanda beynəlxalq qurum Bakı Təşəbbüs Qrupu yaradıldı. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Hazırda dünya miqyasında Bakı Təşəbbüs Qrupu böyük hörmətə malik olan qurumdur.

Azərbaycanın tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhü təmin etmək üçün Ermənistana sülh təklifi edilmişdir. Dünya güclərinin bəziləri bu prosesin qarşısını almaq, regionda gərginlik yaratmaq üçün cəhdlər göstərməkdə davam edirlər. 2 apreldə Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etməsi, Azərbaycanın haqlı iradlarına baxmayaraq bu gün Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında üçtərəfli görüşün keçirilməsinin nəzərdə tutulması və sair kimi addımlar hazırlanan ssenarilərin mahiyyətinin açıqlanmasında yardımçıdır. 3 aprel tarixində ABŞ Dövlət katibi Antoni Blinkenin ölkə rəhbəri İlham Əliyevə zəng edərək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini bildirməsi ölkəmizin söz sahibliyinin, yaratdığı reallıqların dünya gücləri tərəfindən qəbul olunmasının nümayişidir.Ümumiyyətlə, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasəti daim uğurlarının davamlılığını, dünya miqyasında nüfuzunun artmasını şərtləndirir. Bu gün Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyini daha da möhkəmləndirir. Eyni zamanada dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verən ölkəmizin bərpaolunan enerji sahəsində də təcrübəsinin öyrənilməsi hazırkı dövrün əsas çağırışları sırasındadır. Bu çağırışların və onların fonunda COP29 yeni əməkdaşlıqların təqdimatı olacaq.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər