Analitika

  • 5 649

Kabuslar şəhərinin dünyanı sarsıdan faciəsi - ARAŞDIRMA

image

Qafqazın ortasında oyanmaqda olan dəhşətli bir əjdaha var...

.

Bəşəriyyətin atom-nüvə texnologiyasının gücü və dəhşətləri ilə tanışlığı 1945-ci ilə təsadüf edib. 2-ci Dünya Müharibəsində faşist Almaniyasının təslim olmasından 3 ay sonra ABŞ tərəfindən Almaniyanın müttəfiqi olan Yaponiyaya qarşı atom bombalarının tətbiqi qlobal şok effekti verdi. Avqustun 6-da və 9-da Xirosima və Naqasaki şəhərlərinə atılan 2 atom bombası bu şəhərləri yer üzündən sildi, yüz minlərlə insanı bir anda külə döndərdi, milyonlarla insanı ağır şüalanmaya məruz qoydu. Yüz minlərlə insanın görünməyən düşmən tərəfindən öldürülməsi bəşər tarixində sözün hər iki mənasında görünməmiş bir dəhşət idi...

1949-cu ildə qlobal güc balansını təmin etmək üçün SSRİ-də də atom bombası yaradıldı, lakin bu bomba heç vaxt tətbiq olunmadı. Sovet İttifaqı atom texnologiyasından dinc məqsədlərlə istifadəni qarşıya məqsəd olaraq qoymuşdu və atom enerjisi əldə etmək üçün elmi işlər aparırdı. Nəhayət 1954-cü ildə SSRİ-də (Obninsk şəhərində) dünyanın ilk Atom Elektrik Stansiyası (AES) işə salındı. Sonralar bu cür stansiyaların ABŞ və Avropada da tikilməsi ilə dünyada atom enerjisi dövrü başladı.

Lakin 1986-cı ildə SSRİ-də tarixin ən böyük texnogen qəzasının baş verməsi bu prosesi bir qədər ləngitdi. 1986-cı ilin aprelin 26-da dünyanın ən modern texnologiyalı atom elektrik stansiyası sayılan Çernobıl AES-in 4 nömrəli reaktorunda partlayış oldu. Və bəşəriyyət atom erasının növbəti dəhşətli xəbərdarlığı ilə tanış oldu.

.

Çernobıl faciəsi niyə və necə baş verdi?

.

SSRİ-nin qərbində, Ukraynanın şimalında yerləşən 50 min əhalisi olan Pripyat şəhəri. Yaşıllıqlar içində salınmış, müasir, nümunəvi, gözəl və gənc bir şəhər. Onu “atom şəhəri” də adlandırırdılar. Şəhərin 3 km-liyində dünyanın və SSRİ-nin ən müasir texnologiyalı atom elektrik stansiyası işləyir. Bu stansiya onlarla şəhər və kəndi, milyonlarla insanı elektrik enerjisi ilə təmin edir. Stansiya əməkdaşları çox yüksək əməkhaqqı alır, hətta 2 min manat maaş alanlar da var. Nəticədə şəhər əhalisinin ümumi sosial vəziyyəti də çox yüksəkdir. 16 yaşlı Pripyat xoşbəxt bir həyat yaşayır...

1986-cı il, aprel ayının 25-i. Pripyat şəhəri yaxınlığındakı Lenin adına Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli reaktorunda elektrik cərəyanını dövrədən ayırandan sonra turbinlərin nə qədər dövr edəcəyini və bu yolla onun növbəti iş gününə hansı səviyyədə hazır olacağını müəyyən etmək üçün xüsusi test keçirilməsinə hazırlıq işi görülür...

"Qaçış rejimi" adlanan belə rejim turbogeneratorun rotorunun kinetik enerjisindən təminatçı və əsas sirkulyasiya nasoslarının hər hansı bir fəvqəladə vəziyyət zamanı stansiyanın elektrik enerjisindən məhrum olacağı təqdirdə, AES-in daxili ehtiyaclarını təmin etmək üçün istifadəsinin mümkünlüyü sınaqdan keçirilməliydi.

Belə dayandırmalar zamanı adətən qeyri-standart və ya müxtəlif proqramlar çərçivəsində avadanlığın reqlament sınaqları keçirilirdi. Bu, həm də ekstremal vəziyyətlər zamanı stansiyanın iş rejiminin saxlanması üzrə proqram təminatının formalaşdırılması üçün edilirdi. Əvvəllər də belə testlər keçirilmişdi, lakin heç bir problem yaranmamışdı. Bu dəfə elə olmadı…

Saat 23.46. 4-cü blokun idarəetmə mərkəzində gərginlik var, ölkənin ən yaxşı nüvə mühəndisləri, operatorlar və texniki heyət riskli bir sınaq testinə hazırlaşır.

Saat 00:30. SSRİ-nin və dünyanın ən güclü nüvə fiziklərindən biri olan Anatoli Dyatlovun əmri ilə operator reaktorun gücünü 500 MVt-a salır, sonra isə sistem lokal avtomatik tənzimləmə sisteminə keçirilir.

Saat 01.00. Cəmi 24 dəqiqədən sonra dünyaya hansı fəlakətin üz verəcəyini ağlına belə gətirməyən texniki personal elektrik cərəyanını kəsir, turbinlərə gedən soyuducu su tədricən azalmağa başlayır. Reaktor vasitəsilə elektroenerji və istilik sərfiyyatının belə artımı mütləq şəkildə buxar həcmini aşağı salırdı. Buxar isə nüvə enerjisi ilə işləyən reaktorun soyuması üçün əsas şərtdir.

Bir qədər keçir, reaktora daxil olan su qızmağa başlayır. Lakin həmin su soyuq qalmalı, reaktorun ətrafındakı borularla fırlanaraq qızmalı və buxara çevrilməli idi. Operatorlar gərginliyin 700 meqavatdan aşağı salınmasının təlimata zidd olduğunu deyərək riskin yüksək olduğunu bildirib etiraz edirlər, lakin Dyatlov sınağın başa çatdırılmasında israrlı idi…

Saat 01.22. Turbinlərdə su çatışmazlığı kritik həddi keçir. İdarəetmə pultunun xəbərdarlıq siqnalları ard-arda səslənməyə başlayır, təhlükəni fərq edən operatorlar aztəzyiqli reaktoru bağlamaq istəyir. Tək bir imkan qalmıdşı və bu son imkana əl atılır- lakin reaktora endirilən qrafit çubuqları ard-arda qırılır. Qrafit çubuqlarının olmaması reaktor üzərində nəzarətin tam itirilməsi deməkdir. Operatorlar reaktorun gücünü nəzərdə tutulmuş səviyyədə saxlaya bilmirlər və enerji blokunun gücü 30 MVt-a düşür.

Saat 01:23. "Qaçış" enerjisinin verildiyi generatora qoşulmuş nasosların sürəti aşağı salındığından reaktorun "hərarət"i maksimuma çatır və ən son çarə olaraq operator pultundan AZ-5 qəza söndürmə rejimi aktiv edilir. Lakin artıq gec idi. Reaktorun içindəki nüvə yanacağı borucuqları əriyib, reaktor üzərində nəzarət imkanı itirilib, soyutma sistemləri də sıradan çıxıb. Artıq heç bir qüvvə bu dəhşətli qəzanın qarşısını almağa qadir deyil...

Saat 01:24. Ard-arda 2 dəhşətli partlayış baş verir və reaktor darmadağın olur. Güclü zərbə reaktoru əhatə edərək onun xarici aləmlə əlaqəsinə imkan verməyən 1200 tonluq qoruyucu dəmir çəmbəri yerlə yeksan edir. Atmosferə 50 ton radiaktiv toz püskürür. Ətrafa 700 tondan çox qrafit hissələr dağılır. Gecəni gündüzə çevirən güclü alovları və yuxarı buxarlanan ultrabənövşəyi radioaktiv toz kolonunu onlarla kilometr məsafədən seyr etmək mümkün idi…

.

“Sarkofaq” əməliyyatı: dünya belə xilas edildi

.

Bu, atom elektrik stansiyaları tarixində indiyədək rast gəlinməmiş ən dəhşətli qəza idi, onunla necə mübarizə aparılacağı heç kimə aydın deyildi. Nə SSRİ-də, nə də dünyada belə bir praktika yox idi. Həyəcan siqnalı ilə stansiyaya üz tutan çox sayda yanğınsöndürən maşınlar reaktor üzərinə fasiləsiz su şırnaqları yönəltsələr də, bu, heç bir effekt vermədi. İlk dəqiqələrdə zənn edildiyinin əksinə, bu adı yanğın deyildi. Yanğınsöndürənlər bütün gecəni mübarizə aparsalar da, reaktordakı yanğını söndürmək mümkün olmadı, yalnız yanğının yayılmasının qarşısı alındı. Ölümcül dozada radiaktiv şüalanmaya məruz qalan yangınsöndürənlər geri çəkildi və xəstəxanaya yerləşdirildi.

Səhər saatlarından Sovet ordusunun kimyəvi mübarizə briqadaları əraziyə yönəldildi, qəza idarəetmə komissiyası və operativ qərargah yaradıldı, fəlakətin böyüməsinin qarşısını almaq üçün bütün mümkün tədbirlər görüldü. Lakin reaktora yaxınlaşmaq mümkün deyildi və qəzadan əvvəl tam doldurulmuş reaktordakı nüvə yanacağının böyük həcmdə havaya buxarlanması davam edirdi.

Gün ərrində aparılan mübarizədən sonra görülən tədbirlərin mənasız olduğu, radiasiyanın azalmaq əvəzinə artdığı aydın olandan sonar axşam fövqəladə qərargahın müşavirəsində əhalinin evakuasiyasına qərar verildi.

Aprelin 27-də 50 min əhalisi olan Pripyat şəhərində və stansiya ətrafındakı qəsəbə və kəndlərlə yaşayan əhali- ümumilikdə 135 min nəfər sakin evakuasiyasına başlandı. Onlar bir daha heç vaxt öz evlərinə dönə bilməyəcəklərini bilmirdilər…

AES ərazisində isə amansız mübarizə aparılırdı. 9 gün, 9 gecə 2 minə yaxın vertolyot və təyyarə, minlərlə avtotexnika partlayış baş verən 4-cü blokun reaktoru üzərinə fasiləsiz olaraq qum, çınqıl və digər maddələr tökürlər. Lakin radiasiyanın gücündən ən güclü mühafizə geyimləri ilə belə reaktora yaxınlaşmaq mümkün olmurdu. Reaktora radiopultla idarə olunan sürücüsüz avtomaşınlarla müxtəlif materiallar da tökürlər. Şüalanma o qədər güclü idi ki, bu texnikalar da sıradan çıxdı. Ümid ancaq canlı qüvvəyə qalmışdı. Könüllülük əsasında xüsusi qruplar yaradıldı və mübarizə davam etdi. Xüsusi geyimlərdə olan insanlar reaktorun damı üzərində maksimum 20 saniyə qalmaqla dağılmış reaktor çuxuruna material atmalıdırlar. Hər 20 saniyədən bir adamlar və geyimlər dəyişdirilir… Paralel olaraq, minlərlə maşın kimyəvi material daşıyır…

Reaktoru göməcək beton sarkofaqa lazım olacaq materialları istehsal etmək üçün yaxınlıqda ağlagəlməz sürətlə 3 zavod tikilir… Reaktor təkcə yerüstündən deyil, yerialtından da ətraf aləmdən blok edilməliydi. Yüzlərlə şaxtaçı reaktor altına gedən tunel qazır- 40-50 dərəcəyə çatan istilik şəraitində bir neçə dəqiqədən bir dəyişməklə… Tunelə kondisonerlər çəkilsə belə faydası olmurdu…

Qəzanın nəticələrinin aradan qaldırılması üçün işləyən on minlərlə adam üçün tez-tez dəyişməli olduqları bütün geyimlər, qidalar, su, çox sayda ləvazimatlar çox uzaqdan daşınıb gətirilir. Hər dəfə AES-dən və şəhərdən çıxan və geri qayıdan minlərlə maşın kimyəvi dərmanlarla yuyulur.

Moskvada ən güclü nüvə fiziklərinin, atom mühəndislərinin iştirakı ilə gərgin müzakirələr aparılır. Ən güclü mütəxəssislər və xüsusi texnikalar əraziyə yönəldilir.

Bütün ölkə ayağa qalxıb. Bütün respublikalardan köməyə gəlmiş yüz minlərlə könüllü və ordunun kimyəvi mübarizə hissələri var gücləri ilə çalışır. Necə bir nəhəng, ağır və təhükəli iş görüldüyünü təsəvvürə belə gətirmək mümkün deyil. Çernobil xilasediciləri dünyanın ən böyük qəhrəmanlarıdır. Həyatlarını qurban vermək bahasına olsa da dünyanın qalan hissəsini xilas etmək üçün var gücləri ilə çalışdılar.

Qısa müddətdə reaktor üzərində 5 min tondan ibarət qum və çınqıl dağı əmələ gəlir. Reaktor betona gömülür. Lakin, 130-dək azərbaycanlının da iştirak etdiyi “Sarkofaq” əməliyyatı ciddi nəticə vermir, təhlükəli şüalanma yenə də davam etməkdə idi...

Ən dəhşətli təhlükə isə qarşıda idi- reaktorun altındakı 200 tonluq qızmış radiaktiv kütlə qalın beton divarları əritməkdə idi və təcilli qarşısı alınmasa bu radiaktiv kütlə yaxınlıqdakı su kanallarına, gölə və yeraltı sulara qarışaraq çox böyük bir əraziyə yayıla, Avropa qitəsinin yarısını zəhərləyərək on miyonlarla insanı öldürə bilərdi. Kimlərsə reaktorun ətrafındakı yeraltı anbarlarda toplanmış radiaktiv sulara baş vurmalı və cəmi bir neçə dəqiqə ərzində orada müvafiq kranları axtarıb tapmalı idi. 3 Sovet insanı könüllü olaraq bəşəriyyəti xilas etmək üçün ölüm mənbəyinə daldılar və göstərdikləri möcüzəvi qəhrəmanlıq sayəsində öz həyatları bahasına milyonları xilas etdilər. (Həmin qəhrəmanlara orada abidə ucaldılıb.)

4-ci blokun ucsuz-bucaqsız tunellərinə çatmaq və digər bloklara nüvə yanacağının sızmasının qarşısını almaq və reaktoru yeraltından da izolyasiya etmək üçün üçün minlərlə şaxtaçı uzaq məsafədən tunellər qazmağa başladı. 40-50 dərəcəyə çatan istilikdə qəhrəmancasına mübarizə apardılar və dəmir beton sədlərlə reaktoru əhatələdilər. Bütün bunların nəticəsində reaktordakı nüvə yanacağının kənara yayılmasının qarşısı alındı.

Qəzanın nəticələrini aradan qaldırmaq üçün 7 min azərbaycanlı da daxil olmaqla 600 mindən artıq Sovet insanı qəhrəmancasına mübarizə apardı. Onların bir çoxu şüalanmaya məruz qalaraq müxtəlif xəstəliklərə tutuldular, lakin dünyanı qorxunc bir təhlükədən xilas etdilər.

Yeri gəlmişkən, Azərbaycanda Çernobıl əlillərinə xüsusi qayğı göstərilir. Onlar dövlət tərəfindən mənzillər, avtomobillərlə təmin olunur, xüsusi müavinət alırlar. “Atom adamlar” buna layiqdirlər, çünki dünyanı xilas edən həqiqi qəhrəmanlardır.

.

“Çernobıl”ın sirri əbədi olaraq betona gömülüb

.

Çernobıldakı qəzanın əsl səbəbi haqda müxtəlif versiyalar var. AES-in 4-cü reaktorundakı qəzanın operatorun səhvi, sınaqların düzgün hesablanmaması, reaktora kürə ildırımının düşməsi, SSRİ-yə ağır zərbə vurmaq üçün Qərb dövlətlərinin stansiyaya yerləşdirdiyi əməkdaşın təxribatı…

Lakin şahidlərin və mütəxəssislərin çoxu texniki nasazlığa ya da operatorun səhvinə inanmır. Versiyalar arasında öncədən stansiyaya yerləşdirilmiş xarici xüsusi xidmət orqanlarının adamının fəlakətə qəsdən səbəb olduğu da var. Məhz bu hadisədən sonra SSRİ böyük itkilər verdi və fürsətdən yararlanan ABŞ başı daxili problemə qarışmış Sovet İttifaqının beynəlxalq mövqelərini zəiflətdi. Üstəlik, AES yaxınlığındakı çox nəhəng radar antenaları divarı Avropa və Amerika üzərində “quş uçurtmurdu” və bu sistem də AES-dən qidalanırdı, qəza ilə birgə o da sıradan çıxdı. Bu da versiyanı gücləndirən əsas arqumentlərdən sayılır.

Baş operator, SSRİ-nin və dünyann ən güclü nüvə fiziklərindən olan Anatoli Dyatlovun sözlərinə görə, gecə yarısına yaxın o, stansiyanın ərazisində reaktor qrafitinin aşkarlanmasından sonra reaktorun məhv olacağına əmin olub. Bu məlumat 4-cü enerji blokunun növbə nəzarətçilərindən biri Yuri Trequbun xatirələri ilə də təsdiqlənir. Bu da diversiya versiyasını gücləndirir.

Üstəlik, AES-lər partlamır, onlar atom bombası deyillər. Lenin adına AES isə ən müasir və çoxsaylı təhlükəsizlik sistemləri ilə təchiz olunmuşdu və dünyanın ən modern, elektron AES-i sayılırdı. Bu qəza ilə bağlı şübhələr, sirlər, ziddiyyətlər çoxdur. Hələ də hər şey sonadək aydın deyil.

Əsl sirr isə, 4-cü reaktorun heç vaxt açılmayacaq beton sarkofaqı altında əbədi olaraq gömülüb. Bir neçə il əvvəl isə beton sarkofaqın üzərində xüsusi materialdan olan konstruksiya ilə daha bir sarkofaq inşa edilib.

.

“Kabuslar şəhəri”ndə əbədi donmuş həyat

.

SSRİ-yə bu qəza çox baha başa gəldi- AES-lərin verdiyi qazancdan da xeyli baha. Hazırda Çernobılın 30 kilometr radiusundakı ərazilər ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağandır…

5 milyon hektara yaxın torpaq radioaktiv şüalanmaya məruz qaldığı üçün indiyədək istifadəsiz qalıb. Qəzanın fəsadlarının aradan qaldırılması üçün Çernobıl AES ətrafında onlarla kiçik qəsəbə və kənd boşaldılıb. 1970-ci ildə salınmış müasir və gözəl Pripyat şəhəri isə kabuslar şəhərinə çevrilib.

İ.Siqsqordun “Palle dünyada tək-tənha” adlı nağılının motivləri əsasında çəkilmiş eyni adlı Sovet multfilmi mənə həmişə Pripyat şəhərini xatırladır. Balaca Palle yuxuda görür ki, şəhərdə hamı yoxa çıxıb, küçələrdə evlərdə heç kim yoxdur, həyat donub…

Pripyatdan çəkilmiş sənədli filmlər eyni mənzərələri nümayiş etdirir və bu səhnələr adamı dəhşətə gətirir. Boş, adamsız, sakit, səliqəli və müasir bir şəhər. Sanki həyat bir anlığa dayanıb, insanlar harasa yoxa çıxıblar. Evlərin çoxunun qapısı açıqdır, stolun üstündə yeməklər, bağçalarda oyuncaqlar, məktəblərdə dərs ləvazimatları, zovod-fabriklərdə istehsal avadanlığı, küçələrdə nəqliyyat, parklarda karusellər… hər şey əbədi olaraq donub qalıb...

Şəhər tərk edildikdən sonrakı dövrlərdə ətraf bölgələrdən gələn bəzi şəxslər Pripyatı qarət etdilər. Şəhərdəki bütün mənzillərdən avadanlıqlar və məişət cihazları, müəssisələrdən, idarələrdən bütün əşyalar, maşın və texnikaların hissələri, hətta tikinti materiallarını sökərək daşıdılar və Ukraynanın digər şəhərlərində satdılar. Beləliklə, radiasiyalı əşyalar bütün Ukrayna ərazisinə yayılmış oldu.

Şəhər ətrafında yüksək radiasiyalı minlərlə vertolyot, müxtəlif avtotexnika və traktorların “əbədi paradı”nı görmək olur. “Kabuslar şəhəri”ndə insan qismən təhlükəsiz halda bir də ancaq 300 ildən sonra yaşaya biləcək. Bu ərazi ancaq 50 min ildən sonra tam təhlükəsiz hala gələcək...

Hazırda Pripyatda insan yoxdur, yalnız hərdən bir neçə saatlıq gəlib gedən turistlər görünür. İnsanın olmadığı bu 38 ildə şəhər təbii həyata qayıdıb, hər tərəf sıx yaşıllığa bürünüb, müxtəlif heyvanlar çoxalıb, bir növ təbii parka çevrilib. Demək, dünyanın yeganə problemi insan imiş.

Bu qəza bəşəriyyətin taleyinin hər an böyük təhlükə altında olduğu barədə hələ ötən əsrin ortalarında alimlər tərəfindən edilən xəbərdarlığın necə vacib olduğunu bir daha ortaya qoydu. Lakin tarix göstərdi ki, insanlar bu “dərs”dən nəticə çıxara bilməyiblər.

.

AES tərəfdarları üçün növbəti “soyuq duş”

.

2011-cü ildə martın 11-də Yaponiyada zəlzələ və sunami sonrası baş vermiş “Fukusima” AES qəzası “Çernobıl”ı təkrarladı. “Fukuşima”nın radiasiyası yeraltı sulara və Sakit okeana da qarışdı və dəniz sularında radiasiya 10 min dəfə artdı. Milyonlarla insan, yüz milyonlarla canlı radiaktiv şüalanmaya məruz qaldı. Güclü şüalanmadan 1 milyonadək insanın xərçəngdən öləcəyi güman edilir.

“Fukusima”da ciddilik risk səviyyəsini aşaraq ən yüksək səviyyəyə- 7 bala çatdı. Qəzadan sonra havaya buraxılan radioaktiv tullantıların həcmi Çernobıl AES-də baş vermiş analoji qəzadan 20 dəfə çox idi.

…Bəlkə digər ölkələri anlamaq olardı, amma 1945-ci ildə ABŞ-ın atdığı 2 atom bombasından sonra nüvə radiasiyanın dəhşətli nəticələrini görmüş, güclü şüalanmadan yüz minlərlə qurban vermiş yaponlar üçün AES tikməyi bağışlanmaz səhv saymaq olar...

Tarix göstərdi ki, ən yüksək texnoloji imkanlara və ən güclü alimlərə malik olan ölkələr belə AES qəzasının öhdəsindən gələ bilmədi. Çernobıl qəzasını “unudan” bəzi alimlər AES-lərin vacibliyini cidd-cəhdlə müdafiə edirdilər. Yaponiyadakı qəza AES tərəfdarları üçün növbəti “soyuq duş” oldu.

Bəzi ölkələr AES-ləri bağladı, bəziləri yenilərini tikməyi dayandırdı. Lakin enerjiyə tələbatın fasiləsiz artması və iqtisadi gəlir dövlətləri “yoldan çıxarır”. Görünən odur ki, bu proses “3-cü Çernobıl” faciəsinədək davam edəcək.

Qeyd edək ki, kiçik qəzaları nəzərə almasaq, indiyədək dünyada 3 böyük atom qəzası qəza baş verib - biri ABŞ-da, biri SSRİ-də, biri də Yaponiyada. Bir neçə dəfə isə “Tanrı insanların üzünə gülüb” - qəzanın qarşısı son anda alınıb.

.

Sağlam həyat və iqtisadi gəlirlər arasında seçim

.

AES-lərin əsas yanacaq xammalı urandır. Bu elementin dünyada mövcud ehtiyatı tam hesablanmasa da, quruda və suda olan uranın 500 ilə kifayət edəcəyi ehtimal olunur.

Neft-qaz ehtiyatının isə cəmi 70 ilə kifayət edəcəyi proqnoz edilir. Enerji təhlükəsizliyi və iqtisadi gəlirlər əksər dövlətlər üçün ölüm-qalın məsələsinə dönüb.

1978-ci ildə dünyada 200-dən artıq AES var idi. Hazırda bu rəqəm 440-a çatıb. Onlardan 300-ün istismar vaxtı keçib. ABŞ-da 104, Fransada 59, Yaponiyada 54, Rusiyada 31, Cənubi Koreyada 16, Kanadada 14, Ukraynada 13, İsveçdə 11… Çində 5 AES var, daha 5-i də inşa edilir. Almaniyada 19 AES var idi, hamısını bağladılar.

Fransa AES-lər vasitəsilə enerjiyə olan tələbatının 80, Litva 74, Ukrayna 47, Yaponiya 34, Ermənistan 33, İngiltərə 23, Almaniya 22, ABŞ 20, Rusiya 15 faizini təmin edir.

2030-cu ilədək isə, AES-lərin sayının azı 2 dəfə artacağı gözlənilir. Artıq 70-dən artıq ölkə atom elektrik stansiyası tikəcəyi haqda MAQATE-ni xəbərdar edib və bu siyahı genişlənməkdədir.

Bununla yanaşı, qabaqlar AES-lərə malik olan, lakin sonradan öz əhalisinin sağlamlığını və təhlükəsizliyini daha üstün tutaraq onlardan imtina edən ölkələr də var- Almaniya, Avstriya, Danimarka, Filippin, İtaliya, Qazaxıstan.

.

Azərbaycana atom stansiyası lazımdırmı?

.

Azərbaycanda AES tikilməsi barədə 80-ci illərdə layihə də hazırlanmışdı. Nəvai qəsəbəsi yaxınlığında yer də müəyyənləşdirilmişdi və işə başlanılmışdı. Çernobıl qəzası bu istiqamətdə aparılan işlərin dayandırılmasına səbəb oldu. Lakin mütamadi olaraq bu məsələ bəziləri tərəfindən aktuallaşdırılır.

Onlar hesab edir ki, ölkəmizin enerji sistemi bütünlüklə AES-ə keçsə, bunun üçün ildə 50-60 ton uran lazım gələcək. Vurğulayırlar ki, atom stansiyasında alınan enerjinin qiyməti adi yolla alınandan təqribən 2 dəfə ucuz- hər kilovat saatı cəmi 2-3 qəpiyə başa gəlir.

Lakin, atom stansiyaları yaratmaq böyük vəsait tələb edir. Məsələn, 1000 meqavat gücündə olan AES təxminən 5 milyard dollara başa gəlirsə, istilik stansiyası bundan 2 dəfə ucuzdur. Su elektrik stansiyaları isə daha ucuz başa gəlir, xeyli enerji verir, üstəlik təhlükəsiz və daimidir.

Qəza və fəlakət riski ilə yanaşı, AES-lərin radiaktiv tullantılarının konvervasiyası da ayrı bir probemdir. Bu çox ağır və bahalı bir prosesdir. Məhz bu səbəbdən Qərb dövlətləri geridə qalmış ölkələrə pul ödəyərək bu tullantılar onların ərazisində konvervasiya edirlər. Son vaxtlar isə, Ukraynada, Çernobıl AES ətrafındakı qadağan zonada Qərb dövlətlərinə məxsus böyük həcmdə radiaktiv tullantılar basdırılır. Ekspertlər işlənmiş nüvə yanacağı doldurulmuş və yerin dərinliyinə basdırılmış bu çənlərin 25-30 il ərzində çürüyəcəyini və həmin maddələrin qrunt sularına qarışaraq çox böyük ərazilərə yayılacağını deyir və həyəcan təbili çalırlar.

Enerji qıtlığı ilə üzləşən ölkələrdən fərqli olaraq, böyük neft və qaz ehtiyatları olan Azərbaycanda atom enerjisindən istifadə məsələsindən danışmağa belə ehtiyac yoxdur.

Hesablamalara görə, Azərbaycanın neft və qaz ehtiyatları ən pis halda əsrin sonundək kifayət edəcək. Ölkə prezidenti də bunu dəfələrlə bəyan edib. Üstəlik, bizim çox böyük həcmdə bərpaolunan alternativ enerji imkanlarımız var.

Biz atomsuz da keçinərik. “5-10 manat” qazanc naminə təhlükəli riskə getməyə dəyməz.

.

Qafqazda “yatmış əjdaha” və ya “3-cü Çernobıl” təhlükəsi

.

Ümumilikdə, kiçik qəzaları nəzərə almasaq, bəşəriyyət indiyədək nüvə dəhşətləri ilə 4 dəfə əyani surətdə tanış olmuşdur. 1945-də Yaponiyada, 1979-da Amerikada, 1986-da SSRİ-də, 2011-də Yaponiyada. Əgər tədbir görülməsə 5-cisi Ermənistanda baş verəcək.

Bəli, oyanmaqda olan daha bir nüvə əjdahası Ermənistandadır. Azərbaycan beynəlxalq aləmdə həyəcan təbili şalmaqda davam edir ki, “Metsamor” AES bütün bölgəni fəlakətə sürükləyə biləcək böyük təhlükə mənbəyidir. MAQATE və Avropa İttifaqının ekspertləri də bu stansiyanı ən təhlükəli obyekt kimi qiymətləndiriblər.

Bu AES-də ən köhnə texnologiyadan istifadə edilməsi, maliyyə olmadığından modernləşdirilməməsi hər an qəza təhlükəsi gözlənildiyini deməyə əsas verir. 1977-ci ildə tikilən həmin reaktorun fəaliyyət müddəti 25 il idi və 2001-ci ildə bu müddət başa çatıb. Hazırda bu stansiya dünyada ən köhnə texnologiyada olan yeganə AES-dir. Üstəlik, yüksək seysmik zonada yerləşir.

1988-ci ildə Spitakda baş verən zəlzələ nəticəsində “Metsamor” AES də yararsız vəziyyətə düşdü. Möcüzə sayəsində Qafqazda növbəti atom faciəsi baş vermədi. Bu günə kimi bu stansiyada 100-dən artıq kiçik qəza baş verib.

Qeyd edək ki, 2001-ci ildə Ermənistan Avropa Şurasına üzv qəbul edilərkən “Metsamor” AES-in fəaliyyətini dayandıracağına dair öhdəlik götürüb. Amma bu öhdəlik hələ də yerinə yetirilməyıb. Beləcə, Qafqazın ortasında bir kabus dolaşmaqdadır- “3-cü Çernobıl kabusu”…

Elçin Bayramlı

Çernobıl qəzası haqda maraqlı arxiv kadrları ilə bu linkdə tanış ola bilərsiniz

Digər xəbərlər