Analitika

  • 3 017

Ədəbiyyatımızda nəfəsi olan ziyalı - Mir Cəlal Paşayev - TƏHLİL

image

XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim, xeyirxah insan Mir Cəlal Paşayev də məhz belə şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında əbədiyaşarlıq haqqı qazanıb. Azərbaycan ədəbiyyatında hekayə ustası, sanballı romanlar, povestlər müəllifi kimi tanınan Mir Cəlal Paşayev əli qələm tutan gündən ömrünün sonuna qədər həm bədii ədəbiyyat, həm də ədəbiyyatşünaslıq sahəsində eyni həvəs və coşqunluqla, yorğunluq bilmədən çalışmış, zəngin irsin müəllifinə çevrilmişdir. Mir Cəlal həm gözəl hekayə ustası, sanballı romanlar, povestlər müəllifi kimi tanınır, həm ədəbiyyatımızın yaradıcılarından biri, həm də gözəl ədəbiyyatşünas alim kimi qiymətləndirilir. Onun yaradıcılığında Azərbaycan xalqının tarixinin böyük bir zaman kəsiyi öz əksini tapıb. Böyük yazıçı öz əsərlərində təkcə tariximizi deyil, eyni zamanda, mədəniyyətimizi də nümayiş etdirmişdir.

SADƏ, TƏVAZÖKAR HƏYATIN KİÇİK LÖVHƏLƏRİ

Mir Cəlal Paşayev öz sadə, təvazökar həyatı ilə bir ziyalı olduğunu sübut etmişdir. Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olmuşdur. Sonralar ailəsi Gəncə şəhərinə köçmüş, ibtidai təhsilini burada almış, uşaqlıq və gənclik illərini bu şəhərdə keçirmişdir. 1924-1928-ci illərdə Gəncə Darülmüəllimində oxumuş, oranı bitirdikdən sonra Gədəbəy 7 illik məktəbinə müəllim göndərilmişdir. 1929-1930-cu illərdə 1 saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışmışdır.

1930-1931-ci illərdə Kazan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuş, 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitunun aspiranturasında təhsilini davam etdirmiş, 1933-cü ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin ictimai elmlər bölməsinə elmi işçi vəzifəsinə götürülmüşdür. 1936-1941-ci illərdə Pedaqoji İnstitutda və Dövlət Universitetində müəllimlik etmişdir. Mir Cəlal 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" adlı əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru, alimlik dərəcəsi almışdir.

Görkəmli nasir Mir Cəlal yaradıcılığının mövzu rəngarəngliyi, üslub xüsusiyyətləri, bütünlükdə orijinallığı ilə Azərbaycan yazıçıları içərisində özünəməxsus yer tutur. Mir Cəlal ədəbiyyatımızda müxtəlif problemlərini işıqlandıran onlarla dəyərli tədqiqat əsərinin müəllifi kimi tanınmışdır.

"SAĞLAM YOLLARDA"

Mir Cəlal bədii yaradıcılığa 1928-ci ildən başlamışdır. İlk hekayə və oçerkləri 1930-cu ildə çap olunmuşdur. İlk hekayə və oçerkləri "Qızıl Gəncə", "Ədəbiyyat cəbhəsində", "Hücum" jurnallarında və "Gənc işçi" qəzetində dərc olunmuşdur. Dövrün ruhuna uyğun olaraq "Sağlam yollarda" adlandırdığı ilk oçerklər kitabı 1932-ci ildə çap olunmuşdur. O, ədəbiyyat tarixinə, tənqid və ədəbiyyatşünaslığa dair bir sıra qiymətli əsərin müəllifidir. Mir Cəlal diqqətəlayiq romanlar müəllifi kimi də tanınmışdır. "Dirilən adam" və "Bir gəncin manifesti" romanları yazıçının dəyərli əsərlərindəndir. "Bir gəncin manifesti" Mir Cəlal yaradıcılığının bütün gözəl keyfiyyətlərinin vəhdətidir", deyən xalq şairi Bəxtiyar Vahabzadə bunu nəinki Mir Cəlalın, Azərbaycan nəsrinin ən gözəl nümunələrindən biri kimi qiymətləndirirdi. Sonralar Mir Cəlal Azərbaycan həyatının aktual problemlərinə həsr olumuş "Açıq kitab", "Təzə şəhər", "Yolumuz hayanadır?" kimi romanlarını yazır. Gözəl roman ustadı kimi tanınan Mir Cəlal haqqında tanınmış ədəbiyyatşünas Jak Rıkaçev belə yazırdı: "Mir Cəlal sənətkardır, yaradıcıdır. Onun romanının hər bir sözü öz avtobioqrafiyasının bir hissəsi kimi görünür, canlı və səmimi həyəcanı dərhal oxucuya təsir edir..."

ƏDƏBİ-ELMİ FƏALİYYƏTİNDƏ YENİ SƏHİFƏLƏR

Bədii ədəbiyyatın müxtəlif janrlarına müraciət edən Mir Cəlal yaradıcılığında kiçik hekayələr xüsusi yer tutur. 1940-cı ildə Mir Cəlalın hekayələrinin rus dilinə Əziz Şərif tərəfindən tərcümə olunması gözəl bir təşəbbüs kimi qiymətləndirilməlidir. Ədibin istedadlı gənclərə olan məhəbbətini, analıq şərəfini və uşaqlara qayğı məsələsini ürəklə tərənnüm etdiyi "Bostan oğrusu", "Yanlış barmaqlar", "Mərkəz adamı" kimi hekayələr tərbiyəvi əhəmiyyətli olduğu üçün yüksək qiymətləndirilmişdir. O, "Pərzad", "Qaymaq", "Dost görüşü", "Qonaqpərəst" kimi hekayələrində Azərbaycan xalq adət və ənənələri ilə bağlı motivlərə xüsusi diqqət yetirib, hekayələrin həyat və məişətlə üzvi əlaqəsindən bəhs edir. İkinci Dünya müharibəsinə, ölkənin müdafiəsinə həsr olunan hekayələr mövzu orjinallığı, mübarizə pafosu və üslubuna görə Mir Cəlalın yaradıcılığında xüsusi mərhələdir.

İkinci Dünya müharibəsi dövründə "hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı ədəbiyyatın da istiqamətini, yaradıcılıq pafosunu və inkişaf yolunu müəyyənləşdirən xarakterik əlamət oldu. Onun bütün əsərləri gözəldir, oçerklərindən monoqrafiyalarına, hekayələrindən romanlarına qədər hər bir əsərində həyat, işıq, dərin təfəkkür, mənalı-məzmunlu, təsirli dil-təhkiyə vardır.

YARADICILIĞINDA YENİ MƏRHƏLƏ

Müharibə illəri Mir Cəlalın ədəbi-elmi fəaliyyətində yeni səhifələr açır. Müharibənin əvvəllərində Uzaq Şərqdəki ordu hissələrinə gedən, habelə döyüşən ordunun həyatı ilə yaxından tanış olan ədib çoxlu oçerk, hekayə və publisist yazıları ilə nəzəri cəlb edir. Mir Cəlal "Yollar", "Axşam səfəri", "Atlı", "Snayper" hekayələrinin mövzusunu bilavasitə cəbhə həyatından, müharibə səhnələrindən götürmüş və səciyyəvi fəaliyyət prosesində açılan döyüşçü surəti yaratmağa çalışmışdır. Ölkənin müdafiəsinə həsr olunan hekayələr mövzu orijinallığı, mübarizə pafosu və üslubuna görə Mir Cəlalın yaradıcılığında xüsusi mərhələdir. Səməd Vurğun Onun əsərlərinin təsir gücündən yazarkən belə qeyd edir: "Aldığımız cəbhə məktubunda bir döyüşçü yazır ki, "Vətən yaraları" hekayəsini oxuduqdan sonra mən düşmənə qarşı daha kinli və amansız oldum".

Azərbaycan ədəbiyyatına böyük töhfələr vermiş yazıçının "Bir gəncin manifesti" Azərbaycan gəncinin manifestidir. Görkəmli yazıçı öz əsərləri ilə gənclərə Vətənə, xalqa məhəbbət hissi aşılamış, onlara xalqın sevincinə sevinməyi, kədərinə kədərlənməyi öyrətmişdir.

BƏŞƏRİLİYƏ HEYRANLIQ

Ədəbi fikrimizin tarixinə Mir Cəlal, həmçinin, görkəmli tənqidçi-ədəbiyyatşünas kimi də daxil olmuşdur. O, Azərbaycan ədəbiyyatının 1975-ci illərədək keçdiyi yola, sənətkarlıq, realizm və xəlqilik axtarışlarına, ədəbi prosesin mənzərəsinə, janrların vəziyyət və imkanlarına dair məzmunlu çıxışlar edir, məqalələr yazır, tədqiqat işləri aparırdı.

Mir Cəlal sadəcə bir ədib-müəllim deyildir, O, alimdir, ədəbiyyatşünasdır, elmi kadrlar yetişdirmək də onun çoxcəhətli fəaliyyətinə daxildir. Müasir dövrümüzdə Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbaycanın əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin ədəbi və ictimai fəaliyyəti, yaradıcılıq xüsusiyyətləri, əsərlərinin yaranma tarixi öyrənilir, Onun irsi gənc nəslə çatdırılır. Təsadüfi deyildir ki, bu gün təkcə Azərbaycanda deyil, Onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri müxtəlif dillərdə nəşr edilərək maraqla oxunur.

Azərbaycan Respublikası Prezidentinin "UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında" 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilmişdir. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir.

Mir Cəlal Paşayevin 100 illiyinin UNESCO səviyyəsində qeyd edilməsi, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür. İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, Onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və Onun mərhəmət sevgisi dünya durduqca yaşayacaqdır.

Azərbaycan xalqının bəşər tarixinə bəxş etdiyi böyük ziyalı, yazıçı, pedaqoq Mir Cəlal Paşayev həm yazıçı, həm müəllim, həm də alim kimi adını tarixə əbədi həkk edən insanlardandır.

Şəxsiyyətinin və yaratdıqlarının böyüklüyünə baxmayaraq sadə və səmimi, böyük ürəyə sahib bir insan olan Mir Cəlal Paşayev ürəklərdə yaşayır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər