Analitika

  • 3 521

Türk dünyasının böyük yazıçısı - TƏHLİL

image

Prezident İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi bizim birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"

Türk dünyasının böyük sənətkarlarından biri, dünyaşöhrətli yazıçı, qırğız ədəbiyyatının görkəmli nasiri, diplomat və ictimai xadim Qırğızıstanın Xalq yazıçısı, çoxsaylı mükafatlar laureatı Çingiz Aytmatov yaratdığı əsərləri və fəaliyyəti ilə özündən sonra imzasını əbədəiləşdirmiş simalar sırasında xüsusi yer tutub. Ən yüksək fəxri adlara və mükafatlara layiq görülmüş Çingiz Aytmatov SSRİ ərazisində yaşayan bütün xalqların ən sevimli yazıçısı kimi tanınıb, rəğbət hissi ilə qarşılanıb. Onun əsərləri ötən əsrin 60-cı illərindən ömrünün sonunadək dünyanın hər yerində böyük sevgi və məhəbbətlə oxunmaqla yanaşı, dünya xalqlarının dilinə tərcümə edilib.
Türk dünyası ədəbiyyatına töhfələr bəxş edən yazıçını Azərbaycan xalqı öz böyük yazıçısı kimi qəbul edir və əsərləri Azərbaycan dilinə tərcümə olunub. Ulu Öndər Heydər Əliyev deyirdi ki, Çingiz Aytmatov bütün türk dünyasının böyük yazıçısıdır. O, hər zaman ədalətin keşiyində dayanan böyük yazıçılardan idi. Çingiz Aytmatov irsi Azərbaycan ədəbiyyatı üçün də bir nümunədir.

DOSTLUĞUMUZUN, QARDAŞLIĞIMIZIN VƏ BİRLİYİMİZİN DAHA BİR RƏMZİ

Görkəmli yazıçı hər zaman Azərbaycana səfərindən xüsusi qürur hissi keçirib. Ümummilli Lider Heydər Əliyev onun yaradıcılığını hələ ötən əsrin 60-cı illərindən başlayaraq yüksək qiymətləndirib. Çingiz Aytmatov isə Ulu Öndər Heydər Əliyevin türk dünyasının qüdrətli Lideri olduğunu dəfələrlə yazılarında, müsahibələrində diqqətə çatdırıb. Belə bir sənətkarın - Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda onun abidəsi ucaldılıb. Çingiz Aytmatovun bürüncdən hazırlanmış, hündürlüyü 3 metrə yaxın olan heykəlinin çəkisi təqribən 6 tondur. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər. "Bu gün Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri tarixində əlamətdar gündür. Bu gün qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsi açılır. Əminəm ki, bu, dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində çıxışında bildirib.
Qeyd edək ki, öz istedadı və insan ruhunu dərindən dərk etmək məharəti ilə dünyamıza işıq salan görkəmli qırğız yazıçısının abidəsinin paytaxtımızda açılışı böyük sənətkara olan məhəbbətdən qaynaqlanmaqla yanaşı, həm də xalqlar arasında dostluğun nümunəsidir.
AZƏRBAYCAN DÖVLƏTİNİN YÜKSƏK MÜKAFATI OLAN "DOSTLUQ" ORDENİ İLƏ TƏLTİF OLUNUB

Çingiz Aytmatovun dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğlu olduğunu bildirən Cənab Prezident diqqətə çatdırıb ki, Azərbaycanda onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyirdilər: "Xatirimdədir, o, vəfatından bir az əvvəl Azərbaycana səfər etmişdi və mən onunla görüşmək, bir çox məsələlərdə uzun söhbət aparmaq imkanı əldə etdim. Həmin gün mən onu ehtiram əlaməti olaraq və münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan "Dostluq" ordeni ilə təltif etdim".
Qeyd edək ki, Qırğızıstanın Xalq yazıçısı, çoxsaylı mükafatlar laureatı Çingiz Aytmatov Qırğızıstanın Şəkər kəndində anadan olub. O, əvvəlcə kənd məktəbində, sonra rayon mərkəzindəki məktəbdə təhsil alıb. İkinci Dünya müharibəsi dövründə - 1943-cü ilin yayında adamların çoxunun cəbhəyə getməsi nəticəsində kənddə kişilərin sayı azalanda 15 yaşlı Çingiz Şəkər Kənd Sovetinin katibi təyin edilib. Sonralar o, Cambulda zoobaytarlıq texnikumunda, habelə Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb, 1953-cü ildə oranı bitirib.

ZƏNGİN VƏ ÇOXŞAXƏLİ FƏALİYYƏT

Moskvada Ali Ədəbiyyat kursunu bitirdikdən sonra Bişkek şəhərində jurnalist kimi fəaliyyətə başlayan Çingiz Aytmatov 1958–1960-cı illərdə "Literaturniy Kırqızıstan" jurnalının redaktoru olmuş, 1960–1965-ci illərdə "Pravda" qəzetinin Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. Böyük Vətən Müharibəsi illərində Aytmatov kənd sovetinin katibi, mühasib, gecələr isə traktorçu briqadasında çalışmalı olmuşdur,
Böyük istedada sahib olan yazıçının "Cəmilə" povesti Avropada dərc ediləndə Qərb oxucuları bu əsərdə insan xarakterində həssaslığın bədii boyalarla ustalıqla verilməsinin şahidi olublar. "Cəmilə" romanı ədəbi ictimaiyyət və oxucular arasında geniş əks-səda yaradıb,"dünyanın ən gözəl eşq hekayəsi" adlandırılıb.
Sonralar Çingiz Aytmatov qırğız mövzusunu daha dərindən mənimsəyib. "Qırmızı yaylıqlı qovağım mənim", "Köşək gözü" əsərlərini də məharətlə işləyib, obrazların daxili aləminə nüfuz etməyi bacarıb. 1963-cü ildə yazdığı "Ana tarla" povestində şərtilik və həyati reallıq üzvi şəkildə birləşib. "Ağ gəmi", "Dəniz kənarıyla qaçan Alabaş", "Gün var əsrə bərabər" romanlarında yazıçı dövrün kəskin fəlsəfi, etik və sosial problemlərinə toxunub. Ötən əsrin 80-ci illərinin əvvəlində yazdığı "Ölüm kötüyü" əsəri İnsan və Təbiət münasibətlərindən, həyatın mənasından, dinin insanları yaxşılığa doğru dəyişməsindən, müasir dövrün bəlası olan narkomaniya və digər məsələlərdən bəhs edir.

1990–1994-cü illərdə Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. Aytmatov 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub. Çingiz Aytmatov SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin rəhbərlərindən biri, "Xarici ədəbiyyat" jurnalının baş redaktoru, "İssık-kul forumu" adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı idi. 2006-cı ildə "İlin avtoqrafı" kitabının buraxılışında iştirak edib. Çingiz Aytmatov 1968-ci ildə Qırğızıstanın Xalq yazıçısı, 1974-cü ildə isə ölkəsinin Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Çingiz Aytmatov 1984-cü ildə Avropa Elm və Sənət Akademiyasının üzvü seçilmişdir.
Belə bir sənətkarın və ictimai-siyasi xadimin abidəsini paytaxtımızda ucaldılması ona olan ehtiramın, məhəbbətin nümunəsidir.

HƏM QIRĞIZISTANIN, HƏM DƏ BÜTÜN TÜRK DÜNYASININ QÜRURU

Qırğızıstan Prezidenti ölkəsi adından Azərbaycan Prezidentinə Çingiz Aytmatova olan ehtiramına görə təşəkkürünü bildirərək bu abidənin Çingiz Aytmatovun yaradıcılıq irsinə böyük hörmət və ehtiramın ifadəsi olduğunu diqqətə çatdırıb: "Azərbaycan tərəfi ölkələrimiz arasındakı mədəni əlaqələrə böyük diqqət yetirir. Bu, xalqların yaxınlaşması baxımından son dərəcə vacibdir. Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi münasibətlərimizdə əlamətdar hadisədir. Biz bilirik ki, Çingiz Aytmatov Azərbaycanın böyük dostu idi və onun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə dostluğunu xüsusilə vurğulamaq istərdim. Onların münasibətləri unikal və dayanıqlı idi. Hər iki şəxsiyyət tarixdə silinməz izlər qoyub. Heydər Əliyev onu yazıçı və ziyalı şəxs kimi yüksək qiymətləndirirdi. O deyirdi ki, dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş edən Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün Türk dünyasının qürurudur. Azərbaycan Prezidentinin Qırğızıstana ilk səfəri 1995-ci ildə Heydər Əliyev tərəfindən, "Manas" dastanının 1000 illik yubileyinin qeyd edilməsi məqsədilə həyata keçirilib.

"TƏKCƏ YAZIÇI KİMİ DEYİL, HƏM DƏ İCTİMAİ XADİM KİMİ KEÇMİŞ SSRİ MƏKANINDA VƏ DÜNYA MİQYASINDA BÖYÜK HÖRMƏT QAZANMIŞ ŞƏXSİYYƏT İDİ"

Azərbaycan Prezidenti onun hər zaman haqq-ədalətin tərəfində olduğunu bildirərək, qeyd edib ki, o, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır: "Mən Qırğızıstanda dövlət səfərində olarkən onun məzarını ziyarət etdim və Azərbaycan xalqının onun xatirəsinə olan dərin ehtiramını bildirdim. Əlamətdar haldır ki, abidə Qırğızıstan Prezidentinin dövlət səfəri çərçivəsində açılır".

"TÜRK DÜNYASI ÖZ LAYİQLİ NÜMAYƏNDƏSİ İLƏ FƏXR EDİR"

"Çingiz Aytmatovun Bakıdakı abidəsi bizim birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək. Həm də demək istərdim, əminəm ki, bütün Türk dünyası öz layiqli nümayəndəsi ilə fəxr edir və əlbəttə, hamımızın təəssüfləndiyimiz yeganə məqam onun dünyasını çox tez dəyişməsidir. Bu, çox gözlənilməz oldu, artıq qeyd etdiyim kimi, mən onunla Bakıda onun vəfatından bir qədər əvvəl, demək olar ki, bir neçə ay əvvəl görüşmüşəm və o, həmişə olduğu kimi, enerji ilə dolu idi və yaxşı görünürdü, öz planlarından danışırdı. 2008-ci il idi, amma mən bu görüşü dünən kimi xatırlayıram" – deyə Prezident bildmirib. Əlbəttə ki, Azərbaycan ilə Qırğızıstan arasında möhkəm dostluq münasibətlərinə kimsə kölgə sala bilməz. Bu sarsılmazdır, tarixi köklərə bağlı olan xalqlarımızın dostluğunun və qardaşlığın təzahürüdür.
Abidənin Bakıda ucaldılması Qırğızıstanın və Azərbaycanın qardaş xalqları arasında dərin bağlılığın rəmzidir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər