Analitika

  • 3 740

Almaniya Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə ciddi maraq göstərir - ŞƏRH

image

Ölkə rəhbəri cənab İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə getdi. Qeyd etmək lazımdır ki, bu səfərin özəlliyi işğaldan yenicə azad etdiyimiz Füzulidən, Qarabağın hava qapısı olan Füzuli hava limanından birbaşa Avropanın mərkəzi Almaniyanın paytaxtı Berlinə edilməsi ilə bağlı idi. Füzulidən Berlinə ilk uçuş olduğu üçün bu səfər tarixi səfər kimi dəyərləndirilməlidir. Səfər zamanı dövlətimizin başçısının həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib, ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Azad edilmiş torpaqlarımızın beynəlxalq arena üçün əhəmiyyəti gündəmdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Berlinə azad olunmuş ərazilərdən gedərək, buranın artıq tam təhlükəsiz bölgə olduğunu nümayiş etdirdi. Təbii ki, rəsmi Bakının hədəfi azad olunmuş əraziləri "yaşıl enerji zonasına" çevirməkdir və Prezidentin təkliflər portfelində də məhz investorları bu bölgəyə xüsusi bir xətlə keçib. Unutmaq olmaz ki, təhlükəsizlik məsələsi investorlar üçün vacib amildir. “Ölkəmizin başçısının Almaniyada “Petersberq İqlim Dialoqu” çərçivəsində təşkil edilən tədbirlərdə çıxışı, verilən mesajlar xüsusi ilə diqqəti çəkir. Azərbaycan Prezidenti COP29-la əlaqədar Almaniya ilə Azərbaycanın müvafiq heyətləri arasında sıx əməkdaşlığın önəmindən bəhs edilib. Bu istiqamətdə mütəmadi əsasda məsləhətləşmələrin aparıldığı müsbət hal kimi qiymətləndirilib. Almaniyadan Azərbaycanın COP29-a sədrliyi olan bağlı mövqeyinin müsbət xarakterizə olunduğu bildirilib. Cənab Prezident COP29-la əlaqədar Almaniya ilə əməkdaşlığa və “Petersberq İqlim Dialoqu” formatındakı müzakirələrə dəvətə görə təşəkkürlərini çatdırıb. Bu istiqamətdə atılan addımların ümumi maraqlara xidmət etdiyi vurğulanıb. Bir müddət öncə Almaniya xarici işlər nazirinin dəstəyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqlar aparılmışdır. Bütün bunlar Almaniyanın tutmuş olduğu birmənalı mövqe ilə izah olunur. Çünki aparılan bu danışıqlar da sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması üçün vacib addım idi.

Qloballaşan dünyanın mühüm siyasi mərkəzlərindən biri olan Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə ciddi maraq göstərir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu təqdir edir. Bu mənada Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışan və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olmağı qarşısına məqsəd kimi qoyub. Ölkə ərazisində 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir. Qeyd edək ki, 2023-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 45,4faiz artaraq 1,8 mlrd. ABŞ dolları təşkil edib. Hazırda Azərbaycanda 180-ə yaxın alman şirkəti uğurla fəaliyyət göstərir. Mövcud geosiyasi gərginliklər fonunda Avropa enerji təhlükəsizliyi baxımından çətinliklərlə üzləşib. Azərbaycan isə həm zəngin enerji resurslarına, həm də Avropayadək uzanan müasir nəql marşrutuna malikdir. Bu kimi səbəblərə görə də Almaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasınada artan rolunu yüksək dəyərləndirir.

Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Bu yaxınlarda Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar və dialoq vasitəsilə sərhədlərin delimitasiyası, hətta demarkasiyası sahəsində əldə olunmuş uğurlar da Almaniyada keçirilmiş görüşlərdə gündəmə oldu. Bunun müsbət addım olmaqla yanaşı regionda sabitliyin təminatına xidmət etdiyi vurğulandı. Azərbaycanın sülh gündəliyinin irəli aparılması üçün səylərin bundan sonra da davam etdiriləcəyi, ölkəmizin sülh gündəliyinə sadiq olduğu qeyd edildi. Eyni zamanda Almaniya ölkəmizin Avropa İttifaqı məkanında ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Respublikamız bu ölkə ilə əlaqələrin inkişafına ciddi önəm verir. Azərbaycandakı davamlı siyasi sabitlik və əlverişli investisiya mühiti Almaniyanın işgüzar dairələrinin ölkəmizə artan marağını şərtləndirən əsas amillər qismində çıxış edir. Sənaye, tikinti, bərpaolunan enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika, İKT, maliyyə, hüquq və digər sahələrdə əməkdaşlıqda maraqlı olan alman şirkətlərinin ölkəmizə böyük nümayəndə heyəti ilə səfəri Azərbaycan Prezidentinin Almaniyaya səfəri çərçivəsində işgüzar dairələrlə keçirdiyi görüşün nəticəsidir və iqtisadi-ticarət əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayacaq.

Beləliklə, Prezident cənab İlham Əliyevin səfəri zamanı keçirilən görüşlər, aparılan müzakirələr Azərbaycanla Almaniya arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, qarşılıqlı əlaqələrin davamlı olaraq inkişaf edəcəyini deməyə əsas verir. COP29 ərəfəsində əlaqələrin intensivləşməsi məmnunluq doğurur. Müzəffər Ali Baş Komandan Avropanın mərkəzində Azərbaycanın torpaqlarının azad edildiyi, suverenliyinin bərpa olunduğu, təhlükəsizliyin təmin olunduğu mesajını praktiki olaraq Avropaya və investorlara çatdırmış oldu.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər