Analitika

  • 6 000

Olduqca əhəmiyyətli beynəlxalq forum - ŞƏRH

image

Məlumdur ki, beynəlxalq münasibətlər sistemində mövqeyimiz daha da möhkəmlənir. Qeyd edək ki, beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirən Azərbaycan qlobal problemin həllinə inklüziv yanaşma ortaya qoyur. Bu da ölkələr arasında əlaqələrin inkişafında mühüm amil olan etimad mühitinin qorunması və inkişaf etdirilməsinə təkan verir.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin beynəlxalq forumda çıxışı zamanı ölkəmizin qazandığı uğurları dilə gətirməsi buna əyani sübutdur. Ölkə başçımızın da qeyd etdiyi kimi, biz Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyə ilə münasibətlərimizdə qarşılıqlı etimada əsaslanan əlaqələr qurmağı bacarmışıq. Qonşu dövlətlərlə yaxşı münasibətlər qura bilmişik. Bununla yanaşı, regiona mənfi təsir etməyə çalışan qüvvələrə də ölkə başçımız mühüm mesajlar verdi.

Məlumdur ki, Fransa, Hindistan və Yunanıstan kimi ölkələrin anti-Azərbaycan siyasəti Cənubi Qafqazda destabilliyə xidmət edir. Digər tərəfdən Ermənistanın havadarları düşmən ölkəni hər vəchlə yeni münaqişələrə sövq etməyə çalışırlar. Məhz Ermənistanın Azərbaycana qarşı silahlandırılması prosesinin intensivləşməsi deyilənlərə əyani misaldır. Xüsusilə aprelin 5-də Brüsseldə keçirilən görüşdən sonra rəsmi İrəvana edilən "yardımların" həcmi daha da artırılıb. Rəsmi Vaşinqtondan və Avropadan keçirilən görüşün yalnız iqtisadi sahəyə həsr olunacağı bildirilsə də, bu, növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatma cəhdi idi. Lakin rəsmi Bakı regional və qlobal prosesləri yaxından izləyir və ona qarşı atılan addımları vaxtından əvvəl müəyyən edərək bütün planları alt-üst edir. Müxtəlif qarayaxma kampaniyalarının aparılması, aqressorun şirnikləndirilməsi - bütün məkrli planlar Azərbaycanın regional liderlik statusunu zədələməyə hesablanıb. Məlumdur ki, 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü təmin etməsindən və Cənubi Qafqazda yeni reallıqlar yaratmasından sonra ölkəmizə qarşı aqressiv münasibət güclənib. Məhz ölkə başçımızın da qeyd etdiyi kimi, bu tip proseslər baş verdiyi halda, sadəcə oturub gözləyə bilmərik. Qüdrətli Azərbaycan dövləti baş verə biləcək hər hansı bir hadisədə qəti addımlar atmaqdan çəkinmir. Bu məqamda vurğulamaq yerinə düşər ki, geosiyasi proseslərin müzakirəsi ilə yanaşı, qlobal əhəmiyyətli problemlərin həlli istiqamətində də ölkə başçımız önəmli fikirlər səsləndirdi. Azərbaycanın COP29-a ev sahibliyi etməsi, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi, respublikamızın hər bir sahədə zəngin təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərin məhz respublikamıza həvalə edilməsini şərtləndirən ən əsas amillərdəndir. Xüsusilə "Yaşıl dünya naminə həmrəylik ili" Azərbaycanın iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə töhfələrini artırmaq məqsədi daşıyır. Ölkə başçımız forumdakı çıxışında yaşıl iqtisadiyyatla bağlı bildirdiyi fikirlərə onu da əlavə etdi ki, hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir. Lakin ixracımızın təxminən 95 faizi neft və qazla bağlıdır. Bu səbəbdən müasir dövrdə Azərbaycanın əsas məqsədlərindən biri öz ixracatını şaxələndirməkdir. Bununla yanaşı, dayanıqlı inkişaf və enerji məsələləri ilə bağlı qeyd edildi ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bu prosesə təkan verir. Xüsusilə enerji sektorundan əldə edilən gəlirlər işsizlik və yoxsulluq məsələlərinin aradan qaldırılmasına yönəldilir.

Onu da qeyd edək ki, Azərbaycanda bərpa olunan enerji istehsalı siyasətinin strateji təməli Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" əsasında qoyulub. Həmin sənəddə öz əksini tapan 5 Milli Prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la bağlıdır. Bütün bunlar bir daha rəsmi Bakının yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoyduğunu söyləməyə əsas verir. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı imzalanmış müqavilələr də ölkəmizin "yaşıl enerji"yə verdiyi töhfələrin bariz nümunəsidir.

Odlar yurdu Azərbaycan neft və qaz potensialı ilə yanaşı, "yaşıl enerji"yə keçid məsələsinə xüsusi diqqət ayırır. Qüdrətli dövlətimizin bərpaolunan enerjiyə olan marağı prioritet məsələ kimi gündəmdə saxlanılır. Məhz COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi bu sahədə inkişaf perspektivlərini daha da ön plana çıxaracaq. COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq. Qeyd edək ki, beynəlxalq forum Laçında öz işini ötən gün yekunlaşdırıb. Göründüyü kimi, 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə beynəlxalq beyin mərkəzlərinin nümayəndələri davamlı inkişaf və yaşıl enerji ilə bağlı öz təcrübələrini bölüşüblər. Həmin ekspertlər aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə suallar ünvanlayıblar.

Beləliklə, ADA Universiteti və BMTM-in birgə təşkilatçılığı ilə keçirilən 6-cı forum çərçivəsində Laçında təşkil olunan panel müzakirələrdə COP29-a və Azərbaycanın yaşıl enerji siyasətinə xüsusi diqqət yetirilməklə, regionda davamlı inkişaf üzrə əldə edilmiş mühüm addımlar müzakirə edilib.

Süleyman Məmmədov

YAP Göygöl rayon təşkilatı üzrə Quşçu kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Digər xəbərlər